Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-408/2021 14.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryək əldə edib üzərində saxlamaqla daşıma cinayətini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyarkən 09 sentyabr 2021-ci il tarixdə saat 23:15 radələrində Qaradağ RPİnin 38-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zavodyolu adlanan ərazidə saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilmiş və xidməti otaqların birində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd ağ sellofana bükülmüş təmiz çəkisi 4,890 qram olan tünd qəhvəyi rəngli spesifik iyli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 27 ildir ki, narkotik vasitədən istifadə edir. O, narkotik vasitələri müxtəlif yerlərdə tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün almışdır. 09 sentyabr 2021-ci il tarixdə təxminən saat 10 radələrində Bakı şəhərində olan zaman tanımadığı şəxsdən 10 manat müqabilində 01 ədəd ağ sellofana bükülmüş bükülüdə olan narkotik vasitə tiryək almış və əynində olan qara rəngli şalvarının sol yan cibinə qoyaraq yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə gəlmişdir. 09 sentyabr 2021-ci il tarixdə təxminən saat 23:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zavodyolu adlanan ərazidə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşmışlar və polis əməkdaşları olduqlarını bildirmişlər. O, özünü polis əməkdaşlarına təqdim etmiş və həmin şəxslər ondan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələndiklərini bildirərək, onu Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə gəlmişdir. 38-ci Polis Bölməsində xidməti otaqlardan birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edərək üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış hər hansı əşyaların olub-olmaması soruşulmuş, üzərində hər hansı qadağan edilmiş əşyalar olduğu təqdirdə könüllü surətdə təqdim olunması ona təklif edilmişdir. O, əynində olan qara rəngli şalvarımın sol yan cibində olan 09 sentyabr 2021-ci il tarixdə təxminən saat 10 radələrində Bakı şəhərində tanımadığı şəxsdən 10 manat müqabilində aldığı 01 ədəd ağ rəngli sellofana bükülmüş narkotik vasitə olan tiryəki polis əməkdaşlarına təqdim etmişdir. O, əvvəllər narkotik vasitələri aldığı şəxsləri tanımamış və hazırda onları təsvir edə bilmir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız narkotik vasitələrdən istifadə etmişdir. Saxlanılarkən və polis idarəsində olarkən ona fiziki və ya psixi güc tətbiq edilməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qaradağ RPİ-nin 38-ci polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 09 sentyabr 2021-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-də xidmətdə olan zaman Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Eldəniz adlı şəxsin narkotik vasitələrin qanunsuz olaraq qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı almışlar. Bununla əlaqədar olaraq tərəflərindən əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupu ilə birlikdə Sahil qəsəbəsi, E.Quliyev küçəsinə getmişdir. Həmin ərazidə onlar müşahidələr etməyə başlamış, müşahidələr nəticəsində Eldənizin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərzasində yerləşən “Zavodyolu” adlanan yerdə olması onlara məlum olmuşdur. Onlar gösətirlən əraziyə gəlmiş və Eldənizi həmin yerdə görüb ona yaxınlaşmış və özlərini təqdim edərək Eldənizi Qaradağ RPİ-nin 38-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd ağ sellofana bükülmüş bükülünü könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan tiryək olduğunu, onu 09 sentyabr 2021-ci il tarixdə səhər saat 10:00 radələrində Bakı şəhərində tanımadığı şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi üçün üzərində daşıyaraq gəzdirdiyini bildirmişdir. Daha sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid3 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 09 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyrimümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması, qanunvericiliklə nəzərdə tutulmuş əməliyyat axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi qərara alınmışdır. (i.v. 6-7) Şübhəli şəxsin tutulması haqqında 09 sentyabr 2021-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.14, 22) Şəxsi axtarış və götürmə aparılması haqqında 10 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, 10 sentyabr 2021-ci il tarixdə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd ağ sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuş, həmin ağ sellofan açılarkən içərisində qara rəngli, spesifik iyə malik narkotik vasitəyə oxşar kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “tiryək” olduğunu, bu bükümü həmin gün şəhərdən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd ağ sellofan kağızına bükülmüş büküm məhkəmə-bioloji ekspertizasına təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. (i.v.32-33) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2021-ci il tarixli 6/3982 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” yazı və imzalar olan paketdə təmiz çəkisi 4,890 qram tünd qəhvəyi rəngli spesifik tiryək iyli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitədir- tiryəkdir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, tiryəkin ümumi təmiz çəkisi – 4,890 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 4,840 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manatdır. (i.v. 42-44) Vəsatətin rədd edilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə 11 sentyabr 2021-ci il tarixli qərardan və 11 sentyabr 2021-ci il tarixli iltizamdan görünür ki, 11 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs dərhal Qaradağ RPİ-nin MSY-dən azad olunmuş,iş üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 68-69, 70) Qaradağ rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 5(002)-277/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş “təxirəsalınmaz əməliyyat-aztarış tədbirlərinin həyata keçirilməsi haqqında” 09 sentyabr 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v. 71) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 09 noyabr 2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.83) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 20 sentyabr 2021-ci il tarixli 3538 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narlkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 85-86) Sübutların qiymətləndirilməsi barədə 18 noyabr 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət tam sübuta yetdiyindən ona 11 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham əsaslı və qanuni olduğundan dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində həmin tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə tiryəkin mənbəyini müəyyən etmək məqsədilə ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmış, iş üzrə 4,890 qram çəkidə narkotik vasitə tiryək maddi sübut kimi tanınmış və hazırkı 4,840 qram olan qalığı isə məhkəmənin hökmünə qədər Qaradağ RPİ-də saxlanılması qərara alınmış, işdə olan şahidlərin ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman protokola əlavə olunmuş 01 ədəd disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə olunmuş, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər əldə edərək istifadə etdiyi narkotik vasitələrə görə həmin narkotik vasitələr əldə olunmadığından barəsində həmin hissədə cinayət təqibi rədd edilmişdir. (i.v. 87-91) Məhkəmə baxışı zamanı quraşdırılmış kompyuter-texniki vasitələrinin köməkliyi ilə cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətləri keçirilərkən qeydə alınmış video görüntüdən görünür ki, Qaradağ RPİ-nin 38-ci PB-nin xidməti otaqlarının birində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olunmuş, sonuncu könüllü olaraq əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd ağ sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan tiryək olduğunu, onu 09 sentyabr 2021-ci il tarixdə səhər saat 10:00 radələrində Bakı şəhərində tanımadığı şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi üçün üzərində daşıyaraq gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən tiryək Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3- cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların mövcud olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənatə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CMnin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun 09 sentyabr 2021-ci il tarixdən 11 sentyabr 2021-ci il tarixədək tutma altında saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalı, iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalı, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır (CM-nin 93.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə 51 (əlli bir) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 10 (on) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 51 (əlli bir) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 306 (üç yüz altı) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 10 (on) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdən 11 sentyabr 2021-ci il tarixədək ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut - Qaradağ RPİ-də saxlanılan narkotik vasitənin qalığı 4,840 qram tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 51 (əlli bir) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 306 (üç yüz altı) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 10 (on) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-408/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-408/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver