Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-41/2021 27.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1991-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, “Katej” qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 32 saylı binanın yan tərəfində Zərərçəkmiş şəxs onun tanışı Şahid1 ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edərək əsaslı səbəb olmadan Zərərçəkmiş şəxslə mübahisə etmiş, yaranmış münaqişə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə söyüşlər söyüb Zərərçəkmiş şəxs alın və sifət nahiyyələrindən bir neçə dəfə yumruqla vuraraq sonuncuya alın nahiyəsinin dərialtı hematoması, sağ gözaltı nahiyənin qançırı, burnun sağ yan səthinin sıyrığı, üst dodağın selikli qişasına qansızma ilə nəticələnən dərəcələrinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda kirayədə yaşayır. Müxtəlif yerlərdə günə muzd tikintidə fəhlə işləyir. Şahid1 uşaqlıqdan tanıyır, bir kənddə doğulub böyümüşlər. Cavidlə münasibətləri normaldır. xx xxxx 2020-ci il tarixdə “Meyvəli” Ticarət Mərkəzində işləyən tanışı Cavidin yanına gəlib ondan kirayədə yaşadığı evin açarını istəmişdir. Cavidə demişdir ki, “açarı ver mənə, mən gedim sizin qaldığınız evə, siz də axşam gələrsiniz”. Cavid də açarı ona vermişdir. O da Caviddən kirayədə qaldığı evin açarını götürüb “Meyvəli” bazarından tanıdığı bir qadınla istirahət eləmək üçün həmin evə getmişdir. Saat 13 radələrində o, açarı qapının kilidinə salmış, amma qapını aça bilməmişdir, qapı içəridən bağlı olmuşdur. O qapıdan geri qayıdanda adının Muğan olduğunu hadisədən sonra bildiyi ev sahibi ona demişdir ki, “sənə evin açarını kim verib?”. O da Muğana demişdir ki, “açarı Caviddən almışam”. Həm də demişdir ki, “evdə kimsə var”. Muğan gedib evin qapısını döyüb evdən tanımadığı kimisə çölə çıxartmışdır. O da üzünü çevirib getmişdir. O gedən zaman Muğan Cavidin ünvanına nalayiq ifadələr işlətmişdir. O Muğanın Cavidin ünvanına dediyi söyüşlərdən əsəbləşərək Muğanın üstünə hücum çəkib Muğanın sifət nahiyyəsindən bir neçə dəfə yumruqla vurub xəsarət yetirmişdir. Həmin vaxt Muğan da onun sifət nahiyyəsindən yumruqla vurmuş, lakin xəsarət qalmadığından o Muğandan şikayət etməmiş və heç şikayəti də yoxdur. Daha sonra ətrafda olan tanımadığı bir neçə nəfər onları aralaşdırmışdır. O da oradan uzaqlaşıb kirayədə yaşadığı evə getmişdir. Əlavə olaraq bildirmişdir ki, dava-dalaş zamanı ətrafda tanımadığı bir neçə nəfər olmuş, lakin o heç birini tanımamışdır. Muğan ilə aralarındakı dava-dalaş təxminən beş on dəqiqə davam etmiş, bir-biriləriin ünvanlarına nalayiq ifadələr işlətmişlər. Muğan ifadəsində yalan demişdir, o Muğana Caviddən kirayə yaşadığı evin açarı 20 manat müqabilində almasını deməmişdir. O hadisə zamanı yanında olan qadını təxminən 2-3 gün olar ki, tanımış, həmin qadının anket məlumatları barədə heç bir məlumatı yoxdur. Münaqişədən sonra həmin qadınla heç bir münasibəti olmamış, həmin vaxtdan qadını görməmişdir. Halhazırda zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Qarabağ müharibəsi iştirakçısıdır, həmin döyüşlərdə travma aldığı üçün 2-ci qrup əlildir. Yaşadığı evin həyətində 1 otaqdan ibarət evi Urman və Cavid adlı şəxslərə kirayəyə vermişdir. Urman və Cavid təxminən 10 gündür ki, kirayədə qalırmışlar. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində yaşadığı evdə olduğu zaman təsadüfən hava almaq üçün küçəyə çıxmışdır. Kirayə verdiyi evin ayrı qapısı var, həmin evə onun həyətindən keçib getmək olmur. O küçəyə çıxdığı zaman kirayə verdiyi evin qarşısında sarı rəngli markası və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobil saxlamış, həmin avtomobilin içərisindən əvvəllər tanımadığı bir nəfər cavan oğlan və bir nəfər qız düşmüşdür. O həmin şəxslərin onun kirayə verdiyi evə yaxınlaşdığını görüb həmin şəxslərin kim olduqlarını və bura nə səbəbə gəldiklərini soruşmuşdur. Bu zaman cavan oğlan onun kirayə verdiyi evi göstərib ona demişdir ki, “bu evə gəlmişəm, açarı Cavid verib mənə, mən Cavidə 20 manat pul vermişəm, bu evə keyf çəkməyə gəlmişəm”. O həmin cavan oğlanın bu sözlərindən əsəbləşib Cavid və Urmanın ünvanına nayaliq ifadələr işlədib demişdir ki, “çox qələt edib veriblər, bura sizin üçün nədi ki keyf çəkməyə gəlmisiz, tez rədd olun burdan”. Bu zaman oğlan ilə gələn qız ona demişdir ki, “dayı içəridə başqa iki nəfər- cavan oğlan və qız var”. O dərhal evin qapısını döyüb evə daxil olmuş, içəridə bir nəfər cavan qadının hamamda çimdiyini və bir nəfər uzunboylu cavan oğlanın olduğunu görmüşdür. O həmin şəxslərdən kim olduqlarını və bura necə gəldiklərini soruşmuşdur. Həmin cavan oğlan ona demişdir ki, “evin açarını Urmandan almışam, evdə yuyunmaq üçün”. O həmin şəxsin sözündən əsəbləşib demişdir ki, “bura sizin üçün hamamdı gəlmisiniz yuyunmağa ?. Tez çıxın mənim evimdən”. O küçəyə çıxıb yeni gəlmiş cavan oğlan və qız ilə söhbət edib getmələrini bildirmişdir. Həmin vaxt cavan oğlan və qız evdən çıxmışlar. Söhbət edə edə evdən biraz uzaqlaşıb 28 May küçəsində yerləşən 32 saylı binanın baş tərəfinə gəlib çıxmışlar, adının sonradan Elxan olduğunu bildiyi şəxsə demişdir ki, “Urman və Cavid qələt edib evin açarını sizə verib, tez gedin burdan”. Bu zaman Elxan bir neçə dəfə yumruqla onun alın və sifət nahiyyələrindən qəflətən yumruq zərbələri vurmuş, o zərbələrin təsirindən yerə yıxılmışdır. Yerə yıxılandan sonra Elxan adlı şəxs təpiklə bədəninin müxtəlif nahiyyələrindən də zərbələr vurmuşdur. Münaqişə zamanı 32 saylı binadan bir nəfər üzdən tanıdığı, lakin adını bilmədiyi cavan oğlan gəlib ona köməklik göstərmiş, Elxan da tez qaçıb getmişdir. Münaqişə zamanı Elxanın yanındakı qız da haray salaraq onu Elxanın əlindən almağa çalışırmış. O ayağa qalğıb xəstəxanaya və polis bölməsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs hal-hazırda təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o kirayədə yaşayır. Təxminən 4 il olar ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” Ticarət Mərkəzində günə muzd fəhlə işləyir. Qaradağ rayonu, Lökbatan qəsəbəsində Muğan adlı şəxsin evində 2020-ci ilin iyun ayında təxminən 10 gün onunla birlikdə bazarda fəhlə işləyən Urman Vəliyev ilə birlikdə kirayədə yaşamışdır. xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində o bazarda olarkən onunla birlikdə bazarda fəhlə işləyən Elxan adlı şəxs çimmək üçün ondan qaldığı evin açarını istəmişdir. Adətən Urman ilə o evin açarını həyət qapısının qarşısında bir daşın altına qoyurmuşlar. Lakin Elxan ondan evin açarın istəyəndə açar onun üstündə olmuşdur. Ona görə də o, açarı Elxana vermişdir. Daha sonra Elxan açarı ona qaytarmamışdır. O da təxminən 2-3 saat sonra kirayə yaşadığı Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən evə getmişdir. Lakin həmin evin qapısının bağlı olduğunu, evdə Elxan və başqa birisinin olmadığını görüb Meyvəli bazarına qayıtmışdır. Bazarda Urmanı görüb Urmandan soruşmuşdur ki, “mən evin açarını Elxana vermişəm, Elxanı tapa bilmədim, bir xəbərin yoxdur?”. Urman da ona heç nədən xəbəri olmadığını və hal-hazırda evə gedəcəyini demişdir. Urman ilə söhbət edəndən sonra Urman evə getmişdir. O da bazarda biraz işlədikdən sonra saat 21 radələrində kirayədə qaldığı evə getmişdir. Evə girəndə Urmanın kefsiz olduğunu görüb nə baş verdiyini soruşmuşdur. Urman da demişdir ki, “Muğan mənə zəng eləyib deyib ki, sizi polisə şikayət edəcəm, evin açarını başqasına vermisiz, məni döyüb”. O da ev sahibi Muğana zəng edib məsələyə aydınlıq gətirmək və nə baş verdiyini öyrənmək məqsədilə evə dəvət etmişdir. Muğan onların qaldığı evə gəlib demişdir ki, “Elxan adlı şəxsdən şikayət edəcəm, Elxan məni döyüb”. Daha sonra Muğan otaqdan çıxıb polis çağırmışdır. Polis əməkdaşları onları 10-cu Polis bölməsinə dəvət etmişlər. O, Urman ilə birlikdə Polis bölməsinə gedib izahat yazmışlar, daha sonra qaldıqları evə qayıtmışlar. Səhəri günü Muğan onları evdən çıxartmış, onlar da Muğan ilə sağollaşıb qalmaq üçün başqa evə getmişlər. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Muğan ifadəsində yalan demiş, Elxanın həmin evə qadınla getməsindən xəbəri olmamış, Elxan ondan evin açarını çimmək üçün almışdır. O da Elxana açarı çimmək üçün vermişdir. Elxan ilə Muğan arasında baş vermiş münaqişədən də xəbəri olmamışdır. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid2 ifadəsində göstərmişdir ki, o təxminən bir ildir ki, o qeyd olunan ünvanda yaşayır. Bir neçə ildir ki, müxtəlif yerlərdə fərdi qaydada əlvan metal alıb satmaqla məşğul olur. İyun ayının sonlarında günorta saatlarında Lökbatan qəsəbəsində yol kənarı ilə gedərkən Qaradağ şadlıq sarayına çatmamış yolun kənarında binanın yanında iki nəfər şəxsin dava-dalaş etdiyini görmüşdür. Dava edənlər bəstə boylu cavan oğlan və yaşlı bir kişi olmuşdur. Həmin cavan oğlanın söyüş söyərək yaşlı kişinin sifət nahiyyəsindən yumruqla vurduğunu görmüş, yaşlı kişi də cavan oğlanı söymüşdür. O əvvəlcə istəmiş yaxınlaşıb dava edən şəxsləri aralaşdırsın. Lakin sonradan görmüşdür ki, üzünü görmədiyi qadın qışqırmış, dava edənləri aralaşdırmağa çalışmış, kənardan bir nəfər cavan oğlan idman şalvarında gəlib onları aralaşdırmışdır. O da yoluna davam eləmişdir. Daha sonra nə baş verdiyini görməmiş, həmçinin həmin dava-dalaş bir neçə ay bundan əvvəl baş verdiyi üçün tam yadına düşməmiş, dava edənlərin kim olması barədə heç bir məlumatı yoxdur, həmin şəxslərin heç birini tanımır, döyülən yaşlı kişini isə bir neçə dəfə Lökbatan qəsəbəsində hərbi geyim formasında görmüşdür. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o öz yolu ilə gedərkən yoldan təxminən 50-60 metr aralıda iki nəfər şəxsin dalaşdığını görmüş, dalaş şəxslərin yanında bir qadın olmuş, kənardan onun kimi bir neçə nəfər də baxırmış, lakin heç kim dava-dalaşa müdaxilə etməmişdir. Orada olan qadın qışqırandan sonra binanın qarşı tərəfindən bir nəfər idman şalvarı geyinmiş cavan oğlan dalaşan şəxsləri aralaşdırmışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx xxxx 2020-ci il tarixli 432 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs alın nahiyəsinin dərialtı hematoması, sağ gözaltı nahiyənin qançırı, burnun sağ yan səthinin sıyrığı, üst dodağın selikli qışasına qansızma müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəclərinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan tələbnamədən və Lənkəran rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 305 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdam Hərbi Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmünə əsasən CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, “Azərbaycan Xalqının Ümumilli X9 90 İllik Yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013- cü il tarixli Qərarı ilə ona təyin edilmiş 400 manat cərimə cəzasından xx xxxx 2013-cü il tarixdə azad edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri X4 tərəfindən 18 iş saatı və Müdafiəçi tərəfindən 12 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, 108 (yüz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 72 (yetmiş iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 108 (yüz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 72 (yetmiş iki) manat pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-41/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-41/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver