Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-77/2020 18.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan şosesində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2019-cu il tarixdə saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan Yolu küçəsində, 195 saylı marşrut avtobusların dayanacağının yanında yerləşən fəaliyyətsiz kafenin arxasından təxminən 80 metr aralıda boş ərazidə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə 2019-cu ilin noyabr ayının sonlarında qeyd olunan qəsəbə ərazisində Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sükan arxasından onun piyada yolu keçməsinə kobud şəkildə irad bildirdiyi üçün məsələyə aydınlıq gətirərək şəxsi münasibətlərin pozulması zəmnində sonuncu ilə mübahisə etmiş, yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs onun yaxasından tutub vuracağını ehtimal edərək qəsdən bir neçə dəfə yumruq zərbələri ilə Zərərçəkmiş şəxs sol sifət və bədəninin müxtəlif nahiyyələrindən vuraraq sonuncuya sol almacıq sümüyünün, sol orbitanın aşağı və lateral divarlarının, sol əng sümüyünün alveol çıxıntısının və ön divarının qəlpəli yerinidəyişmiş sınıqları ilə müşayiət olunan sol gözətrafı nahiyyənin qançırı, sol qulaq seyvanının əzilmiş yarası, boyunun və sol körpücük nahiyəsinin qançırları ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. 2013-cü ilin dekabr ayında Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsi ilə məhkum edilmişdir. 2018-ci ilin aprel ayında azadlığa buraxılmışdır. Hal-hazırda heç bir işlə məşğul olmur. 2019-cu ilin noyabr ayında o Ələt qəsəbəsi, Salyan şossesi deyilən yolu Ələt qəsəbə sakini olan Ağakişi adlı şəxs ilə birlikdə keçərkən qəsəbə sakini olan Zərərçəkmiş şəxs idarə etdiyi Ford markalı avtomobil ilə getdiyi zaman avtomobili saxlayıb onlara irad bildirərək demişdir ki, “yolu tez keçin”. O da Ağakişi ilə birlikdə təəccüblənmişlər ki, Rahib onlara gəlib çatana qədər onlar artıq yolu keçmişlər. Rahib ilə Ağakişi arasında mübahisə yaranmışdır. Daha sonra o, Rahib ilə Ağakişini sakitləşdirmək üçün məsələyə qarışmışdır. Rahib onlara demişdir ki, “qudurmusunuz”. Rahib ona məhəl qoymayıb avtomobili sürüb getmişdir. xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Ələt qəsəbəsində Salyan rayonuna gedən avtobusların dayandığı dayanacaqda avtobus sürücüləri ilə dayanıb söhbət etdiyi zaman Rahibin yol ilə gələrkən ona baxdığını görmüşdür. Rahib onu biraz keçəndən sonra o, Rahibi arxadan səsləyərək çağırmışdır. Rahib olduğu yerdə dayanmış, o, Rahibi yanına çağırmışdır. Rahib yolu keçib onun yanına gəlmişdir. Rahib yanına gələndən sonra o Rahibə demişdir ki, “nə səbəbə sən yolu keçəndə bizimlə kobud danışırdın?”. Rahib də ona demişdir ki, “siz qudurmusunuz”. Onlar dayanacaqda olduğu üçün ətrafda insanların olduğunu nəzərə alıb Rahibi kənara dəvət etmişdir. Rahib də onunla acıqlı danışaraq gəlməkdən imtina eləmişdir. Rahib səs-küy saldığı üçün yolun kənarında yerləşən kafenin arxa tərəfində heç kimin olmadığı yerə çağırmışdır ki, yoldan keçənlərdən ayıbdı, elə bilərlər ki, o kiminləsə mübahisə eləyib dalaşır. Lakin onlar arxa tərəfə keçərkən Rahib onun yaxasından tutmuşdur. Rahibin onun yaxasından tutub vurmaq istədiyini görüb əsəbləşmiş, o dərhal Rahibin əynindəki paltarın boğaz hissəsindən tutub Rahibin sol sifət nahiyyəsindən bir neçə dəfə yumruqla zərbələr vurmuşdur. Zərbələr Rahibin üzünə, qulağına, sol çiyninə dəymişdir. Rahib yerə yıxılandan sonra o oradan uzaqlaşmışdır. O Rahib ilə dava-dalaş edən zaman ətrafda heç kim olmamış, onları heç kim görməmişdir. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, o Rahibi tək vurmuş, həmin vaxt ətrafda heç kim olmamışdır. Dava-dalaş zamanı o Rahibin üstünə bıçaq da çıxartmamışdır. Münaqişə zamanı o Rahibi söyməmişdir. Rahib ilə aralarındakı dava-dalaş təxminən 2-3 dəqiqə davam etmişdir. Hal-hazırda törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Hazırda özünə məxsus olan “Ford Tranzit” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə orta çəkili yük daşımaqla məşğul olur. 2019-cu ilin noyabr ayının sonlarında Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinin daxilindəki “Salyan yolu” deyilən mərkəzi yoldan özünə məxsus avtomobil ilə saatda 30-40 km/s sürətlə getdiyi zaman Ələt qəsəbə sakini kimi tanıdığı Ağa və adının sonradan İsmayıl olduğunu bildiyi İsmayıl adlı şəxslər yolu yavaş-yavaş keçərək yoluna çıxmışlar. O məcbur olub avtomobili saxlayıb Ağa ilə İsmayıla yol vermişdir. Ağa ilə İsmayılın yolu keçdiyi yerdə piyada keçidi yoxdur. O qəza baş verə biləcəyindən qorxub avtomobili saxlamış, Ağa ilə İsmayıl yolu keçib yolun kənarında dayanmışlar, o da avtomobilin sağ pəncərəsindən Ağa adı ilə tanıdığı Ələt qəsəbə sakininə demişdir ki, “belə yol keçməzlər, mən avtomobil ilə gedirəm, sən avtomobilin qarşısına çıxırsan, səni vura da bilərdim”. Ağa onun bu iradına qarşı demişdir ki, “yaxşı eləyirəm, biz beləyik, biz yolu qəsdən belə keçirik ki, bu yolda sürətlə maşın sürməsinlər”. Həmin yolda qatar reysləri olduğu üçün o heç vaxt çox sürətlə getmir, ona görə də Ağaya demişdir ki, “mən onsuzda bu yolu yavaş gedirəm”. Ağa onunla mübahisə edən zaman İsmayıl Ağadan təxminən bir iki metr aralıda dayanmışdır. İsmayıl Ağaya yaxınlaşıb soruşanda ki, “nə olub, nə deyir?”, o avtomobili sürüb öz yoluna davam eləmişdir. xx.xx.2019-cu il tarixdə saat 16 radələrində Ələt qəsəbəsindəki “Salyanyolu” deyilən mərkəzi yolda “Salyan dayanacağı” kimi tanınan, şəhərə gedən avtobusların dayandığı yerdən keçib anası X1 yaşadığı Ələt qəsəbəsi, Sabir küçəsinə getdiyi zaman arxadan Ələt qəsəbə sakini İsmayıl onu səsləyərək çağırmağa başlamışdır. O da geri dönüb İsmayıla tərəf getmiş, İsmayıla çatanda ona demişdir ki, “bura gəl sənə sözüm var”. O da İsmayıla demişdir ki, “nə sözün var, burda de”. İsmayıl onu şəhərə gedən avtobusların dayanacağının arxa tərəfinə, köhnə dağılmış kafenin həyətinə təkidlə dəvət edərək demişdir ki, “sənə deyirəm bura gəl, sözüm var sənə”. O da İsmayıla gedə-gedə demişdir ki, “nə sözün var, burda de də”. Onlar gəlib kafenin həyətinə heç kimin olmadığı yerə çatmışlar. Bu zaman İsmayıl onun üstünə bıçaq çıxarıb demişdir ki, “səni öldürəcəm”. O nə baş verdiyini başa düşməmiş, İsmayıldan nə səbəbə belə etdiyini soruşmuşdur. İsmayıl da ona demişdir ki, “vuracam səni, bıçağı sənə soxacam, səni öldürəcəm”. İsmayıl sağ əlində bıçaqla onun üstünə hücum eləmiş, o tez özünü müdafiə eləmək üçün iki əllə İsmayılın sağ əlindən tutmuşdur ki, onu vura bilməsin. Həmin vaxt qəflətən kimsə naməlum alətlə onun sol sifət və qulaq nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. Zərbənin təsirindən gözləri qaralmış, o, yerə yıxılmışdır. Yerə yıxılandan təxminən 4-5 dəqiqə sonra o birtəhər özündə güc toplayıb ayağa durmuş, yerdə yağış yaxandan sonra yığılıb qalmış suyu üzünə vurmuşdur. Bu zaman Ələt-Bakı xətti ilə avtobus sürən adını bilmədiyi sürücü ona yaxınlaşıb demişdir ki, “İsmayıl dedi ki Rahibi vurmuşam, yıxılıb yerdə qalıb”. Yol ilə gedən taksi sürücüsü ilə Ələt qəsəbəsində yerləşən TTY-nə müraciət etmişdir. TTYS avtomobili ilə onu KTM-ə aparmışlar. Sabahı günü onu Tibb universitetinin Elmi-cərrahiyyə institunda əməliyyat etmişlər. Dava-dalaş təxminən 4-5 dəqiqə davam etmişdir. Davadalaş zamanı ətrafda heç kim olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. 2013-cü ilin dekabr ayında Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.4-cü maddələri ilə məhkum edilmişdir. 2017-ci ilin mart ayında azadlığa buraxılmışdır. Hal-hazırda heç bir işlə məşğul olmur. Zərərçəkmiş şəxs döyülməsi ilə bağlı demişdir ki, o Rahibin döyülməsini görməmişdir. xx.xx.2019-cu il tarixdə Ələt qəsəbəsində mobil telefon dükanlarının birində telefon nömrəsi aldığı zaman avtobus sürücüsü Anar adlı şəxs ona zəng vuraraq demişdir ki, “qardaşın İsmayıl dayanacağın arxasında dava eləyib, gəl tez özünü çatdır bura”. O dükandan çıxıb tez Anar deyən yerə gəlmişdir. O gələn zaman orada heç kimi görməmiş, Anar ona demişdir ki, “İsmayıl Rahib ilə dayanacağın arxa tərəfinə keçiblər, İsmayıl Rahibi döyüb”. Bundan sonra o oradan aralaşıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 10 il olar ki, mikroavtobus idarə edir. Hal-hazırda etibarnamə əsasında idarə etdiyi “Ford-Tranzit” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı mikroavtobus ilə Ələt-Bakı marşurut xətti ilə sərnişin daşıyır. Onunla bərabər bir neçə nəfər sürücü də Ələt-Bakı marşurut xətti ilə sərnişin daşıyır. xx.xx.2019-cu il tarixdə Ələt qəsəbəsi, Salyan yolunda yerləşən “Salyan dayanacağı” kimi adlanan yerdə dayandığı zaman ondan təxminən biraz aralıda Ələt qəsəbə sakinləri İsmayıl ilə Rahib adlı şəxslərin bir-biriləri ilə söhbət etdiklərini görmüşdür. İsmayıl ilə Rahib yolun kənarında söhbət etdikdən sonra yolun kənarında, dayanacaqda olan “Ələt” adı ilə tanınan kafenin arxasına, boş əraziyə keçmişlər. O qorxduğu üçün İsmayıl ilə Rahibin mübahisələrinə qarışmamışdır. Lakin o biraz irəli gedib daş hasardan İsmayılın baş hissəsini görmüşdür. Başa düşmüş ki, Rahib ilə İsmayıl arasında dava-dalaş baş verəcək. Ona görə də tez yolun kənarında taksi fəaliyyəti ilə məşğul olan Qalib adlı şəxsi çağırıb demiş ki, “İsmayıl ilə Rahib dava edirlər, gəl kömək eləməyə gedək”. Təxminən 2-3 dəqiqə ərzində o Qalib ilə birlikdə Rahibin yanına gələndə İsmayıl orada görməmiş, İsmayıl artıq çıxıb getmişdir. Rahib ayaq üstə dayanıb sol sifət nahiyyəsini tutub yerdən yağış suyundan əli ilə götürüb üzünə vurmuşdur. Rahibin vəziyətinin pis olduğunu görüb Rahibi Qalibin idarə etdiyi VAZ 2107 markalı avtomobilinə əyləşdirib Rahibi Qalib ilə birlikdə Ələt qəsəbəsində yerləşən TTYS-a göndərmişdir. O isə idarə etdiyi mikroavtobusda sərnişinlər olduğu üçün avtobusun yanına qayıtmışdır. Rahibi taksi ilə xəstəxanaya yola saldıqdan sonra İsmayılın qardaşı Yaşara zəng vuraraq demişdir ki, “qardaşın İsmayıl Rahibi döyüb xəsarət yetirib”. O Rahib ilə İsmayılın bir-biri ilə söhbət edərək yolun kənarında olan köhnə fəaliyyətsiz “Ələt” adlı kafenin arxa tərəfinə heç kimin olmadığı yerə keçdiklərini, İsmayılın daş hasarın arxasında baş nahiyyəsini görmüşdür. Başa düşmüşdür ki, İsmayıl ilə Rahib dalaşırlar. Rahib ilə İsmayıl arasındakı dava-dalaş 2-3 dəqiqə ərzində baş vermişdir. O, Qalib ilə birlikdə Rahib ilə İsmayılın yanına gedəndə İsmayıl artıq oradan çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Hazırda etibarnamə əsasında idarə etdiyi “VAZ 2107” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Adətən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolunda yerləşən “Ələt” adı ilə tanınan kafenin yanında dayanır. xx.xx.2019-cu il tarixdə həmişə olduğu kimi avtomobildə əyləşib müştəri gözlədiyi zaman mikroavtobus sürücüsü olan Anar adlı şəxs gəlib onu tez çağıraraq demişdir ki, “kafenin arxa tərəfindəki boş ərazidə İsmayıl ilə Rahib dalaşırlar, tez gəl onları aralaşdıraq”. O da tez avtomobildən düşüb Anar ilə birlikdə Anarın dediyi yerə getmişdir. Onlar ora çatanda görmüşlər ki, Ələt qəsəbə sakini olan Rahib adlı şəxs sol üz nahiyyəsini əli ilə tutaraq yerdə yığılmış yağış suyunu üzünə vurur. Onlar dərhal Rahibi onun avtomobilinə əyləşdirib Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən TTYS-na aparmışdır. O İsmayıl ilə Rahib arasında baş vermiş dava-dalaşı görməmiş, o Rahibin yanına gələndə Rahib tək olmuş, ətrafda başqa heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-in təhqiqatçısı Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 1984-cü il tarixdən DİO-da, hal-hazırda tutuduğu vəzifədə isə 2019-cu ilin yanvar ayından xidmət aparır. xx.xx.2019-cu il tarixdə əməliyyat qrupunda olarkən xx.xx.2019-cu il tarixdə saat 00.03 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsi, Park küçəsində yaşayan X3 DİN-in 102 xidmətinə məlumat verərək bir neçə nəfər şəxs tərəfindən döyüldüyünü bildirmişdir. O əməliyyat qrupu ilə birlikdə hadisə yerinə getmişdir. Şikayət vermiş Rüfət Orucəliyevi polis bölməsinə dəvət etmişlər, R.Orucəliyevin ərizəsini aldıqdan sonra çıxıb getmişdir. Gecə saatları olduğu üçün Rüfətin şikayət etdiyi şəxsləri tapmaq mümkün olmamışdır. xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Rüfət Orucəliyevi döyən şəxsin Ələt qəsəbə sakini Şahid2 olduğu müəyyən edilmiş və tərəfindən PB-ə dəvət edilmişdir. Həmin gün saat 15.30 radələrində Şahid2 polis bölməsinə gəlmiş və tərəfindən izahatı alınıb sərbəst buraxılmışdır. Şahid2 xx.xx.2019-cu il tarixdə saat 16 radələrində Qaradağ RPİ-nin 11-ci PB-də onun xidməti otağında olmuş, həmin vaxt şikayət ilə əlaqədar izahatını almışdır. Ağakişinin Rahib adlı şəxsi həmin vaxt döyməsi mümkünsüzdür. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid2 öz ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. 2018-ci ilin yanvar ayında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Həmin ilin sentyabr ayında azadlığa buraxılmışdır. Təxminən 10 ildir ki, fərdi qaydada sürücü işləyir. Hal-hazırda “Mercedes” markalı mikroavtobusla Ələt-Bakı marşurut xətti ilə və sifarişlə işləyir. 2019-cu ilin noyabr ayının sonlarında o Ələt qəsəbə sakini İsmayıl adlı şəxs ilə birlikdə Ələt qəsəbəsinin içərisində Salyan şossesi deyilən yolu keçdikləri zaman onun qohumu Zərərçəkmiş şəxs idarə etdiyi Ford markalı avtomobil ilə həmin yoldan keçirmiş. Bu zaman Rahib avtomobili saxlayıb onlara irad bildirərək demiş ki, “bu nə yol keçməkdi gedirsiz?, iki nəfər qolu güclü yolu belə keçirlər?”. O da Rahibə qohum olduğu üçün əmioğlu deyə müraciət edib demişdir ki, “nə olub ay əmioğlu? Nə qulluğun mənə görə?”. O əvvəlcə Rahibin onlara irad bildirməsini başa düşməmiş, sonradan bilmiş ki, Rahib onlara yolu keçmələrinə görə irad bildirir. Rahib əsəbi halda “qudurmusunuz” deyib avtomobili sürüb getmişdir. İsmayıl həmin vaxt heç bir söz deməmişdir. Daha sonra onun Rahib ilə heç bir mübahisə və ədavəti olmamışdır. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rahibin döyülməsi barədə məlumatı Qaradağ RPİ-nin 11-ci PB-də olan zaman olmuşdur. Rahib ilə İsmayıl arasında dava-dalaş baş verən zaman o Qaradağ RPİ-nin 11-ci PB-in təhqiqatçısı Təzəxan müəllimin yanında olmuşdur. Rahibin İsmayıl tərəfindən döyülməsini hadisədən 1-2 gün sonra bilmişdir. xx.xx.2019-cu il tarixdə saat 16 radələrində təhqiqatçı Təzəxan müəllim onun şikayət ilə bağlı izahatını almışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli 1016 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol almacıq sümüyünün, sol orbitanın aşağı və lateral divarlarının, sol əng sümüyünün alveol çıxıntısının və ön divarının qəlpəli yerinidəyişmiş sınıqları ilə müşayiət olunan sol gözətrafı nahiyyənin qançırı, sol qulaq seyvanının əzilmiş yarası, boyunun və sol körpücük nahiyyəsinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2019-cu il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İşdə olan tələbnamədən və hökmün surətindən aydın olur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 137 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 34 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 204 (iki yüz dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 204 (iki yüz dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, onun surətinin tərəfə rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-77/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-77/2020
18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver