Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-45/2023 30.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə, naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 0.175 qram olan psixotrop maddə hesab edilən kustar üsulla hazırlanmış metamfetamini əldə edərək üzərində saxlamaqla daşıyarkən xx.xx.2022-ci il tarixdə saat 21:30-da Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsində yerləşən "Balıq evi" adı ilə fəaliyyət göstərən kafenin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-yə aparılmış, orada xidməti otaqların birində üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən əynində olan açıq göy rəngli cins şalvarının qabaq sağ yan cibindən həmin çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 (bir) ay əvvəl instagram sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olduğunu ona bildirmişdir. İlkin olaraq həmin narkotik vasitə və psixotrop maddələrin insana necə təsir edə biləcəyini öyrənmək məqsədi ilə həmin şəxsə psixotrop maddə olan metamfetamin sifariş verərək ondan almış və istifadə etmişdir. Təqribən 1 (bir) ay ərzində də həmin şəxsdən psixotrop maddə olan metamfetamin alaraq istifadə etmişdir. Belə ki, həmin şəxs vatsap vasitəsi ilə psixotrop maddəni hara yerləşdirməsi barədə ona ünvan və şəkil atmış, o da həmin şəxsin bank hesabına əldə edəcəyi psixotrop maddənin pulunu ödəmiş, psixotrop maddəni əldə edən zaman isə həmin şəxslə aralarında olan bütün yazışmaları silmişdir. Əldə etdiyi psixotrop maddəni evdə saxlaya bilməyəcəyi üçün mütəmadi olaraq öz üzərində gəzdirmiş və xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsində yerləşən "Balıq evi" adı ilə fəaliyyət göstərən kafenin qarşısında olan zaman polis əməkdaşları onun olduğu yerə yaxınlaşaraq özlərini təqdim etmiş və onu 38-ci PB-yə dəvət etmişlər. 38-ci PB-də olan zaman üzərinə baxış keçirilmiş və üzərindən psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə cinayət törətməsini, hazırkı hərəkətlərinə davam etməyəcəyinə söz verməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar 12 oktyabr 2022-ci il tarixdə tanımışdır, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti yoxdur. 12 oktyabr 2022-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman bir nəfər şəxsin narkotik vasitənin təsiri altına sərxoşluq vəziyyətində olduğunu güman edərək ondan şübhələnmişlər. Şahid2 ilə birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu güman etdikləri üçün Qaradağ RPİ-nin 38-ci PB-yə dəvət etmişlər. Həmin şəxs də onlarla birlikdə polis bölməsinə gəlmişdir. Bundan sonra polis bölməsində təhqiqatçı Elşad Mirzəyev tərəfindən vəkilin, onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində daşınması qadağan olunan əmlak olacağı təqdirdə təqdim etməyi təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının qabaq sağ yan cibindən gümüşü rəngli bükümü çıxarıb masanın üzərinə qoyub təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin psixotrop maddə hesab edilən metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə Yasamal rayonuda onlayn yol ilə tanımadığı İran İslam Respublikası vətəndaşından 10 (on) manat qarşılığında özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin büküm bir ədəd zərfdə qablaşdırılmış, protokol tərtib edilmiş, zərf və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 13 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işinin 21-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 12 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə sat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 51-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 73-74-cü vərəqələrində olan Qaradağ Rayon Prokurorunun 14 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət rədd olunmuş və o, müvəqqəti saxlanma yerindən azad edilmişdir. Cinayət işinin 75-76-cı vərəqəsində olan 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2022-ci il tarixli, 6/5917 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün № 47" möhür əksi və "1. Şübhəli şəxs Təqsirləndirilən şəxs... " və s. yazılar, imzalar oln zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.175 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 0,175 qram, tədqiqata sərf edilmiş 0,05 qram, qalıq 0,125 qram olmuşdur. Cinayət işinin 39-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan maddi sübut kimi tanınma haqqında 25 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və 01 ədəd bükümdə təmiz çəkisi 0,175 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq çəkisi 0,125 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Qaradağ RPİnin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 02 noyabr 2022-ci il tarixli, 6522 nömrəli rəyindən, görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların istifadə etmə halları olmuş. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal- hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 98-ci vərəqəsində olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departementi Qaradağ rayon MKTB-in 119 saylı MKİS tərəfindən verilmiş 1313 nömrəli, 05 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 1 ünvanında atası, anası, bacısı və qardaşları ilə birlikdə yaşayır. Cinayət işinin 99-cu vərəqəsində olan 119 saylı MKİS-in rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır, hal-hazırda həmin ünvanda yaşayır. Yaşadığı müddətdə özünü nizamintizamlı bir vətəndaş kimi tanıtmış, qonşular tərəfindən 119 saylı Mənzil Kommunal İstismar sahəsinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 100-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş 12 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 101-106-cı vərəqələrində olan 10 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti 12 oktyabr 2022-ci il tarixdə, saat 20:15 radələrində Qaradağ RPİ-nin 38-ci PBnin inzibati binasının xidməti iş otağında bölmənin baş təhqiqatçısı polis mayoru Elşad Mirzəyev tərəfindən polis əməkdaşlarının və Təqsirləndirilən şəxs vəkili X5 iştirakı ilə həyata keçirilmişdir. Şəxsi axtarış və baxış istintaq hərəkəti keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaların könüllü təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın qabaq sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd siqaretin kağızına bükülmüş bükümün içərisinə baxdıqda orada kristal şəklində ağ rəng, iysiz maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən metamfetamin (şüşə) olduğunu, bir neçə gün bundan əvvəl İİR-nın vətəndaşından onlayn yolla əldə etdiyini bildirmişdir. Həmin şəxs tərəfindən istifadəsində olan mobil telefonun vatsapına ünvan göndərildiyini, həmin ünvana, yəni Bakı şəhəri Yasamal rayonunda olan yol kənarına gedərək əvvəlcədən bank hesabına ödədidiyi 10 manat müqabilində oraya qoyulmuş psixotrop maddəni götürərək əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində başqa əşya və predmet aşkar edilməmiş, onun təqdim etdiyi içərisində kristal şəklində ağ rəngli iysiz maddə olan büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntü və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə hesab edilən kustar üsulla hazırlanmış metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə cinayət törətməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, 12 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək yəni 2 (iki) gün tutulma müddəti Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 02 noyabr 2022-ci il tarixli, 6522 rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicənin təyin olunmasına ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cinayət-hüquqi xarakterli tədbir cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ RPİnin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,125 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132) və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir üz on) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X10 işə qoşularaq ibtidai istintaq dövründə 45 (qırx beş saat) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 270 (iki yüz yetmiş) manat məbləğində pul, məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək yəni 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,125 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 270 (iki yüz yetmiş) manat məbləğində pul, məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-45/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-45/2023
30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver