Məhkəmə qərarları › İş №1(002)-54/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-54/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-54/2021 10.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən Mədəniyyət Sarayının arxasında saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək həmin gün saat 20:30 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd siqaretin gümüşü kağızından olan bükülüdə ümumi təmiz çəkisi 0,293 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib, sənədləşdirilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, yuxarıda göstərilən ünvanda atası və anası ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fəhlə işləri olduqda fəhləçilik etməklə həm özünün, həm də valideynlərinin dolanışığını təmin edir. Bundan başqa özü narkotik aludəçisi olmuş, «kakos» deyilən heroin narkotik vasitəsini, eləcədə «şüşə» adlandırdığı metamfetamin psixotrop maddəsini tüstülədib çəkmək yolu ilə ara-bir qəbul edirmiş. O, qeyd edilən maddələri isə ayrı-ayrı yerlərdə görünüşündən narkoman olduğunu hiss etdiyi tanımadığı şəxslərdən 15-20 manat pul müqabilində aldığını, xx xxxxxxxx 2020-ci il tarixdə günün ikinci yarsı Lökbatan qəsəbəsində nə qədər gəzsə də narkotik vasitə tapa bilmədiyini, bu səbəbdən də Bakı şəhəri, Nəsimi rayonu ərazisinə «Papanin» adlanan yerə getdiyini, orada küçələrin birində görünüşündən narkotik aludəçisi olduğunu hiss etdiyi bir nəfər şəxsə yaxınlaşıb siqaret istədiyini və həmin şəxslə ünsiyyət yaradıb bir qədər söhbət etdiyini, söhbət zamanı həmin şəxsin həqiqətən də narkotik aludəçisi olduğunu müəyyən edib ondan şəxsi istifadəsi üçün narkotik vasitəni necə tapmaq mümkün olduğunu soruşduğunu, həmin şəxs isə onun üçün narkotik vasitə deyil, yaxşı psixotrop maddə olan «şüşə» təşkil edə biləcəyini dediyini və bir çetinin qiymətinin 20 manat olduğunu bildirdiyini, bundan sonra həmin tanımadığı şəxsə 20 manat pul verdiyini, həmin şəxsin də öz növbəsində ondan bir qədər uzaqlaşıb əynindəki şalvarın cibindən çıxarıb ona şəxsi istifadəsi üçün siqaretin gümüşü kağızı kəsiyində «şüşə», yəni metamfetamin psixotrop maddəsi verib bir dəfə istifadə etmək üçün kifayət etdiyini dediyini qeyd etmişdir. O, bundan sonra həmin şəxsdən mobil telefonunu və adını soruşduğunu, həmin şəxs heç bir anket məlumatlarını, eləcədə mobil telefonunu ona demədiyini, sadəcə olaraq 28 yaşı olduğunu və «Papanin» də yaşamadığını bildirdiyini, həmin şəxslə sağollaşıb ondan uzaqlaşdığını və avtobusla Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gəlib bir qədər gəzdikdən sonra qeyd edilən psixotrop maddəni çəkmək üçün yaşadığı evin yaxınlığında yerləşən Mədəniyyət sarayının arxa tərəfinə keçdiyini, həmin vaxt təxminən saat 19 radələri olduğunu, bu zaman iki nəfər mülki geyimdə olan şəxsin ona yaxınlaşıb özlərini təqdim edərək 10-cu PB-nin əməkdaşları olduqlarını bildirdiklərini, o da həmin polis əməkdaşlarına şifahi olaraq özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu dediklərini və şəxsiyyətini dəqiqləşdirmək üçün onu bölməyə apardıqlarını, polis bölməsində şəxsiyyəti dəqiqləşdirildikdən sonra hüquqlarının müdafiə edilməsindən ötrü vəkil dəvət olunduğunu, daha sonra ona hüquqlarının izah edilərək üzərində videoçəkilişlə axtarış və götürmə aparıldığını bildirdi. O, axtarış keçirilərkən, könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoymağı təklif olunduğunu, o da əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaretin gümüşü kağızı kəsiyində olan metamfetamin psixotrop maddəsini çıxardıb masanın üzərinə qoyduğunu və həmin maddəni “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirdiyini, üzərindən aşkar olunmuş psixotrop maddə zərfə qoyularaq üzəri möhürləndiyini, bununla bağlı protokol tərtib olunduğunu, həmin zərfin üzərinə, eləcədə protokola imzalar edərək təsdiq etdiklərini qeyd etmişdir. Üzərindən aşkar edilmiş həmin maddənin əvvəlcədən metamfetamin olduğunu bildiyini, həmçinin o və digər narkotik aludəçiləri metamfetamini «şüşə» deyərək adlandırdıqlarını, metamfetamin psixotrop maddəsini əldə etdiyi şəxsin arıq bədən quruluşlu, qarayanız bir şəxs olduğunu, özünün dediyinə görə 28 yaşı olduğunu, həmin metamfetamin psixotrop maddəsini şəxsi istifadəsi üçün əldə etdiyini, kiməsə pay vermək, eləcədə həmin maddəni kiminləsə birlikdə istifadə etmək fikri olmadığını, polis bölməsinə gətirilən zaman və polis bölməsində olan zaman ona qarşı heç bir fiziki zor tətbiq edilmədiyini bildirmişdir. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, hal-hazırda heç bir narkotik vasitədən istifadə etmədiyini və bir daha belə hərəkətlərə yol verməyəcəni bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-in CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, DİO-da 2002-ci ildən, hal-hazırda tutduğu vəzifədə 2018-cu ildən xidmət aparır. xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs psixotrop maddə olan “metamfetamin”in qəbulu, daşınması ilə məşğul olması, arasıra üzərində psixotrop maddə olan “metamfetamin” saxladığı üçün əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 Qaradağ RPİ-nin 10-cu PB-nin rəisinə raportla müraciət etdiyini və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra Şahid2 rəhbərliyi altında ikisindən ibarət əməliyyat qrupu təşkil olunduğunu, əməliyyat tədbiri həyata keçirilməzdən əvvəl qrupun rəhbəri Şahid2 tərəfindən ona davranış xəttinin izah olunduğunu, xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, V.Əsgərov küçəsində yerləşən Mədəniyyət Sarayının arxasında bir nəfər şəxsin zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxs olduğunu müəyyən edib həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək ondan adını, soyadını və atasının adını soruşduqlarını, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirdiyini və Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirdiklərini və Qaradağ RPİ-nin 10-cu PB-nə apardıqlarını qeyd etmişdir. PB-də həmin şəxs xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Həmin vaxt Şahid2 tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-nin rəisinə məruzə olunmuş, daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. O, araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Elxas Əsgərovun iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirildiyini, video çəkilişin özü tərəfindən aparıldığını qeyd edərək, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etməsinin təklif olunduğunu, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoyduğunu, həmin bükülü açılarkən içərisində ağ rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “şüşə” olduğunu, həmin gün saat 14 radələrində “Papanin” deyilən yerdə körpünün altında tanımadığı şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını dediyini bildirmişdir. O, əlavə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd göy rəngli “Redmi” markalı, bir ədəd isə mavi rəngli “Katel” markalı mobil telefon və 141 (yüz qırx bir) manat pul aşkar edildiyini və pulun şəxsə qaytarıldığını, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümüm zərfə qoyularaq qablaşdırıldığını, möhürlənərək iştirakçılar tərəfindən imzalandığını qeyd etmişdir. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Şahid Qaradağ RPİ-nin 10-cu PB-in CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı öz ifadəsində göstərmişdir ki, o, DİO-da 2014-ci ildən, hal-hazırda tutduğu vəzifədə isə 2020-cu ilin avqust ayından xidmət aparır. xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs psixotrop maddə olan “metamfetamin” in qəbulu, daşınması ilə məşğul olması, arasıra üzərində psixotrop maddə olan “metamfetamin” saxladığı üçün əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin 10-cu PB-nin rəisinə raportla müraciət etmiş və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1la ikisindən ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O, əməliyyat zamanı iştirakçılara davranış xətti izah olunduğunu, bundan sonra əməliyyat qrupuna daxil olan Şahid1 ilə birlikdə xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, V.Əsgərov küçəsində yerləşən Mədəniyyət Sarayının arxasında bir nəfər şəxsin zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxs olduğunu müəyyən edib həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək ondan adını, soyadını və atasının adını soruşduqlarını, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirdiyini və Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirdiklərini və Qaradağ RPİnin 10-cu PB-nə apardıqlarını qeyd etmişdir. PB-də həmin şəxs xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuşdur. O, həmin vaxt tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-nin rəisinə məruzə olunduğunu, daha sonra təhqiqat araşdırmasına başlanıldığını, araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Elxas Əsgərovun iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirildiyini, video çəkilişin Şahid1 tərəfindən aparıldığını qeyd edərək, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etməsinin təklif olunduğunu, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoyduğunu, həmin bükülü açılarkən içərisində ağ rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “şüşə” olduğunu, həmin gün saat 14 radələrində “Papanin” deyilən yerdə körpünün altında tanımadığı şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını dediyini bildirmişdir. O, əlavə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd göy rəngli “Redmi” markalı, bir ədəd isə mavi rəngli “Katel” markalı mobil telefon və 141 (yüz qırx bir) manat pul aşkar edildiyini və pulun şəxsə qaytarıldığını, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümüm zərfə qoyularaq qablaşdırıldığını, möhürlənərək iştirakçılar tərəfindən imzalandığını qeyd etmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 6/1894 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN-in zərflər üçün 222 nömrəli dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddi sübut” və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,293 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi – 0,293 qr, tədqiqata sərf edildi -0,05 qr, qalıq-0,243 qramdır. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin xx.xx.2020-ci il tarixli 2768 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda absistensiya, intokasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,293 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmışdır, kimyəvi ekspertiza keçirildikdən sonrakı qalıq qalmış çəkisi 0,243 qram psixotrop maddə metamfetamin saxlanması üçün Qaradağ RPİ-nin saxlanc yerinə verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə 10-cu polis bölməsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ kiçik cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxaraq masanın üzərinə qoyduğu, həmin bükülü açılarkən içərisində ağ rəngli, toz şəklində narkotik vasitəyə oxşar kütlənin aşkar edildiyi, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “şüşə” olduğunu, buğun 14 radələrində “Papanin”də körpünün altında təxminən 27-28 yaşı olan tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməlini törətməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, narkotik vasitənin növünü və miqdarını, təqsirləndirilən şəxsin məcburi müalicəyə ehtiyacının olmamasını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə xx xxxxxxxx 2020-ci il tarixdən şübhəli şəxs kimi tutulmuş və xx xxxxxxxx 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həbsdə qaldığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan qalıq çəkisi 0,243 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həbsdə qaldığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Qaradağ rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan qalıq çəkisi 0,243 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar