Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-58/2021 02.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmiş, habelə qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişikliklər edilməmiş, ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını üzərində daşıyaraq gəzdirmiş və xx.xx.2020-ci il tarixdə ona məxsus soyuq silah hesab edilən ov bıçağı Bakı şəhəri Qaradağ rayonu Səngəçal ərazisindən keçən Bakı-Qazax avtomobil yolunun 40-cı kilometrilliyində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin 6 saylı YPX postundan Bakı şəhəri istiqamətində 500 metr məsafədə magistral yolun sağ tərəfindən hadisə yerində aşkar edilərək polis əməkdaşları tərəfindən götürmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00:45-də Bakı şəhəri, Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindən keçən, Bakı-Qazax avtomobil yolunun 40-cı kilometrliyində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin 6 saylı YPX postundan Bakı şəhəri istiqamətində 500 metr məsafədə magistiral yolun sağ tərəfində qaynanası Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində mübahisə etmiş, yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs yumruq və sillə zərbələri ilə bədənin müxtəlif nahiyyələrinə qəsdən vuraraq ona başın, sol alın-təpə nahiyyəsinin, sol gözaltı nahiyyənin dərialtı hematoması, sol göz almasının kontuziyası, sağ qulaq seyvanının qançırı ilə müşayiət olunan sağıamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(012)-58/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və həmin hissədə o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə X5 evlənmək məqsədi ilə qaçırmış və həmin ilin sentyabr ayında el adəti ilə toy məclisi təşkil edərək, evlənmişlər. Lakin həmin ərəfədə Səbinə yetkinlik yaşına çatmadığı üçün nikahlarını rəsmiləşdirə bilməmişlər. Faktiki nikah münasibətlərindən bir qız övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra bir müddət, təxminən 8-9 ay o, arvadı Səbinə ilə Gəncə şəhərində böyük qardaşı Emin Əhmədovun evində yaşamışdır. Sonra isə qayınatası Qorxmazın Bakı şəhəri Sulutəpə qəsəbəsindəki evinə köçüb orada 1 il yarım yaşadıqdan sonra yenidən Gəncə şəhərinə köçmüşlər. xx.xx.2020-ci il tarixdə qaynanası Samirə və qayınatası Qorxmaz Gəncə şəhərinə gəlmişlər və onların Gəncədə kirayə yaşadığı evdə qonaq qalmışlar. xx.xx.2020-ci il tarixdə qardaşı övladının ad günü olmuşdur. O, arvadı Səbinə, azyaşlı övladı Laləzar, qaynatası Qorxmaz və qaynanası Samirə ilə birlikdə həmin ad günü məclisinə getmişdir. O, həmin məclisdə spirtli içki qəbul etmiş, lakin sərxoş olmamışdır. Ad günü məclisində iştirak etdikdən sonra həmin gün saat 21 radələrində o, ailə üzvləri ilə birlikdə qaynatasının maşını ilə Gəncə şəhərindən Bakı şəhərinə gəlmək üçün yola çıxmışlar. O, qardaşının evindən çıxdıqda şəhid atasından yadigar qalmış bıçağı götürmüşdür. Həmin vaxt qaynanası Samirə onun bıçaq götürdüyünü görmüş və bıçağı saxlaması üçün ona verməsini xahiş etmişdir. O da bıçağı qayınanasına vermişdir. Yolda qayınatası və qayınanası ilə aralarında olan münaqişə zamanı qayınanasına əli ilə xəsarət yetirmişdir. Lakin özü ilə götürdüyü bıçaqdan istifadə etməmişdir. Qayınanası Samirə aralarında olan münaqişə ilə bağlı DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. O, onlardan aralanıb kənarda polisin gəlməsini gözləmişdir. Hadisə xx.xx.2020ci il tarixdə saat 00:45-də Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi BDYPİ-nin postundan 500-600 metr aralıda Bakı şəhəri istiqamətində yolun sağ kənarında baş verdiyini bildirmişdir. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, himayəsində azyaşlı uşağının olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ildə övladı X1 Nərman İlqar oğlu ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan bir azyaşlı övladları dünyaya gəlmişdir. xx.xx.2020-ci il tarixdə qızı Səbinə əri Nərmanla birlikdə Gəncə şəhərinə getmişlər. xx.xx.2020-ci tarixdə o, arvadı Samirə ilə birlikdə Gəncə şəhərinə getmiş, bir gün orada qalmışdır. xx.xx.2020-ci il tarixdə kürəkəni Nərmanın qardaşı övladının ad günü mərasimində olmuşdur. Onlar həmin ad günü mərasimində iştirak edib, saat 21 radələrində kürəkəni Nərman, qızı Səbinə, azyaşlı nəvəsi Laləzar və arvadı Samirə ilə birlikdə Gəncə şəhərindən Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Nərman maşına əyləşən zaman içkili olmuş, həmçinin yolda da maşını saxlatdıraraq özünə spirtli enerji içkisi alıb içmişdir. Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində olan karantin postunu keçdikdən sonra Nərman maşının tarpedasına yumruqla vuraraq maşını saxlamasını istəmişdir. O Nərmanı sakitləşdirmək istəsə də, onun sözlərinə məhəl qoymayaraq və onu söyüb təhqir etməyə başlamışdır. O maşını yolun sağına sürüb saxlamışdır. Nərman maşından düşmüş, maşının arxa qapısını açıb qızı Səbinənin qucağında olan azyaşlı övladını əlindən almış və belində olan bıçağı çıxarıb qızının boğazına tutmuşdur. Sonra onları qorxutmaq üçün bıçağı əlində oynatmağa başlamışdır. Sonra qucağında olan körpəni yerə atmışdır. Onun fikri yerə yıxılan nəvəsinə qarışmışdır. Həmin vaxt Nərman arvadı Samirənin üzərinə hücum çəkmişdir. O nəvəsini yerdən qucağına götürənə kimi arvadı Samirə bıçağı Nərmanın əlindən alıb kənara atmışdır. Nərman bıçaqla heç kimə xəsarət yetirə bilməmişdir. Arvadı Zərərçəkmiş şəxs kürəkəni tərəfindən xəsarət aldığından, buna görə də DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vuraraq, bu barədə məlumat vermişdir. Hadisə xx.xx.2020-ci il tarixdə saat 00:45-də Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi BDYPİ-nin postundan 500-600 metr aralı məsafədə Bakı şəhəri istiqamətində yolun sağ kənarında baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 Şahid1 ilə eyni məzmunlu ifadə verib onun dediklərini təsdiq etdi.. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 108) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu yoxdur (i.v. 118) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 3/1286 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavodu üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. (i.v. 125-128) Sübutların qiymətləndirilməsi və tövsif edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. İş üzrə X2 və X3 bədən səthi üzərində olan xəsarətlərin dərəcəsini müəyyən etmək mümkün olmadığından bu xüsusat üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət təqibinə xitam verilmiş və onun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Qaradağ RPİ-nin 11-ci PB-nə göndərilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığı üçün cinayət təqibi rədd edilmiş və zərəçəkmiş şəxs Şahid1 dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 128, 228.4-cü maddələrinə tövsif edilmiş və ona yenidən Azərbaycan Respublikası CM-nin 128, 228.4-cü maddələri ilə ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. İş üzrə hadisə yerindən götürülmüş 01 ədəd açılıb qatlanan Təqsirləndirilən şəxs məxsus bıçaq maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (i.v. 132-141) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla — üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cumaddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların mövcud olmasını, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinə təhvil verilidir. (CPM-132.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 işə qoşularaq ibtidai istintaq dövründə 62 (yetmiş beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 62 (altmış iki) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 372 (üç yüz yetmiş iki) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirimi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhəri Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinə təhvil verilsin. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 62 (altmış iki) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 372 (üç yüz yetmiş iki) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirimi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-58/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-58/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver