Məhkəmə qərarları › İş №1(002)-61/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-61/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-61/2025 07.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncunun Azərbaycan Respublikası ərazisinə gətirdiyi “Kia Sorento” markalı minik avtomobilinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi və həmin avtomobilə dövlət qeydiyyat nişanının alınmasına köməklik göstərəcəyinə dair yalan vədlər verib onu aladadaraq Zərərçəkmiş şəxs qeyd edilən avtomobilə dövlət qeydiyyat nişanının alınmasına görə sonuncunun 26 sentyabr 2024-cü il tarixdə Birbank mobil tətbiqi vasitəsi ilə özünün istifadəsində olan "xxxx" ASC-yə aid 523915*******8114 nömrəli bank kartı hesabından Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə aid 416973*******7635 nömrəli bank kartı hesabına köçürdüyü 1.000 manat məbləğində pul vəsaitini və 28 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən şossesində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin qarşısında qeyd edilən avtomobilinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə köməklik göstərəcəyinə görə Zərərçəkmiş şəxs ona təqdim etdiyi 14.000 manat məbləğində pul vəsaitini, ümumilikdə 15.000 manat məbləğində pul vəsaitini alıb verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda 15.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, ölkə ərazisinə gətirilən avtomobillərin gömrük rəsmiləşdirilməsi və dövlət qeydiyyat nişanlarının alınması sahəsində fərdi qaydada brokerlik fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs da göstərdiyi xidmətlə əlaqədar tanımışdır. 2024-cü ilin sentyabr ayının sonlarında Firidun ona 2018-ci ildə istehsal olunmuş “Kio Sorento” markalı avtomobili ölkəyə gətizdirdiyini, həmin avtomobilin gömrük rəsmiləşdirilməsində və **-FF-*** dövlət qeydiyyat nişanın alınmasında köməkliyə ehtiyacının olduğunu bildirmişdir. Onlar qeyd olunan işlərin görülməsi üçün razılaşmışlar. 26 sentyabr 2024-cü il tarixdə Firidun dövlət qeydiyyat nişanın alınması üçün onun kart hesabına 1.000 manat köçürmüşdür. xx.xx.2024-cü il tarixdə isə zərərçəkmiş ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Aksizli Malların Baş Gömrük İdarəsinin qarşısında görüşmüş, avtomobilin gömrük rəsmiləşdirilməsi üçün 14.000 manat pulu ondan almış, lakin vəd verdiyi işləri yerinə yetirməmişdir. O, öz ifadəsində törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, vurduğu ziyanın 25%-ni dövlət büdcəsinə ödəniş etdiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs brokerlik fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışdır. 2024-cü ilin iyul ayında özünə aldığı 2018-ci ildə istehsal olunmuş “Kia Sorento” markalı avtomobilin gömrük qeydiyyatının aparılması üçün Təqsirləndirilən şəxs ilə 2024-cü ilin sentyabr ayının 25-də görüşmüş və razılaşmışlar. O, Təqsirləndirilən şəxs avtomobili üçün **-FF-*** qeydiyyat nişanlı almaq istədiyini bildirmiş və sonuncu ona bunun üçün 1.000 manat ödəniş etməli olduğunu demişdir. O, həmin pulu xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi bank kartı hesabına göndərmişdir. xx.xx.2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs avtomobilinin gömrük rəsmiləşdirməsindən keçirilməsi üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin qarşısında 14.000 manat vermişdir. Lakin bundan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmaqdan yayınmış, avtomobilin sənədləşdirilməsi üçün verdiyi vədləri həyata keçirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2025-ci il tarixdə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını və işin icraatına xitam verilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 14-cü vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin istifadəsində olmuş 416973******7635 nömrəli kart hesabına “Birbank” mobil tətbiqi vasitəsi ilə 523915*******8114 nömrəli kart hesabından 1.000 manat köçürmə etmişdir. Cinayət işinin 1-ci cildinin 33-34-cü vərəqələrində olan 29 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2024-cü il tarixdə saat 18:30-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 61-ci vərəqəsində olan 30 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 1-ci cildinin 71-72-ci vərəqələrində olan 30 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.(saat 13:30) Cinayət işinin 1-ci cildinin 91-95-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 107-ci vərəqəsində olan 12 dekabr 2024-cü il tarixli görüntülərin götürülməsi haqqında protokoldan görünür ki, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə “Whatsapp” mobil tətbiqində olan yazışmalar istintaqa təqdim edilmiş və həmin görüntülər cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 130-134-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 1-ci cildinin 147-148-ci vərəqələrində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 atası Təqsirləndirilən şəxsdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığın, onunla barışdığını və işin icraatına xitam verilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-nin Qaradağ filialı tərəfindən verilmiş 12379 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 25% rüsum ödənişi olaraq 3754 manat pul ödənilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici və zərərçəkmiş şəxsin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxsə tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində vurulmuş ziyanın 25%-ni, yəni 3750 manat miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 (yüz səksən) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73- 1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv olunsun. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 (yüz səksən) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar