Məhkəmə qərarları › İş №1(002)-44/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-44/2023

09.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-44/2023 09.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərində, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 07 avqust 2022-ci il tarixdə saat 07:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamamlı olduğu halda bunu etməmiş və idarə etdiyi «Kia Ceed» markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən 76-cı kilometrliyində Qazax şəhəri istiqamətində hərəkətdə olan zaman həmin qanunun və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə riayət etməyərək yəni, sürücü hərəkətin təhlükəsizliyi üçün qorxu törədən yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etməmiş və qarşısında eyni istiqamətdə hərəkətdə olan Şahid2 idarə etdiyi «Shacman» markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə dəyərək toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «Kia Ceed» markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs döş qəfəsinin və qarının küt travması, döş və qarın boşluqlarına qanaxma, qara ciyərin cırılması kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «B» kateqoriyalı, BC seriyalı, 004237 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında tanışı Nizami Kazımova məxsus olan «Kia Ceed» markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərək həmin avtomobillə rayonlara sərnişin daşımaqla məşğuldur. 07 avqust 2022-ci il tarixdə yəni, yolnəqliyyat hadisəsi baş verən gün gecə saatlarında Nabrandan və Xudatdan iki nəfər götürüb yola çıxmış və həmin sərnişinləri Gəncə şəhərinə əsgər yanına aparmışdır. Bakı- Quba yolu ilə xeyli gəlib Bakı şəhərinə çataraq oradan Bakı-Qazax yoluna çıxıb Qazax şəhəri istiqamətində hərəkətinə davam edərkən avtomobili yolun soldan birinci hərəkət zolağı ilə saatda təxminən 90-100 km/saat surətlə idarə edərkən avtomobil texniki cəhətdən saz olmuş, avtomobildə 2 nəfər sərnişin olmuş, yük yeri boş olmuşdur. O, Bakı- Qazax yolu ilə xeyli getdikdən sonra Ələt qəsəbəsi ərazisinə çatmış avtomobili yolun sağ hərəkət zolağı ilə saatda 90 km/saat surətlə idarə edərkən təxminən 50-60 metr qarşıda Shacman markalı yük avtomobilinin hərəkət etdiyini görmüş, bir qədər də getdikdən sonra ona çatmağa az qalmış özünü yorğun hiss etməsinə baxmayaraq, avtomobili idarə edə biləcəyini düşünərək hərəkətinə davam etmiş, həmin yük avtomobilinə çatdıqda isə sükan arxasında yuxulayaraq fikri yoldan yayınmışdır. O, yuxuda olarkən idarə etdiyi “Kia Ceed” markalı minik avtomobili həmin Shacman markalı yük avtomobilinin arxasından çırpılmış, oyanıb qarşıya baxanda avtomobil yolun hərəkət hissəsində fırlanıb dayanmışdır. O, avtomobildən dərhal düşüb sərnişinlərə tərəf keçərək onlara köməklik edib avtomobildən çıxarmış, dərhal təcili yardıma və polisə məlumat vermiş, xəsarət alan sərnişin oğlanı xəstəxanaya aparmışlar. O, hadisə zamanı heç bir bədən xəsarəti almadığını, özünü təqsirli bildiyini və hadisədən əvvəl spirtli içki, narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, maddi vəziyyətinin imkan verdiyi həddə zərərçəkmiş şəxsin müalicəsinə yardım göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıq zəminində baş verməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində bildirmişdir ki, 07 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Ceed” markalı minik avtomobili ilə yaşadığı Xudat şəhərindən Gəncə şəhərinə gedərkən Ələt qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarətləri almışdır. O, həmin gündən sonra xəstəxanada uzun müddət müalicə almışdır. Çəkdiyi müalicə xərclərinin müəyyən hissəsi təqsirləndirilən şəxs tərəfindən qarşılanacağı təqdirdə aralarında barışıq əldə oluna bilər. Bununla bağlı nəhkəmə tərəfindən onlara vaxt verilməsini xahiş etmişdir. Daha sonra məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin tam həcmdə ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş X3, Şahid2 və Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə X3, Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməmələrini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cinayət işinin 32-33-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 avqust 2022-ci il tarixli 8/2077 saylı yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Ceed” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Shacman markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin 31-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 14-cü vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 07 avqust 2022-ci il tarixli, 841 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 21-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Qİİ tərəfindən 13 aprel 2021-ci il tarixdə verilmiş BC seriyalı 004237 nömrəli, "B" kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixədək sürücülük hüququ vardır. Cinayət işinin 21-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BA seriyalı, 193036 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Ceed” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı minik avtomobili X5 mülkiyyətindədir. Cinayət işinin 22-ci vərəqəsində olan X8 tərəfindən verilmiş etibarnamədən görünür ki, o, mülkiyyətçisi olduğu “Kia Ceed” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası ərazisində 04 may 2022-ci il tarixindən 13 aprel 2023-cü il tarixədək idarə edilməsi üçün həmin etibarnaməni vermişdir. Cinayət işinin 28-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 13 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin 34-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X1 15 avqust 2022-ci il tarixli, 464 saylı sağlamlığa zərər vurmanın təyini ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-döş qəfəsinin və qarının küt travması, döş və qarın boşluqlarına qanaxma, qara ciyərin cırılması-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 07 avqust 2022-ci il tarixdə yol- nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Cinayət işinin 1-ci vərəqəsində olan 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, HK-899 nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 78-79-cu vərəqələrində olan 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam həcmdə ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, ona görə də, sonuncu barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 17-ci bəndində qeyd olunur ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarətin yetirilməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, məhkəmə hesab edir ki, həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir”. Bundan başqa, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili B.R.Cəbrayılova məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar