Məhkəmə qərarları › İş №1(002)-4/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-4/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-4/2025 25.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Qədimova (Mehtiyeva) Heyran Valeh qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, Bakı şəhəri Qaradağ Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 207.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan , ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2012-ci il təvəllüdlü Aydın Mehtizadənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103,00 manat məbləğində aliment tutularaq Qədimova (Mehtiyeva) Heyran Valeh qızına ödənilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin 09 iyul 2014-cü il tarixli, 2(071)-119/2014 nömrəli və qətnamədə qeyd edilən əşyaların özü və yaxud həmin əşyalar aşkar edilməzsə onların ümumi dəyəri olan 4830,00 manat və iş üzrə ödənilmiş 30,00 manat dövlətrüsumu, cəmi 4860,00 manat məbləğində pul alınaraq Qədimova (Mehtiyeva) Heyran Valeh qızına ödənilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 avqust 2015-ci il tarixli, 2(002)-3653/2015 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdə 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2023-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək zərərçəkmiş şəxs Qədimova (Mehtiyeva) Heyran Valeh qızına ümumilikdə 15646,00 manat borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin 09 iyul 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh kimi ondan Aydın Mehtizadənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103,00 manat məbləğində aliment tutularaq Qədimova (Mehtiyeva) Heyran Valeh qızına ödəməlidir. Bundan əlavə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi ondan qətnamədə qeyd edilən əmlakın ümumi dəyəri olan 4830,00 manat pul alınaraq Qədimova (Mehtiyeva) Heyran Valeh qızına ödəməlidir.Qalıq borclarını vaxtında ödəmədiyindən dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. Hazırda fərdi qaydada ev ev təmiri ilə məşğul olur. Hal-hazırda Heyrana ümumi orcdan 1500 manat ödəniş etmişdir. Törətdiyi əməldən peşmandır. Maddi imkanı olmadığı üçün borcunu tam olaraq ödəmək iqtidarında deyil.Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Qədimova (Mehtiyeva) Heyran Valeh qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan 2012-ci il təvəllüdlü Aydın Mehtizadə doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan Ehtiram uşağı ilə maraqlanmamış və onlar ayırmışlar.Məhkəmə qətnamələrinə əsasən Təqsirləndirilən şəxs ona 15646 manat borcu vardır.Hal-hazıradək ona borcdan 1500 manat ödənilmişdir.Borcunu tam olaraq tələb edir. Məhkəmə iclasında şahid Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid2 oğlu ifadəsində göstərmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin 09 iyul 2014-cü il tarixli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 avqust 2015-ci il tarixli qətnamələri üzrə verilmiş icra vərəqələri icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə daxil olmuşdur. İcra vərəqələri icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Bakı şəhəri Qardağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmiş və məhkəmə qətnamələrini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Borclu Təqsirləndirilən şəxs işlə təmin olunmasına köməklik göstərilməsi üçün xx.xx.2022-ci il tarixdə X1 Bakı Regional Məşğulluq filialına müraciət edilmişdir. Lakin X1 Bakı Regional Məşğulluq filialından daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs işlə təmin olunması məqsədi ilə onunla əlaqə yaradılsa da təklif olunan iş vakansiyaları ilə tanış olmaqdan imtina etmişdir.Borclu E. Mehtiyevə xx.xx.2019cu il və xx.xx.2022-ci il tarixlərində məhkəmə qərarlarını icra etmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbardarlıq edilmişdir. Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən aliment borcundan 750 manat ödəniş etmiş, 10.786 manat ödənilməmiş aliment borcu yaranmışdır. Borclu Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən isə 4860,00 manat borcu yaranmışdır. Hər iki icra sənədi üzrə Təqsirləndirilən şəxs ümumilikdə 15646,00 manat borcu yaranmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən xx.xx.2023-cü il tarixədək məhkəmə qətnamələrini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 Məmməd oğlu Şahid2 göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməsini göstərmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 29 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsiin 11-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Qaradağ Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 207.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olması cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, məhkəmənin çağırışlarından yayınmasını və axtarış nəticəsində məhkəməyə gətirilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli, onun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən tutulduğu vaxtdan, yəni 02 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 02 dekabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar