Məhkəmə qərarları › İş №1(002)-65/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-65/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-65/2021 11.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 22 oktyabr 2020-ci il tarixdə saat 20:00 radələrində Qaradağ RPİ-nin NMB-si və CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən «Səba dönər» kafesinin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu polis bölməsinin inzibati binasına gətirilmiş, orada videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sol döş cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,183 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək 6-7 il olar ki, narkotik vasitə olan heroin istifadə etdiyini qeyd edib ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır, özü heç bir yerdə işləmir. 22 oktyabr 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində «Kubinka» adlanan ərazidən keçib gedərkən tanımadığı şəxs ona yaxınlaşaraq heroin satdığını bildirmişdir. O da razılaşıb həmin şəxsdən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş heroini 5 manata almış və əynində olan gödəkçəsinin sol döş cibinə qoyaraq yaşadığı evə getmişdir. Həmin gün saat 22:00 radələrində narkotik vasitəni qəbul etmək üçün yaşadığı evdən küçəyə çıxmış, evin qarşısında olarkən üç nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və onu 10-cu polis bölməsinə dəvət etmişlər. Bölmədə hüquqlarını izah etdikdən sonra ona təqdim edilmiş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində axtarış aparılmışdır. Əvvəlcə ona üzərində olan bütün əşyaları könüllü olaraq çıxarıb təqdim etməyi təklif etmişlər. O, əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sol döş cibindən qızılı rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Polis əməkdaşları ondan həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı məqsədlə, neçəyə əldə etdiyini soruşmuşlar. O isə narkotik vasitəni həmin gün tutulmamışdan əvvəl «Kubinka» adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 5 manata aldığını bildirmişdir. Bundan başqa üzərindən özünə məxsus «Nokia» markalı mobil telefon cihazı, bir ədəd kibrit qutusu, bir ədəd qələm, içərisində bank və vizit kartları olan qara rəngli dəridən pul kisəsi də aşkar olunmuşdur. Təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, tərəflərindən imzalanmış və möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Həmin narkotik vasitə olan heroini özü qəbul etmək məqsədi ilə üzərində saxlamış, ondan qəbul etməmişdir. O, narkotik vasitəni tək qəbul edirmiş, bu barədə heç kimə bildirməmiş, narkotik maddə olan heroini gizli qəbul etmişdir. Narkotik vasitə heroini aldığı şəxsin arıq bədən quruluşlu, qarayanız olduğunu, əynində qara rəngli cins şalvar və qara rəngli gödəkçəsi olduğunu, digər əlamətlərini xatırlamadığını göstərmişdir. Başqa cinayət törətməmiş və polis bölməsində ona heç bir təzyiq göstərilməmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, gənc oduğunu, himayəsində iki azyaşlı uşaqlarının olduğunu, habelə ailəsinin yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Cəbiyev X6 RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzivəsində çalışdığını qeyd edib ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid3 ilə birlikdə 22 oktyabr 2020-ci il tarixdə saat 20:00 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən «Uluxanlı» marketlə üzbəüz hissədə Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs şəxsiyyəti tərəflərindən müəyyən edildikdən sonra sonuncu 10-cu polis bölməsinə gətirilmişdir. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə sonuncunun hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sol döş cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş maddəni çıxardaraq bildirmişdir ki, həmin maddə «kakos» adlandırdığı narkotik vasitə heroindir, onu həmin gün «Kubinka» adlanan ərazidən tanımadığı şəxsdən özünün istifadə edəcəyi üçün 5 manata almışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən bir ədəd kibrit qutusu, bir ədəd qələm, bir ədəd açar, bir ədəd «Nokia» markalı mobil telefon cihazı və bir ədəd içərisində bank və vizit kartları olan qara rəngli dəridən pul kisəsi aşkar olunmuşdur. Bundan sonra həmin maddə zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı Əlizamin Ağayev tərəfindən protokol tərtib edilmiş, protokol, , o cümlədən möhürlənmiş zərfdə, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini özünün istifadə edəcəyi məqsədilə daşıdığını onlara bildirdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru polis serjantı Şahid3 digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 oktyabr 2020-ci il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və aidiyyatı üzrə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. (i.v.1) 22 oktyabr 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.20); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2020-ci il tarixli 6/2253 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.183 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroinin təmiz çəkisi – 0.183 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq 0,133 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81.82 manat təşkil edir. (i.v 38-41) cinayət işinin materiallarına əlavə edilmiş 06.04.2016 tarixdə ASAN3 tərəfindən verilmiş AZE 11768407 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 26.05.2013cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs oğlu, anası Fərəcova Hicrandır. (i.v 59) cinayət işinin materiallarına əlavə edilmiş 06.04.2016 tarixdə ASAN3 tərəfindən verilmiş AZE 11768408 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 23.10.2014cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs oğlu, anası Fərəcova Hicrandır. .(i.v 60) 24 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın görünür ki, vətəndaş Təqsirləndirilən şəxs qismində cəlb edilmiş ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. .(i.v 61- 62) “həbs” qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdim verilməsi haqqında vəsatətin rədd edilməsi və təqsirləndirilən şəxsin həbsdən azad olunması haqqında 24 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsi barədə məhkəməyə təqdimat verilməsi haqqında Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Əli Məsimovun 24 oktyabr 2020-ci il tarixli vəsatəti rədd edilmiş və müvəqqəti saxlama yerindən azad olunması qərara alınmışdır. (iv.77-78). Qətimkan tədbirinin seçilməsi haqqında 24 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v.80-81) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 16.11.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v 93) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 04.11.2020-ci il tarixli 3111 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etmə halları aşkar olmadı. Müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoliji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 95-96) Sübutların qiymətləndirilməsi haqqında 23 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24.10.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmış, iş üzrə şahid ifadələri, təqsirləndirilən şəxsin ifadəsi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və ona əlavə edilmiş 01 ədəd CD disk, ifadənin yerində yoxlanılması protokolu, məhkəməkimyəvi ekspertizasının 23 oktyabr 2020-ci il tarixli 6/2253 №-li, məhkəmə-narkoloji ekspertizasının 04 noyabr 2020-ci il tarixli 3111 №-li rəyləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,183 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində qalmış 0,133 qram qalığı saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (i.v 98-101) Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, video görüntüdən görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-nin xidməti otaqlarının birində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı ona üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif edilir. Həmin vaxt o, əynində olan tünd qəhvəyi rəngli gödəkçəsinin sol döş cibindən qızılı rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoyur və həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, 22.10.2020-ci il tarixdə Kubinka kimi adlanan ərazidə tanımadığı şəxsdən 5 manata özünün istifadəsi üçün aldığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3- cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, (CM 59.2), himayəsində 2 azyaşlı uşaqlarının olmasını (CM 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs gənc olmaqla üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinin ümumi çəkisinin cəmi 0,183 qram, yəni şəxsi istehlak miqdarının yuxarı həddindən az miqdarda artıq olması ilə yanaşı, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənatə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun 22 oktyabr 2020-ci il tarixdən 24 oktyabr 2020-ci il tarixədək tutma altında saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalı (CM-98.1), iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-də saxlanılan narkotik vasitənin qalığı 0,133 qram heroin hökm qanuni qüvvəsinin aldıqldan sonra məhv edilməli və sübut növü kimi tanınmış 01 CD disk cinayət işinin materiallarında saxlanmalıdır. (CPM-132) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələəsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən məhkəməyə təqdim edilmiş istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 22.10. 2020-ci il tarixli 1997 saylı order əsasında işə qoşularaq təhqiqat dövründə 68 (altmış səkkiz) iş saatı, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 isə 28.01.2021-ci il tarixli № 141 saylı order əsasında işə qoşularaq məhkəmədə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X2 tərəfindən göstərilmiş cəmi 68 (altmış səkkiz) iş saatı hüquqi yardıma görə 408 (dörd yüz səkkiz) manat pul vəsaiti, vəkil Müdafiəçi tərəfindən məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə 90 (doxsan) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 22 okyabr 2020-ci il tarixindən 24 oktyabr 2020-ci il tarixinədək tutulduğu cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 4 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan narkotik vasitənin qalığı- 0, 133 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 81,82 manat (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına vəkil X2 tərəfindən göstərilmiş cəmi 68 (altmış səkkiz) iş saatı hüquqi yardıma görə 408 (dörd yüz səkkiz) manat pul vəsaiti, dövlət hesabına vəkil Müdafiəçi tərəfindən məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə 90 (doxsan) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar