Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-68/2024 23.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X2 iştirakları ilə, xx.xx.1992-ci ildə Kürdəmir rayonu Çöl-Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzadan 01 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmiş Kürdəmir rayonu Çöl-Ərəb kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, ATS-in binasında fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 20:00-da ünvan 1 ünvanının qarşısında Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilmiş və orada videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibindən 02 ədəd siqaretin gümüşü kağızındakı bükümlərdə təmiz çəkiləri -0,245 qram olan qəhvəyi rəngli toz şəkilli maddə küstar üsulla hazılanmış narkotik vasitəheroin və 0,171 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, tarixini unutduğu vaxtda axşam radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsidə küçədə hərəkətdə olduğu zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq bölməyə aparmışlar. Polis bölməsdə o üzərində olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Narkotik vasitəni kənd Əhmədlidə məscidin yanında tanımadığı şəxsdən 20 manata almışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 38-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Qaradağ RPİ-nin 38-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış əməliyyat məlumatına əsasən o, əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsinə getmişdirlər. Axşam radələrində Təqsirləndirilən şəxs yaxınlaşıb onu Qaradağ RPİ-nin 38-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində o, üzərində olan narkotik vasitəni çıxarıb təqdim etmişdir.O, narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirmişdir. İş materiallarında olan 21 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 38 PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə şəxsi axtarış və götürmə aparılır.Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən iki ədəd siqaretin qızılı kağız kəsiyindəki bükümü çıxarıb masanın üzərinə qoyur. Həmin büküllülər açıldıqda birinin içərisində ağ rəngli kristal şəkilli maddə, digərindən qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilir. Təqsirləndirilən şəxs üzərində olan bükülünün içərisindəkilərin “şüşə” (metamfetamin) və “kakos” (heroin) olduğunu, həmin maddələri kənd Əhmədlidə məscidin yanında tanımadığı şəxsdən 20 manata aldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparması müşahidə olunur, lakin sonuncunun üzərindən heç bir əşya aşkar edilmir. Bundan sonra həmin bükümlər iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/4988 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” sözü, soyadlar və imzalar qeyd edilmiş zərfdəki 02 (iki) ədəd bükümdə təmiz çəkiləri -0,245 qram olan qəhvəyi rəngli toz şəkilli maddə küstar üsulla hazılanmış narkotik vasitə-heroin və 0,171 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş materillarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6225 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materillarında olan məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3388 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və digər psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyni dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekpertiza tədqiqatından sonra qalıq qalmış 02 büküm çəkiləri -0,195 qram olan qəhvəyi rəngli toz şəkilli maddə küstar üsulla hazılanmış narkotik vasitə-heroin və 0,121 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzadan 01 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmişdir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olması, cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli, onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 21 sentyabr 2023-cü il tarixdən hesablanmaldır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 92 (doxsan iki) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,195 qram narkotik vasitə heroin və 0,121 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 92 (doxsan iki) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,195 qram narkotik vasitə olan heroin və 0,121 qram psixotrop maddə metamfetamen məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (iki yüz əlli) manat məbləğində pul X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-68/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-68/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver