Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-54/2023 17.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1988-ci ildə Sabirabad rayonu, Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç ayaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, Sabirabad rayonu, Qəzli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd kibrit qutusunda və 03 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərdə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 08 sentyabr 2022-ci il tarixdə saat 23:00-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park-1 Yaşayış Kompleksinin 9 nömrəli yaşayış binasının qarşısında xidmətdə olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilmiş, 09 sentyabr 2022-ci il tarixdə saat 10:20 radələrində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Keno club” markalı siqaret qutusunun içərisindən 02 ədəd kibrit qutusunda təmiz çəkiləri 3,129 qram və 4,095 qram ümumi çəkisi 7,224 qram, göy rəngli cins şalvarının sağ balaca yan cibindən 03 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumi təmiz çəkisi 0,497 qram, ümumilikdə 7,721 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitə qurudulmuş marixuana qəbul edir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Sabirabad rayonundan Bakı şəhərinə “rent a car”dan götürdüyü avtomobili qaytarmaq üçün gələrək həmin avtomobili təhvil vermiş, həmin günü saat təxminən 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X4 kompleksində olan zaman tanımadığı bir nəfər şəxs ona narkotik vasitə almağını təklif etmiş, o, həmin şəxsin təklifi ilə razılaşmışdır. Həmin şəxs 02 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə marixuananı 100 manat satdığını demiş, həmin şəxsə 2 ədəd kibrit qutusu qurudulmuş marixuananın 100 manata satmasının baha olduğunu, qiyməti bir az aşağı salmasını dedik də, qiyməti aşağı etməyəcəyini, lakin əvəzinə ona 03 ədəd içərisində marixuana olan büküm verəcəyini demiş, o, həmin şəxsin təklifi ilə razılaşmış və 100 manatı həmin şəxsə vermişdir. Bundan sonra həmin şəxs siqaret qutusunun içərisində olan 02 ədəd kibrit qutusunu ona vermiş, o, da içərisində nakotik vasitə olan siqaret qutusunu əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə, digər 03 ədəd bükümləri isə göy rəngli cins şalvarının sağ balaca yan cibinə qoymuşdur. Həmin yerdən bir neçə metr aralanıb gedən zaman mülki geyimdə şəxslər ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan üzərində qanunsuz hər hansı bir əşya olub-olmaması soruşduqda, o, əvvəlcə tərəddüd etmiş, lakin sonradan səməmi olaraq etiraf etmişdir ki, üzərində narkotik vasitə marixuana vardır. Bundan sonra polis əməkdaşları 10-cu PB-nə dəvət etmişlər. 10-cu polis bölməsində üzərində axtarış aparcaqlarını və ona axtarış zamanı videoçəkilişdən istifadə edəcəklərini bildirmişlər, o, da polis əməkdaşları ilə razılaşmışdır. Əvvəlcə ona təklif etmişlər ki, üzərində olan əşyaları masanın üzərinə qoysun. O, əynində olan şalvarının sağ yan cibindən siqaret qutusunu çıxardıb masanın üzərinə qoymuş və şalvarının sağ balaca yan cibindən 03 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Əməlindən peşmandır.Evlidir və himayəsində üç azyaşlı uşağı vardır.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda Qaradağ RPİ-nin 10-cu polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir, 08 sentyabr 2022-ci il tarixdə saat 23:00-da Qaradağ RPİ-nin 10-cu polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1lə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X4 Kompleksinin 1 korpusunun 9 nömrəli yaşayış binasının qarşısında olan zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən də özünü təqdim etməyi soruşduq da həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya olub-olmamasını soruşduqda o əvvəlcə tərəddüd etmiş, daha sonra səmimi olaraq etiraf etmişdir ki, üzərində narkotik vasitə qurudulmuş marixuana vardır. Bundan sonra onlar Təqsirləndirilən şəxs 10-cu polis bölməsinə dəvət etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və Bakı şəhər 10 saylı Vəkil Bürosundan vəkil dəvət olunmasına baxmayaraq müdafiəçinin sabah gələcəyi bildirilmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs müdafiəçisi ona təqdim edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan s şalvarın sağ yan cibindən siqaret qutusunu çıxardıb masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisindən 2 ədəd kibrit qutusu aşkar edilmiş, kibrit qutuları tərəflərindən açıldıqda içərisində spesifik qoxulu, yaşıl rəngli bitkilər aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ balaca yan cibindən 03 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 2 ədəd kibrit qutusunda və 03 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərdəki narkotik vasitə qurudulmuş marixuanadır. Onlar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri haradan əldə etdiyini soruşduqda, aşkar edilmiş həmin marixuanaları özü istifadə etmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X4 kompleksi 1, 8-ci binanın qarşısında tanımadığı şəxsdən 2 ədəd kibrit qutularındakı marixuananı 100 manata aldığını bildirmişdir.Əlavə olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən heç bir istifadəsi və dövrüyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. İş materillarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında videogörüntü olan CD diskə məhkəmə iclası zamanı keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin Qaradağ RPİ-nin 10-cu polis bölməsinin əməliyyat müvəkkili Şahid2, Qaradağ RPİ-nin 10-cu polis bölməsinin əməliyyat müvəkkili Şahid1 və müdafiəçi X1 iştirakı ilə videoçəkiliş vasitəsilə Qaradağ RPİ-nin 10-cu PBnin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən üzərində “Keno club” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyur, həmin siqaret qutusunun içərisindən 2 ədəd kibrit qutusu aşkar edilir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ balaca yan cibindən 3 ədəd gümüşü rəngli siqaretin kağızı bükümünü masanın üzərinə qoymuşdur. Həmin bükümlərə baxış zamanı içərisindən yaşıl rəngli kütlədən ibarət naməlum maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin “qurudulmuş marixuana” olduğunu bildirərək həmin maddələri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X4 Kompleksi 1, 9 nömrəli binanın qarşısında tanımadığı şəxsdən 100 manat müqabilində aldığını bildirmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü zərfə qoyulur, üzəri iştirakçılar tərəfindən imzalanaır və sonradan möhürlənir. İş materillarında olan məhkəmə-bioloji ekspertizasının 10 sentyabr 2022-ci il tarixli, 7/1001 nömrəli ekspert rəyindən görünür ki, üzərində Təqsirləndirilən şəxs təqdim elədiyi...” sözləri yazılmış kağız paketdə 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 3,129 qram və 4,095 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın ümumi çəkisi-7,224 qram təşkil edir. Həmin kağız paketdə üç ədəd gümüşü rəngli kağız bükülüdə tütün hissəcikləri və ümumi təmiz çəkisi 0,497 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana vardır. Təqdim olunmuş marixuananın ümumi çəkisi-7,721 qramdır. İş materillarında olan əlavə məhkəmə-bioloji ekspertizasının 23 sentyabr 2022-ci il tarixli, 7/1025 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş kağız paketdə iki ədəd kibrit qutusunda və üç ədəd gümüşü rəngli kağzı bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş materillarında olan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsin 04 oktyabr 2022-ci il tarixli, 5743 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olmuş, lakin hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materillarından görünür ki Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkiləri 3,129 qram və 4,095 qram ümumi çəkisi 7,224 qram və üç ədəd gümüşü rəngli kağız bükülüdə tütün hissəcikləri və ümumi təmiz çəkisi 0,497 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 7,421 qram narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün maddi sübutların saxlanma otağına verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, əməlini səmimi etiraf etməsi və səmimi peşmançılığı, himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olması, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 7,421 qram narkotik vasitə marixuana məhv edilməlidir. İş üzrə 178 (bir yüz yetmiş səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 01 (bir) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sabirabad və Saatlı rayonlarının hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 7,421 qram narkotik vasitə marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 178 (bir yüz yetmiş səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-54/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-54/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver