Məhkəmə qərarları › İş №1(002)-5/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-5/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-5/2021 17.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 07:00 radələrində yaşadığı ünvan 2-nın qonaq otağında arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəmnində sonuncunun üz nahiyəsinə bir neçə dəfə qəsdən sillə zərbəsi vurmaqla Zərərçəkmiş şəxs sol təpə nahiyəsinin dərialtı hematoması ilə nəticələnən dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. İş məhkəməyə daxil olduqdan sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarına təkrarən gəlmədiyi üçün barəsində əvvəlcə məcburi gətirmə barədə qərar, daha sonra isə xx xxxxxxxx 2020-ci il tarixdə barəsində axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Qaradağ rayon Polis İdarəsindən xx xxxxxx 2021-ci il tarixdə daxil olmuş məlumatdan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə ölmüşdür. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 129386 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. xx xxxxxx 2021-ci il tarixdə məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ailəsinə (yaxın qohumlarına) zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmaları barədə bildiriş ünvanlansa da mərhumun hüquqi varisi qismində tanınması üçün ərizə ilə müraciət edən olmamışdır. Məhkəmə iclasında iştirak edən Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə ölməsini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs olmuş əri Təqsirləndirilən şəxs öldüyü və ona qarşı heç bir şikayət və tələbi olmadığı üçün məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxsun barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Həmin Məcəllənin 300.1.7-ci maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir Təhqiqat və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.5, 43, 300.1.7, 305 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar