Məhkəmə qərarları › İş №1(002)-5/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-5/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-5/2023 19.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Hüseynov (Orucov) Kərim Ələsgər oğlunun, Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 10 % dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sultanov küçəsi ev 27A-da qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Bakı istintaq Təcridxanasında saxlanılan Hüseynov (Orucov) Kərim Ələsgər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Hüseynov (Orucov) Kərim Ələsgər oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə içərisində 0,333 və 0,595 qram olmaqla 02 ədəd sellofana bükülümüş vəziyyətdə ümumi təmiz çəkiləri 0,928 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini və 0,389, 0,396, 0,380 və 0,328 qram olmaqla 04 ədəd sellofana bükülmüş vəziyyətdə ümumi təmiz çəkiləri 1,493 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Qaradağ RPİ-ni 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 26 yanvar 2022-ci il tarixdə saat 19:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən “Əli” marketin qarşısında saxlanılıb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Musəvi küçəsi 7-də yerləşən Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə 01 ədəd bükümün içərisində 0,333 və 0,595 qram olmaqla 02 ədəd sellofana bükülmüş vəziyyətdə ümumi təmiz çəkiləri 0,928 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin və 0,389; 0,396; 0,380 və 0,328 qram olmaqla 04 ədəd sellofana bükülmüş vəziyyətdə ümumi təmiz çəkiləri 1,493 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs Hüseynov (Orucov) Kərim Ələsgər oğlu ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 1 ay olar ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edirmiş. O, narkotik vasitəni “Tofit” adlışəxsdən bank hesabı vasitəsilə köçürmə yolu ilə alırmış. Şahid1 qısa müddətdir ki, tanıyır. 26 yanvar 2022-ci il tarixdə, saat 18.00 radələrində o, Tofitə mesaj yazıb bank kartına 100 manat pul göndərmişdir. Bir müddət sonra Tofit ona “whatsapp” proqramı vasitəsi ilə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini qoyduğu yerin şəklini atmışdır. O, Tofit göndərdiyi yerə getmiş və Abşeron rayonu, Qobu qəsəbəsində ağacın altında olan bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü götürmüşdür. O, həmin bükümün içərisinə baxan zaman orada 2 ədəd sellofana bükülmüş vəziyyətdə “kokos” deyilən narkotik vasitə heroin və 4 ədəd sellofana bükülmüş vəziyyətdə “şüşə” deyilən psixotrop maddə metamfetamin olmasını görmüşdür. O, həmin bükümü münasib yer tapan zaman qəbul etmək üçün əynində olan qara rəngli gödəkcənin sol yan cibinə qoymuşdur. Həmin gün o, Könüllə əlaqə saxlayıb harada olmasını soruşmuş, Könül də ona evdə olduğunu demişdir. O, Könüllə görüşmək istədiyini təklif etmiş, Könül də onunla razılaşmışdır. O, idarə etdiyi avtomobillə Könülü yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindən götürmüşdür. Həmin gün o, avtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən “Əli” marketin qarşısına gəlmişdir. Orada o, avtomobildən düşüb marketə girmək istəmişdir. Bu vaxt üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib onu və Könülü Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Polis bölməsində müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da əynində olan qara rəngli gödəkcənin sol yan cibində saxladığı 01 ədəd siqaretin gümüşü rəngli kağızında olan 6 ədəd xırda sellofanla bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin (şüşə) olduğunu bildirmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, 26 yanvar 2022-ci il tarixdə X3 Bakı şəhəri, Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq, Kərim Hüseynovun cinayət xarakterli əməlini ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan, Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkilləri Şahid4 və Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Emin və Hüseyn birlikdə məlumat əsasında saat 19:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən “Əli” marketin qarşısına gəlmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Kərimin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü X1 təqdim etmişdir. Onlar Kərimə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt Kərimin yanında bir nəfər qadında olmuşdur,Onlar Kərimi saxlayaraq Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmiş və video çəkilişlə X3 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Bu zaman Kərim Hüseynova üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Kərim Hüseynovda əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində “şüşə” adlanan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin bükümün açılmış və içərisində 6 ədəd xırda bükümlər olması aşkar olunmuş, həmin bükümlərin 4 ədədinin içərisində ağ rəngli, kristal şəkilli maddə olması, 2 ədədinin içərisində isə toz şəkilli, qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Kərimin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və düzgün tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş üzrə şahid Qaradağ RPİ-nin 10-ci Polis Bölməsinin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Həsənov X5 Anar İntiqam ilə eyni məzmunlu ifadə verərərək onun dediklərini təsdiq etmişdir. İş materillarında olan Hüseynov (Orucov) Kərim Ələsgər oğlunun üzərində şəxsi axtarış və götürülmə aparılmasına dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokola əlavə edilmiş “DVD” diskdə olan videogörüntüyə məhkəmə iclasında keçirlmiş baxış zamanı müəyyən edilir ki, 26 yanvar 2023-cü il tarixdə Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsində otaqların birində müdafiəçi X8, Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2, Qaradağ RPİ-nin 10-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4 və Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 iştirakları ilə şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən Zərqəm Əskərova üzərində qadağan olunmuş əşya və predmet varsa masanın üzərinə qoymaq təklif olunur və sonuncu əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində “şüşə” adlanan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olmasını və öz istifadəsi üçün saxladığını bildirir. Həmin bükümün açılmış və içərisində 6 ədəd xırda bükümlər olması aşkar olunur, həmin bükümlərin 4 ədədinin içərisində ağ rəngli, kristal şəkilli maddə olması, 2 ədədinin içərisində isə toz şəkilli, qəhvəyi rəngli maddə olması müəyyən edilir. Bundan başqa onun üzərindən heçnə aşkar olunmur. Aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırılır və üzəri iştirakçılar tərəfindən imzalanır. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/527 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №...“ möhür əksi, “Kərim Hüseynovun üzərindən aşkar edilən ...” və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,333qram; 0,595qram; ümumi təmiz çəkiləri 0,928 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,389qram, 0,396 qram, 0,380 qram, 0,328 qram, ümumi təmiz çəkiləri 1,493 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 04 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsin xx.xx.2022-ci il tarixli, 1415 saylı rəyindən görünür ki, X4 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materillarından görünür ki, X2 aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 0,928 qram olan narkotik vasitə olan heroin və 04 ədəd bükümdə ilkin təmiz çəkisi 1,493 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmalı və qalıq qalmış 0,828 qram çəkidə narkotik vasitə olan heroin və 1,373 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Qaradağ RPİ-nin Müvəqqəti saxlama Kamerasına təhvil verilmişdir. İş materillarında olan tələbnamədən görünür ki Hüseynov (Orucov) Kərim Ələsgər oğlu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 10 % dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İş materiallarından görünür ki, Hüseynov (Orucov) Kərim Ələsgər oğlu xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Qaradağ RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qərarından görünür ki, Hüseynov (Orucov) Kərim Ələsgər oğlu barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Hüseynov (Orucov) Kərim Ələsgər oğlu xx.xx.2023-cü il tarixdə tutularaq bölməyə gətirilmişdir.. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Hüseynov (Orucov) Kərim Ələsgər oğlunun törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Hüseynov (Orucov) Kərim Ələsgər oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Hüseynov (Orucov) Kərim Ələsgər oğlunun cinayət əməlini etiraf edərək səmimi peşman olması və gəncliyi cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Hüseynov (Orucov) Kərim Ələsgər oğlunun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Hüseynov (Orucov) Kərim Ələsgər oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Hüseynov (Orucov) Kərim Ələsgər oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Hüseynov (Orucov) Kərim Ələsgər oğluna narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Hüseynov (Orucov) Kərim Ələsgər oğlundan tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş 02 bükümdə 0,828 qram çəkidə narkotik vasitə olan heroin, 04 bükümdə 1,373 qram psixotrop maddə metamfetamin məhv edilməli və 02 ədəd «DVD» disk iş materillarında saxlanılmalıdır. İbtidai istintaq zamanı Hüseynov (Orucov) Kərim Ələsgər oğluna göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X7, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Hüseynov (Orucov) Kərim Ələsgər oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Hüseynov (Orucov) Kərim Ələsgər oğlunun tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 14 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Hüseynov (Orucov) Kərim Ələsgər oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 110 (bir yüz on) manat məhkəmə xərci Hüseynov (Orucov) Kərim Ələsgər oğlundan tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş 02 bükümdə 0,828 qram çəkidə narkotik vasitə olan heroin, 04 bükümdə 1,373 qram psixotrop maddə metamfetamin məhv edilsin və 02 ədəd «DVD» disk iş materillarında saxlanılsın. İbtidai istintaq zamanı Hüseynov (Orucov) Kərim Ələsgər oğluna göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X7, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar