Məhkəmə qərarları › İş №1(002)-49/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-49/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-49/2024 11.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisinin vəkili Müdafiəçi1, Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2003-cü ildə Masallı rayonu, Ərkivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, “Bakı Biznes Unversitetinin” tərcümə fakütləsində təhsil alan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki o, 29 iyul 2023-cü il tarixdə saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Toyota Prius" markalı, **-HS-*** qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt magistral avtomobil yolunun 12ci kilometirində, köməkçi yolda, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək Ticarət Mərkəzinə” gedən yolda 70-80 km/saat sürətlə idarə edərkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 70-80 km/saat sürətlə hərəkət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyib onunla eyni istiqamətdə yolun sağ kənarı ilə düzünə hərəkət edən piyada X4 idarə etdiyi avtomobilin ön sağ künc hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan M.Zərərçəkmiş şəxs baş beyinin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sol gicgahalın-təpə və ənsə sümüklərinin kəllə əsasına keçən xətti və qəlpəli sınınqları, sol dirsək oynağı çuxurunun və sol bud nahiyəsinin yuxarı 1/3-nin iç səthinin əzilmiş-cırılmış yaraları, sol diz oynağının və döş qəfəsinin sol yarısının sıyrıqları xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə hadisə yerində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda anası X9 ilə birlikdə yaşayır. Hazırda “Bakı Biznes Universitetinin” 4-cü kurs tələbəsidir, sonuncu kursdadır. İngilis dili üzrə tərcümə fakültəsində təhsil alır. Təxminən iki ildir ki, sərbəst şəkildə avtomobil idarə edir. 2022-ci ilin sentyabr ayından ildə "BC" kateqoriyası ilə sürücülük hüququ əldə etmişdir. Ümumiyyətlə spirtli içki qəbul etmir, narkotik vasitə və psixotrop maddələrdən uzaqdır, bu günə qədər istifadə etməmişdir. Ruhi-əsəb xəstəliyindən bu günə qədər əziyyət çəkməmiş, hazırda da çəkmir. Təxminən hadisədən on gün əvvəl olardı ki, "Toyota Prius" markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürərək "Uber" taksi şirkətinə qoşularaq taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, həmin avtomobili o hər gün 80 manat ödəməklə, yekunda ona qalmaq şərti ilə idarə edir. Taksi xidmətinə səhər saat 07 radələrindən axşam saat 22 radələrinədək qoşulur. Avtomobili əsasən Bakı şəhəri ərazisində idarə edir. 29 iyul 2023-cü il tarixdə saat 12 radələrində Bakı-Ələt magistral avtomobil yolunda Lökbatan qəsəbəsi istiqamətində, Lökbatan qəsəbəsindən müştəri götürmək üçün gəlirmiş. O Bakı- Ələt magistral avtomobil yolundan Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək Ticarət Mərkəzi” istiqamətində köməkçi yola çıxmışdır. Avtomobili təxminən 70-80 km/saat sürətlə idarə etmişdir. Köməkçi yola daxil olduqda təxminən 50-60 metr irəlidə yolun kənarında üzü aşağı hərəkətdə olan bir nəfər qadının qəfldən sol istiqamətdən yolun avtomobil yoluna tərəf hərəkət etdiyini görmüşüdür. Həmin qadın onun idarə etdiyi avtomobilin qəfl qarşısına çıxmış, o avtomobili sol tərəfə çəkmiş, lakin piyada onun idarə etdiyi avtomobilin sağ künc hissəsinə dəymiş, o dərhal avtomobili saxlayıb yerə düşərək DİN-in 102 Xidmətinə, daha sonra TTYS-na məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları, TTY birqadası gəlmişdir. TTY briqadasının həkimi ona demişdir ki, "piyada artıq ölüb”. O hadisə baş verdikdən dərhal sonra sərxoşluq müayinəsindən keçmişdir. Hadisə zamanı avtomobildə o tək olmuş, hər hansı yük və ya sərnişin olmamışdır. Avtomobildə hər hansı nasazlıq olmamış, texniki baxışdan da o avtomobili almamışdan az əvvəl keçirilmişdir. Hadisə günün işıqlı vaxtı, saat 12 radələrində baş verdiyi üçün hava tam işıqlı olmuş, o düz yol ilə gedirmiş, piyada yolun kənarı, dəmir məhəccərlərin yanı ilə üzü aşağı “Sədərək“ TM-i istiqamətində gedirmiş, lakin piyada qǝfldən onun idarə etdiyi avtomobilin qarşısına çıxdığından idarə etməni itirmiş, avtomobili sola tǝrǝf çəkmiş, lakin piyadanı vurmuşdur. Hadisə anında sürəti 70-80 km/saat olmuşdur. Yol asfatl örtüklüdür, hərəkətdə olduğu yol bir tərəfli yoldur, piyadaların hərəkəti üçün hər hansı nişan yoxdur. Hadisə nəticəsində o hər hansı xəsarət almamışdır. O köməkçi yola daxil olandan sonra 50-60 metr getdikdən sonra o yolun kənarında normal addımlarla hərəkətdə olan piyadanı görmüşdür. Piyadanı görən zaman onunla arasındakı məsafəsi taxminən 10 metr olmuş, piyada qǝfl yolun hərəkət hissəsinə çıxdığı üçün hadisə qaçılmaz olmuşdur. Hadisə zamanı hava güclü küləkli, işıqlı olmuş, normal tempratur var imiş, yer örtüyü asfaltdır, quru olmuşdur. Hadisə nəticəsində onun idarə etdiyi avtomobilin sağ künc tərəfi əzilmiş, ön alın şüşəsi sınmış, sağ işığın şüşəsi və sağ tərəf yan güzgüsü sınmışdır. O öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, ilk dəfə belə bir hadisə törətdiyini, anasının xəstə olduğunu, indiyə kimi mərhumun dəfin xərclərinə görə iki min manat ödədiyini, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinə beş min manat ödəniş edə biləcəyini və hal-hazırda ali məktəbdə təhsil almasınıda nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda yaşayır. Fərdi qaydada xadiməliklə məşğuldur. Həyat yoldaşı Musayev Məhərrəm 2009-cu ildə vəfat edib. O qızı X5 ilə birlikdə yaşamışdır. Mehriban fərdi qaydada təmizlik işləri, xadiməçilik etmişdir. Harada iş olsa, orada gedib işləmişdir. Təxminən son 15-20 gün olardı ki, qızı Mehriban Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” Ticarət Mərkəzində işləməyə başlamışdır. Sonuncu dəfə qızı 29 iyul 2023-cü il tarixdə saat 07 radələrində yaşadıqları evdən çıxıb işinə getmişdir. 29 iyul 2023cü il tarixdə axşam saatlarında ona zəng gələrək qızı Mehribanın qəza keçirdiyini, yolu keçən zaman avtomobilin onu vurduğunu demişlər. O dərhal Lökbatan qəsəbəsinə gəlmiş, lakin qızı Mehribanın hadisə yerindəcə vəfat etdiyini bilməmişdir. Ancaq sonradan ona məlum olmuşdur ki, hadisədən sonra qızı vəfat etmişdir. O daha sonra öz ifadəsində hadisədən sonra təqsirləndirilən şəxsin və ailə üzvlərinin onunla maraqlanmadıqlarını, barışığa real cəhdlər göstərmədiklərini, əksinə onunla laqeyd rəftar etdiklərini, ona barışmaqla bağlı hədələr etdiklərini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona təklif olunan beş min manatı qəbul etmədiyini bildirmişdir. Şahid məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı işə şahidin ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada sahibkalıq fəaliyyəti ilə məşğul olur, Nərimanov rayonunda kiçik ölçülü icarə əsasında ərzaq mağazası işlədir. Toyota Prius markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, 18 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etmək üçün vermişdir. Hüseynağa avtomobili idarə edib ona ay ərzində 500 manat pul verəcəkmiş. Lakin 2023-cü ilin iyul ayının son günlərində Hüseynağanın tanışlarından adını xatırlamadığı bir nəfər ona zəng edərək ona məxsus “Toyota Prius” markalı, **-HS- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hüseynağa yol-nəqliyyat hadisəsi törətdiyini, hadisə nəticəsində bir nəfər öldüyünü bildirmişdir. Ona məlum olduğuna görə, hadisə nəticəsində ona məxsus avtomobilin sağ işığı, ön alın şüşəsi, sağ güzgüsü sınmış, buferi əzilmişdir. Hadisə nəticəsində təxminən 600 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X13 26 avqust 2023cü il tarixli 58 №-li rəyindən görünür ki, 1.X1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sol gicgah-alın-təpə və ənsə sümüklərinin kəllə əsasına keçən xətti və qapali sınıqları, sol dirsək oynağı çuxurunun və sol bud nahiyəsinin yuxarı 1/3-nin iç səthinin əzilmiş-cırılmış yaraları, sol diz oynağının və döş qəfəsinin sol yarısının sıyrıqlanı. Göstərilən xəsarətlər həyati olub, bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən 29 iyul 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyada qismində olarkən hərəkətdə olan minik avtomaşının vurması nəticəsində törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumulikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. 2.Mərhum M.Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasina, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan başın sol gicgah-alin-təpə və ənsə sümüklərinin kəllə əsasına keçən xətti və qəlpəli sınıqları olmuşdur. 3.Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum M.Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2023-cü il tarixdə saat 13:40-da) 2-4 saat əvvəl baş vermişdir. 4.Mərhum M.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədiqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (2727/K saylı, xx.xx.2023-cü il tarixli AKT) İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli 8/3003 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Toyota Prius” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Toyota Prius” markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddesinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. İş materiallarında olan 29 iyul 2023-cü il tarixli № 2/24469 “sərxoşluq hallarının bütün növlərinin təyin məqdəsi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə günü alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş BDYPİ Qİİ-dən alınmış məktubla müəyyən edilmişdir ki, DİN-in BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin kompyuter uçot bazasında xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BA 053436 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini və zərərçəkmiş şəxsin hüquqi ilə barışıq əldə etməyə cəhd göstərməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcədə zərərçəkmiş şəxsin hüquqi varisinin hal-hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçi olmaqla onunla israrla barışmaq istəməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 29 iyul 2023-cü il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuş, 31 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində iştirakına xitam verilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır İş üzrə maddi sübut kimi tanınmış «Toyota Prius» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı və avtomobil sahibinə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 38 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri seçilməklə dəişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 11 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Zərərçəkmiş şəxsin hüquqi varisinə izah edilsin ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar vurulmuş maddi və mənəvi ziyanla bağlı cinayət və mülki qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. İş üzrə maddi sübut kimi tanınmış «Toyota Prius» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı və avtomobil sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar