Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-65/2024 14.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il tarixdə saat 10:50-də Bakı- Kənar-Dairəvi yolunun Qaradağ rayonu ərazisindən keçən 4,8-ci kilometrində idarə etdiyi “Mercedes Benz” C220 CDİ minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə üç zolaqlı yolun sol zolağı ilə Bakı şəhəri istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «X11» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun sağ tərəfindən yolun hərəkət hissəsinə daxil olub asta yerişlə 8,6 metr məsafə qət etmiş piyada 1959-cu il təvəllüdlü X3 avtomobilin sol ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan X4 ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran ürəyin sağ qulaqcığının cırılması, hemoperikard, ağciyərlərin əzilməsi və hemotoraksla müşayiət olunan döş sümüyünün, sol və sağ İİ,İİİ,İV qabırğaların sınıqları, sol bazunun, sağ budun, soldan çanaq sümüklərinin sınıqları, baş beyinin əzilməsi, toxumasına və qişaları altına qansızma, alın, təpə nahiyələrinin, sağ ayağın İ,İİ barmaqlarının əzilmiş-cırılmış yaraları, alının sağ təpə və sağ gicgah nahiyələrinin, döş qəfəsinin ön səthinin, sol bazunun və sol dirsək oynağı nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin və sağ əlin, sağ diz oynağı nahiyəsinin iri ölçülü dərialtı hematomaları, hər iki budun, sağ diz oynağı nahiyəsinin qançırları, burun, sol dirsək oynağı, hər iki said, sağ mil-bilək oynağı, hər iki qasıq, sağ aşıq-baldır oynağı və sağ ayaq nahiyələrinin sıyrıqları xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 sentyabr 2023-cü il tarixdə saat 10:50-də Bakı-Kənar-Dairəvi yolun Qaradağ rayonu ərazisindən keçən 4,8-ci kilometrində idarə etdiyi Mercedes Benz C220 CDİ minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə üç zolaqlı yolun sol zolağı ilə Bakı şəhəri istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən qarşıda yolun sağ kənarından 2 nəfər piyada, yəni öndə kişi ondan təxminən 2 metr arxada 1 nəfər qadının yolu sola doğru asta yerişlə keçdiyini görmüşdür. Qarşıda gedən kişinin arxasından keçib getmək istədiyinə görə sükanı azca sağa almış və bu zaman idarə etdiyi avtomobilin sol ön hissəsi ilə həmin piyada qadını vurmuşdur. Zərbənin təsirindən qadın irəlidə sola yıxılmışdır. Bundan sonra avtomobili dayandıraraq yerə düşüb qadına yaxınlaşmışdır. Qadın ağır xəsarət aldığı üçün təcili tibbi yardım çağıraraq qadını xəstəxanaya yola salmışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, Vətən müharibəsində iştirak etməklə “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edildiyini nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını bildirmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs göstərmişdir ki, 21 sentyabr 2023-cü il tarixdə saat 10:50-də arvadı T.F.Əsədova ilə birlikdə Bakı-Kənar-Dairəvi yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində avtobusdan düşüb yolun Bakı şəhəri istiqamətinə olan hissəsindən sola, yəni “Sədərək” ticarət mərkəzinin ərazisi tərəfə keçmək üçün özü öndə, bir addım arxada isə arvadı T.F.Əsədova olmaqla piyada hərəkət etmişlər. Yolu keçib qurtarmağa bir neçə addım qalmış arxadan eşidilən səsə qəflətən baxdıqda T.F.Əsədovanın asfalta çırpıldığını görmüşdür. Dərhal T.F.Əsədovaya yaxınlaşmış, onun ağır xəsarət aldığını və danışa bilmədiyini görmüş, bu səbəbdən X10 T.F.Əsədovanı xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, 21 sentyabr 2023-cü il tarixdə saat 10:50-də Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsində sərnişin qismində Ucar rayonundan Bakı şəhərinə gəlirmiş. Bakı şəhərinə çatmağa az qalmış Bakı-Kənar-Dairəvi yolda Təqsirləndirilən şəxs avtomobili yolun sol hissəsi ilə orta sürətlə idarə edərkən qarşıda yolun sağından sola doğru qabaqda 1 nəfər kişi, arxasında isə 1 qadın olmaqla 2 nəfər piyada yolu, piyadalar üçün nəzərdə tutulmayan hissədən asta yerişlə keçməyə başlamışlar. Təqsirləndirilən şəxs piyada kişini vurmamaq üçün sükanı sağa almış, lakin piyada qadın sola doğru hərəkəti davam etdiyindən avtomobilin qabaq sol tərəfi piyada qadına dəymiş və qadın öndə asfaltın üzərinə yıxılmışdır. Piyada qadın xəsarət aldığı üçün təcili tibbi yardım çağırılaraq xəstəxanaya aparılmışdır. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmanı mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, 21 sentyabr 2023-cü il tarixdə saat 10:50 radələrində həmyerlisi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı avtomobildə sərnişin qismində Ucar rayonundan Bakı şəhərinə gələrkən Bakı şəhərinə az qalmış yuxulamışdır. Yüksək səsə ayıldıqda Təqsirləndirilən şəxs avtomobilinin qarşısına piyada qadın çıxdığını və piyadanı vurduğunu bilmişdir. Piyada qadın xəsarət aldığı üçün onu xəstəxanaya yola salmışlar. Cinayət işinin 1-ci vərəqəsində olan 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 12-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ/4 saylı Asan xidmət mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs verilmiş BB333199 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2033-cü il tarixədək etibarlıdır. Cinayət işinin 16-cı vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 21 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Cinayət işinin 28-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DİN BDYP Qİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-5/2-17094-2023 arayışdan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə xx.xx.2033-cü il tarixədək müddətə etibarlı olan BB 333199 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 29-30-cu vərəqələrində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 33-34-cü vərəqələrində olan 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum X2 əri Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 45-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X14 xx.xx.2023-cü il tarixli 100/MEŞ nömrəli meyidin ekspertizası rəyindən görünür ki, X2 bədənində aşkar edilmiş xəsarətlər-ürəyin sağ qulaqcığının cırılması, hemoperikard, ağciyərlərin əzilməsi və hemotoraksla müşayiət olunan döş sümüyünün, sol və sağ İİ,İİİ,İV qabırğaların sınıqları, sol bazunun, sağ budun, soldan çanaq sümüklərinin sınıqları, baş beyinin əzilməsi, toxumasına və qişaları altına qansızma, alın, təpə nahiyələrinin, sağ ayağın İ, İİ barmaqlarının əzilmiş-cırılmış yaraları, alın sağ təpə və sağ gicgah nahiyələrinin, döş qəfəsinin ön səthinin, sol bazunun və sol dirsək oynağı nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin və sağ əlin, sağ diz oynağı nahiyəsinin iri ölçülü dərialtı hematomaları, hər iki budun, sağ diz oynağı nahiyəsinin qançırları, burun, sol dirsək oynağı, hər iki said, sağ mil-bilək oynağı, hər iki qasıq, sağ aşıq-baldır oynağı və sağ ayaq nahiyələrinin sıyrıqları olmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Ölümün səbəbi döş sümüyünün, sol və sağ İİ,İİİ,İV qabırğaların sınıqları, sol bazunun, soldan çanaq sümüklərinin sınıqları, ürəyin sağ qulaqcığının cırılması, hemoperikard, ağciyərlərin əzilməsi, hemotoraks, baş beyinin əzilməsi, beyin toxuması və qişaları altına qansızma nəticəsində baş vermiş ürəyin tamponadası, travmatik şok olmuşdur. T.F.Əsədovanın ölümü xx.xx.2023-cü il tarixdə saat 12:10-da Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazerin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 58-59-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 noyabr 2023-cü il tarixli 8/3284 nömrəli rəyindən görünür ki, Mercedes Benz C220 CDİ minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X11» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 57-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyərləri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 63-cü vərəqəsində 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” C220 CDİ minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. Cinayət işinin 65-ci vərəqəsində olan xasiyyətnamə və 66-67-ci vərəqələrində olan arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Ucar rayonu, Qarabörk kəndində atası X8, anası X6 və qardaşı X7 ilə birlikdə yaşamaqla ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 68 və 69-cu vərəqələrində olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş № 136156 vəsiqənin surətindən onun müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğu müəyyən edilir. Cinayət işinin 83-84-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 10:00) Cinayət işinin 98-99-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, odur ki, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2-ci maddəyə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “X11 və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “X11” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərait, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, Vətən müharibəsi iştirakçısı olduğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə əsas və əlavə cəzalar təyin edilməli və o, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas və əlavə cəzalar cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə istintaqı dövründə müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan “Mercedes Benz” C220 CDİ minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut olan Mercedes Benz C220 CDİ minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-65/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-65/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver