Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-67/2024 26.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə xeyli miqdarda, 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,197 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində daşımış, 17 oktyabr 2023-cü il tarixdə saat 18:45-də şübhəli şəxs qismində Qaradağ RPİ-nin NMB və 10-cu PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzi ilə üzbəüz olan “Aqrovest” mağazasının qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın qabaq sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə həmin çəkidə narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonunda yerləşən “ASAN” xidmətin yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata 1 büküm narkotik vasitə heroin almışdır. Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzi ilə üzbəüz olan “Aqrovest” mağazasının qarşısında olarkən mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra ona, narkotik vasitələrin, qanunsuz dövriyyəsində, şübhəli olduğunu bildirmiş və onu 10-cu PŞ-yə gətirmişlər. Müdafiəçinin iştirakı və videoçəkiliş aparmaqla üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməmişdən əvvəl könüllü olaraq, üzərindəki olan qanunla qadağan olunmuş əşya və predmetləri masanın üzərinə qoymağı təklif etmişlər. O, əynindəki göy rəngli şalvarın sağ yan cibindən siqaretin qızılı kağız kəsiyinə bükülmüş, öz istifadəsi üçün üzərində saxladığı 01 ədəd bükümü çıxarmış masanın üzərinə qoymuşdur. Həmin büküm açılmış, qəhvəyi rəngli, toz şəkilli kütlə aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, zərfin üzəri və protokolu istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülər və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında saat 18 radələrində əməliyyat qrupunun üzvü Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” ticarət mərkəzi ilə üzbəüz olan “Aqrovest” mağazasının qarşısına gəlmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, istifadəsi və dövriyyəsində şübhəli olduğunu bildirərək Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirmişlər. Qaradağ RPİnin 10-cu PŞ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs anket məlumatları üzrə dəqiqləşdirmə aparıldıqdan sonra şöbənin xidməti otaqlarından birində müdafiəçinin iştirakı və videoçəkiliş aparmaqla şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlamamışdan əvvəl üzərində saxladığı qanunla qadağan olunmuş əşya və ya predmeti təqdim etməsi təklif olunmuşdur. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qızılı rəngli siqaret kağızında olan bir ədəd bükümü çıxarmış, masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkoik vasitə heroin olduğunu bildirmişdir. Həmin büküm açılarkən içəsirində qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 17 oktyabr 2023-cü il tarixdə Yasamal rayonu, “ASAN” xidmətin yaxınlığında tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən maddi sübut əhəmiyyəti kəsb edə biləcək və ya cinayət xarakterli hər-hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin KTQ-nin inspektor kriminalisti Şahid3 öz ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərərək onun dediklərini təsdiq etmiş və əlavə olaraq hadisə günü işdə olduğunu, videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmək üçün dəvət edildiyini və çəkilişdə iştirak etdiyini bildirmişdir. Şahid Qaradağ RPİ-nin 10-cu PŞ-nin sabiq baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərərək onun dediklərini təsdiq etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işinin 27-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:45-də şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir. Cinayət işinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5494 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, yazılmış zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,197 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,197 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 0,097 qram olmuşdur. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 53-54-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş (saat 09:30-da) və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 74-75-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 88-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və 89-94-cü vərəqələrdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 95-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7409 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 98-104-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan və 109-cu vərəqədə olan raportdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,197 qram təmiz çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd DVD disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, 01 ədəd «DVD» diski cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,097 qram qalığı bir ədəd möhürlənmiş zərfdə saxlanılması üçün Qaradağ RPİ-nin MSSK-nə təhvil verilmişdir. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş DVD disk məhkəmədə tədqiq edilərkən müəyyən edilmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasında xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilir və videoçəkilişdən istifadə ediləcəyi bildirilərək iştirakçıların hüquqları izah edilir. Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə onları təqdim etməsi təklif olunur. Sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş olan bükümü təqdim edərək masanın üzərinə qoyur və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, tanımadığı şəxsdən 10 manat müqabilində öz istifadəsi üçün aldığını bildirir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutulub saxlanıldığı müddət, yəni 02 (iki) gün tutulma müddəti bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7409 rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ RPİnin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,097 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132) və iş üzrə aparılmış fiziki-kimyəvi ekspertizanının xərci – 81 (səksən bir) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 işə qoşularaq ibtidai istintaq dövründə 41 (qırx bir) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 41 (qırx bir) iş saatı hüquqi xidmətə görə 246 (iki yüz qırx altı) manat X3, məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,097 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 41 (otuz) iş saatı hüquqi xidmətə görə 246 (iki yüz qırx altı) manat X3, məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-67/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-67/2024
26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver