Məhkəmə qərarları › İş №1(002)-61/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-61/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-61/2023 26.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ saat 10:50 Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1969-cu il tarixdə Şirvan şəhərində (Əli-Bayramlı) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, 11 sentyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Binə Ticarət Mərkəzinin yaxınlığında olan dairəvi yolun kənarında yerləşən dayanacaqda olan zaman Zərərçəkmiş şəxs onun avtomobilini dayanacaqdan kənarlaşdırmaq tələbinə əhəmiyyət verməmiş, sonradan Zərərçəkmiş şəxs onun avtomobilin şüşələrinə əli ilə zərbələr endirməsini bəhanə edərək avtomobildən düşmüş heç bir əsaslı səbəb olmadan sonuncunu söyüb təhqir edərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən qərəzli hərəkətlər etmiş, ətrafda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını pozaraq, yaxasından tutub əvvəlcə özünə çəkib müvazinətini pozmuş, daha sonra zərbə ilə itələyərək qəsdən yerə yıxmış, ona başın ənsə nahiyəsinin qançır-şişkinliyi, sağ diz oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyindən ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvumaya aid xəsarətlər yetirərək şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM-in yaxınlığında olan dairəvi yolun üzərində yerləşən dayanacaqda qeyri-qanuni, Ələt qəsəbəsinə hərəkət edən mikro avtobusların nəzarətçisi kimi işləyir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM-in yaxınlığında olan dairəvi yolun üzərində yerləşən dayanacaqda işdə olan zaman iş yoldaşı Şahid dayanacaqda olan "X5" markalı, **-BF-*** markalı avtomobilin dayanacaqdan çıxarılmasını istəmiş, həmin avtomobili dayanacaqdan çıxarmaq məqsədi ilə avtomobilin sürücüsü, uzun illərdən bəri tanıdığı Təqsirləndirilən şəxs yaxınlaşmış və avtomobili dayanacaqdan çıxarmasını tələb etmiş, sonuncu onun tələbinə məhəl qoymadığından onun nəqliyyat vasitəsinə əli ilə zərbələr endirmişdir. Bu səbəbdən sonuncu ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs avtomobildən enərək onun üzərinə gəlmiş, onun köynəyinin yaxasından tutaraq yerə yıxmışdır. Baş verən hadisə zamanı o, yerə yıxılmış, sağ dizindən və baş nahiyəsindən xəsarət almışdır. Baş vermiş hadisə zamanı əynində olan qısaqol köynəyi və əynində olan şalvar cırılaraq yararsız hala düşmüşdür. Hadisə barədə o, "102" xidməti-zəng mərkəzinə məlumat vermişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı onun heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünə məxsus olan "Mercedes-Benz Sprinter" markalı, **-BF-*** markalı avtomobil ilə rayonlara sərnişin aparmaqla məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində "Mercedes- Benz Sprinter" markalı, **-BF-*** markalı avtomobil ilə yaşadığı Şirvan şəhərinə gedən zaman sərnişin mindirmək məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM-in yaxınlığında olan dairəvi yolun üzərində yerləşən dayanacaqda avtomobili saxlamışdır. Bu zaman həmin dayanacaqda qeyri-qanuni nəzarətçi kimi işləyən, uzun illərdən bəri tanıdığı Zərərçəkmiş şəxs ona məxsus olan avtomobilə yaxınlaşaraq avtomobili oradan çıxarmasını tələb etmişdir. Avtomobili çıxarmayacağını bildirən zaman isə Zərərçəkmiş şəxs avtomobilin pancərələrini yumruqlamağa başlamışdır. Bu zaman aralarında bu səbəbdən də mübahisə yaranmışdır. Daha sonra avtomobildən enərək Zərərçəkmiş şəxs yaxınlaşmış və onu idarə etdiyi avtomobildən uzaqlaşdırmaq məqsədi ilə sinə nahiyəsindən itələmişdir. Əlavə olaraq, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ilk dəfə cinayət törətdiyini bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin şəxsi münasibətlər zəminində və zərərçəkən şəxs Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanmasına baxmayaraq, xuliqanlıq hərəkətləri kimi qiymətləndirilib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəlcədən tanıyır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM-in yaxınlığında olan dairəvi yolun üzərində yerləşən dayanacaqdan sərnişinlərin daşınması ilə məşğul olur, Zərərçəkmiş şəxs isə mikro avtobusların nəzarətçisi kimi fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM-in yaxınlığında olan dairəvi yolun üzərində yerləşən dayanacaqda işdə olan zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini saxladığı əraziyə yaxınlaşaraq ondan həmin ərazidən uzaqlaşmağı tələb etmişdir. Həmin vaxt o, onların bilavasitə yanında olmasa da Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsinə əli ilə zərbələr vurduğunu görmüşdür. O, yaxınlaşarkən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsindən enərək Zərərçəkmiş şəxs itələmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşdırmış, Təqsirləndirilən şəxs isə nəqliyyat vasitəsini idarə edərək hadisə yerindən uzaqlaşmışdır. Müdafiə tərəfinin vəsatəti ilə dəvət olunmuş şahid X4 ifadəsində göstərmişdir ki, həyat yoldaşı ilə birlikdə Şirvan şəhərinə getmək üçün Təqsirləndirilən şəxs məxsus "Mercedes-Benz Sprinter" markalı, **-BF-*** markalı avtomobildə əyləşmişlər. Avtomobildə onlardan başqa bir neçə sərnişin də olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə yaxınlaşmış, onların olduğu avtomobilə yumruq zərbələri vurmuş və nalayiq ifadələr işlətmişdir. Buna görə o və avtomobildə olan digər şəxs yerə düşmüşlər. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində olan sərnişinlərdən əvvəl düşərək Zərərçəkmiş şəxs qolundan tutub kənara itələmişdir. Həmin vaxt Şahid də oraya yaxınlaşmış, bu zaman Zərərçəkmiş şəxs onun sinə nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Mübahisənin səbəbi ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq ondan park xidmətləri ilə bağlı 1 manat pul istəmiş, lakin sonuncu ona pul verməmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsinə zərbələr vurmuşdur. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işi başlanması haqqında 06 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Qaradağ RPİnin 10-cu PB-də toplanmış HK-1,2768 nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 35-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 59-cu vərəqəsində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 87-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X2 18 noyabr 2022-ci il tarixli, 41/666 saylı ekspert rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-başın ənsə nahiyəsinin qançır-şişkinliyi, sağ diz oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan qançırı-şişkinliyi bərk küt əşya təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 74-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən 04 noyabr 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinin 77-ci vərəqəsində olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 6870 nömrəli, 15 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və ailə tərkibi arvadı Kəmalə Qaraşova və oğlu Abuş Qaraşlıdan ibarətdir. Cinayət işinin 77-ci vərəqəsində olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən 12 iyun 2023-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona heç bir xəsarət yetirilməmişdir. Məhkəmə istintaqı zamanı tam həqiqəti bildirmişdir, ibtidai istintaq zamanı verdiyi ifadəsinin nəzərə alınmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq kimi cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini-ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Plenum daha sonra qeyd etmişdir ki, şərh olunan maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd olunur ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstərməməklə təqsirləndirilən şəxsə CM-nin 221.1.-ci maddəsi ilə daha çox ehtimallar əsasında ittiham elan etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, istintaq orqanı cinayət əməlinin məhz zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və dalaşma gedişində baş verməsi hallarını ətraflı araşdırmamışdır. Məhkəmə iclasında cinayət hadisəsinin məhz zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin üzərinə hücum çəkməsi, ona məxsus nəqliyyat vasitəsinə zərbələr vurması, ondan qeyri-qanuni şəkildə pul tələb etməsi nəticəsində baş verməsi halları həm zərərçəkmiş şəxsin, həm təqsirləndirilən şəxsin həm də şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlini tövsif edərkən hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin qarşısını alarkən baş verməsini nəzərə almamışdır. Bununla da tərəflər arasında yaranmış mübahisə zərərçəkən şəxsin təşəbbüsü nəticəsində baş verdiyindən xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli qaydada ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə sonuncunun təşəbbüsü ilə baş verən mübahisə nəticəsində olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş verdiyindən Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Azərbaycan Respublikası CPM-nin 318.1.-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını, münaqişənin şəxsi münasibətlər zəminində zərərçəkən şəxsin təşəbbüsü ilə başlandığını, onun hərəkətləri sonradan da ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 221.1ci maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir. Azərbaycan Respubikasının CPM-nin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə əsasən həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığına və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 ibtidai istintaq dövründə 25 (iyirmi beş) iş saatı, məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 (iyirmi səkkiz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən göstərilmiş 25 (iyirmi beş) saat hüquqi xidmətə görə 150 (bir yüz əlli) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 48 (qırx səkkiz) saat hüquqi yardıma görə 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 43.3, 40.2, 384.1 və Azərbaycan Respublikası CM-nin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən göstərilmiş 25 (iyirmi beş) saat hüquqi xidmətə görə 150 (bir yüz əlli) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 48 (qırx səkkiz) saat hüquqi yardıma görə 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar