Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-62/2025 15.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X3, Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Zərdab rayonu, Çallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zərdab rayonu, Çallı kəndində pasport qeydiyyatında olmaqla ünvan 1 ünvanında yaşayan, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 il, 04 ay, 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X5 31 avqust 2024-cü il tarixdə, saat 11.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində Salyan şosesinin 28-ci kilometrliyində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət göstərdiyi binanın yaxınlığında həmin binanın əks istiqamətində açıq sahədə olan "xxxx" MMC-yə məxsus divarının qalınlığı 0.5 santimetr, uzunluğu 6 metr, eni 2 metr, hündürlüyü 2.90 metr olan, iki il ərzində istismar edilmiş 2500 manat dəyərində metal konstruksiyalı konteyneri öz cinayətkar planını həyata keçirmək üçün əvvəlcədən sifariş etdiyi “İSUZU” markalı, **-JK-*** dövlət qeydiyyat nömrəli evakuator vasitəsilə götürüb aparmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2024cü ilin yay aylarında o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində dəmiryol xətti ərazisində aparılan tikinti işlərində çalışmış və həmin tikinti işlərinin aparıldığı ərazinin yaxınlığında açıq sahədə konteynerin olduğunu müşahidə edərək görmüşdür. Maddi sıxıntıları olduğu üçün o, oğurluq edib pul əldə etmək barədə düşünmüşdür. Birr neçə gün sonra o, konteynerin olduğu əraziyə gedib oradan mobil telefon vasitəsilə həmin əraziyə evakuator sifariş etmiş, bir neçə dəqiqə sonra həmin əraziyə evakuator gəlmiş, evakuator sürücüsünün köməkliyi ilə konteyneri evakuatora yükləmiş, sürücü ondan konteyner barədə soruşduqda o da sürücüyə konteynerin özünə məxsus olmasını başqa bir ünvana apardığını demişdir.Oğurladığı konteyneri Xəqani adlı şəxsə satmış və pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmuşdur. Himayəsində iki azyaşlı uşağı var Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçkəmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Delta ASM Məhdud Məsuliyyətli Cəmiyyətində təchizatçı kimi işləyir. İşlədiyi şirkətə məxsus bir çox konteynerlər var, həmin konteynerlər şirkət tərəfindən bir sıra məqsədlər üçün, əsasən də saxlanc yeri kimi istifadə olumuşdur. 01 sentyabr 2024-cü il tarixdə şirkət ərazisində baxış aparılan zaman şirkətin yerləşdiyi bina ilə üzbəüz yolun əks istiqamətində açıq sahədə dəmiryolu xəttinin yaxınlığında olan 1 ədəd şirkətə məxsus konteynerin yerində olmadığı aşkar olunmuş, bundan sonra konteynerin tapılaraq müəyyən olunması ilə bağlı müəyyən tədbirlər həyata keçirilmiş, lakin, konteyner tapılmamışdır. Şirkət rəhbərliyinə bu barədə məlumat verilmiş, şirkət rəhbərliyinin təşəbbüsü ilə onun tərəfindən müvafiq ərazi polis orqanına hadisə ilə bağlı müraciət edilmişdir. Zərərçkəmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək oğurlanmış əmlakın geri qaytarıldığını və X2 şikayət-tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, AYF Beynəlxalq Kompaniyasında direktor müavini vəzifəsində işləyir. İşlədiyi şirkət Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Lökbatan dairəsi yaxınlığında yerləşir. 31 avqust 2024-cü il tarixdə o, şirkətin ərazisində gəzən zaman tanımadığı şəxs ona tərəf yaxınlaşmış və satılıq konteyneri olduğunu bildirmişdir. Təsadüfən də ona konteyner lazım imiş, o, Ruslana özünə konteyner lazım olduğunu, lakin, konteynerə baxdıqdan sonra yekun olaraq qərar verəcəyini bildirmişdir. Ruslan ona “sabah konteyneri evimdən bağ evinə aparacam, sabah sizinlə əlaqə saxlayaram” demiş, o da etiraz etmədən razılaşmış və sağollaşıb ayrılmışdır. Bir gün sonra Ruslan mobil telefon vasitəsilə ona zəng edərək konteynerə baxmaq istəyib-istəmədiyini soruşmuşdur. O da telefonda Ruslana konteynerə baxmaq istədiyini demiş, bir qədər sonra Ruslan evakuatorla birlikdə şirkətin ərazisinə daxil olmuş, Ruslan evakuatordan aşağı düşüb onunla görüşmüş, o da evakuatorda olan konteynerə baxmağa başlamışdır. Ruslandan konteynerin qiymətini soruşduqda Ruslan ona konteyneri 1500 manata satdığını demişdir. O, Ruslana ilkin olaraq 850 manat pulu vermiş, qalan 650 manat pulu isə həftənin ikinci günü ödəyəcəyini bildirmişdir. Bundan sonra o, konteyneri Ruslandan təhvil alıb 850 manat pul vermiş, Ruslan pulu aldıqdan sonra çıxıb getmişdir. Ruslan öz şəxsiyyət vəsiqəsinin şəklini “Watsapp” tətbiqi vasitəsi ilə ona göndərmişdir. Bir gün sonra o, işi ilə bağlı Qusar rayonuna getmiş, Qusar rayonunda olan zaman onun mobil telefonuna zəng edən şəxs polis əməkdaşı olduğunu və onun oğurluq konteyner almasını bildirmişdir. O da polis əməkdaşına mobil telefonda konteyneri hansı formada aldığını şifahi izah edərək hazırda Qusar rayonunda olduğunu demiş, o, işə qayıtdıqdan sonra onunla mobil telefon vasitəsilə əlaqə saxlayan polis əməkdaşı şirkətə gəlmiş və o, üzbəüz həmin polis əməkdaşına bu barədə ətraflı məlumat vermişdir. O, Ruslan Mahmudludan aldığı konteynerin cinayət yolu ilə əldə edilməsindən tamamilə xəbərsiz oluşdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, “156” yük daşıma xidmətində sürücü vəzifəsində işləyir.Qeyd edilən tarixdə ona yük daşıması ilə bağlı sifariş verilmiş və o da “Göy Zavod” adlanan ərazinin yaxınlığından konteyneri avtomobilə yükləyib “Lökbatan dairəsi” adlanan yerin yaxınlığında boşaltmışdır.Onun başqa məsələlərlə bağlı məlumatı olmamışdır. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi fakta görə tərəfimdən 10 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, X5 27 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə ittiham ona elan olunmuşdur. İş materiallarında olan 08 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş Delta ASM Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus konteynerə baxış aparılması haqqında protokoldan görünür ki, konteyner dəmir materialdan hazırlanmışdır. Konteynerin uzunluğu 6 metr, eni 2 metr, hündürlüyü 2.90 metr, qalınlığı isə 0.5 santimetr təşkil etmiş, konteynerin markası, modeli və digər texniki göstəriciləri barədə şirkətdə hər hansı bir məlumat olmamış, konteynerin təqribən 2 il ərzində istismar edilməsi və dəmir materialdan hazırlanması, həmçinin, konteynerin ön tərəfdən açılıb-bağlanan 2 qapısının olması müəyyən olunmuşdur. İş materiallarında olan 18 oktyabr 2024-cü il tarixli Şahid1 məxsus samsung markalı mobil telefonun yaddaş bazasında olan videogörüntüyə baxış aparılması haqqında protokoldan görünür ki, Şahid1 Ruslan Mahmudlunu mobil telefonun videokamerası vasitəsilə çəkərək “bu şəxs konteyneri satandır” deyir və konteyneri daşıyan İSUZU markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı evakuatoru göstərir. Videoçəkiliş zamanı konteynerin İSUZU markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı evakuatordan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsində yerləşən AYF Beynəlxalq Kompaniyasının ərazisində açıq sahəyə düşürülməsi müşahidə olunur. Həmçinin, videoçəkiliş zamanı Şahid1 Ruslan Mahmudludan konteynerin oğurluq olub-olmamasını soruşaraq dəqiqləşdirir və Ruslan Mahmudlu da öz növbəsində “ayıb olar əmi, başımla cavabdehəm, arxayın ol əmi! istəyirsənsə şəxsiyyət vəsiqəmi sənə atım” deyərək cavab verir və Şahid1 həmin konteynerin oğurluq olmadığına inandırması müəyyən olunur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/8354 nömrəli rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd divarının qalınlığı 0.5 santimetr, uzunluğu 6 metr, eni 2 metr, hündürlüyü 2.90 metr olan və iki il ərzində istismar edilmiş dəmir konteynerin hadisə baş verən tarixə, yəni 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 2500.00 manat müəyyən edilir. İş materillarında olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli hökmündən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 03 ay azadlıqdan məhrumetmə cəzası hazırki cəza ilə qismən toplanmaqla 03 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 01 ay 18 gün nəzərə alınaraq üzərində qəti olaraq 03 il 04 ay 12 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış və cəzasının əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X5 barəsində qətimkan tədbiri seçilməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, X3 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. X3 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən X3 vurulmuş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən X3 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər eyni əmələ görə dəfələrlə məhkum olunmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, X4 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 66.5.-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, X5 hazırki cinayət işi üzrə cinayət əməlini barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir.Ona görə də X5 cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X3 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə müəyyən olunmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə nəzərə alınmış həbsdə olduğu 01 (bir) ay 18 (on səkkiz) gün ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən X5 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. X4 təyin edilmiş cəzanın əvvəli, ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın əvvəlinin hesablandığı vaxtdan, yəni 23 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, X5 hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən onun barəsində qətimkan tədbirinin seçilməsinə zərurət yoxdur. İş üzrə 50 (əlli) manat ekspertiza xərci X2 tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İbtidai istintaq zamanı X4 göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı X4 göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən X4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki cəza ilə qismən toplanılmaqla ona 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən X3 həbsdə olduğu 01 (bir) ay 18 (on səkkiz) gün nəzərə alınmaqla üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. X3 hal-hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci X2 tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01ədəd DVD disk iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı X4 göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı X4 göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-62/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-62/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver