Məhkəmə qərarları › İş №1(002)-51/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-51/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-51/2023 17.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1985-ci ildə Rusiya Federasiyası Tumen vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Səncərədi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, fərdi nömrəsiz evdə kirayədə yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, 20 sentyabr 2022-ci il tarixdə saat 19:45-də Qaradağ RPİ-nin X1 əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək həmin tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsində yerləşən “KATV”-nin qarşısında saxlanılaraq saat 20:00-da 10-cu polis bölməsinə gətirilmiş və Qaradağ RPİ-nin 10-cu polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə aparılan zaman, əynində olan boz rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir büküm təmiz çəkisi 0.193 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə saat təxminən 19.30 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsində yerləşən “KATV”nin qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını və narkotik vasitənin istifadəsində şübhəli olduğunu bildirərək onu polis pölməsinə aparmışlar. Polis bölməsində üzərinə baxış keçirilmiş, həmin vaxt ilk olaraq, ondan üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmaması soruşulmuş, o, əynində olan şalvarın sağ yan cibindən siqaretin rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş və içərisində narkotik vasitə kakos olduğunu Papanin adlanan ərazidə tanımadığı şəxsən 10 manata istifadəsi üçün əldə etdiyini bildirmişdir. Törətdiyi əməldən peşmandır. İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Himayəsində ikir azyaşlı uşağı vardır.Həyat yoldaşı vəfat etmişdir.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin X1 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə saat təxminən 19:45 radələrində Qaradağ RPİnin X1 əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində inzibati ərazisində xidmətdə olarkən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsində yerləşən “KATV”-nin qarşısında bir nəfər şəxsin narkotik sərxoşluq vəziyyətində olmağından şübhələnib həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib həmin şəxsi Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişdir. Qaradağ RPİ-nin 10-cu PB-də müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. 20 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən siqaretin rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümə baxan zaman içərisində qəhvəyi rəngli, toz şəklində, spesifik iyə malik narkotik vasitəyə bənzər aşkar olunmuş, həmin maddənin narkotik vasitə “kakos” olduğunu, Nəsimi rayonu Papalin adlanan ərazidə tanımadığı şəxsən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İş materillarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında videogörüntü olan CD diskə məhkəmə iclası zamanı keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin X2 əməliyyat müvəkkili Şahid2, Qaradağ RPİ-nin X1 əməliyyat müvəkkili Şahid1 və müdafiəçi X3 iştirakı ilə videoçəkiliş vasitəsilə Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən siqaretin rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur..Bundan sonra onun üzərində axtarış aparılır və heç bir əşya aşkar edilmir.Daha sonra həmin büküm açılır, bükümün içərisindən qəhvəyi rəngli, toz şəkilli maddə aşkarlanır. Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğunu soruşanda bildirir ki, bükümün içərisində kakos vardır.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü zərfə qoyulur, üzəri iştirakşılar tərəfindən imzalanaır və sonradan möhürlənir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 6/5375 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №222” dairəvi möhür əksi və “...Tutulan şəxs:Təqsirləndirilən şəxsS-imza, iştirakçılar-iki imza, təhqiqatçı:N.Mirzəyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi-0,193 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materillarında olan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsin 03 noyabr 2022-ci il tarixli, 6576 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materillarından görünür ki Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,193 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və hazırkı 0,143 qram (0,193-0,05) olan qalığı isə məhkəmənin hökmünə Qaradağ RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, əməlini səmimi etiraf etməsi və səmimi peşmançılığı, iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olması, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 0,143 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Astara rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 0,143 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar