Məhkəmə qərarları › İş №1(002)-78/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-78/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-78/2024 20.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə, saat 12.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində qonşuluqda kirayədə yaşayan Zərərçəkmiş şəxs evin sahibinə onun anasından şikayət etməsi ilə əlaqədar həmin evin sahibi ilə anasının arasında mübahisə yaranmasını eşidib hiddətlənərək yaşadığı binanın qarşısında Zərərçəkmiş şəxs rastlaşdıqda ev sahibini hansı səbəbdən anasının üstünə göndərməsini aydınlaşdırmaq istəyərkən, aralarında yaranmış mübahisənin ictimai xarakter alaraq ətrafdakıların narahatlığına səbəb olmasını dərk edərək ictimai qaydanın kobud surətdə pozulması ilə nəticələnən münaqişəyə çevrilməsinə zəmin yaratmış, cəmiyyət arasında formalaşmış birgəyaşayış və davranış qaydalarına etinasızlıq edərək şəxsiyyəti istintaqa məlum olmayan tanışı ilə birlikdə bir qrup şəxs halında Zərərçəkmiş şəxs təhqir edərək onun üz nahiyyəsinə sillə ilə vuraraq özünə tərəf dartıb yerə yıxmış, daha sonra tanışı ilə birlikdə onun başına sinəsinə yumruq və təpiklə vuraraq ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta radələrində işdən çıxıb evə nahar etməyə getmişdir.Evə qalxmamışdan əvvəl blokun qarşında dayanıb siqaret çəkdiyi zaman iki nəfərin yanından keçərək bloka daxil olduğunu görmüş, lakin buna məhəl qoymamışdır.Siqaretini çəkib qurtardıqdan sonra bloka daxil olduqda qapılarının möhkəm şəkildə döyüldüyünü görmüşdür.Evinin üzərinə adam gətirməyi ilə bağlı o Sərxana iradını bildirmiş və ona aşağı düşüb məsələni həll etməyi təklif etmişdir.Sonradan ona məlum olmuşdur ki, bir gün öncə məhəllənin qarşısında maşın saxlamaqla bağlı Sərxanın qonuşalarla mübahisəsi olmuşdur.Sərxan qonşulara əcəb edib həmin yerdə maşın saxladığını bildirmişdir.Ona görə də Sərxan kirayədə yaşadığı evin sahibini onların üzərinə gətirmişdir.Qonşu arvadlar Sərxanla bağlı iradlarını evin sahibinə bildirmişlər. O Sərxana gedib oturub çay içib məsələyə aydınlıq gətirməyi bildirmişdir.Bu zaman Sərxan onu binanın yan tərəfinə çəkmiş və anasının onu təhqir etdiyini bildirmişdir.O Sərxana “əgər belə hal olubsa anam səhv edib səni təhqir edib, amma səndə qələt edirsən məhəllənin qarşısında maşın saxlayırsan" bildirmişdir.Sərxan ondan “Qələt etmisən” kəliməsini bir də təkrar etməsini bildirmiş və oda bir daha Sərxana eyni sözü bildirmişdir.Bundan sonra onlar bir-birinə girmiş və dava etməyə başlamışlar.Sərxan onu yerə yıxmaq istəyən zaman özü arxası üstə yıxılmış və və o da Sərxanın üzərinə aşmışdır.Onlar yerdə bir-birilərini vurmuşlar.Sərxanın dayandığını gördükdən sonra o da dayanaraq ayağa qalxmış və burnundan qan gəldiyindən qanı yumaq üçün evə qalxmışdır.O aşağı düşəndə Sərxanın getdiyini görmüşdür.Təqsirləndirilən şəxs suallar cavab olaraq bildirmişdir ki, Sərxanla davanı tək etmiş və dava zamanı ona heç kim kömək etməmiş və ayırmamışdır.Törətdiyi əməldən qismən peşmandır.Zərərçəkmiş şəxslə barışığa cəhd edib, lakin zərərçəkmiş şəxs onunla barışmamışdır.Qeyd edilənlərin nəzərə alınmasını onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin əvvəllərindən Lökbatan qəsəbəsində, kirayədə yaşayır.Hadisə baş verməmişdən bir gün qabaq maşınla işdən evə gəlmiş və maşınını həmişə saxladığı yerdə saxlamışdır. Bu zaman qonşu arvadlar məhəllənin qarşısında ona maşın saxlamaqla bağlı iradlarını bildirərək təhqir etmişlər.Bununla bağlı kirayədə qaldığı evin sahibi Kamala zəng edərək sabah gəlib məsələni həll etməsini xahiş etmişdir.Səhəri gün Kamal gəlmiş onunla birlikdə Afaqgilin evinə qalxmağı təklif etmişdir. Ona yuxarı qalxmaq istəmədiyini özünün bu məsələ ilə məşğul olmasını xahiş etmişdir. Kamal yuxarı qalxdıqdan bir neçə dəqiqə sonra Afaqın oğlu Emin aşağı düşərək Kamalı onların üzərinə göndərməsi barədə soruşduqda, o, Eminə Kamalı göndərmədiyini bildirdim. Kamal aşağı düşüb Eminə özünün gəldiyini bildirmişdir. Həmin vaxtı Kamal blokun qarşısında qadınlarla danışan zaman o, Eminlə kənarda söhbət etməyə başlamışdır. Həmin vaxtı Eminin yanında iki nəfər şəxs olmuşdur. Onlardan biri bacısı oğlu kimi tanıdığı şəxs və dolu bədən cüssəli yaşı təxminən 20-25 yaşlarında olan şəxs isə dostu idi. Həmin vaxt saqqallı dolu bədən cüssəli Eminin dostu ona “Biz deşik-deşik edərik” deyə bildirən zaman ondan kimi, sualını verdikdə isə ona maşını deyə cavab vermişdir. O, maşını saxladığı yeri göstərərək buyur get deşik-deşik elə deyə bildirmişdir. Həmin şəxs kinayə ilə gülümsəyərək “xeyr biz elə uşaqlar deyilik” deyə bildirmişdir. Daha sonra Emin qoluna girərək onu olduqları yerdən biraz da aralı yerə apararaq anası ilə niyə mübahisə etdiyi barədə soruşduqda, o Eminə anası ilə mübahisə etmədiyini əksinə ilk olaraq anasının və bacısının onu təhqir etdiyini bildirmişdir. Emin ona, anası ilə elə danışığına görə qələt eləmisən deyə bildirdikdə, bunu onun anası ilə pis danışdığına görə qəbul etmiş, lakin ikinci dəfə təkrarlamamasını artıq onun şəxsiyyətini alçaltmamasını bildirdikdə, Emin anidən onun sifət nahiyyəsinə sillə ilə vurmuşdur. Bundan sonra onlar dartışmağa başlamışlar. Daha sonra Eminin yanında olan dostu və bacısı oğlu Emin ilə birlikdə onun bədəninə və başına təpik və yumruqlarla vuraraq onu yerə yıxmışlar. Yerdə olduğu zaman onlar onun bədəninin və başının müxtəlif nahiyyələrinə təpiklə dəfələrlə vuraraq müxtəlif xəsarətlər yetirmişlər. O, bir təhər özünü toparlayıb maşına oturmuş, oradan uzaqlaşmaq istədiyi zaman isə bir nəfər tanımadığı şəxs onun maşınına oturaraq baş vermiş hadisəyə görə barışıq əldə etmək istədiyini bildirmişdir. O, həmin şəxsə polisə şikayət edəcəyini bildirmişdir. Maşın gedə-gedə həmin şəxs maşından düşmək istədiyini və maşını saxlamağı ondan xahiş etmişdir. O, maşını saxlayan zaman həmin şəxs sakitləşdirməyə barışıq əldə etməyə çalışırmı. Həmin vaxtı Eminin saqqalı dostu onun oturduğu tərəfdən qapını açaraq əlində bıçaqla ona hədə qorxu gəlmişdir. Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, hadisə baş verdiyi gün günorta radələrində yaşadığı mənzildə olarkən evin qapısının bərkdən döyüldüyünü görmüşdür Qapını açdıqda qapının ağzında 2 nəfər şəxsin yəni qonşuluqda yaşayan Kamal və onun evində yaşayan Sərxanı görmüşdür. Kamal bərk səs ilə qışqıraraq niyə görə onun evində kirayə yaşayan şəxsi orada yaşamağa qoymaması barədə ona sual verdikdə onun evində kirayə yaşayan şəxslə heç bir işi olmadığını, həmin şəxsin digər qonşularla mübahisə etdiyini bildirmişdir. O, söhbət etdiyi zaman Sərxan pilləkəndan aşağı düşmüşdür. Həmin ərəfədə oğlu Emin nahar etmək üçün işdən evə gəlirmiş. Bundan sonra o da binanın həyətinə düşmüşdür. Binanın qarşısında qonşuluqda yaşayan Valyanı görmüşdür. Valya qonşuluqda yaşayan Sevdaya baxaraq Sərxanı göstərib bildirmişdir ki, “bax bu adam evin sahibidir, bunlar məni bezdiriblər. Gecədən səhərə qədər səs-küy salaraq məni narahat edirlər”. Həmin vaxt Emin Sərxanla binanın yan tərəfinə keçmişlər. Onlar tutuşduqdan sonra ikisi də yerə yıxılmış və Eminin burunu qanamışdır.Bundan sonra onun halı psləşdiyi üçün qonşular təcili tibbi yardıma zəng etmişlər. Məhkəmə iclasında Şahid4 bildirmişdir ki, hadisə baş verən tarixdə işdən evə gəlmşdir. Evdə olduğu zaman küçədən səs-küy gəldiyini eşitmişdir. Anası ilə birlikdə küçəyə çıxdığı zaman binanın qarşısına qonşuların toplaşdığını, qonşuluqda yaşayan Afiyə xalanın vəziyyətinin pisləşdiyini görmüş və təcili yardıma zəng etmişdir.Bu zaman Sərxan əsəbi halda maşına əyləşmişdir.O da qapını açaraq Sərxanı sakitləşdirməyə çalışmışdır.Bu zaman bir nəfər şəxs maşına yaxınlaşmış və Sərxan ona “maşından düş polisə gedirəm” demişdir. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisənin şəxsən şahidi olmamışdır.Sonradan qonşulardan eşitmişdir ki, Eminlə Sərxan dava ediblər.Sərxanın maşınından düşən zaman saqqallı bir şəxsin maşına yaxınlaşdığını və Sərxanın bildirməsindən sonra olun əlində bıçağın olduğunu görmüşdür. Məhkəmə iclasında Şahid3 bildirmişdir ki, Sərxan adlı şəxs ona məxsus evdə kirayədə yaşayır.Tarixini unutduğu vaxtda Sərxan ona zəng edərək qonşuların onu məhəllədə maşın saxlamağa qoymadığnı bildirmişdir. O Sərxana bildirmişdir ki, gedib məsələni aydınlaşdırar. O, Lökbatan qəsəbəsində yerləşən “Ulduz” kafesində olan zaman Sərxan maşınla onun olduğu yerə gəlmiş və onlar bir yerdə Sərxanın yaşadığı həyətə getmişlər. Daha sonra Sərxanın göstərdiyi mənzilə qalxmış və qapını döydükdə qapını bir xanım açmışdır.O, həmin xanımdan niyə görə Sərxanı həyətdə maşın saxlamağa qoymamaqlarının səbəbini soruşmuş və ona Sərxanın maşında başqa şəxslərlə əxlaqsız hərəkətlər etməsi bildirmişlər.Söhbəti bitirdikdən sonra aşağı düşmüş və həmin zaman Emin və Sərxanın dalaşıb ayrıldıqlarını görmüşdür.Bundan sonra Sərxan maşınına oturaraq oradan uzalqamış və ona zəng vuraraq “102” xidmətinə şikayət edəcəyini bildirmişdir. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Eminin şəxsın Sərxanı vurmasını görməmiş, lakin Sərxanın yerdə yıxılı vəziyyətdə olduğunu görmüşdür.Həmin vaxt Sərxan və Eminin yanında təxmini 13-14 yaşlarında bir uşaq da olmuşdur.Səhv etmirsə həmin uşaq Sərxanı təpiklə vurmuşdur.Həmin vaxt hadisə yerində saqqalı heç bir şəxs olmamışdır. Məhkəmə iclasında Şahid5 bildirmişdir ki, 07 iyul 2023-cü il tarixdə işdən qayıdırmış.Yay ayı olduğu üçün həmin zaman qonşular həyətdə olmuşlar.Bu zaman qonşu Valya birini göstərərək ”buyur tanış ol bu da bizim təzə qonşumuz Mirkamaldı” demişdir.Bundan sonra qonşuluqda yaşayan Emin və Sərxan blokdan çıxaraq binanın arxasına keçmişlər.Qəfildən onların getdiyi yerdə tozanaq qalxmış, Emin və Sərxanın yerə yıxıldığını görmüşdür.Daha sonra o və Kamal Emini oradan uzaqlaşdırmışdır.Həmin vaxt Eminin anası Afiyə onun üzündə qan görmüş və buna görə də halı pisləşmişdir.Bundan sonra qonşuluqda yaşayan Zeynal təcili tibbi yardıma zəng vurmuşdur. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, hadisə başverən gün dükana gedirmiş.Qapını açanda iki nəfər kişinin olduğunu görmüş və onlar evdə kimin olduğunu soruşmuş və həmin vaxt nənəsi gəlmişdir.Dükandan qayıdan zaman evlərinə gələn şəxslərdən birinin dayısı ilə yüksək səs tonu ilə danışdığını görmüşdür.Bundan sonra onların arasında mübahisə yaranmış və itələşməyə başlamışlar.İtələşən zaman onların ikisi də yerə yıxılmışdır.Hadisə zamanı dayısı Eminin qaşı partlamış və burnu qanamışdır.Bu vaxt nənəsinin halı pisləşmiş və onlar təcili tibbi yardıma zəng vurmuşlar. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o Sərxan adlı şəxsi vurmamışdır, sadəcə dayısı Emini arxadan tutub aparmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 bildirmişdir ki,hadisə baş verməmişdən bir gün qabaq qonşuluqda yaşayan Səfurə adlı xanımla kirayədə yaşayan Sərxan adlı şəxsin mübahisəsi olmuşdur.Belə ki, Səfurə xanım mədəni şəkildə Sərxana “sənə kimi ixtiyar verib ki, kirayədə yaşadığın mənzilin həyətində qaz turbasının altını qazırsan“ demiş o da Səfura xanıma kobud cavab vermişdir.Hadisə baş verən günü günorta radələrində qapı möhkəm döyülmüşdür.Bu zaman qapını oğlu açmış və anası Afiyədə arxasıyca getmişdir.Qapıda olan iki nəfər kişi kobud şəkildə anası ilə danışmağa başlamışdır.Həmin vaxt qardaşı Emin işdən qayıdarkən həmin şəxslərin kobud danışdığını görüb Sərxana “sənin ixtiyarın yoxdur bizim evə gələsən demiş” o da cavabında Eminə “əcəb edirəm demişdir”.Buna görə də onların arasında dava yaranmışdır.Sərxan onu davaya təhrik etmişdir. X1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman onların yanında ancaq oğlu İslam olmuşdur.Həmin vaxt orada başqa hər hansı bir şəxs olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 bildirmişdir ki, hadisə baş verəmişdən bir gün əvvəl Sərxanla mübahisə etmişdir.Belə ki, o Sərxana maşınını məhəllənin içində saxlamaqla bağlı irad bildirmiş, Sərxan ona kobud cavab vermiş və ona saymazlıq göstərmişdir.Səhəri gün işdən qayıtdıqdan sonra eşitmişdir ki, Emin və Sərxan dava etmişdir.Hadisənin şəxsən şahidi olmamışdır. İş materiallarında olan 14 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi 14 sentyabr 2023-cü il tarixdə Qaradağ rayon prokuroru Zəfər Əhmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 04 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi materiallarından ********* saylı cinayət işi ayrılaraq icraata götürülmüşdür. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 486 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlərbaşın ənsə nahiyəsinin qançır şişkinlik halında əziyi və sıyrığı,sol bazu nahiyyəsinin qançırı, döş qəfəsi nahiyyəsinin sıyrığı bərk küt əşya təsirindən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materillarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 07 oktyabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əməlini qismən etiraf edərək xuliqanlıq etmədiyi barədə ifadə versə də, həmin fakt işin faktiki halları ilə təsdiq edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq, daxili inamını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gəncliyini, zərərçəkmiş şəxslə barışığa cəhd etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş islah işləri cəzasının yuxarı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxanıldığı 01 (bir) gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına odənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 01 gün azadlıqdan məhrumetmənin 1 gününə islah işləri cəzasının 4 gün hesabı islah işləri cəzasına hesablansın və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün islah işləri cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İslah işləri üzrə cəzasının əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar