Məhkəmə qərarları › İş №1(002)-64/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-64/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-64/2023 04.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, X1, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 09 sentyabr 2022-ci il tarixdə saat 01:45-də özünü şübhəli apardığı üçün Qaradağ RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 16 nömrəli yaşayış binasının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Musəvi 7 ünvanında yerləşən Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət edilmiş və orada xidməti otaqlardan birində video çəkilişlə müdafiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,298 qram qəhvəyi rəngli maddə kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən tutulmamışdan 5-6 ay əvvəldən başlayaraq kakos, yəni narkotik vasitə olan heroin istifadə etmişdir. O, şəxsi istifadəsi üçün heroini ayrı-ayrı şəxslərdən əldə etmişdir. Sonuncu dəfə 07 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində, “Kubinka” kimi deyilən yerdə olan vaxt bir nəfər üzdən tanıdığı şəxslə təsadüfən söhbət edən zaman onun da narkotik vasitə heroin, yəni kakos istifadəçisi olduğunu bilmişdir. Ondan şəxsi istifadəsi üçün heroin istəmiş, həmin şəxs də ona bunu təşkil edə biləcəyini demişdir. Təxminən bir neçə dəqiqə sonra onun yanına gəlib bir ədəd gümüşü rəngli siqaret kağızında olan büküm verib içərisində heroin olduğunu demiş və əvəzində ondan 10 manat pul istəmişdir. O da onunla razılaşıb həmin bükümü alıb 10 manat pul vermiş, bükümü də əynində olan qara rəngli şalvarının sol yan cibinə qoymuşdur ki, istifadə edər. Həmin büküm cibində qalmışdır. 09 sentyabr 2022-ci il tarixdə, gecə saat 01.45 radələrində yaşadığı 16 nömrəli binanın qarşısında dayanmış, bu zaman mülki geyimli şəxslər ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Həmin vaxt o, polis əməkdaşlarını görüb özünü itirmiş və onun davranışı polis əməkdaşlarının diqqətini çəkdiyi üçün onu 10-cu PBnə dəvət etmişlər. O da həmin polis əməkdaşları ilə birlikdə 10-cu Polis bölməsinə gəlmiş, bölmədə o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra polis bölməsində vəkilin, polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində hər hansı qanunsuz əşya və vasitə varsa təqdim olunması təklif olunmuş, o, əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızında olan bükümü və cibində olan 5 manat pulu təqdim edib masanın üzərinə qoymuşdur. Həmin büküm açılaraq baxış keçirilmiş və içindəkinin nə olduğu ondan soruşulduqda o, bükümün içərisindəkinin kakos, yəni narkotik vasitə olan heroin olduğunu, həmin gün “Kubinka” deyilən yerdə üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını demiş, üzərində şəxsi axtarış keçirilsə də başqa hər hansı bir qanunsuz əşya aşkar edilməmiş, bundan sonra həmin büküm qablaşdırılmış və protokol tərtib edilmişdir. Bütün iştirakçılar kimi o da zərfi və protokolu imza etmişdir. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını, həmişə özünün qəbul etmək üçün aldığını bildirmişdir. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, bundan başqa həyat yoldaşı və xəstə anasına da onun baxdığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. xx.xx.2022-ci il tarixdə saat 01:45 radələrində CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 16 nömrəli binanın yaxınlığında xidmətdə olduğu zaman bir nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını müşahidə etmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsə özünü təqdim etməyi təklif edən zaman həmin şəxs onların suallarına cavab verərkən gözlərinin axmasını, davranışları, eləcə də həyəcanlanmasını və verilən suallara qeyrimüəyyən cavab verməsi ilə həmin şəxsdə narkotik vasitə olması şübhələrini daha da artırmış, həmin şəxsi Qaradağ RPİ-nin 10-cu PB-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1987-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxsdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması şübhəsi yarandığından 10-cu polis bölməsinin təhqiqatçısı Orxan Ocaqov tərəfindən şübhəli şəxs qismində tutulmuş və polis bölməsinə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsindən ötrü Bakı şəhər 10 saylı Vəkil Bürosundan vəkil X9 dəvət edilmişdir. Daha sonra polis bölməsində təhqiqatçı Orxan Ocaqov tərəfindən onlar və dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, büküm açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Kubinka adlanan yerdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat müqabilində aldığını bildirmiş, aşkar olunmuş maddə tərəflərindən götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və DİN-nin “Zərflər üçün” 47 saylı möhürü ilə üzəri möhürlənmiş, onunla birlikdə bütün iştirakçılar həm zərfin üzərini, həm də tərtib edilmiş protokolu imzalayaraq təsdiq etmiş, bununla da şəxsi axtarış və götürmə başa çatmışdır. Şahid Qaradağ RPİ-nin CAŞ-nın kiçik inspektoru Şahid2 isə məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2022-ci il tarixli, 6/5007 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 222” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən..” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,298 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,298 qr., sərf edildi: 0,05 qr., qalıq: 0,248 qr; Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X16 Şəxsi Ambulator X2 05 noyabr 2022-ci il tarixli, 6651 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, 09 sentyabr 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,298 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,248 qram narkotik vasitə heroin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağına verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid1, Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar edilmiş həmin 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdəki “kakos” adlanan narkotik vasitə heroindir. Həmin heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Kubinka adlanan yerdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat müqabilində aldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparması müşahidə olunur, lakin sonuncunun üzərindən heç bir əşya aşkar edilmir. Həmin büküm zərfə qoyularaq möhürlənməsi video görüntü zamanı qeydə alınır. İş materiallarında olan Mənzil-Kommunal Təsərrüfatı Birliyi 152 saylı MKİS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 16, mənzil 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Onun ailə tərkibi anası və bacısından ibarətdir. İş materiallarında olan Mənzil-Kommunal Təsərrüfatı Birliyi 152 saylı MKİS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs və onun ailəsindən qonşular tərəfindən heç bir şikayət daxil olmayıb. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə X5 ilə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X7 və xx.xx.2013-cü il tarixdə doğulmuş X6 atası Təqsirləndirilən şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin, Bakı şəhəri Səbail RPİnin və Bakı şəhəri Səbail rayon Prokurorluğunun məktublarından görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı hökm və ya qərar çıxarılmamış, onun məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 09 sentyabr 2022-ci il tarixdə saat 01:45 radələrində saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 10 sentyabr 2022-ci il tarixdə, saat 16:00da barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyi ona elan edilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı 02 (iki) gün kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,248 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,248 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar