Məhkəmə qərarları › İş №1(002)-79/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-79/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-79/2024 12.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində bir azyaşlı uşağı olan), fərdi əməklə məşğul olan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzası 01 il azaldılmış, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 53, mənzil 6-da qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 52 mənzil 36A-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 52 qarşısında əməliyyat-axtarış tədbiri keçirən Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilmiş, dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmin gün saat 20:50 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,323 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, tarixini unutduğu vaxtda, yaşadığı evin blokunun qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşmış və ondan şübhələndikləri üçün onu polis bölməsinə aparmışlar. Polis şöbəsində gətirildikdən sonra üzərində axtarış zamanı bir büküm narkotik vasitəni çıxarıb təqdim etmişdir. Narkotik vasitəni “Sədərək” ticraət mərkəzində tanımadığı şəxsdən 20 manata almışdır. Uzun müddətdir ki, narkotik vasitə qəbul etmir. Narkotik vasitəni anası təzəlikcə rəhmətə getdiyi üçün fikrini dağıtmaq məqsədilə bir dəfə istifadə etmək üçün almışdır. Törətdiyi əməldən peşmandır. Himayəsində bir azyaşlı uşağı var. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 12 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili İnal Hüseynəliyev ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Emin Quliyev küçəsinə getmiş və orada Təqsirləndirilən şəxs saxlanılaraq 38-ci polis bölməsinə gətirilmişdir.Gətiriləndən sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərində olan bir bükümü çıxarıb təqdim etmişdir. İş materillarında olan 12 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə” protokoluna əlavə edilmiş 01 ədəd kompakt diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 38 polis bölməsində Təqsirləndirilən şəxs üzərinə Müdafiəçi, Qaradağ RPİ-nin 38-ci polis bölməsinin əməliyyat müvəkkilləri Şahid2 oğlu X1 iştirakları ilə şəxsi axtarış keçirilir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qeyriqanuni hər hansı predmet varsa təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə olan kütləni masanın üzərinə qoyaraq təqdim edir. Həmin büküm açılarkən içərisində kristal halında şəffaf rəngli maddə edilir. Təhqiqatçı həmin maddənin nə olduğunu və haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin patı (metamfamin) olmasını, Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Sədərək” ticarət mərkəzində tanımadığı şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını bildirir. Abasət Ağaşovun üzərində sonradan şəxsi axtarış davam etdirilsə də, başqa hər hansı qanunsuz əşya yaxud da predmet aşkar edilmir. Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri tərəfindən imzalarla təsdiq edilir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16- 16/2-6/5348 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 47 №” dairəvi möhürləri əksi, “şübhəli şəxs (imza) olan Mahmudov..” yazıları, soyad və imzalar olan bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,323 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,323 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,273 qram. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsin xx.xx.2023-cü il tarixli 6974 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,323 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,273 qram metamfetamin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 26 gün müddətinə zadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzası 01 il azaldılmış, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından olan AZ İİ 459250 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur və “atası” qrafasında Təqsirləndirilən şəxs qeyd edilmişdir. İş materiallarından olan AZ İİ 247767 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və “atası” qrafasında Təqsirləndirilən şəxs qeyd edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olması və himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxanıldığı 01 (bir) gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 0,273 qram psixotrop maddə metemfetamin məhv edilməlidir. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 10 (on) saata görə 60 (altmış) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 01 (bir) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 0,273 qram psixotrop maddə metemfetamin məhv edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 10 (on) saata görə 60 (altmış) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar