Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-66/2021 09.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində ünvan 1 ünvanında yaşadığı evin qarşısında özünü şübhəli apardığından həmin ərazidə xidmətdə olan Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ RPİ-nin 10cu polis bölməsinin inzibati binasına gətirilmiş, orada videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən kibrit qutusunda bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,186 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə qəbul etməyə başlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində yaşadığı məhəllədən siqaret qutusu tapmış, içərisini açdıqda gümüşü büküm görmüş və həmin bükümü açdıqda içərisində heroin olduğunu görüb bükümü götürmüşdür. Həmin narkotik vasitənin bir qismini istifadə etmiş, yerdə qalan narkotik vasitəni isə göy rəngli cins şalvarın sağ yan cibin qoymuşdur. Həmin gün saat 19:30 radələrində yaşadığı evin qarşısında olarkən iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və onu 10-cu polis bölməsinə dəvət etmişlər. O, narkotik vasitənin təsiri altında olduğu üçün ondan şübhələnmişlər. Onun həmin vaxt üzərində olan narkotik vasitəni atmaq imkanı olmamışdır. Polis bölməsində hüquqları izah edildikdən sonra ona təqdim edilmiş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində axtarış aparmışlar. Axtarış zamanı əvvəlcə ona üzərində olan bütün əşyaları könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmiş, o da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən kibrit qutusunun içərisində saxladığı gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxararaq, polis əməkdaşlarına təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə olan kakos adlandırdığı heroin olduğunu bildirmişdir. Polis əməkdaşları ondan həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı məqsədlə, hansı məbləğə əldə etdiyini soruşmuşlar. O isə narkotik vasitəni həmin gün tutulmamışdan əvvəl yaşadığı məhəllədə kibrit qutusunun içərisindən yerdən tapdığını, özü qəbul etmək məqsədi ilə üzərində saxladığını və heç kimə vermək və satmaq niyyətinin olmadığını bildirmişdir. Bundan başqa üzərindən “Prima” markalı siqaret və bir manat pul aşkar olunmuş, pul ona qaytarılmışdır. Təqdim etdiyi gümüşü rəngli büküm zərfə qoyularaq qablaşdırılmış, tərəflərindən imzalanmış və möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu bildirib ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili işləyir. xx xxxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində şöbənin kiçik inspektoru polis serjantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olduqları zaman ünvan 1 ünvanın qarşısında bir nəfər şəxsin narkotik təsiri altında olması barədə şübhə yarandığından həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə xidməti vəsiqələrini təqdim edərək, şəxsiyyətini müəyyən etmək üçün 10-cu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə sonuncunun hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən kibrit qutusunda bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş maddəni çıxararaq həmin maddənin “kakos” adlandırdığı narkotik vasitə heroin olduğunu, həmin gün tutulmamışdan əvvəl yaşadığı məhəllənin qarşısında yerdən tapdığını və özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən siqaret qutusu və bir manat pul əskinazı da aşkar edilərək özünə qaytarılmışdır. Bundan sonra həmin maddə zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə təhqiqatçısı tərəfindən protokol tərtib edilmiş, protokol, o cümlədən möhürlənmiş zərf, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid2 digər şahid Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun bildiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx xxxxxxx 2020-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 8, 16) Şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində gümüşü rəngli siqaret kağızına bükülmüş büküm olan kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəkilində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, həmin gün yaşadığı məhəllədə yerdən tapdığını və istifadəçi olduğu üçün götürdüyünü bildirmişdir. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd ağ rəngli siqaret qutusu və bir manat pul aşkar olunmuş və pul geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, 222 saylı möhürlə möhürlənmiş, bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 25-26) Təqsirləndirilən şəxs üzərində axtarış və baxış keçirilməsi video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir və məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 6/2148 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... Azərbaycan Respublikası DİN zərflər üçün № 222” dairəvi möhürü əksi olan “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi – 0,186 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,136 qram. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. (i.v. 33-36) Həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin rədd edilməsi və təqsirləndirilən şəxsin həbsdən azad olunması haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəməyə təqdimat verilməsi haqqında Qaradağ RPİnin İstintaq Şöbəsinin müstəntiqi Əli Məsimovun 14 oktyabr 202-ci il tarixli vəsatəti rədd edilmişdir. (i.v. 64) Qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 65-66) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli qərarına əsasən cəzası 03 il 06 aya endirilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 972 saylı sərəncamına əsasən əfv olunaraq, cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. (i.v. 73) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X4-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 21 oktyabr 2020-ci il tarixli, 2928 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 77-78) Axtarış olanın tutulması ilə bağlı xx xxxxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmişdir. (i.v. 114) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-154/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxxx 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 125-126) Sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində seçilmiş həbs qətimakn tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,186 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində qalmış 0,136 qram qalığı saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (i.v. 127-130) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-330/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 972 saylı sərəncamına əsasən əfv olunaraq azad olunsa da, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Həmin müddətdən altı il keçməmiş, yenidən qəsdən cinayət törətmişdir. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə örə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (residivin olması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq dövründə xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək tutma altında və xx xxxxxx 2020-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM- 93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli (CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 68 (altmış səkkiz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 68 (altmış səkkiz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 408 (dörd yüz səkkiz) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 0,136 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 68 (altmış səkkiz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 408 (dörd yüz səkkiz) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-66/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-66/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver