Məhkəmə qərarları › İş №1(002)-63/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-63/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-63/2023 15.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 34 saylı evin yaxınlığında olarkən, inzibati ərazidə xidmətdə olan Qaradağ RPİnin CAŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz daşımasında şübhəli bilinərək həmin yerdə saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilmiş, dəvət edilmiş müdafiəçinin iştirakı ilə saat 21:05 radələrində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən əynində olan boz rəngli cins şalvarının qabaq sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,202 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ona ünvanlanmış sualları cavablandırarkən göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində Qızıldaş qəsəbəsində yerləşən karxana istiqamətinə olan yolda təsadüfən dövlət qeydiyyat nişanını xatırlamadığı Kamaz markalı avtomobilin tanımadığı sürücüsü ilə rastlaşmışdır. Onunla söhbət zamanı narkotik alüdəçisi olduğunu bildikdən sonra əhali arasında “patı”, “şüşə” adlandırılan narkotik vasitə hesab edilən metamfetaminin 1 dəfə istifadə üçün hazırlanmış 1(bir) bükümünü 10 manata satdığını öyrənmişdir. Onunla razılaşaraq 10 manat vermiş, 1 (bir) büküm, psixotrop maddə hesab edilən metamfetamin alaraq istifadə etmək üçün əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün yəni xx.xx.2022-ci il tarixdə saat 19:20 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 34 saylı evin yaxınlığında olarkən mülki geyimdə iki nəfər ona yaxınlaşaraq özlərini Qaradağ RPİ-nin əməkdaşları kimi təqdim etmiş və onun narkotik alüdəçisi, üzərində narkotik daşımasında şübhəli olması səbəbi ilə 38-ci PB-yə gətirmişlər. Polis bölməsində polis nəzarətində olduğu üçün həmin bükümü cibindən çıxarıb kənara atmaq imkanı olmamışdır. Orada şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuşdur. Xidməti otaqların birində polis əməkdaşları ona xəbərdarlıq edərək videoçəkiliş aparmaqla, həmçinin ona təqdim edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparmazdan əvvəl üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyaları təqdim etməsini təklif etmişlər. O da şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən həmin aldığı bir bükümü çıxararaq masanın üzərinə qoymuş və həmin bükümün içərisində “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Verilən sallara cavab olaraq bildirmişdir ki, hazırda narkotik vasitə istifadə etmir. Əməlindən səmimi peşman olmasını, özünü təqsirli bilməsini, evli olmasa da anasının onun himayəsində yaşamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntü ilə və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ilə xidmətdə olduğu zaman saat 19:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 34 saylı evin yaxınlığında hərəkət və əlamətlərindən qanunsuz narkotik vasitələrin və ya psixotrop maddələrin istifadə etməsindən şübhələndikləri üçün bir nəfər şəxsi saxlamış və Qaradağ RPİ-nin 38-ci PB-yə dəvət etmişlər. Qaradağ RPİ-nin 38-ci PB-də həmin şəxsin Qaradağ rayon Qızıldaş qəsəbəsi sakini Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması məqsədi ilə hüquqlarının müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə, videoçəkliş aparmaqla, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddə və əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən bir ədəd büküm çıxararaq masanın üzərinə qoymuş, həmin bükümün içərisində «şüşə» yəni metamfetamin olmasını, öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 18-ci vərəqəsində olan 09 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:30-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 59-60-cı vərəqələrində olan 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 46-cı vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə ittiham elan edilmişdir. Cinayət işinin 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2022-ci il tarixli 6/5049 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs (imza)” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.202 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetamin təmiz çəkisi 0,202 qram, tədqiqata sərf olundu – 0,050 qram, qalıq 0,152 qramdır. Cinayət işinin 35-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 74-75-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 28 sentyabr 2022-ci il tarixli 5589 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixosimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 71-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 noyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işinə 18 iyun 2019-cu il tarixdə CPM 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin 72-ci vərəqəsində olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departementi Qaradağ rayon MKTB-in 126 saylı MKİS tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 34 saylı evin 37-ci mənzilində yaşayır və ailə tərkibi X4 ibarətdir. Cinayət işinin 73-cü vərəqəsində olan 126 saylı MKİS-in rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. Onun barəsində Qızıldaş qəsəbəsi 126 MKİS-ə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 76-cı vərəqəsində olan 01 dekabr 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0.202 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq 0.152 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 77-80-ci vərəqələrində olan 01 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti Qaradağ RPİ-nin 38-ci polis bölməsinin xidməti otaqlarının birində videoçəkiliş aparılmaqla həyata keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla saxlanması qadağan edilmiş əşya və ya predmetin könüllü təqdim olunması təklif edilir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1-ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümünün içərisində nə olduğu ondan soruşularkən həmin maddənin psixotrop maddə hesab edilən "şüşə" (metamfetamin) olduğunu, xx.xx.2022-ci il tarixdə, səhər saat 11:30 radələrində Qızıldaş qəsəbəsində karxana yolundan tanımadığı “Kamaz” nəqliyyat vasitəsini idarə edən şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən "kristala" bənzər psixotrop maddədən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, 1-ədəd ağ-qızılı kağız bükümün içərisinə baxdıqda orada ağ rəngli, kristal şəkilində maddə müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş, bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan videogörüntü ilə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkəmə iclasında davranışını, özünü təqsirli bilməsinə baxmayaraq, əməlini səmimi etiraf etməkdən yayınmasını, bir qədər qapalı davranmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən onlardan uzaqlaşmağa çalışmasını (c.i. 6-cı vərəq), narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, həmçinin narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, cəmiyyətin maraqlarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun 09 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək, yəni 01 (bir) gün tutulduğu müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 15 fevral 2023-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X3nın 28 sentyabr 2022-ci il tarixli 5589 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Qaradağ RPİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,152 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1, məhkəmə istintaqı dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək yəni 01 (bir) gün tutulduğu müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,152 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1, məhkəmə istintaqı dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən həbsdə saxlanılan məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar