Məhkəmə qərarları › İş №1(002)-43/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-43/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-43/2025 11.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, Dövlət ittihamcısı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1978-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz, uzun müddətli tanışlıq nəticəsində aralarında inam və etibarlı münasibət yaranmış tanışı Şahid1 2024-cü ilin may ayında ona müraciət edərək sonuncunun tanışı, Laçın rayon 29 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyən Zərərçəkmiş şəxs2 həmin vəzifədə qalaraq müəllimlik fəaliyyətini davam etdirməsi üçün 2023-2024-cü illər üzrə müəllimlərin sertifikasiyası imtahanından qeyri-qanuni üsulla uğurlu nəticə əldə edilməsində köməklik göstərilməsini bildirməsi ilə əlaqədar Şahid1 vasitəsilə və bilavasitə görüşləri zamanı Zərərçəkmiş şəxs2, sonuncunun 2023-2024-cü illər üzrə müəllimlərin sertifikasiyası imtahanından əvvəlcədən müəyyən edilmiş 30 keçid balından az bal toplamasına belə baxmayaraq, sertifikasiya imtahanının növbəti mərhələsində uğurlu nəticə əldə edərək müəllimlik fəaliyyətini davam etdirəcəyinə nail olacağını yalandan vəd edərək özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə etməklə həmin məsələnin müsbət həlli üçün 2024-cü ilin may ayının sonlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs2 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini sonuncudan nəğd qaydada almaqla şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz tanışı Şahid1 2024-cü ilin iyul ayında ona müraciət edərək tanışı olan Laçın rayon 29 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləmiş Zərərçəkmiş şəxs1 həmin vəzifədə qalaraq müəllimlik fəaliyyətini davam etdirməsi üçün 2023-2024-cü illər üzrə müəllimlərin sertifikasiyası imtahanından qeyri-qanuni üsulla uğurlu nəticə əldə edilməsində köməklik göstərilməsini bildirməsi ilə əlaqədar Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs1 2023-2024-cü illər üzrə müəllimlərin sertifikasiyası imtahanından əvvəlcədən müəyyən edilmiş 30 keçid balından az bal toplamasına belə baxmayaraq, sertifikasiya imtahanının növbəti mərhələsində uğurlu nəticə əldə edərək müəllimlik fəaliyyətini davam etdirəcəyinə nail olacağını yalandan vəd edərək özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə həmin məsələnin müsbət həlli üçün 2024-cü ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini Şahid1 cinayətdən xəbərsiz oğlu Xəlil Səlimovdan nəğd qaydada almaqla şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 20 il bundan əvvəl Şahid1la tanış olmuş, hazırkı vaxtadək onunla dostluq münasibətləri davam etmişdir. 2024-cü ilin may ayında Şahid1 ona müəllimə işləyən tanışının olmasını demiş, işini davam etdirməsi üçün sertifikasiyadan keçməli olmasını, lakin keçid balını toplaya bilməməsini, işdən çıxarılacağını, tanışının imtahan nəticələrinin dəyişdirilməsi və işində qalmasına köməklik göstərməsini xahiş etmişdir. O da öz növbəsində bir neçə gün sonra Şahid1 8000 manat qarşılığında həmin işə köməklik göstərə biləcəyini demişdir. 2024-cü ilin may ayının sonlarında İlhamla birgə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzi qarşısında adının Səfurə olmasını bildiyi qadın və onun bacısı ilə görüşmüşlər. Görüş zamanı Zərərçəkmiş şəxs2 özünün yaxşı əlaqələri, dost tanışlarının olması, bunlardan istifadə edib ona köməklik edəcəyinə, müəllimlər üçün sertifikasiya imtahanından az bal toplasa belə müdaxilə edib öz əlaqələri vasitəsilə balını artıracağına, imtahandan keçib müəllim kimi işinə davam edəcəyinə inandırmışdır. Bu sözlərindən sonra Zərərçəkmiş şəxs2 8000 manat pulu çıxarıb ona vermişdir. Bir müddət sonra Şahid1 ona İlahə adında başqa bir müəllimənin olmasını, İlahə xanımın da müəllimlər üçün sertifikasiya imtahanından kəsilməsini, işdən çıxarılacağını, ona da köməklik göstərərək məsələsini həll etməsini xahiş etmiş, o da razılaşmış, 8000 manat qarşılığında Zərərçəkmiş şəxs1 da işini həll edəcəyinə vəd vermişdir. Bir neçə gün sonra Şahid1 onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs1 8000 manat pulu alıb özündə saxlamasını demiş, o isə öz növbəsində pulu saxlamasını tapşırmışdır. 2024-cü ilin iyul ayının əvvəllərində Şahid1 pulu istəmiş, sonuncunun tapşırığı 8000 manat pulu Qaradağ rayonu, Sahil qəsəbəsində X3 Səlimovdan götürmüşdür. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 işə bərpası ilə bağlı heç kimlə danışıq aparmamış və həmin pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Törətdiyi əməldən peşmandır.Hal-hazırda zərər çəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmiş və aralarında barışıq əldə olunmuşdur.O, əlavə olaraq bildirmişdir ki, zərər çəkmiş şəxsə dəymiş ziyanın 25% miqdarında dövlət nəfinə ödəniş etmişdir. Qeyd olunanlara əsasən işə xitam verilməsini xahiş edir. Məhəmə iclasında Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 2002-ci il tarixdən 2024-cü ilin iyun ayınadək Laçın rayon 29 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləmiş, 2023-cü ilin yay aylarında müəllimlərin sertifikasiyası imtahanından keçid balını toplaya bilməmiş, nəticəsi uğurlu alınmamışdır. Şahid1la 2022-ci ildən tanış olmuş, sonuncu özünü Xüsusi Rabitə və X1 Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Şahid1 istifadəsində olan sosial şəbəkələrində də bu barədə məlumatlar olmuşdur. 2023-cü ilin iyun ayında keçirilən ilk sertifikasiya imtahanından kəsildiyi üçün ikinci imtahandan keçmək məqsədilə yollar axtarmış, buna görə də Şahid1 köməklik istəmiş o da bu işdə kömək edə biləcəyini bildirərək iş üçün ondan 8.000 (səkkiz min) manat pul istəmiş, İsmayıl adlı tanışının olmasını, işi onun vasitəsilə həll edəcəyini demiş, o da razı olmuşdur. 8000 manat pulu hazır edərək 2024-cü ilin may ayının sonlarında, saat 14 radələrində Lökbatan qəsəbəsi ərazisində, Binə ticarət mərkəzinin qarşısında Şahid1 və İsmayıl adlı şəxslə görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs ona işini həll edəcəyinə söz vermişdir. Bundan sonra o, 8000 manat pulu Şahid1 vermiş, sonuncu da pulu Təqsirləndirilən şəxs vermişdir.2024-cü ilin iyun ayının əvvəlində yenidən orta məktəb müəllimlərinin sertifikasiyası ilə əlaqədar X4 tərəfindən keçirilən imtahanlarda iştirak etmiş, həmin vaxt isə 22 bal toplayaraq yenə də imtahandan keçə bilməmişdir. Bundan əlavə iş yoldaşı və onunla eyni məktəbdə işləyən ibtidai sinif müəlliməsi olan, sertifikasiya imtahanından kəsilmiş Zərərçəkmiş şəxs1 ondan köməklik istəmiş və o, bu barədə Şahid1 bildirdikdən sonra sonuncu ona Zərərçəkmiş şəxs1 10.000 (on min) manat almasını tapşırmış, Zərərçəkmiş şəxs1 da bu məsələyə razlaşmışdır. 2024-cü ilin iyul ayının əvvəllərində o, Zərərçəkmiş şəxs1 və sonuncunun əri Şahid2la birlikdə Sahil qəsəbəsinə Şahid1la görüşmüş, görüş zamanı Zərərçəkmiş şəxs1 pulu Şahid1 vermiş, Şahid1 da öz növbəsində pulu sayaraq götürdükdən sonra işin həll olacağını deyib getmişdir. Bir neçə gün sona Şahid1la öz evində görüşmüş, həmin vaxt Şahid1 Zərərçəkmiş şəxs1 verdiyi puldan 2000 manat pulu ona vermişdir ki, saxlasın. Zərərçəkmiş şəxs1 aldıqları 10000 manat pulun 2000 manatını Şahid1la öz aralarında, özlərinin xeyri, mənfəət, qazanc və şəxsi ehtiyaclarına sərf etmələri üçün bölüşmələri barədə əvvəlcədən Şahid1la razılaşmış, buna uyğun olaraq da Zərərçəkmiş şəxs1 aldıqları 10000 manat pulun 8000 manatını Şahid1 Təqsirləndirilən şəxs verdikdən sonra qalan pulun 1400 manatını özünə götürmüş, 400 manatı isə ona vermişdir Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadədə göstərmişdir ki, 2004-cü il tarixdən 2024-cü ilin iyun ayınadək Laçın rayon 29 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləmiş, 2023-cü ilin yay aylarında müəllimlərin sertifikasiyası imtahanından 23 bal topalayaraq kəsilmiş, 30 keçid balını toplaya bilməmiş, ikinci və sonuncu imtahan şansı verilmiş və 2024-cü ilin iyun ayının 8-də yenidən orta məktəb müəllimlərinin sertifikasiyası ilə əlaqədar X4 tərəfindən keçirilən imtahanlarda iştirak etmiş, bu dəfə isə 26 bal toplayaraq yenə də imtahandan keçə bilməmiş, Zərərçəkmiş şəxs2 ilə əmək fəaliyyəti barədə müzakirələr aparmış, söhbət zamanı sonuncu imtahan nəticələrini düzəltmək və imtahandan keçmək üçün İlham adlı şəxsə 10000 manat pul verməsini demiş, buna söz vermişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs2 imtahandan keçməyə köməklik göstərməsini xahiş etmiş, təxminən 2 iki gün sonra, 2024cü ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs2 ona zəng edərək işini düzəltməsi barədə razılıq əldə etdiyini demiş, 2024-cü ilin iyul ayının əvvəlində həyat yoldaşı Şahid2 və Zərərçəkmiş şəxs2 ilə birgə Sahil qəsəbəsinə gedərək orada Şahid1la görüşmüş, həmin vaxt bankdan kredit yolu ilə əldə etdiyi 10000 manat pulu Şahid1 vermişdir. Həmin vaxtdan bir müddət keçsə imtahan nəticələrində heç bir dəyişiklik olmamış, əmək fəaliyyətinə xitam verilməmiş, sonradan aldadılmasını başa düşmüşdür. Zərərçəkmiş şəxs1 əlavə olaraq göstərmişdir ki, Şahid1 verdiyi 10000 manat pulu "xxxx" ASC-dən götürdüyü kredit yolu ilə əldə etmişdir. Şahid1la görüş zamanı sonuncu onlara Xüsusi Rabitə və X1 Xidmətində işləməsini, həmin məsələnin həlli üçün özünün səlahiyyətli dost tanışlarının olmasını deyib işi həll edəcəyinə söz vermiş, lakin Şahid1 8000 manat pulu verdikdən sonra işi düzəlmmiş, aldadılmağından əmin olduğuna görə şikayət etmiş, sonradan məlum olmuşdur ki, Şahid1 onun sertifikasiya imtahanından keçməsinə, yəni az bal toplasa belə müdaxilə edib topladığı balı artırmaqla bağlı tanışı Təqsirləndirilən şəxs köməklik istəmiş və ondan aldığı 10000 manat pulu da Təqsirləndirilən şəxs vermiş, lakin sonradan Zərərçəkmiş şəxs2 ilə danışıq zamanı sonuncu, Təqsirləndirilən şəxs 8000 manat pulun verilməsini, 2000 manatın isə Şahid1la onda qalmasını bildirmiş, səbəb olaraq isə guya işi alınanda pulu ona qaytaracağını demişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2 il bundan əvvəl xatırlamadığı dərman firmasında müvəqqəti olaraq səyyar kimi çalışan zaman Safurə Abbasova adlı xanımla tanış olmuş, ona özünü Xüsusi Rabitə və X1 Xidmətinin işçisi kimi tanıtmış, onunla görüşlərdə əyninə Dövlət Təhlükəsizlik Xidmətinin adı yazılmış kapitan rütbəli xüsusi forması geyinmiş, bir neçə dəfə də özünə hazırladığı saxta xidməti vəsiqəni də göstərərək sonuncunu buna inandırmış, həmin vaxtdan da münasibətləri davam etmişdir. Təxminən 2024-cü ilin may ayında Safurə Abbasova müəllimə kimi işini davam etdirməsi üçün sertifikasiyadan keçməli olduğunu ona bildirmiş və bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. O da Zərərçəkmiş şəxs2 köməklik göstərəcəyini bildirmiş və bu barədə dostu İsmayil Məmmədova zəng edərək onunla əlaqə saxlamış, sonuncu ona bu işdə köməklik göstərəcək tanışı olduğunu bildirmiş və tanışı ilə bu işi danışdıqdan sonra onunla əlaqə saxlayacağını demişdir. Təxminən 5 gün keçdikdən sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq bu işin həll olunması üçün 8000 (səkkiz min) manat pul istəmiş, o bu barədə Səfurə İsmayılovaya demiş, sonuncu da razılaşmışdır. 2024-cü ilin may ayının sonlarında Zərərçəkmiş şəxs2 və bacısı Şahid4 o və Təqsirləndirilən şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzinin qarşısındakı yeni tikilmiş binaların həyətində görüşmüş, Zərərçəkmiş şəxs2 həmin vaxt pulu özü ilə gətirdiyini bildirmiş, pulu çantasından çıxarıb Təqsirləndirilən şəxs vermişdir.Bundan sonra, 2024-ci ilin iyul ayında Safurə Abbasova ondan eyni məktəbdə işləyən iş yoldaşı Zərərçəkmiş şəxs1 2024-cü ilin iyun ayında sertifikasiya imtahanından kəsildiyi üçün ona da köməklik etməsini xahiş etmiş, o da öz növbəsində bu barədə yenidən Təqsirləndirilən şəxsla əlaqə saxlamış və ondan bu iş üçün də köməklik etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs isə bu işin də həll olunması üçün yenidən 8000 (səkkiz min) manat pul istəmişdir. O, Safurə Abbasovaya bu barədə danışmış və özlərinin də 2000 (iki min) manat xeyirlərinin olması üçün Zərərçəkmiş şəxs1 10000 (on min) manat pul istəməsini bildirmişdir.Bu söhbətdən sonra, 2024-cü ilin iyul ayının əvvəllərində Sahil qəsəbəsində görüşmələri barədə razılaşmış, elə həmin ərəfələrdə Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onun əri Şahid2la birlikdə görüşləri baş tutmuş, onların gəldikləri maşında əyləşmiş, Şahid2 ondan işin nə vaxta həll olacağını soruşmuş, o da cavabında bir ayadək müddətdə işin həll olacağını bildirmişdir. Zərərçəkmiş şəxs1 pulu maşının orta hissəsində yerləşən qoltuqaltı hissəyə qoymuş, o da sayaraq 10000 manat olmasından əmin olaraq həmin pulu özü ilə götürüb getmişdir. Bir neçə gün sonra özü başqa yerə olduğu üçün oğlu onun göstərişi ilə 8000 manat pulu Sahil qəsəbəsində İsmayıla vermişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs2 ilə görüşmüş və 2000 manat puldan ona 600 manat vermiş, 1400 manatı isə özündə saxlamışdır. Hər iki iş həll olunduqdan sonra 600 manat pulun mənfəət kimi Zərərçəkmiş şəxs2, 1400 manat pulun isə onda qalması barədə razılaşmışlar. Lakin sonradan heç bir iş həll olunmamış, Təqsirləndirilən şəxs isə qeyd edilən şəxslərdən alınan pul vəsaitlərini geri qaytarmamışdır. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işindən 25 noyabr 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ayrıca icraata ayrılaraq icraatıma qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 22 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sənədlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test mərhələsində qaydalarla müəyyən edilmiş keçid balından aşağı, yəni 22 bal toplayaraq təkrar imtahandan uğursuz nəticə əldə etmişdir. İş materiallarında olan əmək müqaviləsinin ləğv edilməsi barədə 27 iyun 2024-cü il tarixli 19/3 saylı əmrdən görünür ki, Laçın rayonu, 29 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Zərərçəkmiş şəxs2 təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. İş materiallarında olan sənədlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test mərhələsində qaydalarla müəyyən edilmiş keçid balından aşağı, yəni 26 bal toplayaraq təkrar imtahandan uğursuz nəticə əldə etmişdir. İş materiallarında olan əmək müqaviləsinin ləğv edilməsi barədə 27 iyun 2024-cü il tarixli 19/2 saylı əmrdən görünür ki, Laçın rayonu, 29 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Zərərçəkmiş şəxs1 təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxslərə ümumilikdə dəymiş 16000 (on altı min) manat zərərin 25%-i, yəni 4000 (dörd min) manat Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilmişdir. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununun 1.7.3 bəndinə əsasən 73-1.2-ci maddədə “bir misli” sözləri “iyirmi beş faizi” sözləri ilə əvəz edilmişdir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 12 (on iki) saata görə 72 (yetmiş iki) manat məbləğində pul X2, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CM-nin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 12 (on iki) saata görə 72 (yetmiş iki) manat məbləğində pul X2, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar