Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-44/2024 19.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol-hərəkət qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 31 avqust 2023-cü il tarixdə saat 07:45 radələrində idarə etdiyi özünə məxsus “Daewoo Gentra” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində Qaradağ Təlim-İdman stadionunun qarşısında şəhər istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən piyada keçidinə yaxınlaşan zaman sürəti lazımınca azaltmalı, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamalı və piyada keçidə daxil olduqda nəqliyyat vasitəsini dayandırmalı olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyib, piyada keçidi ilə yolun sağ kənarından sol kənarına doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vuraraq, sonuncuya qapalı kəllə beyin travması, baş beyin əzilməsi, sağ gicgah payının epidural hematoması və sol təpə-gicgah-ənsə paylarının hemorragik əzilməsi ilə müşayiət olunan sağ təpə sümüyünün boylama və sağ gicgah sümüyünün xətti sınıqları, başın təpə, başın alın, başın sağ gicgah və sağ almacıq nahiyələrinin əzilmiş yaralarından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə yol-hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 avqust 2023-cü il tarixdə saat 07:40 radələrində özünə məxsus **-UR-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Kingsmart” mağazasının qarşısında 3 nəfər sərnişin götürüb Bakı şəhəri istiqamətində yola çıxmışdır. “Kingsmart” mağazasını keçdikdən təxminən 70-80 metr sonra stadionun qarşısında olan piyada keçidinə çatan zaman saatda təxminən 40 km/saat sürətlə hərəkətdə olarkən gözünə gün işığı düşdüyündən piyada zolağını sağdan sola istiqamətdə keçən piyadanı avtomobilin orta ön hissəsi ilə vurmuşdur. Həmin piyada zərbənin təsirindən avtomobilin ön alın şüşəsinə çırpılmış və o, dərhal əyləci basdıqda yerə yıxılmışdır. O, dərhal avtomobildən düşüb vurduğu piyadanın 25-26 yaşlarında gənc oğlan olduğunu və baş nahiyəsindən qan gəldiyini görmüşdür. Həmin vaxt hadisə yerinə polis əməkdaşları gəlmişlər və həmin şəxsi xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsə maddi cəhətdən kömək etdiyini nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, 31 avqust 2023cü il tarixdə səhər saat təxminən 08 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən stadionda idman təliminə gedən zaman piyada keçidi ilə yolu keçərkən sol tərəfdən yüksək sürətlə hərəkətdə olan ağ rəngli “Daewoo Gentra” markalı avtomobil onu sol tərəfindən vurmuş, zərbə nəticəsində başı həmin avtomobilin ön alın şüşəsinə dəymişdir. Qəza nəticəsində başından xəsarət almış və özündən getmişdir. Ayılanda 1 saylı şəhər klinik xəstəxanasında olduğunu görmüşdür. O, piyada zolağı ilə hərəkətə başlayarkən yolun hər iki tərəfinə baxıb avtomobil gəlmədiyinə əmin olduqdan sonra yola çıxmışdır. Yola çıxarkən onu vuran avtomobil “Kingsmart” mağazasının qarşısında yerləşən dayanacağın yaxınlığında olmuşdur. Piyada zolağı ilə hərəkətə başladıqdan sonra 4 addım atmış, 5-ci addımı atanda sola baxarkən həmin maşın onu vurmuşdur və başı maşının ön alın şüşəsinə dəydiyindən zərbə nəticəsində yerə yıxılmışdır. Zərərçəkmiş şəxs əlavə olaraq qeyd etmişdir ki, baş vermiş hadisə nəticəsində aldığı xəsarətlər insan sağlamlığı üçün kifayət qədər ciddi sayıldığı üçün müalicə xərclərinə xeyli vəsait sərf olunmuşdur. Bundan məlumatlı olan təqsirləndirilən şəxs isə ona cəmi 100 manat məbləğində ödəniş etmişdir. Xəstəxanaya isə o, xidmət etdiyi hüquq mühafizə orqanının əməkdaşlarınin köməkliyi ilə çatdırılmışdır. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir, ona ən ağır cəza verilməsini xahiş edir. Cinayət işinin 1-ci vərəqəsində olan 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 22-ci vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 01 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar olunmamış, yəni ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 26-cı vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 30-cu vərəqəsində olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və AC 332869 nömrəli sürücülük vəsiqəsinin surətlərindən görünür ki, ** UR *** DAEWOO Gentra minik markalı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur və onun BC kateqoriyalı sürücülük vəsiqəsinin müddəti xx.xx.2025-ci il tarixdə başa çatır. Cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-ci il tarixli 3-13-16/2-135205/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə (xx.xx.2025-ci il tarixədək etibarlı olan) verilmiş AC 332869 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 43-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 xx.xx.2023-cü il tarixli 723 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin əzilməsi, sağ gicgah payının epidural hematoması və sol təpə-gicgah-ənsə paylarının hemorragik əzilməsi ilə müşayiət olunan sağ təpə sümüyünün boylama və sağ gicgah sümüyünün xətti sınıqları, başın təpə, başın alın, başın sağ gicgah və sağ almacıq nahiyələrinin əzilmiş yaraları bərk küt əşya(əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X8 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni piyada qismində olarkən hərəkətdə olan minik avtomaşının onu vurması nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin 49-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2023-ci il tarixli 8/2950 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Daewoo Gentra” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 48-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyərləri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 52-53-cü vərəqələrində olan 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 71-72-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 15:20) Cinayət işinin 83-cü vərəqəsində olan, iş materiallarına əlavə olunmuş DVD diskə baxış keçirilməsi haqqında protokoldan müəyyən olunmuşdur ki, görüntünün 01:48 dəqiqəsində təhlükəsizlik kamerasından uzaq məsafədə ağ rəngli minik avtomobili piyadanı vurur. Təqsirləndirilən şəxs görüntüdə baş vermiş hadisədə iştirak etmiş avtomobilin özünün idarə etdiyi “Daewoo Gentra” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, həmin yerdə piyada keçidi olduğunu, piyada keçidi ilə hərəkətdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs avtomobillə vurduğunu bildirmişdir. Cinayət işinin 88-89-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş qəbzin surətindən görünür ki, 100 AZN pul məbləği X4 hesabına ödənilmiş və zərərçəkmiş şəxs həmin məbləğin ona təqdim edildiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN trəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəliyi gözdən əlillik olmaqla müddətsiz şəkildə üçüncü qrup əlildir. Cinayət işinə əlavə edilmiş məhkəmə elektron sistemindən çıxarılmış məlumatdan görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X1 və xx.xx.2009-cu il tarixdə doğulmuş X2 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün və zərərçəkmiş şəxsin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, odur ki, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2-ci maddəyə əsasən isə Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İV hissəsinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. Həmin Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisədən nə bilavasitə sonra, nə də Zərərçəkmiş şəxs aldığı xəsarətlərlə bağlı müalicə aldığı müddətdə ona hər hansı yardımda yer almamışdır. Bu hal zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsinin Təqsirləndirilən şəxs tərəfindən təkzib edilməməsi ilə bir daha təsdiqlənir. Əlavə olaraq məhkəmə xüsusi qeyd etmək istəyirik ki, zərərçəkmiş şəxs yolu bilavasitə piyadalar üçün nəzərdə tutulmuş piyada keçidi ilə keçərkən baş vermiş, hadisədən sonra isə o, xidmət yoldaşları olan polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə əsas və əlavə cəzalar təyin edilməli və o, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 19 fevral 2024-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas və əlavə cəzalar cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq dövründə müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul, məhkəmə istintaqı dövründə müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. 01 ədəd DVD disk iş materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 19 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmü aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-44/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-44/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver