Məhkəmə qərarları › İş №1(002)-40/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-40/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-40/2025 18.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Hərbi şəhərcikdə qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 20:45-də, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yerləşən “taxtalı” kafesinin qarşısında Qaradağ RPİ-nin NMB-nin və Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq, Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd siqaretin qızılı kağız kəsiyinə bükülmüş ümumi çəkisi 0,223 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və qeyd etmişdir ki, 16 may 2024-cü il tarixdə saat 20 radələrində Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yerləşən “Taxtalı kafe” adlanan yerin yaxınlığında maşın təmiri yerində olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, polis əməkdaşı olduqlarını bildirmiş, onu maşının oturacağında əyləşdirib üzərinə baxış keçirib cibindən 1 büküm psixotrop maddə metamfetamin çıxarmışlar. Həmin büküm ona məxsus olmuşdur. Polis əməkdaşları tərəfindən döyülərək, çəkisi daha çox narkotik vasitəni qəbul etmək ona təklif olunsa da, o, razılaşmamışdır. Üzərində gözlə görüləcək xəsarəti olmadığı üçün döyülməsi ilə bağlı ibtidai istintaq dövründə ona təqdim edilmiş müdafiəçiyə məlumat verməmişdir. Təqsirləndirilən şəxs son olaraq peşman olduğunu, himayəsində iki azyaşlı övladının olduğunu və günəmuzd fəhləlik edərək ailəsini dolandırdığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntü, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-ın cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Qaradağ RPİnin NMB-nin və Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yerləşən “Taxtalı kafe”nin qarşısında yaxınlaşaraq özlərini təqdim etmişlər. Onu şübhəli şəxs kimi saat 21:00-da Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirmişlər. Qaradağ RPİ-nin 10-cu PŞ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş, həmçinin üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Sonuncu geyindiyi tünd boz rəngli cins şalvarının sağ yan cibinin kiçik hissəsində saxladığı bir ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü masanın üzərinə qoymuş, metamfetamin olduğunu, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən başqa əşya aşkar olunmamışdır. 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin CAŞ-ın cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə eyni məzmunlu ifadə vermis, həmçinin təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və pxisi təsir göstərilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin KTQ-nin inspektor kriminalisti vəzifəsində işləmiş, hazırda Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışan Şahid3 öz ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə ona şübhəli şəxsin üzərinə baxış və götürmə həyata keçirilərkən videoçəkiliş aparması bildirilmiş və o, şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmişdir. Məhkəmə iclasında suala cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxsə fiziki təzyiq və psixi təsir göstərilməsinə şahid olmamışdır. Cinayət işinin 1-ci vərəqəsində olan 17 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 24-cü vərəqəsində olan 16 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq 16 may 2024-cü il tarixdə, saat 21:00-da tutulmuşdur. Cinayət işinin 33-cü vərəqəsində olan 16 may 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş, məhkəmə iclasında tədqiq edilmiş DVD diskdə olan videogörüntüdən müəyyən edilmişdir ki, 16 may 2024-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati otaqlarının birində polis əməkdaşlarının və dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilir. Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibinin kiçik hissəsindən bir ədəd siqaretin qızılı kağızına olan bükümü çıxararaq təqdim edir, büküm açılarkən içərisindən şəffaf rəngli, kristal şəkilli kütlə aşkar edilir. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə metamfetamin olduğunu və Lökbatan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Aşkar edilən büküm zərfə qoyularaq qablaşdırılır, qablaşmanın üstü iştirakçılar tərəfdindən imzalanır. Cinayət işinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2795 nömrəli məhkəmə-kimyəvi ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Azərbaycan Respublikası DİN Zərflər üçün № 222” dairəvi möhür əksi olan “ Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd büküm..(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 01 bükümdə təmiz çəkisi 0,223 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,223 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq 0,173 qramdır. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 51-52-ci vərəqələrində olan 18 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 10:00) Cinayət işinin 68-70-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 95-98-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin uzadılmasına dair vəsatət və təqdimat təmin edilməyərək o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin 99-100-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4834 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 125-126-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 129-130-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən, 133-137-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmdən və Bakı Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, xx.xx.2023-cü il tarixə qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə təyin edilmiş cəzanın 05 ay 10 gününü çəkmiş, 02 il 06 ay 16 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işinin 131-ci vərəqəsində olan “Bakcell MMC”-nin məktubundan, xx.xx.2024cü il tarixli elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokoldan və DVD diskdəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğu vaxtlarda Qaradağ rayon, Lökbatan qəsəbəsi ərazisində olduğu müəyyən edilmişdir. Cinayət işinin 138-143-cü vərəqələrində olan 15 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kağız bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,173 qram psixotrop maddə metamfetamin Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında tutularkən polis əməkdaşları tərəfindən döyüldüyünü bildirdiyindən məhkəmə tərəfindən Bakı İstintaq təcridxanasına sorğu verilmiş və xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasından məhkəməyə cavab məktubu ünvanlanaraq Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən xəsarət almadığını bildirdiyi və bədəninə baxış keçirilən zaman alının ön səthində köhnə çapıq toxuma aşkar edildiyi qeyd olunmuşdur. Təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusatla bağlı araşdırma aparılması məqsədilə Qaradağ rayon prokurorluğuna məlumat verilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəmə elektron sisteminə məktub ünvanlanaraq Baş Prokurorluğlun Xidməti araşdırmalar idarəsində material üzrə araşdırma aparıldığını və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyi bildirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü ilə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla himayəsində iki azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və o, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınaraq hazırda çəkilməmiş cəzası 02 il 06 ay 16 gün təşkil edir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını, yəni narkotik vasitənin davamlı istifadəçisi olmadığını eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş 02 il 06 ay 16 gün hissəsi ilə qismən birləşdirilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulub saxlanıldığı müddət, yəni 03 ay həbsdə qalma müddəti bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, 06 ay müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 15 iyul 2024-cü il tarixli, 4834 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Qaradağ RPİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,173 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə 210 (iki yüz on) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 06 ay 16 gün hissəsi ilə qismən birləşdirilsin və ona 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu və həbsdə qaldığı 03 ay bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, 06 ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 04 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə: yaşadığı ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,173 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə 210 (iki yüz on) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) ödənilsin. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar