Məhkəmə qərarları › İş №1(002)-50/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-50/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-50/2023 19.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxx 1983-cü ildə Şamaxı rayonu, Nardaran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qobustan rayonu, Nardaran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, 18 iyun 2022-ci il tarixdə saat 21 radələrində alkoqol sərxoşluğu vəziyyətində tanışı Şahid və istintaqa məlum olmayan şəxslə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində toy məclisindən çıxıb, Zərərçəkmiş şəxs idarə etdiyi “Ford Mondeo” markalı ** YM *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Qobustan qəsəbəsinə gedərkən heç bir səbəb olmadan anidən əyləşdiyi arxa oturacaqdan sürücü Zərərçəkmiş şəxs başına əli ilə “qapaz” vurmuş, sonuncunun avtomobili salxayıb onun hərəkətinə haqlı narazılıq bildirməsini qəbul etməyib daha da azğınlaşaraq cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirməklə, özünü cəmiyyətin fövqündə qoyaraq avtomobildən düşüb sürücü tərəfdən yaxınlaşaraq qapını açıb Zərərçəkmiş şəxs ucadan nalayiq ifadələrlə təhqir edərək yumruqla baş və üz nahiyəsinə zərbələr vuraraq sol yanağın selikli qişasının əzilmiş yarası və qansızması ilə müşayət olunan sol yanaq nahiyyəsinin qançırı-zəif şişkinliyindən ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2015ci ildə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 09 ay müddətinə azadlıqdan məhrumetmə cazəsına məhkum olunmuşdur. Hazırda yaşadığı Qobustan rayonu, Nardaran kəndində heyvandarlıqla məşğul olur. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Kral” şadlıq evinə qohumunun toy mərasimində iştirak etmək üçün getmiş, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayan qohumu Cavanşir ilə toy mərasimində görüşmüş, toy mərasimində təxminən 0,5 litr spirtli içki olan araq qəbul etmiş, həmin gün təxminən saat 21 radələrində Cavanşirlə birlikdə toydan çıxaraq qardaşı Farizin və Cavanşirin yaşadığı Qobustan qəsəbəsinə getmək üçün Bakı-Astara yolunun Sahil qəsəbəsi ərazisindən keçən hissəsinə gəlmiş, yol kənarında olan zaman bir nəfər tanımadığı şəxs də onların yanında avtomaşın gözləmişdir. Bu zaman tanımadığı “Ford” markalı avtomaşın onların yanında saxlamış, Cavanşiri tanıdığı üçün Qobustan qəsəbəsinə qədər onları apara biləcəyini demiş, Cavanşir həmin avtomaşının qabaq sərnişin oturacağında, o isə arxa oturacaqda əyləşmiş, digər yanında avtomaşın gözləyən şəxs də onun yanında əyləşmişdir. Onlar birlikdə Qobustan qəsəbəsinə gedən zaman sürücü Cavanşirlə xatırlamadığı mövzuda söhbət etməyə başlamış, avtomaşını sürətlə idarə etmiş, sürücünün sürətlə avtomaşını idarə etməsindən əsəbləşərək onu arxadan baş nahiyyəsindən bir dəfə vurmuş, sürücü avtomaşını yolun kənarına çəkərək saxlamış və arxa qapını açaraq yerə düşdükdən sonra sürücü də avtomaşının öz tərəfindən qapısını açaraq qoruyucu kəmərini açmaq istəyən zaman onun yenə də baş nahiyyəsindən bir dəfə yumruqla vurmuş, bu zaman sürücü qapısı açıq vəziyyətdə avtomaşını idarə edərək sürüb çıxıb getmiş, yaxınlıqda olan mağazanın qarşısına gedərək orada özünə siqaret aldıqdan sonra tanımadığı taksi vasitəsi ilə Qaradağ rayonu, Qobustan qəsəbəsinə getmiş, orada avtomaşından düşərək qardaşı Farizin yaşadığı evə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşmış, onu polis bölməsinə aparmışlar. Zərərçəkmiş şəxs avtomaşını sürətlə idarə etdiyinə görə vurmuş, bu hadisə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində magistiral yolun üzərində yerləşən piyada keçidinin yaxınlığında baş vermiş, həmin zaman Zərərçəkmiş şəxs idarə etdiyi “Ford” markalı avtomaşında o, qohumu Cavanşir və bir nəfər də tanımadığı şəxs olmuş, həmin sonradan avtomaşında arxa oturacaqda onun yanında əyləşmiş şəxsi tanımadığını bildirmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən avtotəmir sexində işləyir. xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində işdən çıxaraq idarə etdiyi “Ford Mandeo” markalı ** YM *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə yaşadığı Qaradağ rayonu, Qobustan qəsəbəsinə gedən zaman magistral yolda dayanmış üç nəfər şəxsi qəsəbəyədək aparmaq məqsədi ilə onların yanında avtomaşını saxlamış, həmin şəxslərdən biri üzdən tanış olduğundan Qobustan qəsəbəsinə qədər aparacağını bildirmiş, həmin şəxs ona digər iki nəfərin də onunla birlikdə olduğunu və onları da aparmağını xahiş etmiş, həmin şəxsi üzdən qəsəbə sakini olduğunu bilib onun xətrinə digər iki nəfər tanımadığı şəxsləri də avtomaşın ilə aparmağına icazə vermiş, həmin tanıdığı sonradan adını Cavanşir kimi bildiyi şəxs avtomaşının salon hissəsində qabaq sərnişin oturacaqda, digər iki nəfər isə arxa oturacaqda əyləşmiş, onlar birlikdə avtomaşınla Cavanşirlə söhbət edə-edə gələn zaman Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən magistral yolun üzərində quraşdırılmış yerüstü piyada keçidini keçdikdən sonra arxada əyləşmiş sonradan adını Elşad kimi bildiyi şəxs qəflətən söhbətə qarışaraq onun baş nahiyyəsindən arxadan şillə ilə vurmuş, avtomaşını kənara çəkib saxlayan zaman Elşad qapını açaraq yerə düşmüş, qoruyucu kəməri açıb yerə düşmək istəyən zaman Cavanşir onun qolundan tutaraq Elşadın sərxoş olduğunu və toydan birlikdə çıxdığını, ona fikir verməməsini bildirmişdir. Bundan sonra səbrini basaraq Cavanşirə qolunu buraxmasını və avtomaşını idarə edərək çıxıb getmək istədiyini demiş, avtomaşını işə salaraq yavaş-yavaş yola çıxmaq istəyəndə Elşad avtomaşından düşərək onun tərəfindən avtomaşının qapısını açaraq onu yüksək səslə nalayiq sözlərlə təhqir edəedə onun baş nahiyyəsindən iki dəfə yumruqla vurmuş, özünü qorumaq üçün avtomaşını saxlayıb yerə düşmək istəyəndə Cavanşir yenə də onun qolundan tutaraq avtomaşından düşməyə qoymamış, sərxoş olduğunu, fikir verməməsini ondan xahiş etmiş, avtomaşının qapısı açıq vəziyyətdə avtomaşını idarə edərək oradan uzaqlaşmış, avtomaşının qapısı küləyin təsirindən bağlanmışdır. Avtomaşını idarə edərək 11-ci PB-nə gəlmiş, bölmənin qarşısında avtomaşını saxlayan zaman avtomaşında arxa oturacaqda əyləşmiş digər tanımadığı şəxs avtomaşının qapısını açaraq düşüb qaçmışdır. Cavanşirlə birlikdə PB-nə gələrək bu barədə ərizə ilə müraciət etmiş, bu hadisə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən magistral yolun üzərində quraşdırılmış piyada keçidinin yaxınlığında baş vermiş, həmin zaman idarə etdiyi avtomaşında Cavanşir, Elşad və tanımadığı bir nəfər şəxs olmuş, Elşad adlı şəxsi birinci dəfədir ki, görürmüş, onunla heç bir münasibəti olmamış, onun onu vurmasının səbəbini bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qohumdur, Zərərçəkmiş şəxs isə yaşadığı Sahil qəsəbəsindən avtomaşın ustası kimi tanıyır, onun Elşadla və Vasiflə münasibətləri normal olmuş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Kral” şadlıq evinə qohumunun toy mərasimində iştirak etmək üçün getmiş, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayan qohumu Elşad ilə toy mərasimində görüşmüş, toy mərasimində təxminən 0,200 litr spirtli içki olan araq qəbul etmiş, həmin gün təxminən saat 21 radələrində Elşadla birlikdə toydan çıxaraq onun yaşadığı Qobustan qəsəbəsinə getmək üçün Bakı Astara yolunun Sahil qəsəbəsi ərazisindən keçən hissəsinə, oradan yol avtomaşınları ilə getməsi üçün getmiş, onlar yol kənarında olan zaman bir nəfər tanımadığı şəxs də onların yanında avtomaşın gözləmişdir. Bu zaman “Ford” markalı avtomaşın onların yanında saxlamış və həmin sürücünün Vasif olduğunu görmüş, Vasif onu tanıdığı üçün Qobustan qəsəbəsinə qədər onları apara biləcəyini demişdir. O həmin avtomaşının qabaq sərnişin oturacağında, Elşad isə arxa oturacaqda əyləşmiş, digər yanında avtomaşın gözləyən şəxs də Elşadın yanında əyləşmiş, onlar birlikdə Qobustan qəsəbəsinə gedən zaman sürücü onunla xatırlamadığı mövzuda söhbət etməyə başlamış, avtomaşını sürətlə idarə etmiş, Vasiflə söhbət etdiyi zaman Elşad onların söhbətinə müdaxilə etmiş, söhbət dini mövzuya çevrilmiş, Elşad Vasiflə bu barədə mübahisə edən zaman əsəbləşərək Vasifi arxadan baş nahiyyəsindən bir dəfə vurmuş, Vasif avtomaşını yolun kənarına çəkərək saxlamışdır. Elşad arxa qapını açaraq yerə düşdükdən sonra Vasif avtomaşının öz tərəfindən qapısını açaraq qoruyucu kəmərini açmaq istəyən zaman Elşad yenə də nalayiq ifadələr işlədərək Vasifin yenə də baş nahiyyəsindən bir dəfə yumruqla vurmuş, bu zaman Vasif qapısı açıq vəziyyətdə avtomaşını idarə edərək sürərək birlikdə birbaşa Qaradağ RPİ-nin 11-ci PB-nə gəlmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomaşında gedən zaman dini mövzuda söhbət edərkən aralarında yaranmış mübahisə əsnasında vurmuş, bu hadisə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində magistiral yolun üzərində yerləşən piyada keçidinin yaxınlığında baş vermiş, həmin zaman Zərərçəkmiş şəxs idarə etdiyi “Ford” markalı avtomaşında o, qohumu Elşad və bir nəfər də tanımadığı şəxs olmuş, həmin sonradan avtomaşında arxa oturacaqda əyləşmiş şəxsi tanımadığını bildirmiş, hadisə zamanı heç bir xəsarət almamış, buna görə də MTE-dən keçmək istəməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X6 24 iyun 2022-ci il tarixli 427 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər sol yanağın selikli qişasının əzilmiş yarası və qansızması ilə müşayiət olunan sol yanaq nahiyəsinin qançırı-zəif şişkinliyi bərk küt əşya təsirindən, müayinədən 2-3 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarında olan tələbnamədən, Qobustan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmümün və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Qobustan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 il müddətinə islah işləri cəzası CM-nin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işləri cəzasının 03 günü bərabər tutularaq hesablanıb, hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli 20 aprel 2016-cı il tarixdən hesablanmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 01 ay 28 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş materiallarından görünür ki, qeyd olunan cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs istintaq orqanına gəlməkdən yayındığına görə onun barəsində axtarış elan edilmiş, o, 12 noyabr 2022-ci il tarixdə tutulmuş və 14 noyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 10 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Qobustan rayonu, Nardaran kəndində yerləşən ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar