Məhkəmə qərarları › İş №1(002)-66/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-66/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-66/2024 28.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yardımlı rayonu, Bürzünbül kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan təmiz çəkisi 0,279 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək özündə saxlayaraq daşımış, 17 oktyabr 2023-cü il tarixdə saat 22:15-də Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Oba” marketin qarşısında saxlanılaraq, Qaradağ RPİ-nin 10-cu polis şöbəsinə gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd siqaretin ağ rəngli kağızına bükülmüş bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış həmin çəkidə narkotik vasitə olan heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə gündüz Bakı şəhərində «Papanin» adlanan məhəllədən özünün istifadəsi üçün tanımadığı şəxsdən 10 manata bir dəfə istifadə etməsi üçün bir bükümdə narkotik vasitə heroin alaraq əynindəki şalvarının arxa sağ yan cibinə qoymuş vəLökbatan qəsəbəsinə gəlmişdir. Yaşadığı evə çatmamış qəsəbədəki «Oba» marketin qarşısında onu özlərini polis əməkdaşları kimi təqdim edən mülki geyimdə iki nəfər şəxslər saxlayaraq Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində ona müdafiəçi dəvət edilərək şübhəli şəxs qismində tutulması ilə əlaqədar hüquq və vəzifələri izah olunmuş və videoçəkiliş aparmaqla üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi barədə məlumat verildikdən sonra üzərində saxladığı qanunsuz əşya və predmeti təqdim etməsi təklif olunmuşdur. O, əynindəki göy rəngli cins şalvarının sağ arxa cibində saxladığı bir büküm narkotik vasitəni çıxarmış, masanın üzərinə qoymuş və 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən başqa qanunsuz əşya müəyyən olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülər və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:15-də Qaradağ RPİ-nin CAŞ-nın kiçik inspektoru Şahid3 ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən «Oba» marketin qarşısında özünü şübhəli aparan cavan oğlana yaxınlaşaraq özlərini təqdim etmiş, ona hüquq və vəzifələrini izah edərək Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət etmişlər. Həmin vaxt tərəflərindən raport tərtib edilmiş və daha sonra təhqiqat araşdırılmasına başlanılmışdır. Polis şöbəsində dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılmış, ona üzərində saxladığı qanunla qadağan olunmuş əşyanı təqdim etməsi təklif olunmuş, həmin vaxt o, əynindəki göy rəngli cins şalvarının sağ arxa cibində olan bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükümü çıxarmış, həmin bükümdə narkotik vasitə heroin olduğunu, 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, həmin büküm qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şahid Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:15-də Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektorları Şahid2 və Şahid3 ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən «Oba» marketin qarşısında özünü şübhəli aparan, polis şöbəsində şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəktlərinin aparılmasında iştirak etdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ arxa yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin təqdim edərək özünün istifadəsi üçün Bakı şəhərində «Papanin» adlanan ərazidən tanımadığı şəxsdən 10 manata aldığını söyləmişdir. Şahid Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 digər şahidlərlə eyni məzmunlu ifadə verərərək onların dediklərini təsdiq etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işinin 15-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:15-də şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir. Cinayət işinin 35-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5562 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,279 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi-0,279 qr, tədqiqata sərf edildi-0.050 qr, qalıq-0,229 qr. Cinayət işinin 34-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 47-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan və 48-ci vərəqədə olan raportdan görünür ki, Təqsirləndirilən şəxs oğunda aşkar edilərək götürülmüş təmiz çəkisi 0,279 qram bir ədəd bükümdə olan narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,229 qram bir ədəd bükümdə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 50-51-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş (saat 10:10-da) və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 63-64-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 73-74-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 7410 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğunda opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş DVD disk məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasında xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, istintaq hərəkəti zamanı ona üzərində olan qanunsuz əşya və predmeti masanın üzərinə qoymaq təklif olunmuş və sonuncu əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükümü çıxarmış, masanın üzərinə qoyaraq, həmin bükümdəki maddənin heroin olduğunu, özünə məxsus olduğunu, 17 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntü və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutulub saxlanıldığı müddət, yəni 02 (iki) gün tutulma müddəti bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 7410 rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ RPİnin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,229 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132) və iş üzrə aparılmış fiziki-kimyəvi ekspertizanının xərci – 81 (səksən bir) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 işə qoşularaq ibtidai istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat X3, məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulub saxlanıldığı 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,229 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat X3, məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar