Məhkəmə qərarları › İş №1(002)-75/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-75/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-75/2024 08.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonu, Böyük Mərcalı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Belə ki, o, 06 sentyabr 2023-cü il tarixdə, saat 23:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Qobu Park-3" yaşayış kompleksinin həyətində şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış münaqişə zamanı əvvəllər tanıdığı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq ona sağ qulaq seyvanının bütünlüklə yumşaq toxumalarının və qığırdaqlarının qançır şişkinlik halında əziyi, sol yanağın, qarının ön səthinin, sağ said, sol bazu və sol bud nahiyələrinin qançırları, alt dodağın sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini və ifadə verməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə təqsirləndirilən şəxsin ifadəsi elan edilmişdir. O ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamla özünü təqsirli bilmir, evlidir, iki azyaşlı uşağı var. Əvvəllər məhkum olunmuşdur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Rəsmi olaraq işləmir. Fərdi qaydada “Qobu Park” yaşayış kompleksində xeyir-şər evində işləyir. Zərərçəkmiş şəxs tanıyır. Aysel Füzuli rayonundandır. Aysel də “Qobu Park” yaşayış kompleksində qalır. Onunla uzun müddərdir qeyri-rəsmi münasibətləri var. 06 sentyabr 2023-cü il tarixdə saat 23:50 radələrində Qobu Park-3 yaşayış kompleksinin həyətində olarkən Ayselin uzaqdan gəldiyini görmüşdür. Həmin günü spirtli içki içmişdir. Bir neçə gün idi ki, Ayseli axtarmışdır. Üç-dörd gün idi ki, aralarında mübahisə olmuşdur. Belə ki, Aysel fərdi olaraq tibbi masaj edirmiş. Mənzillərə gedirmiş. O da buna görə onu qısqanırmış. Onun masajçı kimi işləməsini istəmirmiş. Aysel də buna görə ondan ayrılmaq istəmişdir. O, isə onunla danışıb barışmaq istəmişdir. Aysel onun telefonunu blok etmişdir. Ona zəng edə bilməmişdir. Həmin gün Ayselə yaxınlaşıb haradan gəlməsini soruşmuşdur. Aysel cavab verməmişdir. Verdiyi suallardan yayınmışdır. Qolundan tutub silkələmiş və yenə də haradan gəlməsini soruşmuşdur. Aysel qışqıraraq əlini ondan çəkməsini demişdir və anası Xuramanın yaşadığı binanın blokuna tərəf getmişdir. O, Aysellə bloka qədər getmişdir. Aysel onun yanında getməyini istəmədiyi üçün və qışqır-bağır saldığına görə qonşuların və bina sakinlərinin oraya toplaşmaması üçün “Qobu Park-1” yaşayış kompleksində 10-cu binanın altındakı xeyir-şər evinə getmişdir. Oraya gedəndə heç kim olmamışdır. Xeyir-şər evindən bıçaq götürmüşdür. Bıçağı götürməkdə məqsədi özünə xəsarət yetirmək olmuşdur. Bir qədər sonra Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşlarının xidməti avtomobillə onların yaşadıqları binanın həyətinə gəlmələrini görmüşdür. Polis əməkdaşları gələndə artıq bilmişdir ki, Aysel onun barəsinə şikayət etmişdir. Bu ona çox pis təsir etmişdir. Ona görə də özünə əlindəki bıçaqla xəsarət yetirmişdir. Polis əməkdaşları ona kömək edib Lökbatan qəsəbəsindəki xəstəxanaya gətirmişlər. Oradan onu təcili tibbi yardım xəstəxanasına aparmışlsr. Təxminən bir həftə xəstəxanada müalicə olunmuşdur. Xəstəxanada tam öyrənmişdir ki, Aysel onun barəsində polisə ərizə yazmışdır. Ayseli döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Ayseldən haradan gəlməsini soruşmuşdur. Buna görə aralarında 5-10 dəqiqəlik mübahisə olmuşdur. Onu qısqandığına görə masajda işləməsini istəməmişdir. Qolundan tutub silkələmişdir. Onun əlində bıçaq olmuşdur, həmin bıçağı Aysellə mübahisədən sonra özünə xəsarət yetirmək məqsədi ilə götürmüşdür. Lakin Ayseli döyməmişdir. Aysellə arasında mübahisə olarkən həmin vaxt onun əlində heç nə olmamışdır. O, əlavə olaraq bildirmişdir ki, hadisə vaxtı içkili olmuşdur, Aysellə aralarında olan mübahisə qısqanclıq zəmnində olmuşdur. O sadəcə olaraq Ayselin qolundan tutaraq sirkələmişdir. O, öz ifadəsində son olaraq himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, hazırda subaydır. Birinci ailəsindən boşanmışdır. Füzuli rayonundan məcburi köçkün olaraq ilk dəfə Yasamal rayonu ərazisində yataqxanada məskunlaşmışlar. Orada qaldığı müddətdə Cəbrayıl rayonundan olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Aralarında qadın-kişi olaraq səmimi münasibətləri yaranmışdır. Sonradan bu münasibətlər sevgi münasibətlərinə çevrilmişdir. 2017-ci ildən məcburi köçkünləri, onların hamısını Qaradağ rayonu, Lökbatan qəsəbəsi Qobu Park yaşayış kompleksinə köçürmüşlər. Qaşqay da öz ailəsi ilə birlikdə oraya köçmüşdür. Onlar Lökbatana köçəndən sonra da Qaşqayla münasibətləri davam etmişdir. Lakin son vaxtlar Qaşqay mütəmadi olaraq spirtli içki qəbul etmişdir. Bundan sonra da onunla mübahisələri olmuşdur. Mübahisənin əsas səbəbi Qaşqayın onu qısqanması olmuşdur. O, fərdi olaraq masaj xidməti ilə məşğul olur. Masaj etdiyi pasiyentlərinin əksəriyyətinin yaşadığı evlərə gedib orada masaj xidməti göstərir. Buna görə də Qaşqay onu qısqanır. Bu qeyd elədiklərinə görə o, Qaşqayın telefon nömrəsini həm zənglərdə, həm də votsapda blok etmişdir. Eşitmişdir ki, Qaşqay onu axtarır. Əlavə problemlərdən qaçmaq üçün onunla rastlaşmaq istəməmişdir. Qaşqayın onunla problemlərinin olmasını anası Xuraman da bilmişdir. O da məsləhət bilmişdir ki, Qaşqaydan uzaqlaşsın. O da maksimum dərəcədə Qaşqayı görməmək üçün evə gec gələndə tezca bloka daxil olmuşdur ki, onunla görüşmasin. Qaşqay onu əvvəllər ölümlə hədələsə də, hər hansı bir xəsarət yetirməmişdir. 06 sentyabr 2023-cü il tarixdə saat 23:50 radələrində o, işdən gəlmişdir. Qobu Park 3 yaşayış kompleksinin həyətinə tərəf anasının yaşadığı binaya getmişdir. Bu zaman Qaşqay, ona yaxınlaşmışdır. Haradan gəlməyini soruşmuşdur. O, Qaşqaya işdən gəldiyini demişdir. O da ona söyüb pozğunluqdan gəldiyini demişdir. Onun qollarından tutub sifətinə, yanağına, qollarına və qarın nahiyəsinə, həmçinin ayaqlarıma həm əli ilə, həm də təpiklə vurmağa başlamışdır. O, Qaşqayın əlindən qaçıb anasının yaşadığı binanın blokuna daxil olmuşdur. Həmin vaxt Qaşqay onun arxasınca gəlmişdir. Blokda da ona yenə bir iki dəfə sillə vurmuşdur. O, dodağından yanağından xəsarət almışdır. Bloka daxil olub anasının yaşadığı mənzilə qalxmışdır. Anası qapını açıb Qaşqayın onu döydüyünə görə xəsarət almağını görmüşdür. Bundan sonra anası çıxdığı üçün Qaşqay getmişdir. Qaşqay onu əlləri və ayaqları ilə döymüşdür. Əlində bıçaq, balta olmamışdır. Onun istifadəsində olan nömrədən Qaşqayla arasında münaqişə olması barədə 102 xidmətinə anası Xuraman Calilova zəng etmişdir. İkinci dəfə isə anası 102 xidmətinə zəng edib demişdir "garak bizi baltalayıb öldürsünlərmi?", lakin Qaşqayın əlində nə balta, nə bıçaq olmamışdır. Anası bu sözləri polisin daha tez gəlməsi üçün demişdir. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Aysel ərindən ayrılmışdır. Himayəsində üç azyaşlı uşağı vardır. 2017-ci ildən “Qobu Park” yaşayış kompleksində yaşayan Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi münasibətləri var. İndiyədək bir neçə dəfə Aysellə Qaşqayın arasında münaqişələr olmuşdur. Qaşqay spitrli içki içdiyinə görə özünü aqressiv aparmış. 06 sentyabr 2023-cü il tarixdə gecə saat 23:50 radələrində yaşadıqları binanın qarşısından səs-küy eşitmişdir. Qapını açıb bloka çıxanda görmüşdür ki, Qaşqay qızı Ayseli döyə-döyə saçlarından tutub evə tərəf gətirir. Qaçıb evdən onlara tərəf gəlmiş, onları ayırmağa çalışmışdır. Qaşqay Ayselin başına və bədəninə təpik və yumruqla vurmuşdur. O, gələndən sonra Qaşqay Ayseli buraxıb getmişdir. O, Qaşqayın hərəkətlərindən onun sərxoş olmasını hiss eləmişdir. Hadisədən sonra qızı Aysel DİN-in 102 xidmətinə məlumat vermişdir. Daha sonra o, polisə bir də zəng etmişdir. Qaradağ RPİnin 10-cu PŞ-nin əməkdaşları gəlib onları şöbəyə aparmışlar. Qızı Aysel polis şöbəsində ərizə yazmışdır. İzahatı alınmışdır. Qızı ilə bu barədə danışanda ona məlum olmuşdur ki, Aysel işdən qayıdarkən Qaşqay qızını onların yaşadığı “Qobu Park” 3 saylı binanın həyətində görüb və ona nalayiq söyüşlər söyərək döymüşdür. Qızı onun əlindən qaçaraq onların binasının blokuna daxil olanda Qaşqay blokda da Ayseli döymüşdür. Bundan sonra polis əməkdaşları yenidən “Qobu Park” kompleksinə Qaşqayı gətirməyə getmişlər. Bina sakinləri bir neçə saat sonra onlara məlumat vermişlər ki, Qaşqay özünü bıçaqla vurmuşdur. Qızı Ayselin ***-***-**-** nömrəli telefon nömrəsindən 102 xidmətinə o, ikinci dəfə zəng etmişdir. Həyəcanından demişdir ki, Qaşqayın əlində balta var. Lakin onun əlində balta olmamışdır. O, Qaşqayın qızını döyməsinə görə polislərin daha tez gəlib onu aparmaları üçün belə məlumat vermişdir. Qaşqay qızını küçədə döyərkən orada kiminsə olmağı barədə məlumatı yoxdur. Bloka daxil olanda isə o, Qaşqayın qızını döyməsini görmüşdür. Həmin vaxt orada başqa şəxs olmamışdır. Qaşqay hadisə zamanı onu vurmamışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 09 sentyabr 2023-cü il tarixli 663 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-sağ qulaq seyvanının bütünlüklə yumşaq toxumalarının və qığırdaqlarının qançır-şişkinlik halında əziyi, sol yanağın, qarının ön səthinin, sağ said, sol bazu və sol bud nahiyələrinin qançırları, alt dodağın sıyrığı bərk küt əşya (əşyalar) təsirindən müayinədən 1 (bir) günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 06 sentyabr 2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumililikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş 08 yanvar 2024-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, 23 may 2017-ci il tarixdə doğulmuş X2 və 24 iyul 2018-ci il tarixdə doğulmuş X4 ataları Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xətai Rayon Polis İdarəsində CM-nin 128-ci maddəsinə əsasən qəsdən sağlamlığa yüngül zərər vurma ilə əlaqədar 01 fevral 2020-ci il tarixdə CPM-nin 40.2 (73.1) maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü ilə CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azadılmış, 08 oktyabr 2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Görünüdüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Lakin Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbindən aydın olur ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində 2020-ci ildə CM-nin 73.1-ci maddəsinə əsasən cinayət işinə xitam verildiyi üçün hazırda onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi cinayət işinə barışığa görə yenidən xitam verilməsinə səbəb ola bilməz. Belə ki, CM-nın 72-ci maddəsinin qeyd hissəsinə görə şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 13 noyabr 2023-cü il tarixdə saat 17:10-da şübhəli şəxs qismində tutulmuş, Qaradağ RPİ-nin müstəntiqi, polis mayoru X6 tərəfindən Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə saat 16:55-də təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra müstəntiqin qərar ilə MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal CM-nın 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 15 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanını hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar