Məhkəmə qərarları › İş №1(002)-41/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-41/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-41/2023 12.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Sabirabad rayonu Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilmiş, kəndində ünvan 1 ünvanında pasport qeydiyyatında olmalqa, ünvan 2 fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 3” yaşayış kompleksi 35 nömrəli binanın qarşısından keçən Zərərçəkmiş şəxs əlində çanta olduğunu görüb özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs arxasınca binanın birinci blokunda yerləşən liftə daxil olaraq 3-cü mərtəbənin düyməsini basmış, lift dayanıb qapıları açılan zaman Zərərçəkmiş şəxs əlindəki çantanı dartıb qaçmaq istəyərkən sonuncunun ona müqavimət göstərdiyini görüb sol əli ilə Zərərçəkmiş şəxs boğazından sıxaraq boğub, sol qolundan dartmaqla ona boyun nahiyəsinin sıyrıqları, sol bazu və sol said nahiyələrinin qançırlarından ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə içərisində 1 ədəd 200 manat dəyərində “Samsung Galaxy A50” markalı, “SM-A505FN/DS” modelli mobil telefon, telefonun üzərində "xxxx" MMC-yə məxsus 10 manat dəyərində ***-***-**- ** saylı nömrə və 17 manat nağd pul olan 15 manat dəyərində ağ rəngli üzərində qara nöqtələr olan çantanı, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 242 manat dəyərində əmlakı açıq talayaraq zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Bakı Ağır cinayətlər məhkəməsinin hökmünə əsasən 16 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 17 mart 2022-ci il tarixdə 8 saylı cəza çəkmə müəssəsindən azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra fəhləliklə məşğul olmuşdur. Son zamanlar isə məhkum olunduğu üçün iş tapa bilmirmiş və pula ehtiyacı yaranmışdır. 17 sentyabr 2022-ci tarixdə Lökbatan qəsəbəsində adını xatırlamadığı kafelərin birində tək spirtli içki qəbul etmişdir. Kafedən çıxdıqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində yaşayan dostu Cavidannın yaşadığı ünvana getmişdir. Cavidanın evdə olmadığını bildikdən sonra binanın həyətinə düşmüş və binanın həyətində yerləşən marketdən bir ədəd spirtli içki olan pivə almışdır. Orada parkda oturmuş və pivəni içən zaman oradan bir nəfər qadın keçdiyini görmüşdür. O, həmin qadının çiynindəki çantanı görmüşdür. O, çantanın içərisində pul olacağını ehtimal edib götürmək qərarına gəlmişdir. O, qadının arxasınca izləməyə başlamışdır. Həmin qadın bloka girib liftin düyməsini basmış və lift gəldikdə o da qadınla birlikdə liftə daxil olmuşdur. Qadın 9 nömrəli düyməni basmış sonradan o, 3 nömrəli düyməni basmışdır. Lift hərəkətə başlayan kimi o, qadına pul verməsini demiş, qadın isə ona pulu olmadığını demişdir. Bu zaman o, sol əli ilə qadının boğazından tutmuş, sağ əli ilə isə liftin səs ötürücüsünü bağlamışdır. Qadın qışqırmağa başlayanda 3-cü mərtəbədə liftin qapıları açılmış, qadın liftin qapılarının arasında dayanıb qışqırıb kömək çağırmışdır. O, qadının sol qolundan dartıb liftin içərisən çəkmək istəmiş, lakin qadın müqavimət göstərmişdir. O, qadının qolunu buraxan kimi müvazinəti itirib yerə yıxılmışdır. O, qadının qolunda olan çantanı dartıb alaraq piləkənlər ilə tez-tez aşağıya düşmüşdür. O, blokun qarşısına çatan zaman yaşlı bir kişi onu saxlayaraq qadının nə üçün qışqırdığını soruşmuş o da qarışmamasını, qadının borcu olduğunu bildirmişdir. Həmin kişinin yanından ayrıldıqdan sonra binanın arxa tərəfinə keçərək, əynində olan qara gödəkcəni çıxarmış və qadının çantasını həmin gödəkcəyə bükərək Qobu Park 2-də yerləşən “Kafe Park” kafesinə getmişdir. Kafenin ayaq yolunda keçərək çantanın içərisinə baxdıqda çantanın içərisində 1 ədəd Samsung markalı mobil telefon və 17 manat pulun olmasını görmüşdür. Mobil telefon ilə 17 manat pulu götürüb çantanı oradan çıxaraq çöldəki zibil yeşiyinə atmışdır. Sonra Cavidanın gec gəlməsini bilib o, tanışı Sadiqin yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsinə getmişdir. O, taksidən düşən zaman içkili olduğundan öz telefonunu yaddan çıxarıb avtomobildə qoymuşdur. Bu zaman Sadiqlə təsadüfən evin yaxınlığındakı mağazada görmüş və ona yaxınlaşıb görüşmüşdür. O, Sadiqə telefonunun taksidə qaldığını və onun mobil nömrəsinə zəng etməsini xahiş etmişdir. Sadiqin mobil telefonu ilə özünün mobil telefonuna zəng etmiş və taksi sürücüsü telefona cavab vermiş, O, taksi sürücüsü ilə danışmış və səhəri gün “Gənclik” metro stansiyasının yaxınlığında görüşüb telefonu verə biləcəyini demişdir. Sonra Sadiqlə birlikdə gedib mağazadan spirtli içkilər almış və onun yaşadığı ünvana getmişlər. Sadiqin evində olan zaman Sadiq onun əlində qadından götürdüyü mobil telefonu görmüş və hansı telefonun olduğunu soruşmuş, o da Sadiqə bir nəfər şəxsin ona borcu olduğunu və borc qarşılığında telefon verdiyini demişdir. O, gecəni Sadiqin evində qalmışdır. Səhəri gün saat 09 radələrində o, Sadiqlə birlikdə evdən çıxmış və qara rəngli qısa qol gödəkcəni Sadiqin evində qoymuş, götürdüyü mobil telefonda gödəkcənin cibində olmuşdur. O, Sadiqə havanın isti olduğunu sonra gəlib gödəkcəmi götürəcəyini demişdir. Bundan sonra Sadiq işə getmiş, o da öz işlərinin arxası ilə getmişdir. Daha sonra vaxtı olmadığı üçün gedib gödəkcəni götürməmişdir. O, nə vaxt lazım olsa gedib götürəcəyini düşünmüşdür. 21 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində polis əməkdaşları onu saxlayaraq 10-cu PB-nə gətirmişlər. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 3” yaşayış massivi, bina 35, blok 1, mənzil 54-də tək yaşayır. 17 sentyabr 2022-ci il tarixdə o, işdən çıxıb “evə gəlirmiş. O, binanın blokuna daxil olmuş və liftin düyməsini basmışdır. Həmin vaxt onun arxasınca 1 nəfər kişi cinsli şəxsdə gəlmişdir. Həmin şəxs o, bir az kənarda dayanıb lifti gözləyirmiş. O, liftə daxil olan zaman həmin şəxsdə liftə daxil olmuşdur. O, liftdə 9 düyməsini basmış və həmin şəxs ondan 9-cu mərtəbədə yaşadığını soruşmuş, o da həmin şəxsə bəli cavabını vermişdir. Liftin qapıları bağlanıb yuxarı qalxmağa başlamışdır. Bu zaman həmin şəxs ona baxaraq pul verməyini demiş, o da həmin şəxsə pulu olmadığını demişdir. Həmin şəxs qəflətən sol əli ilə onun boğazından tutmuş və pul verməyini tələb etməyə başlamış, o, qorxudan qışqırmağa başlamışdır. Həmin şəxs sağ ilə əlində olan çantasını dartmağa başlamışdır. Bu vaxt liftin qapıları açılmış və o, özünü liftin qapısının arasında saxlayıb qışqırmağa başlamışdır. Həmin şəxs onun sol qolundan tutaraq içəri çəkmək istəmiş, lakin içəri darta bilməmişdir. Həmin şəxs onun qolunu buraxmış və o, müvazinətini itirib yerə yıxılmışdır. Həmin şəxsdə əlində olan çantanı əlindən alaraq pilləkənlərlə qaçıb aşağı düşmüşdür. Çantanın içərisində 17 manat pul, mobil telefon və sənədləri olmuşdur. O, bir müddət orada dayanıb özünə gəlmiş və evinə qalxaraq telefonla DİN-in “102” xidmətinə məlumat vermişdir. Daha sonra hadisə yerinə Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları gəlmişlər O, dərhal zəng edib bankomat kartlarını bağlatdırmış, xx.xx.2022-ci il tarixdə isə yeni şəxsiyyət vəsiqəsi almışdır. Təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur və onun telefonu qaytarılmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 oktyabr 2022-ci il tarixli, 9/6941 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung Galaxy A50” markalı, “SM-A505FN/DS” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla, hadisə baş verən tarixə, yəni 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 200,00 manat müəyyən olunur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 710 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – boyun nahiyəsinin sıyrıqları, sol bazu və sol said nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 3-5 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci tarixdə və onun tibbi yardım üçün 15 saylı X3 Stansiyasına müraciət etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10, 245, 186.2.2, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklər edilməsinə dair xx.xx.2020-ci il tarixli qanunu tətbiq edilərək cəzası 14 il 10 ay müddətə endirilmiş, 17 mart 20222-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. İş materillarından görünür ki, maddi sübut kimi tanınmiş “Samsung Galaxy A50” markalı, “SM-A505FN/DS” model mobil telefon saxlanması üçün Zərərçəkmiş şəxs geri qaytarılmışdır. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbini olmaması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran ahlın olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung Galaxy A50” markalı, “SM- A505FN/DS” model mobil telefon saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung Galaxy A50” markalı, “SM- A505FN/DS” model mobil telefon saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar