Məhkəmə qərarları › İş №1(002)-62/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-62/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-62/2024 02.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, 12 avqust 1996-cı ildə Sabirabad rayonu, Güdəcühür kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində qeydiyyatda olmaq, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə heroin əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşıyarkən 18 sentyabr 2023-cü il tarixdə saat 19:10 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi 6 saylı binanın yaxınlığında saxlanılaraq Qaradağ RPİnin 38-ci polis bölməsinin inzibati binasına gətirilmiş və xidməti otaqların birində onun üzərinə vəkilin iştirakı ilə vidieoçəkiliş vasitəsi ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qırmızı rəngli gödəkçənin sol cibindən üzərində "AÜÜ" yazısı olan ağ-göy rəngli slindrik formalı plastik dərman qutusunun içərisində 7 ədəd üzəri gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0, 030 qram, 0, 040 qram, 0,021 qram, 0,035 qram, 0,027 qram, 0,025 qram, 0,027 qram, umumi təmiz çəkiləri 0,205 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır, hal-hazırda heç yerdə işləmir. Təxminən 3-4 il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. O, 17 sentyabr 2023-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən "Çentralnı" adlanan ərazidə olan zaman tanımadığı bir şəxslə tanış olmuşdur. Söhbət edərkən həmin şəxs ona heroin satdığını, ona heroin almağı təklif etmişdir. O da tanımadığı şəxslə bir bükümünü 10 manata razılaşaraq 70 manat verərək 7 büküm siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş narkotik vasitə olan heroin almışdır. O, həmin 7 ədəd bükümdəki heroini ondan alıb, istifadə etmək üçün üzərimdə gəzdirdiyi ağ-göy rəngli üzərində "ACC" yazısı olan dərman qutusunun içərisinə qoyaraq əynində olan qırmızı rəngli gödəkçənin cibinə qoymuşdur. Həmin gün imkan olmadığı üçün heroindən istifadə edə bilməmişdir. 18 sentyabr 2023-cü il tarixdə saat təxminən 19:10 radələrində yaşadığı evdən çıxıb gedərkən qəsəbədə yerləşən 6 saylı biananın yaxınlığında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməyini istəmişlər. O özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə dəvət etmişlər, o polis əməkdaşları ilə birlikdə 38-ci Polis Bölməsinə gəlmişdir. Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi ona təqdim edilmişdir. Bundan sonra üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl ondan hüquq və vəzifələrinin aydın olub-olmaması, müdafiəçisinə dair hər hansı bir etirazının olub-olmaması və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olub-olmaması soruşulmuşdur. O da hüquq və vəzifələrinin aydın olduğunu, müdafiəçisinə dair hər hansı bir etirazının olmadığını və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olmadığını bildirdikdən sonra üzərinə baxış keçirilmişdir. Həmin vaxt ilk olaraq, ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olubolmaması soruşulmuşdur, o könüllü olaraq, əynində olan qırmızı rəngli gödəkçənin sol cibindən içərisində 17 sentyabr 2023-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən "Centralnı" adlanan ərazidən tanımadığı şəxsdən 70 manat aldığı ağgöy rəngli üzərində "ACC" yazısı olan dərman qutusunun içərisinə qoyduğu yeddi ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş narkotik vasitə heroini çıxardıb masanın üzərinə qoymuşdur. Ondan həmin bükümdəkilərin içərisində nə olduğu soruşulduqda o həmin yeddi ədəd bükümdə olan maddənin heroin olduğunu, özünə məxsus olduğunu, 17 sentyabr 2023-cü il tarixdə saat təxminən 15 radələrində Binəqədi rayonunda Çentralnı adlanan ərazidən tanımadığı şəxsdən 70 manata aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar maddələr zərfə qoyularaq möhürlə möhürlənmişdir, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imzalarını etmişlər. Bundan başqa o billdirmişdir ki, Yaşadığı mənzildə və başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamış, narkotik vasitə heroini mütəmadi olaraq istifadə etdiyi üçün həmişə üzərində gəzdirmişdir. Üzərindən aşkar edilmiş 07 büküm narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə gətirilərkən və üzərinə baxış keçirilərkən ona heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı öz ifadəsində daha sonra istifadə etdiyi mobil telefon nömrəsində aşkar edilmiş “sms” mətnləri ilə bağlı bildirmişdir ki, onun nömrəsinə “sms” göndərmiş şəxsləri tanıyır, həmin şəxslər onun tanışları olmaqla narkotik vasitələrdən arada bir birlikdə istifadə edirlər. Belə ki, onlar birbirlərinə narkotik vasitə tapıb istifadə etməkdə köməklik göstərirlər. O cümlədən ***-***-**- ** saylı mobil nömrədən onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “mesaj” göndərən əvvəllər tanıdığı və yaxın münasibətdə olduğu Elşən adlı qonşusudur. Belə ki, Elşən ona mesaj yazan vaxtı çox pis vəziyyətdə olmuş və ondan istifadə etmək üçün narkotik vasitə istəmişdir. Oda Elşənin ağrılarına görə onun yaşadığı mənzilə gedərək istifadə etmək üçün Elşənə narkotik vasitə vermişdir. Elşən narkotik vasitəni çəkdikdən sonra o həmin mənzili tərk edərkən Elşən yenidən ondan narkotik vasitə istəmişdir. Oda Elşənə yenidən ağrıları başlayanda narkotik vasitə gətirmək üçün ona xəbər etməsini bildirmişdir. Lakin o narkotik vasitəni Elşənə pul müqabilində yox, sadəcə tanış olduqları üçün pay etmişdir. Eləcədə həmin sms mətinlərində olan “biri 30 manat 4 dənə lazımdı. Alındırırsan gəlim belə naz qəmzə etmək lazım deyil buna görə” ifadəsi ilə bağlı bildirmişdir ki, narkotik satan şəxslərlə münasibəti olduğu üçün birlikdə narkotik istifadə etdiyi şəxslərin xahişi ilə narkotik vasitənin əldə edilməsinə vasitəçilik etmişdir. O, son olaraq özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxladığını və törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 18 sentyabr 2023-cü il tarixdə Qaradağ RPİnin 39-ci PB-də xidmətdə olan zaman əməliyyat məlumatı almışlar ki, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yaşayan Əlinicat adlı şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olur. Bununla əlaqədar olaraq tərəflərindən əməliyyat qrupu yaradılmış və o əməliyyat qrupu ilə birlikdə Ümid qəsəbəsinə getmişdir. Həmin ərazidə onlar müşahidələr etməyə başlamışlar. Müşahidələr nəticəsində onlara məlum olmuşdur ki, Əlinicat Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən binanın yaxınlığındadır. Onlar göstərilən əraziyə gəlmiş və Əlinicat həqiqətən də orada olduğunu görmüşlər. Onlar 18 sentyabr 2023-cü il tarixdə təxminən saat 19:10 radələrində Əlinicat adlı şəxsə yaxınlaşaraq və özlərini təqdim edib onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və vəkil ona təqdim edildikdən sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçənin sol cibindən ağlı göylü plastik dərman qutusu üzərində "ACC lonq" kiril hərfləri ilə yazılmış qutunu çıxarıb masarının üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi dərman qutusunun içərisinə baxılarkən yeddi ədəd ağ rəngli siqaret kağzına bükülmüş büküm aşkar edilmişdir. Yeddi ədəd ağ siqaret kağzına bükülmüş bükülünün hər birinin içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik maddə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəkilərin içərisində nə olduğu soruşulduqda o, həmin yeddi ədǝd bükümdə olan maddənin heroin olduğunu, özünə məxsus olduğunu, 17 sentyabr 2023-cü il tarixdə saat taxminən 15 radələrində Binəqədi rayonu, “Centralni” Binəqədi adlanan ərazidən tanımadığı şəxsdən bir bükümü 10 manatdan yeddi bükümünə 70 manat verərək aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Büküm açılarkən içərisindən içərisində qəhvəyi rəngli, narkotik maddə heroinə oxşar maddə aşkar edilərək götürülmüş ekspertiza keçirilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Şahid, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid2 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4926 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 47" dairəvi möhür əksləri olan, "Şübhəli şəxs: Təqsirləndirilən şəxs "imza" " və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 ədəd plastik silindrik formalı dərman qutusunun içərisindəki 07 (yeddi) ədəd üzəri gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,030 qram; -0,040 qram; -0,021 qram; -0,035 qram; 0,027 qram; 0,025 qram; 0,027 qram, ümumi təmiz çəkiləri - 0,205 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş bir ədəd zərfdəki ümumi sayı 07 (yeddi) ədəd olan bükümlərdəki heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi: 0,205 qram, cəmi tədqiqata sərf edildi–0,070 qram, qalıq - 0,135 qram. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 10 oktyabr 2023-cü il tarixli, 6395 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 27 noyabr 2023-cü il tarixli, 3291 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin bölmənin polis sahə inspektoru, polis kapitanı X3 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçənin sol cibindən ağlı göylü plastik dərman qutusu üzərində "AÇÇ lonq" kiril hərfləri ilə yazılmış qutunu çıxarıb masarının üzərinə qoyur, Təqsirləndirilən şəxs təqdim etdiyi dərman qutusunun içərisinə baxdıqda yeddi ədəd ağ rəngli siqaret kağzına bükülmüş büküm aşkar edilmişdir. Həmin yeddi ədəd ağ siqaret kağzına bükülmüş bükülünün hər birinin içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik maddə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəkilərin içərisində nə olduğu soruşulduqda o, həmin yeddi ədəd bükümdə olan maddənin heroin olduğunu, özünə məxsus olduğunu, 17 sentyabr 2023-cü il tarixdə saat təxminən 15 radələrində Binəqədi rayonu, “Centralni” Binəqədi adlanan ərazidən adlanan tanımadığı şəxsdən bir bükümü 10 manatda yeddi bükümünə 70 manat verərək aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Büküm açılarkən içərisindən qəhvəyi rəngli, narkotik maddə heroinə oxşar maddə aşkar edilərək götürülərək ekspertiza keçirilməsi üçün qablaşdırılaraq və möhürlənmişdir. Məhkəmə baxışı zamanı ittiham tərəfinin vəsatəti əsasında Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin kimin adına olması, 18 avqust 2023-cü il tarixdən- 18 sentyabr 2023-cü il tarixədək həmin nömrələrə daxil olan və çıxan zənglərin, nömrələrin siyahısı, daxil olan və çıxan zənglərin anten dairəsi, daxil olan və çıxan “sms” lərin mətnləri və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alnmışdır. Məhkəmə baxışı zamanı "xxxx" MMC-dən 15 mart 2024-cü il tarixdə daxil olmuş 2498/24 nömrəli məktuba əlavə edilmiş 01 ədəd “CD” diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrəyə ***-***-**-** saylı nömrədən 27 avqust 2023-cü il tarixdə daxil olmuş sms mətinində göstərilmişdir ki: “Eli sən anaovun canı gələndən sonra mənə yox demə sən ölənlərinin goru”; Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı nömrədən 30 avqust 2023-cü il tarixdə daxil olmuş sms mətinində göstərilmişdir ki: “işə gedən var gəlmək isdəyirəm ümidə, hə yox elə gözləyim ya yox”; Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ***-***- **-** saylı nömrədən 31 avqust 2023-cü il tarixdə daxil olmuş sms mətinində göstərilmişdir ki: “biri 30 manat 4 dənə lazımdı. Alındırırsan gəlim belə naz qəmzə etmək lazım deyil buna görə” məzmunlu mesajlar göndərilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 07 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,030 qram, 0,040 qram, 0,021 qram, 0,035 qram, 0,027 qram, 0,025 qram və 0,027 qram ümumilikdə təmiz çəkisi 0,205 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq çəkisi 0,135 qram olan heroin maddi sübut kimi saxlanılması üçün Qaradağ RPİ-ə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə iş üzrə toplanmış sübutları müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsasən öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinin materiallarından da aydın olur ki, Təqsirləndirilən şəxs ilə müxtəlif mobil nömrələr arasında “Eli sən anaovun canı gələndən sonra mənə yox demə sən ölənlərinin goru”, “işə gedən var gəlmək istəyirəm ümidə, hə yox elə gözləyim ya yox” və “biri 30 manata 4 dənə lazımdı. Alındırırsan gəlim belə naz qəmzə etmək lazım deyil buna görə” və s. tipli mesaj mətnlərinin atılması müəyyən olunur. Bundan başqa Təqsirləndirilən şəxs götürülmüş 0,030 qram, 0,040 qram, 0,021 qram, 0,035 qram, 0,027 qram, 0,025 qram və 0,027 qram qram olan narkotik vasitələrin miqdarının bir-birinə çox yaxın ölçülərdə bükümlərə ayrılaraq üzərində saxlamaqla daşıması və həmin narkotik vasitələrin xarici əlamətlərinə və kimiyəvi komponent tərkiblərinə görə eyni olması bir daha onun satış məqsədi ilə narkotik vasitəni üzərində saxlamaqla daşımasına dəlalət edir. Bundan başqa Təqsirləndirilən şəxs özüdə məhkəmə istintaq zamanı verdiyi ifadəsində narkotik vasitələr əldə edərək tanıdığı digər şəxslərə istifadə etmək üçün verdiyini, eləcədə həmin şəxslərə narkotik vasitə tapmaq üçün vasitəçilik etdiyini göstərmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsindən görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşman olmasını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar 18 sentyabr 2023-cü il tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulmuş, 20 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxsin dindirilməsi 11:30-da başa çatdıqdan sonra “həbs” qətimkan tədbirinin seçilməsi ilə əlaqədar olaraq Qaradağ Rayon Məhkəməsinə təqdimat verilmiş, məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş və daha sonra Qaradağ RPİ-nin müstəntiqi Azər Həsənov tərəfindən təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən iki gün kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 89 (səkksənn doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qalıq çəkisi 0,135 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən istintaq zamanı 30 iş saatı, məhkəmə baxışı zamanı 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 02 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 89 (səkksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,135 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar