Məhkəmə qərarları › İş №1(002)-60/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-60/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-60/2025 13.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Göygöl (Xanlar) rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, rəsmi qaydada işləməyən, Abşeron Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli hökmü ilə CM-nın 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 30 noyabr 2023-cü il tarixdən hesablanmış, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və hazırda Ədliyyə Nazirliyi Penitensiar 05 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xalası Zərərçəkmiş şəxs yaşadığı evdə xeyli miqdarda pul və qızıl zinət əşyalarının olduğunu bilərək həmin evdən oğurluq etmək qərarına gəlib, xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına gələrək, qapını bir neçə dəfə döyüb mənzildən səs gəlmədiyini görüb, evdə heç kimin olmadığından əmin olub bir neçə ay əvvəl Nailǝ Cəfərovanın onun idarə etdiyi avtomobilə düşürdüyü mənzilin açarını qapıya daxil edib qapını açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, mənzilin girişində sol tərəfdə yerləşən saxlanc yeri hesab edilen paltar dolabındakı qara rəngli çantanın daxilində olan, 1641 manat dəyərində 01 ədəd üzərində "750" damğası olan sarı rəngli qızıl qolbaq, 2280 manat dəyərində üzərində "583/585" damğası olan 01 ədəd sarı rəngli kulonlu qızıl boyunbağı, 512 manat dəyərində 01 ədəd qırmızıntıl rəngli üzərində "583" damğası olan qızıl üzük, 1838 manat dəyərində 01 dəst üzərində 99 ədəd rəngsiz şəffaf qaşları olan sarı rəngli qızıl sırğa cütü-üzük, 1562 manat dəyərində 01 ədəd Siferblatın iç tərəfində "3APЯ" yazısı olan qırmızımtıl sarı rəngli arxa hissəsində və qolbağın kuilid hissəsində "585" damğası olan qızıl qol saatını və 7900 manat nağd pul vəsaitini, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 15733 manat dəyərində əmlakı vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, rəsmi nigahı olmasada faktiki ailəlidir, cinayət nəticəsində vurulmuş ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, törətdiyi əməldən peşimandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. "MOSTBET" oyun platformasında 15000 manatdan çox pul uduzaraq üçün maddi sıxıntıları və borcları yarandığından, xalası Zərərçəkmiş şəxs Lökbatan qəsəbəsindəki evindən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə xalası Zərərçəkmiş şəxs əri Cavanşir Cəfərova zəng edərək ondan 800 manat borc istəmişdir. Cavanşir ona pulunun olmadığını bildirmişdir. O, borclarının çox olması səbəbi ilə xx.xx.2023-cü il tarixdə Cavanşirə yenidən zəng etmişdir, lakin Cavanşir onun zənglərinə məhəl qoymamışdır. Cavanşir dənizdə işlədiyi üçün fikirləşmişdir ki, yəqin dənizdədi telefona bu səbəbdən cavab vermir. Cavanşir 15 gün işdə, 15 gün evdə olur. Həmin gün onların yaşadığı Lökbatan qəsəbəsinə gələrək, 5-ci mərtəbəyə qalxmış mənzilin qapısını döyərək onları çağırmışdır. Lakin qapını heç kəs açmadığından ona məlum olmuşdur ki, xalası 1-5-ci günlər işdə olur və axşam eve gəlir. Evdən səs gəlmədiyindən Cavanşirin də evdə olmadığını güman etmişdir. Evə gəlmək məqsədi oradan oğurluq olmuşdur. Əgər xalası qapını açsaydı, guya telefonunun enerji yığması üçün onlara qoyacağını ona bildirəcəkmiş. Qapının açarı onda olduğundan sakitcə açarı cibinden çıxararaq qapını açmışdır. Açar bu ilin iyun ayında onun maşınında xalasının əlindən düşmüşdür.O da açarı maşında gizlətmişdir. Mənzilə daxil olaraq, evin sol hissesində yerləşən dolabın rəflərində qızıl-zinət eşyalarını və pulları axtarmağa başlamışdır. Orada qara çanta tapmış və çantanı açarkən pul kisəsinin, qızılların orda olduğunu görmüşdür. Dərhal onların hamısını götürərək qızılların olduğu qabları çantaya qoymuşdur və çantanıda götürdüyü yerə qoymuşdur. Evin qapısını bağlayaraq idarə etdiyi "Toyota Auris" markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturaraq oradan uzaqlaşmışdır. Bundan başqa bildirmişdir ki, o, xalası gildə olanda xalası toya hazırlaşanda güzgünün qabağında hazırlaşırdı və qızılları oradan götürüb taxırmış və o, bir neçə dəfə Cavanşirdən borca pul istəmişdir, Cavanşir həmin dolabdan ona pul vermişdir. Buna görədə həmin pulu və qızılı orada saxladıqlarını düşünmüşdür. Zərərçəkmiş şəxs Yunis qızına məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxs Yunis qızı məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyanın ödənildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmənin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Proses iştirakçılarını razılığı ilə Zərərçəkmiş şəxs Yunis qızının ifadəsi elan olunmuş kimi qəbul edilmişdir. Zərərçəkmiş şəxs Yunis qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə işdən çıxaraq qızı X3 yaşadığı Yasamal rayonunda yerləşən evinə getmişdir. Həmin vaxt evdə yalnız yoldaşı var idi. Qızı 1800 (min səkkiz) manat ona pul verərək saxlamağını xahiş etmişdir. O, saat 21 radələrində qızı gildən çıxıb evə yola düşmüşdür və saat 22 radələrində evə çatmışdır. Gecə yoldaşı ilə birlikdə evdə olmuşlar. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində qızının ona verdiyi 1800 (min səkkiz yüz) manat pulu evin dəhlizində olan dolabda qara rengli əl çantasının içərisindəki sellofanın içərisinə qoymaq istəyərkən həmin sellofanın içərisində olan 7900 (yeddi min doqquz yüz) manat pulun və qızıl-zinət əşyalarının oğurlandığını aşkar etmişdir. Həmin pulun 7200 (yeddi min iki yüz) manatını da qızı saxlamaq üçün ona vermişdir. Orada ümumi dəyəri təxminən 6000 (altı min) manat olan 02 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qol saatı, 01 ədəd qızı üçük və sırğa dəsti və 01 ədəd kişi üçün qızıl üzük olmuşdur. Nəticədə ona təxminən 13900 (on üç min doqquz yüz) manat maddi ziyan dəymişdir. O, həmçinin qeyd etmişdir ki, yaşadığı mənzil binanın beşinci mərtəbəsində yerləşir. Pəncərələrdə və giriş qapısında heç bir zor izi görməmişdir. Ona görə də oğurluğun hansı şəraitdə baş verdiyindən xəbərsizdir. Yoldaşı evdən çıxanda bəzən giriş qapısını bağlamadığından giriş qapısı açıq halda yatır. xx.xx.2023-cü il tarixdə o, işdən evə gəldiyi zaman təxminən saat 20 radələrində yataq otağında olan kiçik dolabın yerinin qismən dəyişdiyini aşkar etmişdir. Bu barədə yoldaşından da soruşduğu zaman yoldaşı xəbəri olmadığını bildirmişdir. Ötən həftə ərzində bir dəfə o, el çantasından xərcləmək üçün pul götürmüşdur və heç bir problem olmamışdır. O, evdən çıxdığı zaman həmişə qapını kilidləmişdir. Həmin oğurluq hadisəsi yoldaşı evdə olduğu son iki gün ərzində, yəni xx.xx.2023-cü il tarixdən sonrakı vaxtda və yoldaşının evi nəzarətsiz qoyduğu şəraitdə baş vermişdir. lik olaraq o, Seymurdan şübhələnmiş, Çünki Seymur bir neçə dəfə gəlib ondan borca pul istəyib o, da ona pul vermişdir. Düşünmüşdür ki, ailə üzvlərindən başqa pulun yerini yalnız Seymur bilir. Təxminən 3,4 gün sonra Seymur onlara gələrək üzrxahlıq edib qızılları ona qaytararaq bildirmişdir ki, puluda maşınını satıb geri qaytaracaqdır. Belə ki, Seymur bir həftə sonra puldan 4000 manatını ona geri qaytarmışdır. Lakin 3900 manatı hələdə geri qaytarmamışdır. Həmçinin əlavə olaraq bildirmişdir ki, 2023-cü ilin iyul aylarında evin açarını itirmiş lakin harda düşürdüyü barədə xatırlamadığını bildirmişdir. Şahid məhkəmə iclaslarının vaxtı və yeri barədə təkrarən məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı veridiyi ifadəsini təsdiq etdiyini, ailə vəziyyəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının onun iştirakı olamdan keçirilməsini xahiş etdiyini bildirmişdir. Proses iştirakçılarını razılığı ilə Şahid ifadəsi elan olunmuş kimi qəbul edilmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda Gəmirqayıma şirkətində işləyir və işi ilə əlaqədar olaraq 15 gün işdə 15 gün isə evdə olur. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Nailə qızı Rənanın Yasamaldakı evinə getmişdir. Borcları ilə əlaqədar olaraq Rəna ona dəstək olmaq üçün 1800 manat pul vermişdi. Saat 21 radələrində qızımgildən çıxıb evə gəlmiş və Nailənin ona dediyinə görə həmin pulu evin dəhlizində olan dolabda qara rəngli əl çantasının içərisindəki sellofanın içərisinə qoymuşdur. 1800 manat pulu ora qoyduqdan sonra portmanatda 7900 (yeddi min doqquz yüz) manat pulu olmuşdu. Həmçinin bildirmişdir ki, pulun yanındakı sellofanda isə qızılları da var imiş. Yoldaşı Nailə ona bildirdi ki, xx.xx.2023-cü il tarixdə pula ehtiyac olduğundan səhər dolabdakı çantanın ağzını açıb oradan pul götürmək istəyən zaman pulların və qızıllarının orada olmadığını görmüş İlk olaraq o, Seymurdan şübhələnmişdi. Çünki Seymur bir neçə dəfə gəlib ondan borca pul istəyib o da ona pul verməmişdi. Hadisədən 3,4 gün sonra Seymur onlara gələrək üzrxahlıq edib qızılları ona qaytararaq bildirdi ki, puluda maşınını satıb geri qaytaracaq. Belə ki, Seymur bir həftə sonra puldan 4000 manatını onlara geri qaytarmış. Lakin 3900 manatı hələdə geri verməmişdir İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6374-9/9455 №-li rəyindən görünür ki, təqdiqata təqdim edilmiş məlumatların tərkibi əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və s.) Cədvəl 1-də göstərilmişdir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim edilmiş məmulatarın xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti təxminən 7833,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “maddi sübutun tanınması haqqında” 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki, 1641 manat dəyərində 01 ədəd sarı rəngli kulonlu boyunbağı, 512 manat dəyərində 01 ədəd qırmızıntıl rəngli üzərində rəngli qolbaq, 2280 manat dəyərində üzərində "583/585" damğası olan 01 ədəd sarı 583" damğası olan üzük, 1838 manat dəyərində 01 dəst üzərində 99 ədəd rəngsiz şəffaf qaşları olan sarı rəngli cüt üzük, 1562 manat dəyərində 01 ədəd Siferblatın iş tərəfində "3APЯ" yazısı olan qırmızımtıl sarı rengli arxa hissəsində və qolbağın kuilid hissəsində "585" damğası olan qol saatı maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “maddi sübutun tanınması haqqında” 08 noyabr 2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş Cəfərova Nailǝ Yunus qızının yaşadığı ünvan 3 ünvanına protokolla baxış keçirilmiş və fotoşəkillər iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs İsayev X5 Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli hökmü ilə CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 30 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Belə ki, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 20 noyabr 2023-cü il tarixdə saat 17:00-da şübhəli şəxs kimi tutulmuş, 22 noyabr 2023-cü il tarixdə saat 12:05-də təqsirləndirilən şəxs kimi dindirilmə başa çatdıqdan sonra barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Qaradağ Rayon Məhkəməsinə təqdimatla müraciət edilmiş, məhkəmənin 4(002)-268/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, dərhal iclas zalından həbsdən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün kimi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1641 manat dəyərində 01 ədəd sarı rəngli kulonlu boyunbağı, 512 manat dəyərində 01 ədəd qırmızımtıl rəngli üzərində rəngli qolbaq, 2280 manat dəyərində üzərində "583/585" damğası olan 01 ədəd sarı 583" damğası olan üzük, 1838 manat dəyərində 01 dəst üzərində 99 ədəd rəngsiz şəffaf qaşları olan sarı rəngli cüt üzük, 1562 manat dəyərində 01 ədəd Siferblatın iç tərəfində "3APЯ" yazısı olan qırmızımtıl sarı rəngli arxa hissəsində və qolbağın kuilid hissəsində "585" damğası olan qol saatı Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 150 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırkı cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-576/2024 saylı 07 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş vahid cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Abşeron Rayon Məhkəməsinin 1(012)-576/2024 saylı 07 may 2024-cü il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzasının əvvəli 30 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 05 saylı cəzaçəkmə müəssisində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış 1641 manat dəyərində 01 ədəd sarı rəngli kulonlu boyunbağı, 512 manat dəyərində 01 ədəd qırmızıntıl rəngli üzərində rəngli qolbaq, 2280 manat dəyərində üzərində "583/585" damğası olan 01 ədəd sarı 583" damğası olan üzük, 1838 manat dəyərində 01 dəst üzərində 99 ədəd rəngsiz şəffaf qaşları olan sarı rəngli cüt üzük, 1562 manat dəyərində 01 ədəd Siferblatın iç tərəfində "3APЯ" yazısı olan qırmızımtıl sarı rəngli arxa hissəsində və qolbağın kuilid hissəsində "585" damğası olan qol saatı Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 saata görə 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 saata görə 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar