Məhkəmə qərarları › İş №1(002)-57/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-57/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-57/2023 12.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 15 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllə, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,262 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroini əldə edib, üstündə saxlayaraq daşımış, Qaradağ RPİ-nin NMB-nin əməkdaşları tərəfindən 09 sentyabr 2022ci il tarixdə saat 01:45-də Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Azza” şirniyyat mağazasının qarşısında saxlanılaraq, Qaradağ RPİnin 10-cu PB-nə aparılmış və orada Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan əldə edib, üstündə saxlayaraq, daşıdığı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,262 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin aşkar edilərək, polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o narkotik maddə “kakos”, yəni heroin qəbul edirmiş. O əvvəllər məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasını çəkib azadlığa buraxılmışdır. O, azadlığa buraxılandan sonra yenə də narkotik vasitə istifadə etməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə narkotik vasitə “kakos”, yəni heroin almaq məqsədi ilə Nəsimi rayonu “Papanin” adlanan ərazisində qeydiyyatda olan və yaşayan adını bilmədiyi şəxsdən 10 manata 01 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə heroin, yəni “kakos” almışdır. Həmin aldığı narkotik vasitəni özü üçün istifadə etmək məqsədilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş və yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə Qaradağ rayon, Lökbatan qəsəbəsi, 28 May küçəsi “Azza” şirniyyat mağazasının qarşısından keçən zaman iki nəfər şəxs ona tərəf yaxınlaşmışdır. O polis əməkdaşlarını görüb, üstündə narkotik maddə saxladığı üçün özünü şübhəli aparmağa başlamışdır. Polis əməkdaşları birlikdə 10-cu PB-nə getməyini bildirmişlər və o da polis əməkdaşları ilə birlikdə PB-yə getmişdir. 10-cu PB-də üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilərkən, üzərində olan qanunla qadağan edilmiş əşya və predmet varsa masanın üzərinə qoymağı təklif olunmuşdur. O da əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü masanın üstünə qoymuşdur. Daha sonra həmin büküm açılan zaman içərəsində narkotik maddə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Sorğu zamanı o həmçinin bildirmişdir ki, həmin narkotik maddəni Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Həmçinin onun üstündə şəxsi-axtarış keçirilən zaman üzərindən başqa qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş bir büküm narkotik maddə heroin zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Narkotik maddə onundur, öz istifadəsi üçün əldə etmişdir. O, yalnız narkotik vasitəni öz istifadəsi üçün almış, heç vaxt satışı ilə məşğul olmamışdır. Ona narkotik maddəni satan şəxsin adını bilmir, həmin şəxsi görsə tanıyarmış. Həmin şəxsin şəxsiyyəti barədə başqa heç nə deyə bilməmişdir. O öz ifadəsində son olaraq yaşlı anasının tək olduğunu, onunla qaldığını və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-in əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, hazırda Qaradağ RPİ-nin NMB-in əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 09 sentyabr 2022-ci il tarixdə ölkə ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Qaradağ RPİ-nin NMB-in əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidmət aparmışlar. Həmin gün saat 01:45 radələrində Lökbatan qəsəbəsində yerləşən “Azza” şirniyyat mağazasının qarşısında bir nəfərin narkotik vasitələrin və psixotrop maddələrin qəbulu nəticəsində yaranmış narkotik sərxoşluq halında olmasından şübhələnərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsi Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, tərəfindən raport tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs PB-in təhqiqatçısı Mehnur Mirzəyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, gecə saatları olduğundan vəkil səhər saatlarında gəlmişdir. Təqsirləndirilən şəxs üzərində vəkilin iştirakı ilə NMB-in əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılan videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, toz şəklində maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin narkotik vasitə olduğunu, Papanin deyilən yerdə öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin NMB-in əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2022-ci il tarixli 6/5006 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №222” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,262 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-0,262 qr., tədqiqata sərf edildi - 0.05qr., qalıq-0,212 qr. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 14 oktyabr 2022-ci il tarixli 6060 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs məxsus götürülmüş təmiz çəkisi 0.262 qram 01 ədəd bükümdə olan narkotik vasitə-heroin iş üzrə xx.xx.2022-ci il tarixli qırarla maddi sübut kimi tanınması və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,212 qram 01 ədəd bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu polis bölməsinin inzibati binasında xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunur ki, üzərində qeyriqanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki, göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülümüş bükümü masanın üstünə qoymuşdur. Daha sonra həmin büküm açılmış, həmin bükümün kakos olduğunu, həmin narkotik maddəni Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş bir büküm narkotik maddə heroin zərfə qoyularaq möhürlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki: residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 09 sentyabr 2022-ci il tarixdə, gecə saat 01:45 radələrində şübhəli şəxs qismində tutulmuş və 10 sentyabr 2022-ci il tarixdə saat 15:45-də təqsirləndirilən şəxs qismində cəlb edilmiş, saat 16:20-də dindirilməsi başa çatmış, daha sonra barəsində “həbs” qətimkan tədbiri seçilməkdən imtina edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal CM-nin 69.3-cü maddəsinə əsasən 02 gün kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,212 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 43 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 12 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,212 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar