Məhkəmə qərarları › İş №1(002)-67/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-67/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-67/2021 03.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1997-ci ildə Qubadlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 3-cü qrup əlil olan, əvvəllər məhkum olunmamış, işləməyən, Qubadlı rayonu, Göyyal kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Balıqçılar küçəsi, keçmiş Balıq zavodunun binasında yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan bir ədəd bükümdə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş psixotrop maddələr»-in İ siyahısına daxil edilmiş şəxsi istehlak miqdardan artıq miqdarda ümumi təmiz çəkisi 0.220 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə sayılan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxxx 2020-ci il tarixdə saat 02:20 radələrində Qaradağ RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsində saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət olunmuş, polis bölməsinin xidməti otaqlarının birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli qısaqol gödəkçənin sol yan cibindəki siqaret qutusunun içərisindən bir bükümdə təmiz çəkisi 0.220 qram kustar üsulla hazırlanmış psixotrop maddə sayılan metamfetamin, daxili səthlərində metamfetamin izləri olan 01 ədəd 1 manatlıq əskinaz və 01 ədəd metal materialdan kustar üsulla hazırlanmış borucuq formalı predmet aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə axşam saatlarında Qaradağ rayonu Sahil qəsəbəsində dəniz kənarında olduğu zaman tanımadığı şəxsdən özünün istifadəsi üçün 20 manata bir bükümdə psixotrop maddə metamfetamin və bir bükümdə narkotik vasitə marixuana alıb siqaret qutusunun içərisinə qoyub əynində olan qara qısaqol gödəkçəsinin sol cibinə qoymuşdur ki, sonra istifadə etsin. Həmin marixuananın bir qismini istifadə etmiş qalanını isə üzərində saxlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 02:30 radələrində komendant saatı qaydalarını pozduğuna görə Sahil qəsəbəsi B.Əliyev küçəsində polis əməkdaşları saxlayıb üzərində şəxsiyyəti təsdiq edən sənəd olmadığı üçün Qaradağ RPİ-nin 38-ci RBnə dəvət etmişlər. Polis bölməsində hüquqlarının müdafiə edilməsi üçün vəkil Əlisəfa Əliyevi dəvət etmişlər. Hüquqları izah olunduqdan sonra üzərində olan qeyri-qanuni əşya və predmeti könüllü təqdim etməyi təklif olunmuşdur. O da dəvət olunmuş müdafiəçi Əlisəfa Əliyevin iştirakı və video çəkiliş zamanı əynində olan qara rəngli qısaqol gödəkçənin sol cibindən siqaret qutusunun içərisində sellofon bükümdə olan marixuananı və bir ədəd bükümdə psixotrop maddə metamfetamini eləcədə boru formasında düzəltdiyi 01 ədəd 1 manatlıq əskinası və 01 ədəd metal materialından boru formasında olan predmeti təqdim etmişdir. Polisə əmədaşlarına həmin narkotik vasitəni və psixotrop maddəni özü istifadə etmək üçün aldığını bildirmişdir. Daha sonra üstündən aşkar edilmiş narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin, eləcədə boru formasında düzəltdiyi 01 ədəd 1 manatlıq əskinası və 01 ədəd metal materialından boru formasında olan predmet polis əməkdaşları tərəfindən qablaşdırılmış, bu barədə protokol tərtib olunub möhürlənmişdir. Tərtib edilmiş protokolu o, müdafiəçi Əlisəfa Əliyevin iştirakı ilə protokolu imzalamışdır. Narkotik vasitə olan marixuananı və psixotrop maddəni ona satan şəxsi tanımırmış, həmin şəxsin anket məlumatları ona məlum deyilmiş. O, heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyilmiş və heç bir xəstəlikdən əziyyət çəkmirmiş. O öz ifadəsində daha sonra göstərmişdir ki, hal-hazırda valideynləri ilə birlikdə yaşayır və valideynlərinə də o baxır. Belə ki, atası və anası müddətsiz 2-ci qrup əlil olmaqla əmək qabiliyyətsizdirlər. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2020-cu il tarixdə gecə saatlarında Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati ərazisində xidmətdə olan zaman təxminən saat 02 radələrində Bakı şəhərində tətbiq edilmiş komendant saatına görə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsində dəniz sahilində bir nəfər vətəndaş qarşılarına çıxmışdır. Həmin şəxsin davranışından həmin şəxsin narkotik maddələrin aludəçisi olduğu barədə onlarda şübhələr yaranmışdır. Həmin şəxsi saxlayaraq özlərini təqdim edib həmin şəxsin tətbiq olunmuş komendant saatının tələblərini pozub pozmaması üçün şəxsiyyətini təsdiq edən sənədlərini yoxlamışlar. Məlum olmuşdur ki, həmin şəxsin üzərində heç bir şəxsiyyətini təsdiq edən sənədi yoxmuş və komendant saatında çöldə olması üçün müvafiq icazəsi yoxmuş. Buna görə də həmin şəxsin şəxsiyyətini müəyyən edilməsindən ötrü Qaradağ RPİ-nin 38-ci PB-nə aparmışlar. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol gödəkçənin sol cibindən siqaret qutusunu çıxardaraq təqdim etmişdir. Siqaret qutusunda isə içində bir büküm ağ kağıza bükülmüş maddə və bir büküm sellofana bükülmüş maddə, bir ədəd siqaret, borucuq formasında bükülmüş bir AZN və gümüşü rəngli borucuq formasında bükülmüş metal aşkar edilmişdir. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, həmin narkotik vasitə özünə məxsusdur, öz istifadəsi üçün xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində dəniz kənarında tanımadığı şəxsdən 20 manata əldə edib saxlamışdır. Bundan sonra həmin maddə tərəflərindən götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunaraq iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Narkotik vasitələr isə zərfə qoyulub möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 öz ifadəsində şahid Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri Abdullayev X6 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişdir. Şahid Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru Şahid3 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid3 öz ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə gecə saatlarında Qaradağ RPİ-nin 38-ci PB-nin İnzibati ərazisində xidmətdə olan zaman təxminən saat 03 radələrində Polis bölməsinin inzibati binasına Qaradağ RPİ-nin PPXB-nin polis nəfərləri bir nəfər şəxs gətirmişlər. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol gödəkçənin sol cibindən siqaret qutusunu çıxardaraq təqdim etmişdir. Siqaret qutusunda isə içində bir büküm ağ kağıza bükülmüş maddə və bir büküm sellofana bükülmüş maddə, bir ədəd siqaret, borucuq formasında bükülmüş bir AZN və gümüşü rəngli borucuq formasında bükülmüş metal aşkar edilmişdir. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, həmin narkotik vasitə özünə məxsusdur, öz istifadəsi üçün xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində dəniz kənarında tanımadığı şəxsdən 20 manata əldə edib saxlamışdır. Bundan sonra həmin maddə tərəflərindən götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunaraq iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Narkotik vasitələr isə zərfə qoyulub möhürlənmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 6/2054 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN-nin “zərflər üçün № 47” möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş.....” və s. Yazılar, imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,220 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. 01 ədəd 1 manatlıq əskinazdan və 01 ədəd metal materialından kustar üsulla hazırlanmış borucuq formalı predmetlərin daxili səthlərində metamfetaminin izləri vardır. İz mikrohissəcikləri cüzi miqdar təşkil etdiyindən, yəni çəkiyə gəlmədiyindən təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Metamfetamin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,220 qram, tədqiqata sərf edildi-0,05 qr., qalıq-0,170 qr. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 7/689 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən.....” yazıları və imzalar olan kağız paketdəki “Rothmans” adlı siqaret qutusunun içərisində 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,347 qram olan bitki mənşəli kütlə, tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin kağız paketdəki “Rothmans” yazısı olan siqaret qutusunun içərisində 01(bir) ədəd “Rothmans” adlı siqaret tərkibində narkotik aktivliyə komponentlər yoxdur onun tərkibi yalnız tütündən ibarətdir. Qeyd: marixuananın təmiz çəkisi-0,347 qram, tədqiqata istifadə olundu-0,02 qram, qalıq 0,327 qramdır. Ekspertiza tədqiqatının dəyəri 69,82 (altmış doqquz manat səksən iki) manat təşkil edir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3220 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərər alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə maddi sübut kimi tanınmış 0,170 qram metafetamin, 0,347 qram marixuana, 01 ədəd 1 manatlıq əskinaz və 01 ədəd metal materialından kustar üsulla hazırlanmış borucuq formalı predmet məhkəmənin hökmünə qədər saxlanılması üçün Qaradağ RPİ-yə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş 1 ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin PPXB-nin polis nəfərləri Şahid1 və Babayev X4 RPİ-nin 38-ci PB-nin sahə inspektoru Şahid3, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə əynindəki qara rəngli qısaqol gödəkçənin sol cibindən siqaret qutusunu çıxardaraq təqdim etmişdir. Siqaret qutusunda isə içində bir büküm ağ kağıza bükülmüş maddə və bir büküm sellofana bükülmüş maddə, bir ədəd siqaret, borucuq formasında bükülmüş bir AZN və gümüşü rəngli borucuq formasında bükülmüş metal aşkar edilmişdir. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, həmin narkotik vasitə özünə məxsusdur. İş materialarında olan AA №320774 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Qubadlı rayonundan məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 21 nömrəli X12 Komissiyasının 764662 nömrəli arayışından görünür ki, X2 2-ci qrup əlil olmaqla əmək qabiliyyətsizdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, X3 2-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və 3-cü qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq xx xxxxxxx 2020-ci il tarixdə saxlanılaraq barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs həbsdə qaldığı 04 (dörd) ay müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,170 qram metafetamin, 0,347 qram marixuana və metal materialdan kustar üsulla hazırlanmış borucuq fomalı predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan 1(bir) manatlıq əskinaz Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 179,72 (yüz yetmiş doqquz manat yetmiş iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X11 oğlu tərəfindən 56 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 336 (üç yüz otuz altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə qaldığı 04 (dörd) ay müddət Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Balıqçılar küçəsi, keçmiş Balıq zavodunun binasında yerləşən fərdi yaşayış evini hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Qaradağ rayon icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,170 qram metafetamin, 0,347 qram marixuana və metal materialdan kustar üsulla hazırlanmıış borucuq fomalı predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan 1(bir) manatlıq əskinaz Təqsirləndirilən şəxs qaytarılsın. 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 179,72 (yüz yetmiş doqquz manat yetmiş iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 336 (üç yüz otuz altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X11 oğlunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən:Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar