Məhkəmə qərarları › İş №1(002)-52/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-52/2021

15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-52/2021 15.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Müdafiəçi1, Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1975-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə gündüz saatlarında Bakı şəhəri Qaradağ rayonu Güzdək qəsəbəsinin cənubunda yerləşən mişar daşı istehsalı üzrə daş karxanasında Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2-2(103)-786/2019 nömrəli qərarının icrası icra məmurları tərəfindən təmin edilən zaman Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən bir dəfə yumruqla Zərərçəkmiş şəxs sol gözündən vuraraq ona sol almacıq sümüyünün və sol orbitanın (göz yuvasının) aşağı divarının yerini dəyişmiş sınıqları, sol gözün ağlı qişasına qansızma sol gözün alt qapağını, sol almacıq və sol yanaq nahiyələrini əhatə edən hematoması ilə müşayət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Şahid5 Cəlil oğlunun bibisi oğludur, onunla münasibəti yaxşıdır, ədavəti və düşmənçiliyi olmamışdır. «Niva» markalı (VAZ-21214), ağ rəngli, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil bibisi oğlu Şahid5 olmuşdur, lakin həmin avtomobili ona idarə etmək üçün etibarnamə vermişdir. Belə ki, o, həmin avtomobillə xəstə anasını həkimə aparmış və digər işlərini həll edirmiş. xx xxxxxxx 2019-cu il tarixdə sözü gedən avtomobili bibisi oğlu Rasimdən götürmüşdür ki, işlərini həll etsin. Təxminən saat 14-15 radələrində Rasim onun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən zəng vuraraq Güzdək kəndinin mərkəzinə gəlib orada polis əməkdaşlarını götürərək Güzdək qəsəbəsindəki daş karxanasına gətirməyini bildirmişdir. O da Güzdək kəndinin mərkəzinə gəlmiş, qara rəngli xarici avtomobildə 4 nəfər polis zabiti olmuşdur, onlar onun idarə etdiyi avtomobilə əyləşmişlər, Rasim isə idarə etdiyi avtomobillə icra məmurlarını götürüb artıq karxanaya doğru getmişdir. O polis əməkdaşlarını karxanaya gətirəndə orada PPX avtomobilinin olduğunu görmüşdür. Maşından yenicə düşərkən görmüşdür ki, təxminən on-on beş nəfər əlil şəxslər bibisi oğlu Rasimin üstünə hücum çəkib onu əllərindəki əlil əsaları ilə vururlarmış. Rasim yalnız özünü qorumağa çalışırmış və heç kimi vurmamışdır. Onun gətirdiyi polis zabitləri bunu görüb qaçaraq yaxınlaşıb müdaxilə edərək Rasimi əlillərin əlindən almış və onları sakitləşdirməyə başlamışlar. Bu zaman o sonradan adını bildiyi Zərərçəkmiş şəxs da hücum çəkərək bibisi oğlunu vurmaq istədiyini gördüyü üçün əli ilə Elmirin sifətindən kənarlaşdırmaq məqsədilə itələmişdir. Təxminən 15-20 dəqiqə ərzində orada olmuş, polis əməkdaşları əlilləri sakitləşdirmiş və bundan sonra çıxıb getmişlər. Hal-hazırda törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç bir psixi xəstəlik keçirməmiş, yaddaş pozğunluğu yoxdur. Bir neçə aydır ki, o, Qaradağ rayonu, Güzdək kəndinin cənub hissəsində yerləşən və döyüş yoldaşı X2 icraçı direktor işlədiyi, mişar daşlarının istehsalı ilə məşğul olan “İzmir” Koorperativində, yəni daş karxanasında nəzarətçi işləyirmiş. Koorperativdə 10-a yaxın Qarabağ müharibəsi əlili işlə təmin olunmuşdur, onlarla yanaşı bir neçə şəhid ailəsinə də koorperativin fəaliyyətindən əldə edilən gəlirlərdən köməklik göstərilmişdir. Koorperativ öz fəaliyyətini aidiyyəti dövlət orqanlarından o, cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Föhqəladə Hallar Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş, qanunvericiliklə tələb olunan sənədlər əsasında qurmuşdur. Lakin artıq uzun müddətdir ki, qanuni fəaliyyətlərinə ciddi maneələr yaradılırmış və bir qrup kriminal ünsürlərin qanunsuz müdaxilələri ilə qarşı-qarşıya qalmışlar. xx xxxxxxx 2019-cu il tarixində səhər saatlarında işə gəlmiş, həmin tarixdə saat 15 radələrində işdə olan vaxt Şahid5 Cəlil oğlunun başçılıq etdiyi bir qrup şəxs işlədikləri karxanaya basqın edərək bir neçə Qarabağ əlilini və onu döyüb bədən xəsarətləri yetirmişlər, bununla bərabər nalayiq ifadələrlə onları təhqir etmişlər. Belə ki, həmin vaxt Şahid5, Azər adlı şəxs və onlarla birlikdə gəlmiş 2 nəfər tanımadığı orta yaşlı şəxslər, Qaradağ rayon İcra və Probasiya şöbəsinin Ruslan adlı əməkdaşı 4-5 nəfər icra məmuru ilə birlikdə, bundan başqa Qaradağ Rayon Polis İdarəsinin əməkdaşı olan Cavidan adlı şəxs və yanında 5-6 nəfər Post Patrul Xidmətinin əməkdaşları onların daş karxanasına gəlmişlər. İcraçı olan Ruslan bildirmişdir ki, karxananın işi dayandırılacaqdır, həmin zaman polis əməkdaşları və Rasimin dəstəsi arxada dayanıb müşahidə edirmişlər. Ceyhun Ruslana etirazını bildirmiş və ondan karxananın işinin dayandırılması ilə bağlı lazımı sənədləri təqdim etməsini tələb etmişdir. Ruslan isə cavabında həmin yerin, yəni karxananın yerləşdiyi ərazinin Şahid5 məxsus olduğunu bildirərək, həmin gün saat 5-dən sonra idarəyə gəlməsini, lazımı sənədləri orada təqdim edəcəyini bildirmişdir. Ceyhun Ruslana tələbinin tam qanunsuz olduğunu bildirəndə, Rasim yaxınlaşıb “Buranın sahibi mənəm, tərk et buranı” sözlərini demişdir. Həmin an karxanada işləyən Qarabağ əlili X3 yaxınlaşıb Rasimə etiraz edərək karxananın ərazisini tərk etməsini tələb etmişdir. Rasim İsmayıla hücum çəkərək onun əlil əsasını əlindən alıb yumruqla sinəsindən bərk vurub yerə yıxmışdır. O bunu görüb İsmayıla yaxınlaşıb onu yerdən qaldırmaq istəyərkən Azər adlı şəxs sifətinin sol tərəfindən onu güclü zərbə ilə vurmuşdur ki, almacıq sümüyü sınmışdır. Onu yumruq və ya başqa küt əşya ilə vurduğunu bilmirmiş, lakin zərbə çox güclü olduğundan ehtimal edirmiş ki, predmetlə vurmuşdur. Zərbəni onu vuranda onu görməmişdir, çünki arxadan onu vurmuşdur, lakin yıxılanda görmüşdür ki, başının üstündə dayanan Azərdir və sonra orada olan işçiləri ona demişlər ki, onu vuran məhz Azər olmuşdur. Zərbədən bihuş vəziyyətə düşmüş və sol gözündən qan açılmışdır. Həmin şəxslər onların ünvanına nalayiq ifadələr səsləndirirmişlər, idmançı bədən quruluşlu imişlər. Hadisədən sonra bilmişdir ki, o döyüləndən sonra Rasim iş yoldaşı İsmayılın əlindən aldığı əsa ilə orada işləyən İİ qrup Qarabağ müharibəsinin əlili X4 başına zərbələr vurmuş, zərbədən yıxılan Vahidi yerdə təpikləmişlər. Həmçinin ona məlum olmuşdur ki, Azər əlini bel nahiyəsinə gətirərək silahını göstərmiş və ətrafda olan onlarla işləyən şəxslərə hədə-qorxu gəlmişdir. Bu barədə sonradan onlarla işləyən Həsən məlumat vermişdir. Onların məqsədi ondan ibarət olmuşdur ki, karxananın fəaliyyətini dayandırıb qanunsuz olaraq karxananı ələ keçirib özləri işlədib mənfəət əldə etsinlər. Onu nalayiq ifadələrlə təhqir edib vuran və ciddi bədən xəsarəti yetirən şəxsi Azər kimi tanısalar da sonradan həmin şəxsin əsl adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. O cümlədən sonradan icra məmurunun adının Ruslan deyil, Rəsul olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Cəlil oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2007-ci ildə Qaradağ Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən ona Qaradağ rayonu, Güzdək qəsəbəsinin cənub hissəsində yerləşən 1 ha torpaq sahəsində mişar daşlarının istehsalına icazə verilmişdir. Daha sonra Qaradağ Rayon İcra Hakimiyyətinin memarı gəlib onun istifadəsinə verilmiş 1 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmiş və sxemini ona təqdim etmişdir. 2012- 2013-cü illərdən etibarən o 6-7 ay ərzində həmin torpaq sahəsində mişar daşı istehsal etmiş, sonra işi dayandırmışdır. 2019-cu ilin noyabr ayında o, «X5 İcarə Sahəsi» MMC-ni təsis etmiş və həmin MMC-nin təsisçisi və qanuni təmsilçisi, yəni direktorudur. MMC-ni təsis etdikdən sonra ona ayrılmış torpaq sahəsində mişar daşlarının istehsalına başlamışdır. Bundan başqa ona ayrılmış torpaq sahəsinin yanında, düz qonşuluğunda X7 rəis olduğu Bakı Ağac Emalı Zavodunun «Karxana» X12 Sahəsinə ayrılmış torpaq sahəsi yerləşir. Onun təsisçi olduğu MMC-yə ayrılmış 1 ha torpaq sahəsi Əsgər Məmmədovun rəis olduğu «Karxana» X12 Sahəsinə ayrılmış torpaq sahəsinin cənub-qərbində yerləşir və həmin torpağın ölçüsü 212 hektardır. Sözü gedən 212 ha torpaq sahəsi 1994-cü ildə Bakı Ağac Emalı Zavodu tərəfindən mişar daşlarının istehsalı üçün Əsgər Məmmədovun rəhbərlik etdiyi «Karxana» X12 Sahəsinə verilmişdir. 2007-ci ildə o həmin torpaq sahəsini, yəni 212 ha sahəni pulla Əsgərdən almışdır, lakin heç bir sənədləşmə işi aparmamışdır, çünki həmin vaxt sənədləşməyə əhəmiyyət verən yox imiş. Həmin vaxtdan etibarən sözü gedən torpağa nəzarət etməyə başlamışdır. 2019-cu ilin fevral ayında «İzmir» Kooperativinin sədri Kazım Nadirov ona məxsus olan həmin 212 ha torpaq sahəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən saxta bir sənəd düzəltdirib həmin torpağı zəbt etmiş, ora texnika salıb mişar daşı istehsal etməyə başlamışdır. O, ona etirazını bildirəndə isə demişdir ki, həmin torpaq onundur. O məsləhətləşmiş və ona deyilmişdir ki, torpağı qanuni şəkildə sənədləşdirmək lazımdır. Buna görə 2019-cu ilin mart-aprel ayında Əsgər Məmmədov ona həmin torpaqla bağlı baş etibarnamə vermiş və həmin ərəfədə o, Əsgər Məmmədovun nümayəndəsi kimi iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxılıb qurtarana kimi həmin torpaqdan istifadəyə qadağa qoymuşdur. Kazım Nadirov bu qərardan narazı qalıb Sumqayıt Apellyasiya Məhkəməsinə iddia ilə müraciət etmiş, məhkəmə qərarı ilə mübahisəli torpaq sahəsi Abşeron rayonunun inzibati ərazisinə aid olmadığı üçün və Qaradağ rayonunun inzibati ərazisinə düşdüyündən, məhkəmə aidiyyəti pozulduğundan Abşeron Rayon Məhkəməsinin qərarı ləğv edilmişdir. Bundan sonra onun vəkili iddia ərizəsi ilə 1 saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmiş, məhkəmə qarşı tərəfin xeyrinə qətnamə çıxartdığı üçün o, 2019-cu ilin oktyabr ayında Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasına iddia ilə müraciət etmişdir. 2019-cu ilin fevral ayından etibarən Kazım Nadirov və şərikləri dayanmadan daş karxanasında texnika işlədib gündəlik karxanadan 3000-4000 manat pul qazanırlarmış və Qarabağ müharibəsi əlillərini ora çağırıb onlara gündəlik 50 manat pul verərək provokasiya yaradıb məhkəmə qərarının icra edilməsinə hər cür vasitələrlə maneçilik törədirlərmiş. 2019-cu ildə o, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə müraciət edərək torpağın cizgi-planını əldə etmişdir, göstərilən cizgi-plandan da görünür ki, sözü gedən 212 ha torpaq sahəsi X10 məxsusdur. xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad Kollegiyası qərardad çıxartmışdır ki, Əsgər Məmmədovun rəisi olduğu «Karxana» X12 Sahəsinin istifadəsinə verilmiş həmin torpaq sahəsində mişar daşlarının istehsalı dayandırılsın və sair. Həmin tarixdə İcra vərəqəsi açılaraq icra edilməsi üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmişdir. xx xxxxxxx 2019-cu il tarixdə, günorta saatlarında o icra və probasiya şöbəsinə gəlmişdir ki, şöbənin işçiləri ilə birlikdə həmin torpaq sahəsinə getmişdir ki, oranı göstərsin və icra məmurları icra tədbirlərini aparsınlar. O və icra məmurları, həmçinin 2 nəfər hal şahidləri bir avtomobildə, dayısı oğlu Təqsirləndirilən şəxs isə 2 nəfər polis zabiti ilə idarə etdiyi «Niva» markalı avtomobillə həmin torpaq sahəsinə, yəni 212 ha torpaq sahəsinə gəlmişlər. Ora gələndə PPX avtomobilində 3 nəfər polis əməkdaşı artıq orada olmuşdur. Beləliklə orada o, 2 nəfər icra məmuru, 2 nəfər hal şahidi, 2 nəfər polis zabiti və 3 nəfər PPX əməkdaşı qalmışlar. Karxanada əks istiqamətli nöqtələrdə 2 ədəd kombayn işləyib daş kəsirmişlər. İcra məmurları həmin kombaynları işlədən şəxslərə yaxınlaşıb işi dayandırmağı tələb edib məhkəmənin icra vərəqəsini onlara göstərmişlər. Bu zaman karxana ərazisində, təpəcikdə yerləşən 1 mərtəbəli tikillidən bir qrup əlil çıxıb ona yaxınlaşmışlar və qəzəbli şəkildə nəyə gəldiklərini soruşmuşlar. İcraçılardan biri onlara Bakı Apellyasiya Məhkəməsinin qərardadını və icra vərəqəsini göstərib karxanada işlərin dayandırılmalı olduğunu bildirmişdir. Əlillər onu göstərib «bu nəyə bura gəlib?» sualını icra məmuruna vermişlər. İcra məmuru isə bildirmişdir ki, o iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsidir, icra tədbirində iştirak etmək hüququ vardır və etibarnaməni onlara göstərmişdir. Bu zaman əlillər kobud şəkildə ona müraciət edib rədd olub getməyini tələb etmişlər, anidən ona hücum çəkib əllərindəki əsalarla onun təpə nahiyəsinə zərbələr vurmağa başlamışlar, o zərbələrdən yayınmaq üçün sol əlini yuxarı qaldırıb zərbələrin qarşısını almağa çalışmışdır, sol əlindən də xəsarət almışdır, onların hamısı ona hücum çəkdiyi üçün konkret olaraq kimlərin onu vurduğunu görməmişdir, çünki fikri özünü müdafiə etməkdə olmuşdur, həmçinin özünü müdafiə edərkən o də özünü qorumaq üçün sağa və sola yumruq atırmış, ola bilsin ki, kiməsə dəymişdir, bunu dəqiq xatırlamırmış. Lakin heç kimi predmetlə vurmamışdır. Bir nəfər əlil onu əsa ilə vuranda onun əsasını əlindən alıb kənara atmış, sonra ona əsaları ilə zərbələr endirəndə özünü qorumaq üçün sağa və sola yumruq atmağa başlamışdır, xaotik şəkildə, ona görə bunu etmişdir ki, ona yaxınlaşmasınlar. Daha sonra icra məmurları, polis əməkdaşları müdaxilə edib onu əlillərin əlindən almışlar və onu maşınına əyləşdirib oradan təcili uzaqlaşmağını demişlər, çünki əlillər məhz dava üçün ora dəvət olunmuşlar. O çıxıb getmiş və bədənində ağrılar olduğundan həmin gün tibbi yardım üçün X16 müraciət etmişdir, ona tibbi yardım göstərilmiş və evə buraxılmışdır. Bir daha həmin torpağa getməmişdir, çünki bilirmiş ki, torpağı zəbt etmək üçün əlillər ora dəvət olunub, onlara gündəlik pul verilir ki, oradan çıxmasınlar, gələn olsa dava salıb məhkəmə qərarının icrasına maneçilik törətsinlər.Hadisə vaxtı ümumiyyətlə orada əlilləri vuran olmamışdır, sadəcə qohumu Bəhruz görmüşdür ki, əlillər onun üstünə hücum edirlər, ona görə də Bəhruz əli ilə Elmir adlı əlilin sifət nahiyyəsindən tutaraq itələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o 2012-ci ildən DİO-da, 2017-ci ilin avqust ayından hazırki vəzifəsində xidmət edirmiş. xx xxxxxxx 2019-cu il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-də əməliyyat qrupunun üzvü kimi sutkalıq növbədə olmuşdur. Həmin gün, günorta saatlarında bölmə rəhbərliyinin göstərişinə əsasən o və əməliyyat qrupunun üzvü Şahid2 Qaradağ RPİ-yə getmişlər, belə ki, bölmə rəisi tapşırıq vermişdir ki, idarəyə gedib polis nəfərləri və İctimai Təhlükəsizlik Şöbəsinin baş inspektoru Şahid4la birlikdə sonuncunun göstərəcəyi daş karxanasına getsinlər, icra məmurları həmin karxanaya gəlib icra tədbirlərini aparacaqlar, icra tədbirlərinin aparıldığı müddətdə onlar müşahidə aparaq və ictimai qayda pozuntusunun baş verməsinə imkan verməyək, bir sözlə karxanada ictimai qaydanı və ictimai təhlükəsizliyi təmin etsinlər. Verilən tapşırığa uyğun olaraq Qaradağ RPİ-yə getmişlər və oradan ÇPA avtomobili ilə 2 nəfər polis nəfərləri ilə birlikdə Qaradağ rayonu, Güzdək qəsəbəsinin cənub hissəsində yerləşən Daş karxanasına doğru yola düşmüşlər. Onlar ora gedəndə göy rəngli «Niva» markalı avtomobildə iddiaçı tərəf olan Şahid5 Cəlil oğlu və icra məmurları həmçinin baş inspektor Cavidan onların arxasınca gəlirmişlər. Onlar ora çatandan sonra təxminən 10-15 nəfər əlil onları karxanada görüb yaxınlaşmışlar, iddiaçı Şahid5 da onların yanında olmuşdur, icra məmurları da. Əlillər yaxınlaşan kimi söyüşlə Rasimə müraciət edib onun orada nə etdiyini, nəyə gəldiyini soruşmuşlar. Əlillərdən danışan və bu sözləri deyən, yəni Rasimə söyüşlə müraciət edən adı orada məlum olan Ceyhun Nadirov, yəni həmin əlillərin başçısı olmuşdur, onların içində ən fəal da məhz həmin şəxs olmuşdur. Görmüşlər ki, əlillər səs-küy salaraq Rasimi əhatəyə alırlar, hiss etmişlər ki, dava etməyə hazırlaşırlar, buna görə Rasimi kənara çəkməyə çalışmışlar. Buna baxmayaraq, ilk əvvəl Ceyhun Nadirov əlindəki əlil əsası ilə Şahid5 alın nahiyəsindən vurmuş və digərləri də ona qoşulub Rasimi əsalarla vurmağa başlamışlar. Rasim bundan sonra əllərin yuxarı qaldıraraq baş və sifət nahiyəsini zərbələrdən qorumağa başlamışdır, buna baxmayaraq ona dəyən zərbələr daha güclü imiş. Sonra Rasim əlillərdən birinin, yəni onu əsa ilə vuran və aqressivliyi ilə seçilən, adı orada bizə İsmayıl Osmanov kimi məlum olan şəxsin əlindən əlil əsasını alaraq yerə tullamışdır, onlar onları aralamağa çalışırmışlar, lakin əlillər çox olduqlarından söz eşitmirmişlər. Əlillər deyirmişlər ki bu ərazi onlara məxsusdur və ona görə də heç bir yerə getməyəcəklər, lakin bu barədə müvafiq qərarın olduğunu onlar bildirmişlər, həmin vaxt əlillərdən biri dolu bədən quruluşlu və sol qolu olmayan şəxs yerdən torpaq götürüb Rasimin üzünə çırpmış və Rasimin gözlərinə torpaq düşdüyündən bir əli ilə gözlərini oxalayıb torpağı çıxarmağa çalışarkən də əsalarla vurulurmuş. Rasimi əsas vuran 3 nəfər əlil olmuşdur, Ceyhun Nadirov, İsmayıl Osmanov və sol qolu olmayan, dolu bədən quruluşlu, Rasimin gözünə torpaq atmış şəxs sağ əli ilə vururmuş. Çətinliklə də olsa Rasimi kənara çəkib özünün gəldiyi göy rəngli «Niva» markalı avtomobilinə əyləşdirmişlər. Həmin vaxt ora ağ rəngli «Niva» markalı avtomobildə adı orada məlum olan Təqsirləndirilən şəxs gəlmiş və maşından düşüb Rasimin hansı vəziyyətdə olduğunu görərək əlillərə yaxınlaşıb qarşısına ilk olaraq çıxan Zərərçəkmiş şəxs yumruqla gözündən bir dəfə bərk vurmuşdur. Zərbə o qədər güclü alınmışdır ki, səsini eşitmişlər və zərbədən Elmir yerə yıxılmışdır, onu vuran Bəhruzu isə onlar tutub kənara çəkmişlər və davanı davam etməyə imkan verməmişlər. Həmin hadisə təxminən 30-40 dəqiqə ərzində davam etmişdir. Onlar əlilləri sakitləşdirməyə çalışarkən ilk əvvəl Təqsirləndirilən şəxs gəldiyi ağ rəngli «Niva» markalı avtomobilə əyləşib çıxıb getmişdir, onun arxasınca isə Şahid5 gəldiyi göy rəngli «Niva» markalı avtomobilə əyləşib çıxıb getmişdir. Hadisə yerində onlar və icra məmurları, eyni zamanda əlillər qalmışlar, bir müddət də əlilləri sakitləşdirməyə çalışmışlar, nisbətən sakitlik yaranandan sonra onlarda çıxıb getmişlər. Tam əminliklə bildirmişdir ki, əlil Zərərçəkmiş şəxs həmin hadisə vaxtı ağ rəngli «Niva» markalı avtomobildə ora gəlmiş Təqsirləndirilən şəxs bir dəfə yumruqla vurub xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid1 göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2013-cü ildən etibarən Ədliyyə orqanlarında, 2017-ci ilin aprel ayından isə Qaradağ rayon icra və probasiya şöbəsində icra məmuru vəzifəsində çalışırmış. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli icra vərəqəsinin icrası Qaradağ rayon icra və probasiya şöbəsinin rəisi tərəfindən icra məmuru Şahid6 və ona tapşırılmışdır. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq onlar əvvəlcədən Qaradağ RPİ-nin rəhbərliyinə məlumat verib polis əməkdaşlarının icra tədbirləri keçiriləcək yerdə olmasını və təhlükəsizliyi təmin etmələrini xahiş etmişlər. xx xxxxxxx 2019-cu il tarixdə saat 16:00-16:15 radələrində iddiaçı tərəfin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan Şahid5 Cəlil oğlu idarə etdiyi avtomobillə onun iş yerinə gəlib onları götürmüş və birlikdə icra tədbirləri aparılmalı olan Qaradağ rayonu, Güzdək kəndinin cənub hissəsində yerləşən daş karxanasına yola düşmüşlər. Onlarla yanaşı ora tərəflərindən dəvət edilmiş 2 nəfər hal şahidi də getmişdir, eyni avtomobildə. Bundan başqa «Niva» markalı avtomobildə təxminən 3-4 nəfər adam da gəlmişdir ki, Şahid5 adamları imiş. Onlar icra tədbirlərinin aparılmalı olduğu Qaradağ rayonu, Güzdək kəndinin cənub hissəsində yerləşən karxanaya çatanda orada Cavidan adlı polis zabiti və onun yanında 4-5 nəfər polis əməkdaşı olmuşdur. Onlar maşından düşəndən sonra «Niva» markalı maşında olan şəxslər çıxıb getmişlər, orada qalmamışlar, çünki orada kifayət qədər polis əməkdaşları və onlar, icra məmurları olmuşlar. Onlar təhlükəsizlik üçün ora gəlmişlər və polis əməkdaşlarının orada olduğunu görüb qalmağa lüzum görmədiklərinə görə çıxıb getmişlər. Beləliklə karxanada iddiaçı tərəfdən yalnız Şahid5 qalmışdır. Karxana ərazisində texnika işləyirmiş, buna görə o və icra məmuru olan Şahid6 həmin texnikaları işlədən şəxslərə yaxınlaşıb işi dayandırmağı tələb edib məhkəmənin icra vərəqəsini onlara göstərmişlər. Bu zaman karxana ərazisində yerləşən 1 mərtəbəli tikillidən bir qrup əlil çıxıb onlara yaxınlaşmışlar və nəyə gəldiklərini soruşmuşlar. O onlara məhkəmənin icra vərəqəsini göstərib məhkəmə qərarı ilə karxanada işlərin dayandırılmalı olduğunu nəzərlərinə çatdırmışdır. Həmin əlillərdən bir nəfər şəxs Şahid5 Cəlil oğlunu onların yanında görüb ona müraciət edərək «bu nəyə bura gəlib?» sualını vermişdir. Ona izah etmişdir ki, həmin şəxs, yəni Şahid5 Cəlil oğlu iddiaçı tərəfin etibarnamə üzrə səlahiyyətli nümayəndəsidir və icra tədbirində iştirak etmək hüququna malikdir, hətta etibarnaməni ona göstərmişdir. Bu zaman əlillər Rasimə müraciət edib kobud şəkildə oradan rədd olub getməsini tələb etmişlər, onların arasında sözləşmə olmuş, yəni bir tərəfdən Şahid5 Cəlil oğlu, digər tərəfdən isə əlillər arasında, hətta bir-birinin ünvanına nalayiq ifadələr səsləndirmişlər, lakin dava-dalaş olmamışdır, bunu tam məsuliyyətlə bildirirmiş, bir-birini vuran, ciddi xəsarət yetirən şəxs olmamışdır, hətta polis əməkdaşları da onların yanında dayanmışlar, baş verənləri görüb müşahidə edirmişlər, orada yalnız tutaşma baş vermişdir ki, sonra onlar və polis əməkdaşları onları aralamışlar. O, dərhal bu barədə akt tərtib etmiş və aktda o, icra məmuru Şahid6, hal şahidləri, polis əməkdaşları, tələbkarın nümayəndəsi Şahid5 imza etmişlər. Akt tərtib ediləndən sonra birinci oranı Şahid5 tərk edib çıxıb getmiş, təxminən 5-10 dəqiqə sonra polis əməkdaşları çıxıb getmişlər, təxminən 30 dəqiqə ondan sonra isə onlar oradan çıxıb getmişlər, işə qayıtmışlar. Bir daha tam məsuliyyətlə və səmimi olub bildirmişdir ki, karxana ərazisində tərəflər arasında, yəni bir tərəfdən Şahid5, digər tərəfdən isə əlillər arasında tutaşma olsa da bir-birini yumruq və ya başqa predmetlə vuran, xəsarət yetirən olmamışdır, orada ciddi bir dava-dalaş baş verməmişdir, yalnız tutaşma olmuşdur. O, karxana ərazisində olduğu müddətdə ora təcili tibbi yardım gəlməmişdir, çünki qeyd etdiyi kimi xəsarət alan və ya qan içində olan şəxs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid3 göstərdiklərini bir daha təsdiq etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi1 vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, tək yaşayır. Heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsinin cənubunda yerləşən İzmir MMC «Karxana» Təsərüfat hesablı icarə sahəsinin təsisçisi əmisi oğlu X8r. O isə həmin yerin icraçı direktorudur. Həmin karxana bir ildir ki, fəaliyyət göstərir. Həmin «Karxana» nın ərazisi 37 hektar olmaqla orada mişar daşı istehsal edilməklə həmin torpaq sahəsində spesifik fəaliyyətlə əlaqədar texnikalar işlədilir. Kəsilmiş daşlar sifarişçilərə çatdırılır. Hazırda həmin «karxana» da işçilər fəaliyyət göstərir. Sözü gedən «Karxana» nın Rasim tərəfindən qanunsuz müdaxiləsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmişdir. Lakin Rasimin məhkəməyə müraciəti ilə əlaqədar həmin karxana qanuni onların yeri olduğundan tərəflərindən məhkəməyə müraciət olunmasına lüzum olmayıb. xx.xx.2019-cu il tarixdə saat 14 radələrində Qaradağ rayon İcra və Probasiya şöbəsinin və Qaradağ rayon Polis İdarəsinin əməkdaşları həmin «Karxana»ya gələrək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli İcra vərəqəsi onlara təqdim olunaraq ümumi iş fəaliyyətinin dayandırılmalı olduğunu onlara bildirmişlər. Həmin zaman gələnlərlə birlikdə «Qoç» ləqəbli Xoşsurət Qubadovun başçılıq etdiyi şəxslərdən Rasim və Azər adlı şəxslər də “Niva” markalı avtomobil ilə gəlmişlər. Onlarla birlikdə adlarını bilmədiyi 40-45 yaşlarında daha iki nəfər şəxslər də gəlmişlər. O isə icra vərəqəsinin qanunsuz olmasını bildirərək etirazını bildirmişdir. O gələnlərdən soruşmuşdur ki, kimdir buranın sahibi? Həmin zaman Rasim uca səslə Karxananın sahibi olmasını bildirmişdir. O isə bu haqsızlığa dözə bilməyib, əsəblərini cilovlaya bilməyib Rasimi vurmaq məqsədi ilə üstünə hücum edəndə onu iki nəfər polis əməkdaşları saxlamışlar. Həmin zaman orada olan onun Qarabağ qazisi dostu İsmayıl Rasimə yaxınlaşanda Rasim yumruq və təpik zərbələri ilə İsmayılın bədən səthindən vurmuşdur. Orada olan digər müharibə veteranı Elmir yerə yıxılmış İsmayılı yerdən qaldırmaq istəyərkən Rasimin yanında olan Azər adlı şəxs Elmirin üstünə gedərək yumruq və ya bərk küt əşya ilə Elmirin sifətinin sol tərəfindən vuraraq zərbə endirmişdir. Lakin Vahidin kim tərəfindən vurulmasını görməmişdir. Dava zamanı qonşu karyerdə işləyən Sabirin işçiləri Kamaz tipli avtomobillərdən düşüb Rasim və Azəri müdafiə edərək onlar da üstlərinə hücum edib onları nalayiq ifadələrlə təhqir edib Karxanadan çıxmalarını tələb edirmişlər. Həmin zaman polis əməkdaşı Cavidanla söhbət edən zaman ona bildirmişdir ki, “1-ci Vitse prezidentimiz çox hörmətli Mehriban xanım Əliyeva bizlərə Qazi qardaşlarım deyərək müraciət edir”. Ancaq çox təəsüflər olsun ki, Mehriban xanımın qardaşları dediyi qazilər Cavidan başda olmaqla həmin hadisə zamanı orada olan polislərin yanında Qarabağ qaziləri döyüldü. Polis tərəfindən qaziləri döyənlərə qarşı heç təsir göstərilməmişdir. Bütün bu üstlərinə gələnlərin Sabir, Rasim və Azər bunların hamısının başında duran «Qoç» ləqəbli Xoşsurət Qubadovdur. Bunu onların özləri də təsdiq edirlər. Həmin zaman orada olan Azər üzərində olan silaha əl atmış onun da dostu Qarabağ qazisi Həsən də buna müdaxilə edərək “atəş açmayan kişi deyil” demişdir. Azərdə heç bir silah çıxarmamışdır. O, konkret silahı görməsə də Azərin iki dəfə əlini belinə ataraq atəş açacağını bildirməsindən başa düşmüşdür ki, onun üzərində silah var. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kolegiyasının hakim Ağayevin xx.xx.2019-cu il tarixli İcra vərəqəsinə əsasən Qaradağ rayonu Güzdək qəsəbəsinin cənubunda yerləşən «Karxana» Təsərüfat hesablı İcarə sahəsinin sənədləşdirilməsi, həmin torpaq sahəsində spesifik fəaliyyətlə əlaqədar texnikanın işlədilməsi qadağan edilmiş, həmin torpaq sahəsində daş kəsimi və istehsalı ilə bağlı daş karxanası fəaliyyətinin həyata keçirilməsi istiqamətində generator və ya başqa elektrik istehsal edən avadanlıqların işlədilməsi, daş kəsici mişarların işlədilməsi, kəsim və daşınma üçün nəzərdə tutulmuş yük avtomobillərinin həmin əraziyə giriş-çıxışı və istehsal üzrə əlaqəli digər texnikanın tətbiqi və ya tikinti işlərinin aparılması cavabdeh X9 və digər şəxslərə qadağan edilməsi barədə həmin icra vərəqəsi qanunsuzdur. Qaradağ rayonu, Güzdək qəsəbəsinin cənubunda çox Karxana var. İcra və probasiya şöbəsi onlara Qərardad göstərsə də lakin həmin o X1 aid olması barədə heç bir sənəd təqdim olunmamışdır. Karxananın hansı şirkətə aid olması göstərilməmişdir. Həmçinin Karxananın xəritəsi də təqdim edilməyib. Münaqişə təxminən 30 dəqiqə davam etmiş və həmin zaman orada ifadəsində göstərdiklərindən başqa işçilər, tanışları olmaqla Əlibala, Həsən, Vladimir, Rafiq, Arzu, Elçin, Rüstəm, Fikrət olmuşlar. Hadisə vaxtı adının Azər olduğunu bildiyini, lakin sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin Elmirin üstünə gedərək Elmirin sifətinin sol tərəfindən möhkəm zərbə vurmasını görmüşdür. Lakin onun əlində nə olmasını görməmişdir. Münaqişə zamanı özü xəsarət almamış və tibbi ekspertizasından keçmək istəməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X15 Qaradağ rayon Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 2464 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-sol almacıq sümüyünün və sol orbitanın (göz yuvasının) aşağı divarının yerini dəyişmiş sınıqlar, sol gözün ağlı qişasına qansızma, sol gözün alt qapağını, sol almacıq və sol yanaq nahiyələrini əhatə edən hematoması, bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətddə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş zamanı küt əşya ilə zərbə vurulması nəticəsində törənə bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli şəxsin fotoşəkil üzrə tanınma üçün təqdim edilməsi haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim olunmuş fotoşəkillərə baxaraq Təqsirləndirilən şəxs fotoşəklini göstərərək Bəhruz tərəfindən döyülərək az ağır xəsarət aldığını nədənsə həmin şəxsin adı «Azər» kimi yadında qaldığını bildirmişdir. İşdə olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, onun surətinin tərəfə rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar