Məhkəmə qərarları › İş №1(002)-67/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-67/2023

20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-67/2023 20.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2012-ci il tarixli, 2(002)- 643/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 19 mart 2012-ci il tarixdən başlayaraq 03 sentyabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının ¼ (dördə bir) hissəsi miqdarında alimentin, bundan əlavə Qaradağ rayon məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(002)-2667/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 16 dekabr 2019-cu il tarixdən başlayaraq yuxarıda adı qeyd olunmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı artırılaraq sabit pul məbləğində müəyyən olunaraq hər ay 160,00 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsini üzürsüz səbəbdən həyata keçirməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarını müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 3(002)-481/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək inzibati qaydada 8 (səkkiz) gün müddətinə həbs tənbeh növü təyin olunmasına və icra sənədlərindəki tələbi icra etmədiyi üçün ona 18 oktyabr 2021-ci il və 12 noyabr 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət tə- qibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 07 iyun 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs hər iki məhkəmə qətnaməsi üzrə ümumilikdə 4819,50 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, ona elan olunmuş ittihamda özünü təqsirli bildiyini qeyd etmişdir. Belə ki, o, bildirmişdir ki, istintaqın çağırışlarına vaxtında gələ bilməməsinə səbəb bir müddət qeydiyyatda olduğu ünvanda yaşamaması olmuşdur. Bir neçə ilə yaxındır ki, qeyri-rəsmi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində yerləşən müxtəlif növ mebellərin istehsalı sexində usta kimi işləmiş və aylıq gəliri orta hesabla 550–600 manat müqabilində təşkil etmişdir. 2008-ci ilin dekabr ayının 13-də Zərərçəkmiş şəxs ilə rəsmi nikahları olmadan birgə yaşadıqları dövr ərzində 03 sentyabr 2009-cu il tarixdə Elnur adlı bir oğlan övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə bir müddət mehriban yaşamaqlarına baxmayaraq, aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2010cu ilin yay aylarında sonuncu bir azyaşlı uşağını götürərək gəlin getdiyi ünvandan çıxmış, valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra Zərərçəkmiş şəxs 2012-ci ilin əvvəllərində ondan bir azyaşlı uşağın saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən 19 mart 2012-ci il tarixdən başlayaraq 03 sentyabr 2011-ci il tarixdə anadan olmuş oğlu Elnur Məlikovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının ¼ (dörd bir) hissəsi miqdarında alimentin ondan tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair 16 may 2012-ci il tarixli, 2(002)-643/2012 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə üzrə maddi vəziyyəti imkan verdiyi dərəcədə ödənişlər etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(002)- 2667/2019 saylı qətnaməsinə əsasən Elnur Məlikovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş aliment məbləği 160 manata artırılmışdır. Aliment məbləğini vaxtaşırı ödəməməsi səbəbindən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 3(002)-481/2021 saylı qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan əlavə icra məmurunun təqdimatına əsasən məhkəmənin qərarı ilə ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulmuşdur. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2012-ci il tarixli, 2(002)-643/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə tələbkar Zərərçəkmiş şəxs 14635,65 manat məbləğində ödəniş etmiş, 1069,50 manat məbləğində borcu qalmışdır. Həmin Məhkəmənin 14 noyabr 2019-cu il tarixli, 2(002)-2667/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 890,00 manat məbləğində ödəniş etmiş, 3750 manat məbləğində aliment borcu qalmışdır. 2022-ci ilin iyun ayınadək hər iki qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri üzrə tələbkar Zərərçəkmiş şəxs ümumilikdə cəmi 4819.50 manat məbləğində aliment borcu qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdi ki, aliment borcunu tam ödəməsinə xəstəliyi səbəbindən işləyə bilməməsi olmuşdur. Həmçinin pandemiya dövründə iş olmadığı üçün işləməmiş, maddi vəziyyəti imkan verdiyi dərəcədə ödənişlər etmişdir. İkinci nikahdan daha bir azyaşlı övladının olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2008-ci ilin dekabr ayının 13-də Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmadan yaşadıqları dövr ərzində 03 sentyabr 2009-cu il tarixdə Elnur adlı bir oğlan övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamalarına baxmayaraq, aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2010-cu ilin yay aylarında bir azyaşlı uşağını götürərək gəlin getdiyi ünvandan çıxaraq valideynlərinin yaşadığı ünvana gəlmiş, azyaşlı uşağı ilə birlikdə onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyinə görə məcburiyyət qarşısında qalaraq 2012-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs uşağın saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmə tərəfindən 19 mart 2012-ci il tarixdən başlayaraq 03 sentyabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının ¼ (dörd bir) hissəsi miqdarında alimentin Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 16 may 2012-ci il tarixli, 2(002)-643/ 2012 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ona alimentə görə bir müddət ödəniş etsədə, sonradan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etməkdən yayınmağa başlamışdır. Həmin vaxtdan bir neçə il keçəndən sonra işsiz olduğu üçün uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyinə görə məcburiyyət qarşısında qalaraq aliment pulunun artırılmasından ötrü 2019-cu ilin axırlarında aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və 16 dekabr 2019-cu il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı artırılaraq sabit pul məbləğində müəyyən olunmaqla hər ay 160,00 manat məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair 14 noyabr 2019-cu il tarixli, 2(002)-2667/2019 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə Təqsirləndirilən şəxs ona alimentə görə borclu olduğu məbləği tam olaraq ödəmədiyi üçün sonuncunun barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 3(002)-481/2021 saylı qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin edilmişdir. Bundan əlavə icra məmurunun təqdimatına əsasən məhkəmənin qərarı ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Məhkəmə qətnamələrindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2012-ci il tarixli, 2(002)-643/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 14635,65 manat məbləğində ödəniş etmiş, 1069,50 manat məbləğində aliment borcu qalmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(002)-2667/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 890,00 manat məbləğində ödəniş etmiş, 3750 manat məbləğində aliment borcu qalmışdır. Təqsirləndirilən şəxs hər iki qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri üzrə 07 iyun 2022-ci il tarixədək ümumilikdə cəmi 4819.50 manat məbləğində aliment borcu qalmışdır. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər işlədiyi üçün aliment borcu onun əmək haqqından tutulmuşdur. Sonuncu dəfə onun xeyrinə 30 manat ödəniş edilmişdir. Təqsirləndirilən şəxs işdən azad olunduqdan sonra heç bir ödəniş etməmiş, icra şöbəsinə gəlməkdən yayınmışdır. Çoxsaylı şikayətləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq icra şöbəsinə gətirilməsinə nail olmuşdur. Hazırda aliment borcunun tam ödənilməsini tələb etmiş, aliment borcu ödənilmədiyi halda Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru X6 ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2012-ci il tarixli, 2(002)-643/2012 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə 03 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay qazancının ¼ hissəsi miqdarında alimentin alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Qeyd edilən icra vərəqəsi 21 sentyabr 2017-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Borclu Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi məqsədi ilə icra sənədində qeyd edilən ünvanda olarkən orada yaşamaması müəyyən edildiyi üçün bu barədə akt tərtib edilmişdir. Borclunun yaşayış yeri məlum olmadığından 25 iyun 2018-ci il tarixdə axtarış qərarı qəbul edilərək aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. Görülmüş icra tədbirləri nəticəsində aliment pulu borclunun əvvəllər işlədiyi hərbi hissələrdən tutularaq tələbkarın bank hesabına ödənilmiş və 1106,00 manat borcu yaranmışdır. Bu səbəbdəndə, axtarış işinin icraatına xitam verilməsi üçün aidiyyəti üzrə məktub göndərilmişdir. Bundan sonra aliment pulunun sabit pul məbləğində təyin edilməsi üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(002)-2667/2019 saylı qətnaməsi qəbul edilmişdir. Həmin ərəfədə isə borclunun 1069,50 manat borcu yaranmışdır. Borclu tərəfindən aliment üzrə borc ödənilmədiyindən məcburi icra tədbiri kimi Təqsirləndirilən şəxs ölkədən çıxışına müvəqqəti olaraq məhdudlaşdırılmasından ötrü Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş və məhkəmənin 07 sentyabr 2018-ci il tarixli, 8(002)-789/2018 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(002)-2667/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə 03 sentyabr 2009-cu il təvəllüdlə Elnur Məlikovun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq iş üzrə iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Qeyd edilən icra vərəqəsi 09 yanvar 2020-ci il tarixdə Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Buna baxmayaraq, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməmişdir. Borclu şöbəyə dəvət olunsa da, çağırışlardan yayındığı üçün xəbərdarlıq təqdim edilmişdir. Bundan sonra borclu Təqsirləndirilən şəxs iş yeri müəyyən edilmiş və alimentin tutulması məqsədi ilə 06 iyul 2020-ci il tarixdə icra sənədi iş yeri üzrə göndərilmiş, lakin borclu 20 oktyabr 2020-ci il tarixdə işdən azad olunduğundan icra sənədləri 06 yanvar 2021-ci il tarixdə geri qaytarılmışdır. Borclunun şöbəyə gəlməsi barədə xəbərdarlıq göndərilsə də, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. Bundan sonra borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün 12 yanvar 2021-ci il tarixdə barəsində axtarış qərarı qəbul olunaraq aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinə göndərilmiş və polis ida- rəsində 30949/21 nömrəli axtarış işi açılmışdır. 31 mart 2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs saxlanılaraq İcra Şöbəsinə təhvil verilmiş, lakin borclu izahat verməkdən qərəzli olaraq yayınmış, bu barədə akt tərtib edilmişdir. Bu səbəbdən həmin tarixdə borclu barəsində inzibati protokol tərtib edilərək baxılmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin 31 mart 2021-ci il tarixli, 3(002)-481/2021 saylı qərarı ilə borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Borcluya məxsus əmlak yoxlanılmış, heç bir əmlak aşkar edilməmişdir. Borclunun Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X3 1 saylı Ərazi Məşğulluq Mərkəzi Filialında işaxtaran kimi qeydiyyatda olması barədə 06 oktyabr 2021-ci il tarixdə rəsmi məktub alınmışdır. Borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2012-ci il tarixli, 2(002)-643/2012 saylı icra vərəqəsi üzrə 14635,65 manat ödəniş etmiş, 1069,50 manat aliment borcu qalmışdır. Eyni zamanda həmin rayon məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(002)-2667/2019 saylı qətnaməsi üzrə verilmiş icra vərəqsinə əsasən 890,00 manat məbləğində ödəniş etmiş 3750,00 manat borcu qalmışdır. Ümumilikdə borclu Təqsirləndirilən şəxs hər iki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə 4819,50 manat aliment borcu yaranmışdır. İş üzrə tələbkar ərizə ilə şöbəyə müraciət edərək borclu tərəfindən aliment borcunun tam olaraq ödənilmədiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş X5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 8-10-cu vərəqələrində olan 04 iyul 2022-ci il tarixli təqdimatdan görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2012-ci il tarixli, 2(002)-643/2012 nömrəli və 14 noyabr 2019-cu il tarixli, 2(002)-2667/2019 nömrəli icra sənədlərinə əsasən borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məqsədəmüvafiq hesab olunmuşdur. Cinayət işinin 11-ci vərəqəsində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2012-ci il tarixli, 2(002)-643/2012 nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 mart 2012-ci il tarixdən başlayaraq aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Cinayət işinin 12-ci vərəqəsində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(002)-2667/2019 nömrəli qətnaməsindən görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2012-ci il tarixli, 2(002)-643/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan Qaradağ Rayon İcra Şöbəsinin İcraata başlamaq haqqında 22 sentyabr 2017-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2012-ci il tarixli, 2(002)-643/2012 nömrəli icra sənədi üzrə icraata başlanılmış və cavabdeh Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. Cinayət işinin 20-ci vərəqəsində olan Qaradağ Rayon İcra Şöbəsinin İcraata başlamaq haqqında 10 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(002)-2667/2019 nömrəli icra sənədi üzrə icraata başlanılmış və cavabdeh Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuş, əks təqdirdə, onun barəsində məcburi icra tədbirlərinin görülməsi barədə xəbərdar olunmuşdur. Cinayət işinin 21-ci vərəqəsində olan Qaradağ Rayon İcra Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış bildirişdən görünür ki, həmin bildirişlə ona Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2012-ci il tarixli, 2(002)-643/2012 nömrəli icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmiş, əks halda məcburi icra tədbirlərinin görüləcəyi və həmçinin onu gözləyən məsuliyyət barədə barədə xəbərdar olunmuşdur. Cinayət işinin 22-ci vərəqəsində olan Qaradağ Rayon İcra Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış bildirişdən görünür ki, həmin bildirişlə ona Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(002)-2667/2019 nömrəli icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmiş, əks halda məcburi icra tədbirlərinin görüləcəyi və həmçinin onu gözləyən məsuliyyət barədə barədə xəbərdar olunmuşdur. Cinayət işinin 49-cu vərəqəsində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinə əlavə olunmuş, Qaradağ Rayon İcra Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xəbərdarlıqlardan görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2012-ci il tarixli, 2(002)-643/2012 nömrəli və 14 noyabr 2019-cu il tarixli, 2(002)-2667/2019 icra sənədlərinin icra olunması üçün ona 10 gün müddət verilmiş, əks təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olumasına dair müvafiq tədbirlər görüləcəyi onun diqqətinə çatdırılmışdır. Cinayət işinin 92-93-cü vərəqələrində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 3(002)-481/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətində inzibati həbs edilmişdir. Cinayət işinin 105-ci vərəqəsində olan Ələt qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır. Cinayət işinin 1-2-ci vərəqələrində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 129-cu vərəqəsində olan “zərərçəkmiş şəxs kimi tanıma haqqında” 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 149-150-ci vərəqələrində olan 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdi. Cinayət işinin 151-152-ci vərəqələrində olan 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, tutularaq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Qərarın icrası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə həvalə edilmişdir. Cinayət işinin 154-155-ci vərəqələrində olan 05 avqust 2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilənədək dayandırılmışdır. Cinayət işinin 159-cu vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 162-ci vərəqəsində olan 25 noyabr 2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:40-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində saxlanılmışdır. Cinayət işinin 163-164-cü vərəqələrində olan cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə 26 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin 189-190-cı vərəqələrində olan 26 noyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 192-ci vərəqəsində olan 26 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Yasamal RPİ-nin Müvəqqəti Saxlanma yerindən azad edilmişdir. Cinayət işində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 188-ci vərəqəsində olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2019-cu il təvəllüdlü Ayşə adlı azyaşlı övladı vardır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 20 mart 2015-ci il tarixli Fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs Novruz bayramı münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə və intizamda fərqləndiyinə görə təltif edilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 22 may 2015-ci il tarixli Fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs taborun taktiki xüsusi təlimində fərqləndiyinə görə təltif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, işlədiyi hərbi hissədə xidməti vəzifəsinin yerinə yetirilməsində fərqləndiyinə görə hərbi hissənin komandiri tərəfindən 2015-ci il ərzində dəfələrlə təltif olunmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsi haqqında” Qərarına əsasən məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 25 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək, yəni 01 (bir) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 20 fevral 2022-ci il tarixdən məhdudlaşdırıldığından sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən elan olunduğu, məhkum tərəfindən isə hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar