Məhkəmə qərarları › İş №1(002)-61/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-61/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-61/2024 11.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi X7 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzası 06 ay müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, ev 4-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 24 noyabr 2023-cü il tarixdə saat 22:30 radələrində Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin və Qaradağ RPİ-nin X3 əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən avtobus dayanacağında saxlanılıb, Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilərək həmin tarixdə dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin ağ qızılı kağız kəsiyinə yığılmış təmiz çəkisi 0,253 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, hadisə baş verən ərəfədə səyyar qaydada metal qəbulu ilə məşğul olurmuş. “Papanin” deyilən ərazidə olarkən tanımadığı bir nəfər ona yaxınlaşaraq onda narkotik vasitə “şüşə” olduğunu, lazım olarsa ona verə biləcəyini bildirmişdir.O da həmin şəxsdən narkotik vasitə almış və istifadə etmək üçün cibində saxlamışdır. Həmin gün axşam radələrində hava almaq üçün həyətə düşmüş və dayanacaqda olarkən polis əməkdaşları ona yaxınlaşaraq bölməyə aparmışlar.Bölmədə o, üzərində olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Əməlindən peşmandır.Himayəsində azyaşlı uşağı var.Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin X5 əməliyyat müvəkkili, polis leytenantı Şahid1 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Qaradağ rayonu, Ümid qəsəbə sakini Rufət adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində narkotik maddə olması, barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş məlumatdan sonra o, Qaradağ RPİ-nin X4 əməliyyat müvəkkili Şahid2 və 38-ci PB-nin əməliyyat müvəkkili X6 ibarət əməliyyat qrupu yaradılmış, Bakı şəhəri. Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində müvafiq əməliyyat tədbirləri həyat keçirilmişdir. Həmin gün saat 22:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən avtobus dayanacağında əvvəlcədən daxil olmuş əməliyyat məlumatındakı zahiri görkəmcə Rufət adlı şəxsə yaxınlaşmış, özlərini təqdim edərək ona Qaradağ RPİ-nin 38-ci PB-nin və NMB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra onu Qaradağ RPİ-nin 38-ci PB-nə aparmışlar. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan video çəkliş aparılmaqla onun üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd siqaretin ağ qızılı kağız kəsiyinə yığılmış bükümü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu büküm açılmış, bükümün içərisində ağ rəngli, kristal şəklində psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümü içərisindəkinin psixotrop maddə olan şüşə olmasını, psixotrop maddənin özünə məxsus olmasını öz istifadəsi üçün Bakı şəhərində “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid Qaradağ PRİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 24 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 38 PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində Qaradağ PRİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Qaradağ RPİ-nin 38 PB-nin əməliyyat müvəkkili X10 və müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə şəxsi axtarış və götürmə aparılır.Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin açıq qızılı kağız kəsiyindəki bükümü çıxarıb masanın üzərinə qoyur. Həmin bükülü açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddə aşkar edilir. Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar edilmiş həmin 1 ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş bükümdəki “şüşə”dir (metamfetamin) və həmin maddəni “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata aldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparması müşahidə olunur, lakin sonuncunun üzərindən heç bir əşya aşkar edilmir. Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının 25 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/6169 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 47” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi- 0,253 qram olan ağ kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. İş materillarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7383 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekpertiza tədqiqatından sonra qalıq qalmış 0,203 qaram psixotrop maddə metamfetamen cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzası 06 ay müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olması, himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxanıldığı 02 (iki) gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 114 (bir yüz on dörd) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş 0,203 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 42 (qırx iki) saata görə 252 (iki yüz əlli iki) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul X7 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəsini alanadək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzasının əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 114 (bir yüz on dörd) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş qalıq çəkisi 0,203 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 42 (qırx iki) saata görə 252 (iki yüz əlli iki) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul X7 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar