Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-43/2021 01.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1962-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıqla məşğul olan, məhkumluğu olmayan, ünvan 1 mənzi 30 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan məlum olur ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına quraşdırma işləri aparmışdır. Belə ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 37 üvanında yerləşən dövlət mülkiyyətində olan 0,5110.1976 ha boş torpaq sahəsini “Kamaz” maşınlarının təmiri sexi kimi istifadə etmək üçün torpaq sahəsi üzərinə özbaşına 3 ədəd metal konstruksiyadan hazırlanmış daşınar vaqon yerləşdirərək quraşdırma işləri aparmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, CM-nin 188.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, fərdi əməklə məşğul olur. Əsl adının Çoban olmasına baxmayaraq çox adam onu Kamal adı ilə tanıyırlar. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 37 ünvanında yerləşən “Kamaz” təmiri sexi yerləşən ərazi ona məxsus deyil, faktiki olaraq oranı konkret gün yadında qalmasa da 2020-ci ilin mart ayının əvvəllərində zəbt etmişdir. Həmin “Kamaz” sexini 200 (iki yüz) manata Bəhruz adlı şəxsə şifahi razılıq əsasında icarəyə vermiş, “Kamaz” sexinin həyətində 1(bir) ədəd daşınar metal konstruksiyadan olan daşınar vaqon qoymuş, həmin vaqondan işçilər yataq otağı və mətbəx kimi istifadə edirmişlər. Qeyd olunan daşınar vaqon kran vasitəsilə həmin yerə qoyulmuş, bu zaman heç bir tikinti və ya quraşdırma işləri aparılmamışdır. Bunu hadisə yerindən ilkin olaraq çəkilmiş fotoşəkillər də təsdiq edir. Məlum hadisədən sonra həmin metal konstruksiyadan ibarət olan və digər dəmir tullantılar həmin ərazidən götürülərək tullanılmışdır. Hal-hazırda qeyd olunan ərazidə heç bir əşya qalmamışdır. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, törətdiyi əməldən çox peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ailədə yeganə qazanc gətirən şəxs olmaqla məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, daşınar vaqon qoyulmuş ərazi elektron kadastr məlumat bazasına əsasən Qaradağ rayonu, Sahil qəsəbə inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyətində olan torpaqlara aiddir. Buna görə də məhkəmə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin 3.0.8; 3.0.9; 3.0.10; 3.0.11 və 3.0.12-ci bəndlərinə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.4 və 87.5-ci maddələrini rəhbər tutaraq xx xxxxxx 2020-ci il tarixli qərarı ilə zərərçəkmiş hüquqi şəxs qismində tanınmış Qaradağ rayon İcra Hakimiyyətinin iştirakına xitam verilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyini zərərçəkmiş hüquqi şəxs kimi tanımışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 öz ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs tanımır. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi, 37 ünvanında yerləşən “Kamaz” təmiri sexinin yerləşdiyi boş torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən Təqsirləndirilən şəxs “Kamaz” təmiri sexi üçün torpaq sahəsi ayrılmamış və həmin torpaq sahəsinə Təqsirləndirilən şəxs qeyri-qanuni özbaşına mülkiyyət hüququ olmadan metal konstruksiyadan ibarət vaqonlar qoymuşdur. Lakin orada Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir tikinti və ya quraşdırma işlərinin aparılması müşahidə edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin boş torpaq sahəsini Bəhruz adlı şəxsə şifahi razılıq əsasında icarəyə vermiş və həmin torpaq sahəsində 3 (üç) ədəd daşınar vaqon yerləşdirmişdir. Həmin quraşdırılmış 1 (bir) ədəd daşınar vaqonu Bəhruz adlı şəxs mətbəx və otaq kimi istifadə etmişdir. Zəbt olunan torpaq sahəsi Bakı-Salyan şossesinin kənar hasarı ilə müəssisənin hasarı arasında qalan boş torpaq sahəsidir və sözügedən torpaq sahəsinə dair heç bir sənəd təqdim edilməmişdir. Həmin ərazidə “Kamaz” maşınlarının təmir sexi fəaliyyət göstərmişdir. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, onlarda olan məlumata görə həmin təmir sexi artıq fəaliyyət göstərmir, həmin daşınar vaqonlar və digər dəmir tullantılar ərazidən götürülməklə ərazi tam təmizlənmişdir. Buna görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2010-cu il tarixdən DİO-da, 2018-ci il tarixdən isə Qaradağ RPİ-nin 38-ci PB-nin polis sahə inspektoru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbə sakini kimi tanıyır. xx xxxx 2020-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nin rəisinə raportla müraciət edərək, xidmətdə olduğu zaman Bakı-Qazax yolunun 33-cü kilometrliyində yerləşən “adsız” obyektdə yanacaq doldurma məntəqəsinin fəaliyyət göstərməsi və həmin ərazinin yaxınlığında yük maşınlarının sökülərək ehtiyat hissələrinin satışı ilə məşğul olan iaşə obyektinin tərəfindən aşkar edilməsi və orada işləyən şəxslərin Qaradağ RPİ-nin 38-ci PBnə gətirilmələrini göstərmişdir. Raportu əsasında təhqiqat aparılmış və toplanılmış material Qaradağ RPİ-nin İŞ-nə göndərilmiş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 37 ünvanında yerləşən, dövlət mülkiyyətində olan boş torpaq sahəsini zəbt edərək həmin ərazidə “Kamaz” təmiri sexi açmaqla oraya bir neçə dəmir vaqon gətirib qoymuş və həmin sexi şifahi olaraq icarəyə vermişdir. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, həmin əraziyə qoyulmuş dəmir konstruksiyadan ibarət vaqonların yerləşdirilməsi üçün hər hansı bir quraşdırma və tikinti işləri aparılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 37 ünvanında yerləşən “Kamaz” təmiri sexini şifahi razılıq əsasında ayda 200 (iki yüz) manat icarə pulu ödəmək şərti ilə Təqsirləndirilən şəxs icarəyə götürmüşdür. O öz ifadəsində daha sonra göstərmişdir ki, qeyd olunan ərazidə vaqonların qoyulması ilə bağlı hər hansı bir quraşdırma və tikinti işləri aparılmamışdır. Bu hadisə rəsmiləşdirildikdən sonra həmin ərazidə olan bütün vaqonlar və digər bütün əşyalar ərazidən götürülməklə tullanılmışdır. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid3 öz ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin mühəndis-inventarlaşdırıcı vəzifəsində işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə mütəxəssis qismində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi, 37 ünvanında yerləşən boş torpaq sahəsinə baxış keçirilərkən həmin boş torpaq sahəsində “Kamaz” sexinin fəaliyyət göstərməsi müəyyən edilmişdir. Göstərilən torpaq sahəsi Bakı-Salyan şossesinin kənar hissəsi ilə müəssisənin hasarı arasında qalan boş torpaq sahəsidir. Boş torpaq sahəsinin ərazisi 0,5110.1976 ha-dır. Boş torpaq sahəsi üzərində 3 (üç) ədəd metal konstruksiyadan hazırlanmış daşınar dəmir vaqonlar quraşdırılmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş mütəxəssisin iştirakı ilə hadisə yerinə keçirilmiş baxış protokolu ilə müəyyən olunmuşdur ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 37 ünvanında yerləşən “Kamaz” maşınlarının təmiri sexi kimi fəaliyyət göstərən boş torpaq sahəsidir. Göstərilən torpaq sahəsi Bakı-Salyan şossesinin kənar hasarı ilə müəssisənin hasarı arasında qalan boş torpaq sahəsidir. Dövlət tərəfindən çəkilən hasarın uzunluğu 207 metr 3 sm-dir. Müəssisənin hasarı 200 metr 44 sm-dir. “Şərti”, yəni hasara alınmayan sol tərəfdən sahə 27 metr 70 sm, sağ tərəfdən isə 24 metr 50 sm-dir. Boş torpaq sahəsinin ərazisi 0,5110.1976 ha-dır. Boş torpaq sahəsi ərazisində 3 ədəd metal konstruksiyadan hazırlanmış 3 ədəd daşınar dəmir vaqon quraşdırılmışdır. 1 ədəd daşınar dəmir vaqonun içərisində ev əşyaları vardır. Hadisə yerinə baxış keçirilməsi haqqında protokola torpağın yerləşmə sxemi və fotocədvəl əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsindən daxil olmuş məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 37 ünvanında yerləşən “Kamaz” təmiri sexinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İdarənin mütəxəssisi tərəfindən qeyd olunan əraziyə baxış keçirilmişdir. Göstərilən torpaq sahəsi Bakı-Salyan şossesinin kənar hasarı ilə müəssisənin hasarı arasında qalan boş torpaq sahəsidir və sözügedən torpaq sahəsinə dair heç bir sənəd təqdim edilməmişdir. Hazırda faktiki ərazidə Kamaz maşınlarının təmiri sexi fəaliyyət göstərir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətindən daxil olmuş məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 37 ünvanında yerləşən “Kamaz” təmiri sexi Qaradağ rayonunun inzibati ərazisində yerləşir və Dövlət mülkiyyətində olan torpaq sahəsidir. Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən “Kamaz” təmiri sexi üçün torpaq sahəsi ayrılmamış və qeyri-qanuni fəaliyyət göstərir. Beləliklə, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına hər hansı bir tikinti və ya quraşdırma işləri aparmadığı müəyən edilmişdir ki, bununla da təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. Lakin Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına zəbt edərək həmin torpaq sahəsi üzərində qanunsuz fəaliyyətlə məşğul olmuşdur. Eləcə də İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılsa da Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya qurşadırma işləri aparmasına dair hər hansı mötəbər sübutlar və əsaslı şübhələr müəyyən edilərək araşdırılmamışdır. Ona görə də məhkəmə ibtidai istintaq orqanının gəldiyi bu əsassız nəticə ilə razılaşmır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 188.2-ci maddəsindən həmin Məcəllənin 188.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş və toplanılmış mötəbər sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf edərək səmimi peşman olmasını və cinayətin zərərli nəticələrinin aradan qaldırılmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın aşağı həddində təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxx 2020-ci il tarixdə MSY-dən azad olunmuşdur. Odur ki bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 64 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 564 (beş yüz altmış dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 mənzi 30 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Qaradağ rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 564 (beş yüz altmış dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-43/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-43/2021
01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver