Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-60/2023 17.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 01 iyul 2022-ci il tarixdə X3 məxsus mağazaya qanunsuz daxil olmaqla 2055 manat dəyərində müxtəlif adda geyim əşyaları, 05 iyul 2022-ci il tarixdə X4 məxsus yaşayış evinə qanunsuz daxil olmaqla 600 manat dəyərində məişət əşyaları, 15 iyul 2022ci il tarixdə X2 məxsus yaşayış evinə qanunsuz daxil olmaqla 150 manat nağd pul və 100 manat dəyərində məişət əşyası, 25 iyul 2022-ci il tarixdə X6 evinə qanunsuz daxil olmaqla 600 manat nağd pul və 235 manat dəyərində müxtəlif əşyalarını gizli olaraq təkrarən taladıqdan sonra təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 30 iyul 2022-ci il tarixdə, saat 16:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağında yerləşən saxlanc yeri hesab olunan çəkməcədən bir ədədinin dəyəri 700 manat olan, bir ədədinin dəyəri 600 manat olan iki ədəd qızıl üzüyü, dəyəri 50 manat olan bir ədəd gümüş boyunbağı və dəyəri 25 manat olan bir ədəd gümüş üzük olmaqla ümumilikdə Zərərçəkmiş şəxs məxsus 1375 manat dəyərində əmlakı gizli talayaraq təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 iyul 2022ci il tarixdə saat 16:00 radələrində şəxsiyyəti istintaq araşdırması zamanı ona məlum olan vətəndaş Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1 ünvanında yerləşən fərdi evin həyətinə hasardan aşaraq daxil olmuşdur. Daha sonra evin plastik pəncərəsini itələyərək açıb evə daxil olmuş, evi axtardıqdan sonra yataq otağına daxil olmuş və güzgülü şkafın çəkməcəsindən iki ədəd qızıl üzüyü, bir ədəd gümüş dəsti, bir ədəd gümüş boyunbağını və bir ədəd gümüş üzüyü oğurlayaraq oradan çıxmış, qızıl-zinət əşyalarını satmaq məqsədi ilə Bakı şəhəri Yasamal rayonuna əvvəllər tanıdığı Rüfət adlı şəxsin yaşadığı evə getmişdir. Şahid1 “Kaktus” adlanan restoranın yaxınlığında meyvə-tərəvəz satışı ilə məşğul olduğu zaman ora müştəri qismində gedərkən tanımışdır. Rüfətə onda olan qızıl-zinət əşyalarının ailəsinə məxsus olduğunu bildirərək, satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsinin olmadığını, Rüfətdən qızılları öz adına satmağı xahiş etmişdir. Rüfətlə birlikdə Yasamal rayonu, Şərifzadə küçəsində, İnşaatçılar metrosunun yaxınlığındakı qızılın alğı-satqı mağazasına getmişlər. O, çöldə dayanıb gözləmiş, lakin Rüfət mağazaya daxil olmuş, qızıl məmulatlarını sataraq 465 manat pul ilə mağazadan çıxmış və pulu ona vermişdir. Həmin pulun 100 manatını Rüfətə borca vermiş, qalan pulları isə şəxsi xərcləri üçün xərcləmişdir. Daha sonra Rüfət həmin puldan 50 manatını ona qaytarmışdır. Əlavə olaraq qeyd etmişdir ki, həmin qızıl-zinət əşyalarının oğurluqla əldə etməsi barədə Şahid1 məlumatı olmamışdır. Daha sonra oğurluq hadisəsini maddi çətinlikləri ilə bağlı törətdiyini, əməlindən peşman olduğunu qeyd edərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə qızının evinə qonaq getmiş, həmin gecəni orada qalmış, ertəsi gün saat 15-16 radələrində evə qayıtmış, evə qayıdan zaman evin mətbəxinin pəncərəsinin açıq olduğunu görmüşdür. Evə daxil olanda evin yataq otağının dağınıq vəziyyətdə olduğunun şahidi olmuş, yataq otağına baxış keçirən zaman yataq otağından dəyəri 700 manat və dəyəri 600 manat olan qızıl üzüklərin, dəyəri 50 manat olan gümüş boyunbağının və dəyəri 25 manat olan gümüş üzüyün oğurlandığının şahidi olmuş, dərhal bu barədə polisə məlumat vermiş, baş vermiş oğurluq hadisəsi zamanı ona ümumilikdə 1375 manat maddi ziyan dəydiyini bildirmişdir. Bundan əlavə zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmiş, aralarında barışıq əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, yeddi ildir ki, lombard fəaliyyəti ilə məşğuldur. Həmçinin xx.xx.2022-ci il tarixdə bir nəfər tanımadığı şəxsin Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, onun istifadəsində olan qızılın alğı-satqı mağazasına gələrək şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş, özünəməxsus qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. O, həmin qızıl-zinət əşyalarını gündəlik bazar qiymətinə hesablayaraq həmin şəxsdən, yəni Şahid1 almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə onun yaşadığı evə gələrək ailəsinə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün sata bilmədiyini bildirmişdir. Onun xahişini nəzərə alaraq, Yasamal rayonunda, İnşaatçılar metrosunun yaxınlığındakı qızılın alğı-satqı mağazasına gedərək, Təqsirləndirilən şəxs özü ilə gətirdiyi qızıl-zinət əşyalarını ümumilikdə 465 manata satmışdır. Həmin puldan yaşadığı evin kirayə haqqını ödəməsi üçün Təqsirləndirilən şəxs ona 100 manat vermiş, növbəti gün isə o, həmin pulu geri qaytarmışdır. Cinayət işinə əlavə edilmiş 04 avqust 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-2-ci vərəqələrində olan 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus yaşayış evində baş vermiş oğurluq hadisəsi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin materiallarından başqa cinayət işi ayrılmış və ********* saylı cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 91-98-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 15 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, ona həmin həmin maddələr ilə yeni ittiham elan edilmişdir. Cinayət işinin 107-108-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan 04 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:50-də şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 25-29-cu vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 avqust 2022-ci il tarixli, 4(002)-138/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay, yəni 04 noyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 avqust 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 1(002)-368/2022 nömrəli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qaradağ Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 1(002)-321/2022 nömrəli hazırlıq qərarına əsasən həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Cinayət işinin 60-61-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 01 il şərti sınaq müddəti müəyyən edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 12 oktyabr 2016-cı ildə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 1(002)-30/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 04 avqust 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi baş ədliyyə müşaviri Orxan İsayev tərəfindən təsdiq edilmiş 05 aprel 2023-cü il tarixli Rəydən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ona həmin Məcəllənin 1772.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət təqibindən imtina edilmiş və onun barəsində cinayət təqibi CM-nin 177.2.3-cü maddəsi ilə davam etdirilməsi barədə rəyə gəlinmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilməsini və törətdiyi əməli səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 1(002)-30/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 04 avqust 2022-ci il tarixdən hesablanmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 1(002)-30/2023 saylı hökmü çıxarılmazdan əvvəl müəyyən olunduğundan hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 1(002)-30/2023 saylı hökmü ilə ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq, sonuncuya qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 04 avqust 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə 180 manat ödənilməlidir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 48 (qırx səkkiz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 180 (bir yüz səksən) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 48 (qırx səkkiz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 288 (iki yüz səksən səkkiz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 1(002)-30/2023 saylı hökmü ilə sonuncuya təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq, Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 04 avqust 2022-ci il tarixindən hesablansın. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 180 (bir yüz səksən) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 48 (qırx səkkiz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 288 (iki yüz səksən səkkiz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə onu aldığı andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-60/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-60/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver