Məhkəmə qərarları › İş №1(002)-60/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-60/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-60/2024 23.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2009-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, 320 nömrəli məktəbin 9-cu sinif şagirdi, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan ünvan 2nvanında qeydiyyatda olan və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən məcburi köçkünlər şəhərciyində, yaşayış binasının arxasında açıq sahədə cinsiyyət üzvünü çıxararaq masturbasiya edərkən, həmin binada yaşayan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona yaxınlaşıb etdiyi hərəkətlərin yaşadıqları binadan görüldüyünü deyərək haqlı etirazını bildirdikdə, ictimai qaydalara qarşı açıqca etinasızlıq göstərib və özünü ərtafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə birgəyaşayış və əxlaq normalarını kobud surətdə pozaraq heç bir səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə hücum edib əvvəlcə yumruq və təpiklə, eləcə də əlindəki plastik boru ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq sonuncuya sağ qulaq seyvanının, başın gicgah, başın alın nahiyələrinin, sol gözaltı və sol bud nahiyələrinin qançırları ilə müşayiət edilən, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, həmçinin hər iki əlləri ilə boyun nahiyəsindən tutub fiziki qüvvə tətbiq edib fənd işlədərək qüvvətli zərbə ilə yerə çırpmaqla sağ bazu sümüyünün cərrahi boynunun yerdəyişmiş sınığı ilə nəticələnən, dərəcəsinə görə ümumulikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə xuliqanlıq niyyətilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Şahid3 İspat qızının iştirakı ilə verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yaşayır. Atası təqaüddə olan polis nəfəridir. Anası Şahid3 xadimə işləyir. Qardaşı Əfrail hazırda hərbi xidmətdədir. O, Müşbiqabad qəsəbəsində 320 nömrəli məktəbdə 9-cu sinifdə oxuyur. Eyni zamanda qəsəbədəki Xocavənd-Tuğ kənd məktəbində pianodan musiqi dərslərinə gedir. Hər hansı bir psixi xəstəliyi yoxdur. Onlar fərdi həyət evində yaşayırlar. Yaşadıqları həyətdə bir baş iri buynuzlu mal saxlayırlar. Həmin inəyi adətən o, Müşviqabad qəsəbəsində məcburi köçkün şəhərciyinin arxasındakı boş otlaq sahədə otarır. İndiyədək orada olduğu müddətdə heç bir problem yaşanmamışdır. 16 avqust 2023-cü il tarixdə saat 17 radələrində o, bir baş inəyi həmin yerə otarmağa aparmışdır. Saat 20:30 radələrinədək orada olmuşdur. Hava artıq qaralmışdır və o, evlərinə qayıtmağa hazırlaşarkən iki nəfər tanımadığı təxminən onunla həmyaşıd olan yeniyetmələr ona yaxınlaşmışlar. Həmin vaxt o, əli ilə cinsiyyət orqanını qaşımışdır. Həmin oğlanlar ona demişlər ki, sən burada əxlaqsız hərəkət edirsən. O isə hər ikisinə demişdir ki, mən burada inək otarıram, əxlaqsız hərəkət etmirəm. Adını sonradan bildiyi Qadir adlı uşaq onunla mübahisə etməyə başlamış və onun ünvanına nalayiq söyüş söymüşdür. Onun yaxasından tutaraq demişdir ki, “səni təpiyimin altına salaram”. O, isə onun boynundan tutub hər iki əli ilə tutub yerə yıxmışdır. Qadir yerə yıxılanda onun yanındakı digər oğlan qaçıb getmişdir. Qadir yerə yıxılarkən ona təslim olduğunu dediyi üçün onu buraxmışdır və hər ikisi yerdən qalxmışlar. O, evə qayıdandan sonra anasına bu barədə danışmışdır. 17 avqust 2023-cü il tarixdə saat 19 radələrində o, yenə də inək otardığı ərazidə olarkən bir gün əvvəl dalaşdığı Qadirin valideynləri ona yaxınlaşmışlar. Onların yanında əlavə üç nəfər cavan oğlan da olmuşdur. Onlardan biri Qadirin böyük qardaşı olduğunu bildiyi şəxs ona hədə-qorxu gəlmişdir. Demişdir ki, “Sənsənmi mənim qardaşımı döyən?”. Qadirin atası ona bildirmişdir ki, “səni burada nəvaxt görsəm döyəcəm və inəyini də aparıb həyətimizə bağlayacıq”. O da qorxduğu üçün evlərinə getmişdir. Axşam bu barədə valideyinlərinə danışmışdır. Bundan sonra onlar öyrənmişlər ki, Qadir 10-cu PŞ-nə məlumat verib ki, o, Qadiri əlində olan boru ilə döymüşdür. Lakin belə hadisə olmayıb. O, Qadiri əli ilə tutub yerə yıxmışdır. Əlində olan borunu inək otaranda istifadə edir. Qadiri boru ilə vurmamışdır. Əli ilə və ayağı ilə də vurmuşdur. Qadirin dedikləri yalandır. Qadiri əli ilə, yumruqla, təpiklə vurmamışdır. Onunla əlbəyaxa olmuşdur. Hər iki əli ilə əli ilə onun boynundan tutub yerə yıxmışdır. Həmin vaxt onun qolu sına bilərdi. Lakin Qadirin dediyi kimi, onu əlindəki plastik boru ilə vurmamışdır. Onunla arasında dava-dalaş və mübahisə 10-15 dəqiqə davam etmişdir. Həmin vaxt ətrafda heçkəs olmamışdır. Qadirin yanında bir nəfər uşaq olmuşdur. O da qaçıb getmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Şahid3 İspat qızının iştirakı ilə məhkəməyə yazılı ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənildiyini bildirərək məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid2 iştirakı ilə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Müşviqabad qəsəbəsində valideynləri ilə birgə yaşayır. Orta məktəbin 9-cu sinfindən çıxmışdır. Atası İlqar fəhlə işləyir. Anası Elsanə isə Sulutəpə qəsəbəsində “Kola” şirkətində işləyir. Hər hansı bir xəstəliyi yoxdur. 16 avqust 2023-cü il tarixdə Müşbiqabad qəsəbəsində məcburi köçkünlər qalan ərazidə binalarının arxasında bir nəfər onunla həmyaşıd olan oğlanın cinsiyyət orqanını şalvarından çıxarıb əli ilə oynatdığını görmüşdür. Ona yaxınlaşıb nə üçün belə tərbiyəsiz hərəkət etdiyinin səbəbini soruşmuş, demişdir ki, binadan qadınlar baxır. Özünün də həmin binada yaşadığını, onun anasının və ya bacısının da onun tərbiyəsiz hərəkət etməyini görə biləcəklərini demişdir. Həmin oğlan isə onun dediklərindən utanmaq əvəzinə mübahisə etməyə başlamışdır. O da bir də həmin oğlana elədiyi hərəkətin tərbiyəsiz hərəkət olmasını deyib və yenə öz iradımı bildirəndə adının sonradan Raul olduğunu bildiyi oğlan əlindəki plastik su borusu ilə onun bədəninin müxtəlif nahiyələrinə vumağa başlamışdır. Onun boynundan hər iki əli ilə tutub zərblə möhkəm yerə çırpmışdır. Bu anda o, sağ çiynində dəhşətli ağrı hiss etmişdir. Raul onu yerdə də yumruq təpiklə vurmağa başlamışdır. Sonra isə durub çıxıb getmişdir. O, birtəhər yerdən qalxmışdır. Bu zaman sağ çiynində ağrılar daha da şiddətlənmişdir. Birtəhər evlərinə gedib hadisə barədə anasına danışmışdır. Həmin günü səhərədək qolunun ağrısından yata bilməmişdir. 17 avqust 2023-cü il tarixdə valideynləri onu həkimə aparmışlar. Xəstəxanada ona sağ çiyninin sınması diaqnozu qoyulmuşdur. O, bu hadisədən sonra bilmişdir ki, onu döyüb çiynini sındıran oğlan Müşviqabadda yaşayan Təqsirləndirilən şəxsdur. Raulla aralarındakı mübahisə, onun döyülməsi və yerə çırpması 5-10 dəqiqə davam etmişdir. Raul onu yerə yıxarkən əlindəki iki ədəd mobil telefon da zədələnmişdir. Raul onu qəflətən hər iki əli ilə boynundan tutub zərblə yerə yıxanda onun sağ çiyni zədələnib sınmışdır. Hadisə zamanı onun yanında başqa adam olmamışdır. Raul onun yaşadığı binanın arxasında cinsiyyət üzvünü çıxarıb hamının görə biləcəyi yerdə tərbiyəsiz hərəkət etdiyi üçün ona bu hərəkətinə görə öz iradını bildirmiş, Raul da onu döyüb yerə yıxmışdır. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid2 iştirakı ilə məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid3 İspat qızı şahid qismində ifadə verməkdən imtina etdiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Müşviqabad qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Raul Müşviqabad qəsəbəsində 320 nömrəli məktəbdə oxuyur. 16 avqust 2023-cü il tarixdə axşam saat 21 radələrində o, evdə olarkən oğlu Raul gəlib ona Müşviqabad qəsəbəsində inək otaranda iki nəfər uşağın ona yaxınlaşdığını, onlardan birinin adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi uşağın ona nə üçün burada əxlaqsız hərəkət etməsini deməsini danışmışdır. Oğlu Raul da ona heç bir əxlaqsız hərəkət etmədiyini demişdir. Buna görə oğlu Raulla həmin Qadir adlı uşağın arasında mübahisə olmuşdur. Qadir oğluna söydüyü üçün oğlu onun boynundan tutaraq yerə yıxmışdır. Başqa heç bir hərəkət etməmişdir. 16 avqust 2023-cü il tarixdə axşam saat 23 radələrində Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları onların yaşadıqları evə gəlmişlər. O, polis əməkdaşlarından öyrənmişdir ki, Qadirin valideyni oğlu Rauldan şikayət etmişdir. Bu hadisənin səhəri günü, yəni 17 avqust 2023-cü il tarixdə evdə olarkən Qadirin ailə üzvləri onların evinə gəlib hay-küy salmışlar. Onun anası Elsanə demişdir ki, uşağa nəzarət eləmirsən, küçədə inək otarır, üstəlik də onun oğlunu döymüşdür. Elsanə oğlunun qolunun sınmasını bildirmişdir. Əlində həkim resepti gətirmişdir. Oğlu Qadiri müalicə etdirməsini danışmışdır. O da Elsanəyə izah etmişdir ki, qanun-qayda çərçivəsində bu məsələ həll olunacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid2 şahid qismində ifadə verərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Müşviqabad qəsəbəsində məcburi köçkünlər şəhərciyində yaşayır. Zərərçəkmiş şəxs onun oğludur. Qadir orta məktəbin 9-cu sinifindən çıxmışdır. 16 avqust 2023-cü il tarixdə axşam saat 21 radələrində o, evdə olarkən oğlu Qadir gəlib onu yaşadıqları binanın arxasında inək otaran bir nəfər oğlanın döydüyünü və onu zərblə yerə yıxaraq qolunu sındırmasını demişdir. Həmin günü gec olduğu üçün evdə Qadirə özü ilkin tibbi yardım etmişdir. Səhəri günü həkimə aparanda oğlu Qadirin qolunun sınması aşkar edilmişdir. Bu hadisə ilə bağlı oğlunu döyən şəxsin kimliyini bilmək üçün hadisənin səhəri günü, yəni 17 avqust 2023-cü il tarixdə onun inək otardığı yerə getmişdir. Orada bir nəfər 15-16 yaşlı uşağı görmüşdür. Adının Raul olmasını öyrənmişdir. Həmin uşaqdan nə üçün oğlunu döyməsini soruşmuşdur. Rual yaxşı elədiyini demişdir. Onun arxasınca gedib yaşadığı ünvanı öyrənmişdir. Valideynlərinə onların uşağının oğlu Raulun qolunu sındırmasını demişdir. Əlində həkim reseptini gətirmişdir. Lakin onlar heç bir maddi yardım etməmişlər. Şahid, Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid1 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, avqust ayında axşam saatlarında o, evdə olarkən qardaşı Qadir yaşadıqları evə gəlmişdir. O, Müşviqabad qəsəbəsində Məcburi Köçkünlər şəhərciyində binanın arxasındakı boş sahədə inək otaran bir nəfər oğlanın onu əlindəki boru ilə döyməsini və yerə yıxmasını bildirmişdir. Həmin günü qardaşı Qadir qolunun ağrısından yata bilməmişdir. Səhəri günü valideynləri qardaşını həkimə aparmışlar. Onun qolunun sınması aşkar olunmuşdur. Onlar ailəlikcə bu hadisə barədə maraqlananda həmin uşağın ərazidə inək otarmasını öyrənmişlər. Anası onların binasının arxa tərəfindəki onun inək otardığı yerə getmişdir. Ona zəng edib qardaşını vuran uşağı tapdığını demişdir. O da həmin yerə getmişdir. Orada bir nəfər 15-16 yaşlarında bir nəfər kök orta boylu uşağın inək otarmasını görmüşlər. Anası və o ona yaxınlaşıb nə üçün qardaşını vurmasını soruşmuşlar. Ondan harada yaşamasını soruşarkən suallara cavab verəmişdir. Nə üçün qardaşını vurmağını anası Elsanə ondan soruşanda yaxşı elədiyini demişdir. Sonra anası ona evlərinə getməyimi tapşırmışdır. O da oradan uzaqlaşıb evlərinə getmişdir. Ondan yaşca kiçik olduğu üçün həmin uşağa heç bir zor tətbiq etməmişdir. Anası isə onun arxasınca evlərinə getmişdir. Onlar həmin uşağın Müşviqdə yaşayan Təqsirləndirilən şəxs olmasını bilmişlər. O, Raula hədə-qorxu gəlməmiş, ona qarşı heç bir formada zor tətbiq etməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 24 avqust 2023-cü il tarixli 598 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ bazu sümüyünün cərrahi boynunun yerinidəyişmiş sınığı, sağ qulaq seyvanının, başın gicgah, başın alın nahiyələrinin, sol gözaltı və sol bud nahiyələrinin qançırları bərk küt əşya (alət) təsirindən, müayinədən 2-4 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 320№-li tam orta məktəb tərəfindən verilmiş 14 sentyabr 2023-cü il tarixli 521№-li arayışından görünür ki, Təqsirləndirilən şəxs 2023-2024-cü tədris ilində Bakı şəhəri, Qaradağ rayonu 320№-li tam orta məktəbin 9-cü sinifində təhsil alır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 320№-li tam orta məktəbinin direktoru və sinif rəhbəri tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 2009-cü ildə Bakı şəhərində anadan olmuş 9-cü sinif şagirdi Təqsirləndirilən şəxs həqiqətən 2020-ci ildə 320№-li tam orta məktəbin 5-ci sinifinə daxil olmuş və hal-hazırda 9-cu sinifdə oxuyur. Oxuduğu müddətdə o özünü nizamlı-intizamlı göstərmiş, dərsə davamiyyəti yaxşı olmuş, yoldaşları ilə mehriban ünsiyyətdə olmuş, müəllimlərin hörmətini qazanmışdır. O, özündən böyüklərə hörmət özündən kiçiklərə qayğı ilə yanaşmışdır. Məktəbin içtimi işlərində yaxından iştirak edir və idmanı sevir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 16 noyabr 2023-cü il tarixli 44/598 nömrəli rəyinə əlavə rəydən görünür ki, 1.Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ bazu sümüyünün cərrahi boynunun yerinidəyişmiş sınığı, sağ qulaq seyvanının, başın gicgah, başın alın nahiyələrinin, sol gözaltı və sol bud nahiyələrinin qançırları bərk küt əşya (alət) təsirindən, müayinədən 2-4 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcələrinə görə sağ bazu sümüyünün cərrahi boynunun yerinidəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir, sağ qulaq seyvanının, başın gicgah, başın alın nahiyələrinin, sol gözaltı və sol bud nahiyələrinin qançırları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir.

2. Vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun sağ kürək nahiyəsi sağ el barmaq uclarına qədər əhatə edən tibbi gips sarğısında olduğundan onun konkret olaraq xəsarət yetirən küt əşyanın fərdi xüsusiyyətlərini görmək mümkün olmamışdır. Həmin sınığın xarakterine göre qeyd olunan xəsarət qərarın təsviri hissəsində göstərilən və eləcə də müxtəlif şəraitdə törənməsi mümkündür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 16 noyabr 2023-cü il tarixli 3169 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur. Emosionallıq, özünə qarşı hörmət tələb etmək, situativlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb təsvir etmək və düzgün ifadə vermək qabliyyətinə malikdir. Onda yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə, başqalarının təsiri altına düşməyə patoloji meyillilik əlamətləri müəyyən olunmadı. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, tərəflərin ifadəsini, dövlət ittihamçısının təklifini dinələyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməlməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab edlirlər. Azərbaycan Respublikası CPM-nin 428.2-ci maddəsinə görə cinayət prosessində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2009-cu il tarixdə doğulmuşdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, cinayət törədərkən yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası cinayət və cinayətprosessual qanunvericiliyinin yetkinlik yaşına çatmayan şəxslər barəsində müddəaları tətbiq olunmalıdır. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini həll edərkən hesab edir ki, ilk növbədə uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericiliklə yanaşı, həm də Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq hüquq normaları nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Məclisinin 29 noyabr 1985-ci il tarixdə qəbul etdiyi “Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar minimum standart qaydalar”a görə yetkinlik yaşına çatmayanın təqsirləndirildiyi cinayət işləri üzrə məhkəmə qərar qəbul edərkən və zəruri təsir tədbirləri seçərkən həmin tədbirlərin təkcə işin hallarına və hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipini deyil, həm də belə tədbirin yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğunluğu prinsipini rəhbər tutmalıdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 1-ci bəndinə əsasən iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan hər bir uşağın onunla elə bir rəftar hüququnu tanıyırlar ki, belə rəftar uşaqda ləyaqət və mənlik hisslərinin inkişafına kömək edir, uşaqda insan hüquqlarına və başqalarının əsas azadlıqlarına hörmət hissini möhkəmləndirir və bu zaman uşağın yaşını və onun reinteqrasiyasına və cəmiyyətdə faydalı rol oynamasına kömək göstərilməsinin arzu edildiyini nəzərə alır. Həmin Konvensiaynın 4-cü bəndinə əsasən uşağa qulluq, qəyyumluğa və nəzarətə dair əsasnamə, məsləhət xidmətləri, sınaq müddəti təyin edilməsi, tərbiyə verilməsi, təlim və peşə hazırlığı proqramları və müəssisələrdə uşağa qulluğu əvəz edən qulluğun digər formaları kimi müxtəlif tədbirlərin olması zəruridir. Bunlardan məqsəd uşaqla elə rəftarı təmin etməkdir ki, onun rifahına, habelə vəziyyətinə və cinayətin xarakterinə uyğun olsun. Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Məclisi tərəfindən 20 noyabr 1989cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 37-ci bəndinə əsasən heç bir uşaq qanunsuz və ya özbaşına azadlıqdan məhrum edilə bilməz. Uşağın həbsə alınması, tutulması və ya həbsxanaya salınması qanuna uyğun həyata keçirilir və yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müvafiq müddət ərzində tətbiq edilir. Həmin Konvensiyanın 40.3-cü bəndinə əsasən iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara bilavasitə aidiyyəti olan qanunlar, proseduralar, orqanlar və müəssisələr yaratmalı, o cümlədən zəruri və arzu olunan hallarda, belə uşaqlara insan hüquqlarını və hüquqi təminatları tam gözləmək şərti ilə, məhkəmə tədqiqatından istifadə etmədən rəftar edilməsi üçün tədbirlər görülməsini təmin etməlidirlər. Konvensiyanın müddəlarından göründüyü kimi cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara cəzanın son tədbir kimi tətbiq edilməsi, zəruri və arzu olunan hallarda məhkəmə araşdırmasından kənar təsir tədbirlərinin tətbiqi iştirakçı dövlətlərdən tələb edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyaya əlavə olaraq “Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı uşaq hüquqlarına” dair BMT Baş Məclisi tərəfindən 15 yanvar 2007-ci il tarixdə qəbul edilmiş 10 nömrəli Şərhin 22-ci bəndinə əsasən cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara dövlət orqanları 2 növ təsir tədbirləri həyata keçirə bilər: 1) məhkəmə araşdırması başlamadan görülən tədbirlər 2) məhkəmə araşdırması ilə müşayiət olunan tədbirlər. Lakin Komitə tərəfindən üzv dövlətlərin diqqətinə xüsusilə çatdırılmışdır ki, araşdırma gedişatında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsinə xüsusi həssaslıqla yanaşılmalı və bu hüquqların gözlənilməsinə tam təminat verilməlidir. Şərhin 23-cü bəndinə əsasən qanunla konfliktdə olan uşaqların, o cümlədən residivist uşaqların onların yenidən reinteqrasiyasında iştirak etmək və cəmiyyətdə ictimai faydalı işlərə cəlb edilmək hüququna malikdirlər. Həbs və ya azadlığın məhdudlaşdırılması təbdirləri ən son təsir tədbiri olaraq nəzərdən keçirilməlidir. Bununla əlaqədar olaraq yetkinlik yaşına çatmayanların işləri üzrə sosial-siyasi və ədalət mühakiməsi çərçivəsində elə geniş miqyaslı kompleks tədbirlər həyata keçirilməlidir ki, bu uşaqların qanuni mənafelərinə və rifahına, o cümlədən törətdikləri cinayətin xarakterinə uyğun gəlsin. Bu tədbirlərə isə qayğı, qəyyumluq və nəzarət, konsultativ xarakterli xidmətlər, sınaq müddətinin müəyyən edilməsi, tərbiyə, təhsil proqramları və peşə hazırlığı tədbirləri, o cümlədən institusional qayğını əvəz edən digər tədbirlər aid edilir. Şərhin 26-cı bəndinə əsasən Konvensiyaya üzv olan iştirakçı dövlətlər qanunla ziddiyyətdə olan uşaqlara münasibətdə məhkəmə araşdırması həyata keçirmədən müvafiq tədbirlərin tətbiq edilməsinin mümkünlüyünü öz daxili qanunvericilik sisteminin tərkib hissəsi olaraq qəbul etməli və bu istiqamətdə yetkinlik yaşına çatmayanların qanunla qorunan mənafelərini təmin etməlidir. 29-cu bəndin məzmununda Komitə tərəfindən iştirakçı dövlətlərinin diqqətinə çatdırılmışdır ki, qanunla konfliktdə olan uşaqların reinteqrasiyası maraqları onu tələb edir ki, müvafiq dövlət orqanları həmin uşaqların mühakimə edilməsi, sosial təcrid və ya barəsində mənfi informasiyanın yayılması kimi tədbirlərin tətbiq edilməsindən çəkinməlidirlər. Buna görə də qanunla konfliktdə olan uşaqlarla münasibət elə olmalıdır ki, bu onun reinteqrasiyası tələblərinə cavab versin, həmçinin bütün tətbiq ediləcək qanuni tədbirlər ona istiqamətlənməlidir ki, uşaq yaşadığı cəmiyyətdə faydalı şəxsiyyət kimi və cəmiyyətin ayrılmaz bir fərdi kimi formalaşsın. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik normaları da öz növbəsində yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə xüsusi həssaslıqla yanaşılmasını tələb edir, Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qanunla qorunan hüquqlarına dövlət tərəfindən tam təminat verilir və bu sahədə dövlət nəzarəti mexanizmi mövcuddur. O cümlədən, qüvvədə olan cinayət qanunvericiliyinə görə ümumi normalarla yanaşı yetkinlik yaşına çatmayanlara münasibətdə cəza təyin edilərkən həmin şəxslərin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli 4 nömrəli Qərarında qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxslər barəsində ədalət mühakiməsi ilk növbədə həmin şəxslərin mənafelərinə xidmət etməli və belə şəxs haqqında görülən təsir tədbirləri onların şəxsiyyətlərinə və qanunazidd əməlinin xarakterinə uyğunluq təşkil etməlidir. Bundan başqa “Yetkinlik yaşına çatmayanların cinayət işləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında məhkəmələr tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin törətdikləri cinayətlərə dair işlərə baxılarkən cinayət törətmiş yeniyetmələrin həyat və tərbiyə şəraitinin kifayət qədər araşdırılmadığı, cinayətlərin törədilməsinə imkan verən səbəb və şəraitin aşkar edilməsinə lazımi diqqət yetirilmədiyi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş yetkinlik yaşına çatmayanlar barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi ilə bağlı qanun normalarının təcrübədə tətbiqindən az istifadə olunduğu mənfi hal kimi qeyd edilmişdir Azərbaycan Respublikası CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli, 6 saylı Qərarının 1-ci bəndində qeyd olunur ki, məhkəmələr yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayət hadisələri haqqındakı işlərə bu kateqoriyalı işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yetkinlik yaşına çatmayan şəxslərin qanuni hüquqlarının müdafiəsinə, onların barəsində ədalətli cəzaların təyin edilməsinə, onlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına, bu cinayətləri doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirməlidirlər. Həmin Qərarın 18-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-nin 88-ci maddəsinə əsasən məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah və tərbiyə olunmasını mümkün hesab edərsə, həmin şəxsləri cinayət məsuliyyətindən azad edə bilər. Yetkinlik yaşına çatmayan şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun cinayət məsuliyyətindən azad olunması məsələsinin həlli zamanı nəzərə alınmalıdır ki, belə şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqinin mümkünlüyü nəticəsinə gəlmiş məhkəmə bu əsasla cinayət işinin icraatına həm məhkəmə hazırlıq iclasında, həm də məhkəmə baxışının nəticəsi olaraq xitam verə bilər. Həmçinin həmin Qərarının 19-cu bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası CM-nin 88-ci maddəsinin tələblərinə müvafiq olaraq yetkinlik yaşına çatmayan şəxs barəsində eyni zamanda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər (məsələn, xəbərdarlıq edilməsi və valideynlərin nəzarəti altına verilməsi, vurulmuş ziyanın ödətdirilməsi və asudə vaxtının məhdudlaşdırılması). Odur ki, məhkəmə törətdilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin yaşını, həyat və tərbiyə şəraitini və psixi inkişaf səviyyəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə sonuncunun islah olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, yetkinlik yaşına çatmamasını, öz əməlinə tənqidi münasibətinin olmasını, iş üzrə zərərçəkmiş şəxslə barışmasını və ilk dəfə olaraq az ağır cinayət törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88.1-ci maddəsi tətbiq edilməklə CM-nin 127.2.3-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməli və barəsində həmin Məcəllənin 88.2.1 və 88.2.2-ci maddələri tətbiq edilməklə “xəbərdarlıq” və “valideynlərin nəzarətinə vermək” növündə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməli, CM-nin 87.2-ci maddəsinə əsasən, valideynlərin üzərinə Təqsirləndirilən şəxs tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək, Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqları tam təmin edilməklə asudə vaxtı məhdudlaşdırılmaqla təhsili, tərbiyəsi, fiziki və əqli inkişafına müsbət təsir göstərə biləcək istiqamətlər üzrə köməklik göstərilməsi vəzifələri qoyulmalı, tərbiyəvi xarakterli məcburi tədbirlərin icrası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs valideynlərinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində tətbiq edilən tərbiyəvi xarakterli məcburi tədbirlər o, yetkinlik yaşına çatanadək qüvvədə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 25 saat, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 saat sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nın 88-ci və CPMnin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88.1-ci maddəsi tətbiq edilməklə CM-nin 127.2.3-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 88.2.1 və 88.2.2-ci maddələri tətbiq edilməklə ona “xəbərdarlıq edilsin” və “valideynlərinin nəzarətinə vermək” növündə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Azərbaycan Respublikası CM-nin 87.2-ci maddəsinə əsasən, valideynlərin üzərinə Təqsirləndirilən şəxs tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək, Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqları tam təmin edilməklə asudə vaxtı məhdudlaşdırılmaqla təhsili, tərbiyəsi, fiziki və əqli inkişafına müsbət təsir göstərə biləcək istiqamətlər üzrə köməklik göstərilməsi vəzifələri qoyulsun. Tərbiyəvi xarakterli məcburi tədbirlərin icrası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs valideynlərinə həvalə edilsin Təqsirləndirilən şəxs barəsində tətbiq edilən tərbiyəvi xarakterli məcburi tədbirlər o, yetkinlik yaşına çatanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərarın icrasına nəzarət Qaradağ Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar