Məhkəmə qərarları › İş №1(002)-43/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-43/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-43/2023 12.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,307 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroini əldə edib, üstündə saxlayaraq, daşımış, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən 12 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılaraq, Qaradağ RPİ-nin 10-cu PB-nə aparılmış və orada Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,307 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin aşkar edilərək, polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik maddə hesab olunan “kakos” yəni, heroin istifadə etmişdir. O, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin cəzasını çəkməyə başlamamışdır. Öz istifadəsi üçün narkotik maddə hesab olunan heroini müxtəlif yerlərdən üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən almışdır. xx.xx.2022-ci il tarixdə, radələrində narkotik maddə olan heroin almaq məqsədi ilə Bakı şəhərindən Abşeron rayonu, Hökməli qəsəbəsinə getmiş, orada üzdən tanıdığı, adını Mahir kimi təqdim edən şəxs ona narkotik maddə hesab edilən heroin satdığını bildirmiş, ona almağı təklif etmişdir. O da narkotik maddə qəbul etdiyi üçün tanımadığı şəxsdən 15 manata bir ədəd siqaretin qızılı rəngli kağızına bükülü narkotik maddə olan heroini alıb əynində olan qara rəngli cins şalvarın qabaq sol yan cibinə qoyaraq Müşfiqabad qəsəbəsinə qayıtmışdır ki, ağrıları olanda ondan istifadə etsin. 12 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində ünvan 2 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduqlarını təqdim etmiş, onun narkotik maddə istifadə etdiyindən şübhələnib Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına getmişdir. Orada polis əməkdaşları ona bildirmişdir ki, o, narkotik maddənin qəbulundə şübhəli bilindiyi üçün Qaradağ RPİ-nin 10-cu PB-yə gətirilmişdir və Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında yerləşən xidməti otaqların birində ona dövlət hesabına təyin edilmiş müdafiəçi, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirməyə başlanılmışdır. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində qeyri-qanuni əşya varsa təqdim etmək təklif edilmişdir. Bundan sonra, o, əynində olan qara rəngli cins şalvarının qabaq sol yan cibindən 1 (bir) ədəd bükümdə olan narkotik maddəni çıxararaq təqdim etmişdir. Sorğu zamanı o, hadisəni baş verdiyi kimi danışmışdır. Bundan sonra, ondan götürülmüş bir büküm narkotik maddə olan heroin zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu və himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hal-hazırda Qaradağ RPİ-nin 10-cu PB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar 12 sentyabr 2022-ci il tarixdən tanıyır, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti yoxdur. 12 sentyabr 2022-ci il tarixdə, Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə inspektoru, polis kapitanı Şahid2 ilə birlikdə inzibati ərazidə, yəni ünvan 2 ünvanının qarşısında olan zaman bir nəfər şəxsin narkotik vasitənin təsiri altına sərxoşluq vəziyyətində olduğunu görüb ondan şübhələnmişlər. Şahid2 ilə birlikdə həmin şəxsə yaxınlaşıb özlərini ona təqdim etdikdən sonra onun eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu güman etdikləri üçün Qaradağ RPİ-nin 10-cu PB-yə dəvət etmişlər. Həmin şəxs onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinə gəldikdən sonra həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilmiş və onlara həmin şəxsin xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Bundan sonra polis bölməsində X8 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, vəkilin, onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının qabaq sol yan cibindən qızılı rəngli bükümü çıxarıb masanın üzərinə qoyub təqdim etmişdir. X8 şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşan zaman, Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin “kakos”, yəni narkotik maddə hesab edilən heroin olduğunu, xx.xx.2022-ci il tarixdə Hökməli qəsəbəsində tanımadığı şəxsdən 15 (on beş) manata aldığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin büküm bir ədəd zərfdə qablaşdırıldı, protokol tərtib edildi, zərf və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə inspektoru Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək şahid Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid1 ilə eynizməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2022-ci il tarixli, 6/5127 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm...” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,307 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,307 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,257 qram. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 14 oktyabr 2022-ci il tarixli, 6043 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixatriya Xəstəxanası»-dan alınmış xx.xx.2022-ci il tarixli 10396 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 alınmış xx.xx.2022-ci il tarixli 1/3870 nömrəli məktublarda təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən xəstəxanalarda müalicə olunmadığı qeyd edilmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, 12 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokol ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,307 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq 0,257 qram çəkidə narkotik vasitə olan heroin saxlanması üçün maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində, polis əməkdaşlarının və dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və ona vəzifələri izah edildikdən sonra təklif olunur ki, üzərində qeyri-qanuni əşya yaxud hər hansı predmet varsa könüllü təqdim etsin. O, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü masanın üzərinə qoyaraq təqdim etmiş, həmin büküm açılarkən içərisindən qəhvəyi rəngli, toz şəklində olan maddə aşkar edilmiş, X8 şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşan zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin “kakos”, yəni narkotik maddə hesab edilən heroin olduğunu, xx.xx.2022-ci il tarixdə Hökməli qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri tərəfindən imzalarla təsdiq edilir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon 123 saylı MKİS-nin 31 oktyabr 2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə X5 ilə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X6 və xx.xx.2016-cı il tarixdə doğulmuş X7 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CMnin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 12 sentyabr 2022-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 14 sentyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,257 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş hazırkı cəza, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən (azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 01 il 05 ay 28 gün müddət) qismən toplanılsın və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 12 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,257 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar