Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-42/2025 11.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxx 1978-ci il tarixdə Abşeron rayonu Xızı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1994cü il tarixli hökmünə əsasən Azərbaycan SSRİ CM-in 109 maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli qərarı ilə cəzasının 01 il 06 ay 21 gün çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İ yaşayış massivi, küçə 4, ev 8 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hal hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 01 ədəd K-089079 N-li, Slovakiya Respublikasında istehsal olunmuş, Grand Pover Q1S modelli, 9x19 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən tapançanı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x19 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı, 9 mm kalibrli, Grand Pover Q1S modelli tapançaların komplekt hissəsi olan darağı və 12 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli, Grand Pover Q1S modelli tapançadan və həmin kalibrli digər tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı döyüş sursatı hesab edilən Parabellum patronlarını əldə edib ünvan 2 ünvanına daşımaqla orada saxılamış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 oktyabr 2024-cü il tarixdə, saat 14:30-da yuxarıda qeyd edilən ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, həmin tarixdə saat 16:21-dən üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zaman bel nahiyəsinin sol tərəfindən 01 ədəd K-089079 N-li, Slovakiya dövlətində istehsal olunmuş, Grand Pover Q1S modelli, 9x19 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x19 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı, 9 mm kalibrli, Grand Pover Q1S modelli tapançaların komplekt hissəsi olan darağ və 12 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli, Grand Pover Q1S modelli tapançadan və həmin kalibrli digər tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı döyüş sursatı hesab edilən Parabellum patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, saxlanılmamışdan bir neçə gün əvvəl yaşadığı Müşfiqabad qəsəbəsində zibil atan zaman məişət tullantıları yeşiklərinin yanında yerdə silah olduğunu görmüşdür. Həmin silah onda maraq oyatdığı üçün götürüb üzərində saxlamışdır. 01 oktyabr 2024-cü il tarixdə günorta radələrində yaşadığı ünvanın yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edib saxlamaqda, daşımaqla üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. O da səmimi olaraq etiraf edib bildirmişdir ki, üzərində odlu silah var. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə üzərində hər hansı bir qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif edilmişdir. O üzərində odlu silah olduğunu və həmin silahın belinin sol nahiyəsində olduğunu bildirdikdən sonra polis əməkdaşları həmin silahı götürüb masaya qoymuşdur. Törətdiyi əməldən peşmandır.Himayəsində iki uşağı var.Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib, saxlaması və gəzdirməsi bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupla birlidə 01 oktyabr 2024-cü il tarixdə günorta radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinə getmişlər. Həmin ərazidə bir qədər müşahidə apardıqdan sonra Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olmasını görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ona özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Baş İdarəyə getmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində odlu silah olduğunu, həmin silahı bel nahiyəsində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bel nahiyəsinin sol tərəfində olan 01 ədəd tapança aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi fakta görə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 02 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş və həmin tarixdə barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbsetmənin əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 21 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 01 oktyabr 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçi X1, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X4, X2 və Şahid iştirakları ilə şəxsi axtarış və götürmə aparılır.Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs bel nahiyyəsinin sol tərəfində tapança olduğunu bildirir. Bundan sonra 01 ədəd tapançaya oxşar dəmir predmet aşkar edilərək polis əməkdaşı tərəfindən götürülür. Həmin silaha baxış keçirilən zaman onun içərisində 01 ədəd darağa oxşar dəmir predmet olması, darağa oxşar dəmir predmet tapançaya oxşar dəmir predmetin içərisindən çıxarılan zaman həmin darağın içərisində 12 ədəd patrona oxşar dəmir predmetin olması aşkar edilir. Daha sonra isə 01 ədəd tapançaya oxşar dəmir predmet, onun içərisində 01 ədəd darağa oxşar dəmir predmet, darağın içərisində 12 ədəd patrona oxşar dəmir predmet iştirakçıların qarşısında zərfə qoyularaq qablaşdırılır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 01 oktyabr 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. İş materiallarında olan 02 oktyabr 2024-cü il tarixli, 24\1516 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd K-089079 N-li silah, zavod üsulu ilə Slovakiya dövlətində istehsal olunmuş, 9x19 mm kalibrli, Grand Pover Q1S modelli tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.Tədqiqata təqdim edilmiş 12 ədəd patronlar, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli Parabellum patronları olmaqla Grand Pover Q1S modelli tapançadan və həmin kalibrli digər tapança-pulemyotlardan və s. silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdır.Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, 9 mm kalibrli, Grand Pover Q1S modelli tapançaların funksional əhəmiyyət daşımayan hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 9x19 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur.Təqdim edilmiş 12 ədəd 9x19 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X3 X5 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 31 oktyabr 2024-cü il tarixli, 513/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 01-xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş sol saidin, sol budun, sol diz oynağı nahiyəsinin və hər iki baldırın çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd K-089079 N-li, Grand Pover Q1S modelli yivli odlu silah hesab edilən tapança, 01 ədəd 9x19 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, Grand Pover Q1S modelli tapançaların komplekt hissəsi olan darağ və eksperimental atəşin həyata keçirilməsindən sonra 09 ədəd qalmış 9x19 mm kalibrli, döyüş sursatı hesab edilən Parabellum patronları maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmünə əsasən Azərbaycan SSRİ CM-in 109 maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli qərarı ilə cəzasının 01 il 06 ay 21 gün çəkilməmiş hissəsindən azad edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olması cəzasını yüngüllüəşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli onun şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 01 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd K-089079 N-li, Grand Pover Q1S modelli yivli odlu silah hesab edilən tapança, 01 ədəd 9x19 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, Grand Pover Q1S modelli tapançaların komplekt hissəsi olan darağ və eksperimental atəşin həyata keçirilməsindən sonra 09 ədəd qalmış 9x19 mm kalibrli, döyüş sursatı hesab edilən Parabellum patronları dövlət nəfinə müsadirə edilməlii, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 01 ədəd K-0089079 nömrəli, Gran Pover Q1S modelli yivli silah hesab edilən tapança, 01 ədəd 9x19 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, Grand Pover Q1S modelli tapançaların komplekt hissəsi olan darağ və eksperimental atəşin həyata keçirilməsindən sonra 09 ədəd qalmış 9x19 mm kalibiri, döyüş sursatı hesabat edilən Parabellum patronları dövlət nəfinə müsadirə edilsin və Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-42/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-42/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver