Məhkəmə qərarları › İş №1(002)-53/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-53/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-53/2025 10.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 08 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasın məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 01 il 02 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 07 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,251 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 11 iyul 2024-cü il tarixdə saat 22:50-də Qaradağ rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı-Salyan şossesinin 14-cü km-də, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə bazarı yaxınlığında Lökbatan dairəsindən 50 metr məsafədə saxlanılıb Qaradağ rayonu Lökbatan qəsəbəsi Mədən yolu 1 ünvanda yerləşən Qaradağ RPİ-nin inzibati binasına aparılmış və üzərində şəxsi axtarış keçirilərkən, əynində olan tünd qəhvəyi rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə kustar üsulla hazırlanmış xeyli miqdarda 0,251 qram çəkisi olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, 11 iyul 2024-cü il tarixdə “Facebook” sosial şəbəkəsində tanımadığı şəxsdən istifadə məqsədilə 01 büküm psixotrop maddə metamfetamin sifariş verərək həmin şəxsin kart hesabına 10 manat pul göndərmiş və psixotrop maddə metamfetamini götürmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Sədərək- Binə” TM-lər arasında yerləşən dairəvi yol yaxınlığında maşından düşüb həmin maddəni götürmək istəyərkən polis əməkdaşları ona yaxınlaşmış, bu səbəbdən o, sifariş verdiyi psixotrop maddəni götürmədən polis əməkdaşları onu saxlayaraq Qaradağ RPİ-nə gətirmişlər. O da üzərində heç bir narkotik maddə olmadığını düşünmüş, lakin baxış zamanı üzərində 1 büküm psixotrop maddə aşkar edilmişdir. Belə ki, o, bir müddət əvvəl həmin psixotrop maddəni əldə edərək cibinə qoymuş və buna görə də üzərində olduğunu unutmuşdur. Həmçinin qeyd etmişdir ki, 3-4 ay müddətdir ki, narkotik və psixotop maddələrdən istifadə etmişdir. Məhkəmə iclasında suallara cavab olaraq polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və psixi təsir göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son olaraq narkotik vasitələrin istifadəçisi olduğunu və özünü qismən təqsirli bildiyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntü ilə və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-in baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib üstündə saxlaması, qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanması məqsədilə o, və NMB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 11 iyul 2024-cü il tarixdə, saat 22:50-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Lökbatan dairəsi» adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb Qaradağ RPİ-nin inzibati binasına gətirmişlər. Təhqiqatçı və dəvət edilmiş müdafiəçinin, həmçinin özlərinin iştirakı ilə Qaradağ RPİ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkiliş aparılmaqla keçirilmişdir. Şəxsi axtarış və götürməyə başlamazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı dövriyyəsi qadağan edilmiş əşya vardırsa, təqdim etməsi təklif olunmuş və bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli şalvarın sol yan cibindən 01 ədəd üzərində «West Silver UP» sözləri yazılmış boz rəngli siqaret qutusunu, 01 ədəd üzərində «United Kinqdom» sözləri yazılmış ağ rəngli alışqanı və 2 ədəd manatlıq əskinaslarla pulu, daha sonra şalvarın sağ yan cibindən şəffaf sellofanda olan 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuş, bükümün içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar edilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən onlara müqavimət göstərilməmiş, qaçmağa cəhd etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-in əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin NMB-in baş əməliyyat müvəkkili Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 12 iyul 2024cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 20-ci vərəqəsində olan 11 iyul 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq 11 iyul 2024-cü il tarixdə, saat 22:50-də tutulmuşdur. Cinayət işinin 30-31-ci vərəqələrində olan 11 iyul 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və iş materiallarına əlavə edilmiş DVD diskdən görünür ki, 11 iyul 2024-cü il tarixdə Qaradağ RPİ-nin xidməti otaqların birində təhqiqatçı Rüstəm Seyidov tərəfindən, dövlət hesabına təyin edilmiş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış və götürməyə başlamazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qadağan edilmiş, qanunsuz predmet və əşyaların təqdim etməsi təklif olunur və o, əynində olan tünd qəhvəyi rəngli şalvarın sol yan cibindən 01 ədəd üzərində «West Silver UP» sözləri yazılmış boz rəngli siqaret qutusunu, 01 ədəd üzərində «United Kinqdom» sözləri yazılmış ağ rəngli alışqanı və 2 ədəd manatlıq əskinaslarla pulu, həmçinin şalvarın sağ yan cibindən şəffaf sellofanda olan 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoyur, bükümün içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, onu «Facebook» sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığı tanımadığı şəxsin verdiyi kart hesabına 10 manat pul göndərdikdən sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Binə» ticarət mərkəzinin yaxınlığında əvvəlcədən təyin edilmiş yerə qoydurduğunu və oradan götürdüyünü, həmin maddəni özünün şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar edilən büküm zərfə qoyularaq qablaşdırılır, qablaşmanın üstü iştirakçılar tərəfdindən imzalanır. Cinayət işinin 39-40-ı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3608 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 46” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,251 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri-“in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi - 0,251 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,201 qram. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən edilmişdir. Cinayət işinin 51-52-ci vərəqələrində olan 13 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 12:00) Cinayət işinin 64-67-ci vərəqələrində olan 13 iyul 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında və təqsirləndirilən şəxs barədə qətimkan tədbiri seçilməsi haqqında qərarlardan görünür ki, Qaradağ rayon prokuroru Fərid Nağıyev tərəfindən təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş və təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 78-79-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən və cinayət işinin 121-126-cı vərəqələrində olan Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən və cinayət işinin 127-132-ci vərəqələrində olan Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 08 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasın məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 01 il 02 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzsı 07 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 31 iyul 2024-cü il tarixli, 5246 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 115-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli diskə köçürülmüş telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan, cinayət işinin 148-149-cu vərəqələrində olan "xxxx" MMC-dən daxil olmuş DVD diskdəki məlumatlardan və cinayət işinin 170-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs anten məlumatları ilə onun polis əməkdaşları tərəfindən tutularaq Qaradağ RPİ-yə gətirildiyi xx.xx.2024-cü il tarixdə saat 22:20-dən 22:54 radələrinədək, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində olduğu müəyyən olunur. Cinayət işinin 137-ci vərəqəsində olan 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş 0,251 qram xeyli miqdarda çəkidə psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işinin 171-183-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, AZF/LGL-9795/24 nömrəli məktub ilə daxil olmuş bir ədəd disk və Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən 20/1-9386 nömrəli məktub ilə daxil olmuş bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmaları nəzərə alınmışdır. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və şahidlərin ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü ilə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında özünü qismən təqsirli bilərək onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni ibtidai istintaq orqanının göstərdiyi tarixdə və yerdən götürməməsi barədə qeyd etdiklərinə münasibətdə bildirir ki, cinayət işi materialına əlavə edilmiş təqsirləndirilən şəxsə məxsus və həmin vaxt üzərində olan telefon nömrəsi ilə bağlı anten məlumatları ilə onun xx.xx.2024-cü il tarixdə saat 22:20-dən 22:54 radələrinədək, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində, yəni polis əməkdaşları tərəfindən saxlanıldığı yerdə olduğu müəyyən olunur. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin göstərdiklərini özünümüdafiə xarakterli olmaqla cəzadan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinə əlavə olunmuş tarixli Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın tələblərinə riayət etmədiyindən cəzası azadlıqdan məhrumetmə növündə cəzaya əvəz olunmuşdur. Bundan əlavə onun məhkəmə iclasında ifadə verərkən əməlindən peşman olduğunu qeyd etsə də əməli törətməsi ilə bağlı səsləndirdiyi dəyişkən fikirlər onun əməlinin səbəb olduğu nəticələri tam qəbul etmədiyi təəsüratı bağışlayır və bu hal onun azadlıqda qaldığı təqdirdə eyni əməllərə davam etməyəcəyinə əsaslı şübhələr yaradır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əməlini səmimi etiraf etməsini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, həmçinin narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, əvvəllər törətdiyi cinayət əməli ilə bağlı azadlıqdan məhrumetməyə münasibətdə daha yüngül cəza almasının onun islah olunması üçün yetərli olmadığını, cəmiyyətin maraqlarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulub saxlandığı 11 iyul 2024-cü il tarixdən 13 iyul 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 10 aprel 2025-ci il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 31 iyul 2024-cü il tarixli, 5246 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Qaradağ RPİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,201 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd maddi sübut qismində tanınmış və 02 ədəd videogörüntünü əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə 210 (iki yüz on) manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş materiallarında olan 02 ədəd maddi sübut qismində tanınmış və 02 ədəd videogörüntünü əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,201 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 80 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə 210 (iki yüz on) manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 və məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar