Məhkəmə qərarları › İş №1(002)-8/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-8/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-8/2024 15.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan), fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 mart 2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 233 saylı orta məktəbin qarşısında saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 01:35 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,315 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,316 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib sənədləşdirilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, narkotik vasitə istifadə etməmiş, nə də üzərində daşımamışdır. 29 mart 2023-cü il tarixdə səhər saat təxminən 8 radələrində 10-cu Polis bölməsinin Rafael və Hüseyn adlı əməkdaşları yaşadığı ünvana gələrək onu polis bölməsinə dəvət etmişlər. O, uşaqlarını məktəbə apardığını bildirərək xahiş etmişdir ki, uşaqları məktəbə qoyduqdan sonra bölməyə getsinlər. Polis əməkdaşlarıda onunla razılaşmışlar. Uşaqları məktəbə qoyduqdan sonra bu zaman əvvəllər tanıdığını Rafael adlı polis əməkdaşı onun maşınına əyləşərək birlikdə polis bölməsinə gəlmişdirlər. Polis bölməsində onun telefonunu və saatını götürmüş və ilk olaraq rəis müavininin otağına gətirmişlər. Orada ondan 28 mart 2023-cü il tarixdə harada olduğunu soruşmuşlar. O, 28 mart 2023-cü il tarixdə oğlu ilə birlikdə “Sədərək” ticarət mərkəzindən təsərrüfat materialları alıb qardaşının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən bağına apardığını demişdir. Bundan sonra onu bölmə rəisinin otağına aparmışlar. Orada onunla sorğu-sual aparıldıqdan sonra onu bölmədə inzibati otaqların birində saxlamışlar. Daha sonra əl-barmaq izlərini çıxarmışlar. Axşam saatlarına kimi bölmədə oturmuşdur. Axşam saat təxminən 23-24 radələrində bölmənin İbrahim, Hüseyn və Rafael adlı əməkdaşları ondan narkotik vasitələri boynuna götürüb ifadə verməyini və çəkilişdə iştirak etməyini tələb etmişlər. Əks halda onu hədələyərək evində axtarış aparılacağını, meşoxla narkotik tapılacağını, bandaddelin əməkdaşlarının gəlib onun başına torba keçirərək aparıb döyəcəkləri ilə hədələmişlər. Buna görədə o qorxaraq narkotik vasitənin ona məxsus olmasının boynuna almış və bu barədə video çəkiliş aparılmışdır. İbrahim adlı əməkdaş ona narkotik vasitə verərək ifadə verməyini və çəkilişdə iştirak etməyini bildirmişdir. O, polis əməkdaşları ilə razılaşıb dəvət olunmuş müdafiəçinin iştirakı ilə keçirilmiş araşdırma zamanı narkotik vasitələrin onun olduğunu bildirmiş və çəkilişdə polis əməkdaşlarının dedikləri kimi ifadə vermişdir. Bundan sonra onu Qaradağ Polis İdarəsinə gətirmişlər. Burada da o, bölmədə verdiyi kimi ifadə vermişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zorakılıq tətbiq edilməmiş, sadəcə sözlə hədələnmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə polis tərəfindən sərbəst buraxıldıqdan sonra 01 aprel 2023-cü il tarixdə öz təşəbbüsü ilə Bakı şəhərində yerləşən “Referans” klinikasında norokolji testdən keçmiş və onda hər hansı bir narkotik və ya psixotrop maddələrdən istifadə etmə halları aşkar edilməmişdir. O öz ifadəsində heç bir cinayət hadisəsi törətmədiyini və buna görədə məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə baş verən ərəfədə 10-cu PB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyirdi. Əməliyyat yolu ilə məlum, qərəzsiz mənbədən xx xxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişdir. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədilə əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü tərəfindən PB-nin rəhbərliyinə raportla müraciət etmiş, məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı qrup üzvlərinə davranış xətti izah olunmuşdur. Bundan sonra onun rəhbərliyi altında qrup üzvü Hüseynlə birlikdə 30 mart 2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 233 saylı orta məktəbin qarşısında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəsi ilə əlaqədar şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasından ötrü Qaradağ RPİ-nin 10-cu PBnə təmin etmişlər. Tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Bəybala Cəbrayılovun iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Video çəkiliş onun tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üstünə qoyaraq, həmin bükümlərdə olan maddələrin “kakos” və “patı” olduğunu, həmin bükümləri “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 200 manat öz istifadəsi üçün aldığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bükümlər açıldıqda, birinin içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, digər bükümdə isə ağ rəngli, kristal şəkilli kütlələr aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Keno” markalı siqaret və 1 ədəd alışqan özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşyaların aşkar edilməsi yadında qalmnamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümü zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. O öz ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan polis bölməsində olarkən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq, o cümlədən hər hansı hədə-qorxu olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 10-cu PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, əməliyyat yolu ilə məlum, qərəzsiz mənbədən xx xxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədilə əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü Şahid1 tərəfindən PB-nin rəhbərliyinə raportla müraciət edilmiş, məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra Şahid1 rəhbərliyi altında əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı qrup üzvlərinə davranış xətti izah olunmuşdur. Bundan sonra Şahid1 rəhbərliyi altında 30 mart 2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 233 saylı orta məktəbin qarşısında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb yaxınlaşmışlar. Özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəsi ilə əlaqədar şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasından ötrü Qaradağ RPİ-nin 10-cu PB-nə təmin etmişlər. Tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Bəybala Cəbrayılovun iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdur. Video çəkiliş Şahid1 tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyriqanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üstünə qoyaraq, həmin bükümlərdə olan maddələrin “kakos” və “patı” olduğunu, həmin bükümləri “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 200 manat öz istifadəsi üçün aldığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bükümlər açıldıqda, birinin içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, digər bükümdə isə ağ rəngli, kristal şəkilli kütlələr aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Keno” markalı siqaret və 1 ədəd alışqan edilib özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümü zərfə qoyularaq qablaşdırıldı. Möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. O öz ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində mobil telefon olmuş, həmin mobil telefonun götürülməsi onun səlahiyyətinə aid olmadığından həmin mobil telefonun taleyi ilə maraqlanmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan polis bölməsində olarkən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq, o cümlədən hər hansı hədə-qorxu olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru X5 öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Lökbatan sakini kimi tanımışdır, hadisə uzun müddət bundan qabaq olduğu üçün hadisəni tam dəqiq xatırlamır. Teymuru Lökbatan qəsəbəsində yerləşən 233 saylı orta məktəbin qabağında saxlayıb ordan bölməyə gətirmişlər. Onlar Teymuru saxlayan zaman Hüseyn onunla birlikdə olmuş ancaq Şahid1 onlarla birlikdə olub-olmamasını tam xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs təxminən səhv etmirsə günün birinci yarısı saxlamışlar ancaq ayın tarixini dəqiq xatılamır. Onlar Teymuru 233 saylı məktəbin qarşısında saxlamışlar, polis əməkdaşı Hüseyn Teymurun maşınına minmiş oda Hüseynin maşınını sürərək 10-cu PŞ-nə gəlmişlər. Teymuru polis bölməsinə gətirən zaman üzərində olan mobil telefonu növbətçi hissəyə təhvil vermişdir. Daha sonra təqsirləndirilən şəxsi təhqiqatçının otağında təhvil vermiş və video çəkilişi zamanı orada iştirak etməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan polis bölməsində olarkən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq, o cümlədən hər hansı hədə-qorxu olmamışdır. O öz ifadəsində daha sonra əlavə olaraq bildirmişdir ki, hadisədən uzun müddət keçdiyinə görə hadisəni dəqiq xatırlamır. Məhkəmə iclasında tərəflərin razılığı ilə şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsini elan olunmuşdur. O öz ifadəsində göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-də CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparmışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi Lökbatan qəsəbəsində sakini kimi tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Teymur 30 mart 2023-cü il tarixdə PB-də saxlanılarkən görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Teymur narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb və şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs PB-nin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkil Şahid2 tərəfindən saxlanılıb PB-yə gətirilmişdir. O həmin vaxtı xidmətdə olsa da, həmin tədbirdə iştirak etməmişdir. O sadəcə Təqsirləndirilən şəxs saxlanılarkən PB-də görmüşdür. Onun tərəfindən Teymura heç bir təzyiq və ya hədə-qorxu edilməyib. İfadəsin oxumuş, sözləri düzgün yazılmışdır. Heç bir əlavəsi olmamışdır və öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 3 ünvanında yaşayır. Teymurla sinifyoldaşı olublar sonra bu münasibətləri dosdluq münasibət kimi davam etmişdir. Teymurun qardaşı Azadlada dosdluq münasibəti vardır. O, əvvəllər FHN-nin yanğından mühafizə idarəsinin, Yasamal Rayon Dövlət X12 işləmişdir. Daha sonra 2023-cü ilin noyabr ayında rəsmi olaraq pensiyaya çıxmışdır. Mart ayının 29-u günorta saatlarında Teymurun qardaşı Azad ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə təxminən günorta saatlarında zəng edərək Teymurun polislər tərəfindən tutularaq 10-cu Polis Bölməsinə aparıldığını, axşam işdən çıxdıqdan sonra onunla görüşə getməli olduqlarını bildirmişdir. Daha sonra onlar birlikdə axşam saat 8-9 radələrində Teymura yemək və siqaret vermək üçün 10-cu PŞ-nə getmişlər. Ancaq apardıqları yemək və siqareti gecə saat on bir-on ikidə Teymura verə bilmişlər. Teymurla mart ayının otuzu və ya otuz biri polis bölməsindən çıxdıqdan sonra görüşmüşlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli 6/1831 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs üzərindən.." sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,315 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi-0,316 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin- 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir (İ siyahı). Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasinin ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in İ siyahisina daxildir. Heronin təmiz çəkini 0,315 qram, tədqiqata sərf olundu-0,10 qram, qalıq 0,215 qram. Metamfetaminin təmiz çəkini 0,316 qram, tədqiqata sərf olundu-0,10 qram, qalıq 0,216 qram. Ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X23 Şəxsi Ambulator X3 20 aprel 2023-cü il tarixli 2359 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və ibtida istintaq zamanı müdafiə tərəfinin istintaqa təqdim etdiyi “X13 Mərkəzi və Poliklinikası” tərəfindən verilmiş 01 aprel 2023-cü i tarixli analizin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə narkotesti (kart-test) aparılmış və AMP - Amphetamines 1000 ng/ml, BAR- Barbiturates 300 ng/ml BZD - Benzodiazepines 300 ng/ml, COC-Cocaine 300 ng/ml MDMA- Methylenedioxymethamphetamine 500 ng/ml, MOP - Morphine 300 ng/ml MTD Methadone 300 ng/ml, PCP Phencyclidine 25 ng/ml, TCA- Tricyclic antidepressants 1000 ng/ml, THC-Cannabinoids 50 ng/ml və TML-Tramadol 200 ng/ml maddələri üzrə testin nəticəsi neqativ olmuşdur. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə qalıq çəkisi 0,215 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə qalıq çəkisi 0,216 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X16, Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrini rəhbər tutaraq, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X8 iştirakı ilə tərtib edilib həmin protokolu ondan ötrü ki, icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar 30 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən saxlanılıb Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunmuş və sonuncu əynində olan boz rəngli şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümü, sol cibində olan "Keno" markalı siqaret qutusunu və alışqanı masanın üstünə qoyaraq, bükümlərdən birində narkotik vasitə heroin, digərində isə metamfetamin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün Bakı şəhərində Papanin deyilən yerdən tanımadığı şəxsdən 200 manata aldığını bildirmişdir. Həmin bükümlər açılarkən birində tünd qəhvəyi rəmgli, toz şəkilli maddə, digərində isə ağ rəngli, kristal şəkilli kütlə aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heçnə aşkar olunmamışdır. Aşkar edilmiş iki ədəd sellofan bükümdə olan maddələr zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Siqaret və alışqan isə özünə qaytarılmışdır. İş materiallarında olan “əməliyyat-axtarış tədbirini aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” Bakı şəhəri, Qaradağ Rayon Məhkəmənin 31 mart 2023-cü il tarixli qərarından aydın olur ki, yuxarıda qeyd olunan cinayət işi ilə əlaqədar əməliyyat-axtarış tədbirinin aparılması barədə Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfində qəbul edilmiş və həmin bölmənin rəisi polis polkovniki Ramil Salayev tərəfindən təsdiq edilmiş 30 mart 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələyinin 11 aprel 2023-cü il tarixli № 174 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələyi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli № 12 saylı xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə və şikayət materialının daxil olmadığı qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 16 yanvar 2007-ci il tarixdə doğulmuş X18, 7 dekabr 2008-ci il tarixdə doğulmuş X9 və 12 yanvar 2014-cü il tarixdə doğulmuş X7 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsədə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmış, və bir-birini tamamlayan təkzib edilməz sübutlarla onun törətmiş olduğu cinayət əməli tam sübuta yetmişdir. Belə ki, cinayət işinin materialları araşdırılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hələ ilkin saxlanılarkən 30 mart 2023-cü il tarixdə öz xətti ilə yazdığı və müdafiəçinin təsdiq etdiyi ilkin izahatında, müdafiəçisinin iştirakı ilə 30 mart 2023-cü il tarixli şübhəli şəxs kimi dindirilmədə və 31 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs kimi dindirilmədə yuxarıda qeyd olunan cinayət əməlini törətdiyini etiraf etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs hazırki ifadəsində iş üzrə etiraf edici ifadələrini verərəkən və video çəkiliş aparılarkən törətdiyi əməlini etiraf etməsinin səbəbi kimi saxlanılarkən polis bölməsində ona sözlə hədə-qorxu gəlinməsi ilə izah etmişdir. Lakin məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsə qarşı hər hansı bir formada zorakılıq hərəkətlərinin törədilməsi öz təsdiqini tapmamış və bununla bağlı məhkəməyə hər hansı sübutda təqdim edilməmişdir. Nəzərə alsaq ki, təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə polis tərəfindən sərbəst buraxıldıqdan sonra müstəqil şəkildə tibbi müayinələrdən və yoxlamalardan keçmək imkanına malik olmuşdur. Bundan başqa məhkəmə baxışı zamanı müdafiə tərəfi təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrələrin anten dairələrinin əldə edilməsi ilə bağlı vəsatət vermiş və vəsatət təmin edilərək Qaradağ Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrənin kimin adına olması, 28 mart 2023-cü il tarixdən- 31 mart 2023-cü il tarixədək həmin nömrələrə daxil olan və çıxan zənglərin və nömrələrin siyahısı, daxil olan və çıxan zənglərin anten dairəsi, “sms” lərin mətnləri və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatların "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi qərara alnmışdır. "xxxx" MMC-dən və "xxxx" MMC-dən təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrələrin 28 mart 2023-cü il tarixdən 31 mart 2023-cü il tarixdək olan müddətdə anten məlumatları məhkəmə baxışı zamanı tədqiq edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan ərəfələrdə anten dairələr əsasən təqsirləndirilən şəxsin yaşadığı ev ilə 10-cu polis bölməsi aralığındakı məsafələri göstərir. Yəni həmin ərazilərdə təqsirləndirilən şəxsin yaşadığı ev, o cümlədən uşaqlarının təhsil aldığı orta məktəb və 10cu PB-i yerləşir. Bundan başqa məhkəmə iclasında şahid X2 verdiyi ifadəsinə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadədə qeyd edilmiş zidiyyətli hallar təqsirləndirilən şəxsin xeyrinə həll edilə bilməz. Belə ki, ifadədə qeyd edilmiş həmin zidiyyətli hallar şahid tərəfindən dəqiq ifadə edilməməklə məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlarla öz təsdiqini tapmamış və reallığı əks etdirməmişdir. Şahid X6 özü də verdiyi ifadəsində hadisədən uzun müddət keçdiyinə görə hadisəni dəqiq xatırlamadığını bildirmişdir. Nəzərə alsaq ki, əməliyyat müvəkkilləri tərəfindən eyni xarakterli tədbirlər demək olar ki, mütəmadi olaraq həyata keçirildiyindən yuxarıda qeyd olunan hadisəyə dair epizotların dəqiq yadda qalmaması mümkündür. Bundan başqa məhkəmə, müdafiə tərəfinin təqsirləndirilən şəxsin narkotik və psixotrop maddələrindən istifadə etməməsi ilə bağlı “Referans” klinikasının təqdim etdiyi arayışa münasibətdə isə hesab edir ki, şəxsin öz təşəbbüsü ilə 01 aprel 2023-cü il tarixdə müayinədən keçərkən onda narkotik və psixotrop maddələrdən istifadə etmə hallarının olmamasının müəyyən edilməsi mümkündür. Belə ki, tibbi ədəbiyyatlardan da aydın olduğu kimi narkotik və psixotrop maddələrdən istifadə etmə halları, onun miqdarından və istifadə etmə mütəmadiliyindən asılı olaraq müxtəlif müddətlərdə özünü büruzə verir. Misal üçün tibbi ədəbiyyatlarda narkotik vasitə sayılan heroinin izlərinin aşkar edilməsi üçün lazım olan vaxt, onun istifadəsindən sonra qanda 12 saat, sidikdə 14 gün, metamfetaminin izlərinin aşkar edilməsi onun istifadəsindən sonra qanda 37 saat, sidikdə 9 gün göstərilir. Göründüyü kimi təqsirləndirilən şəxsin 01 aprel 2023-cü il tarixdə tibbi müayinədən keçərkən onda narkotik və psixotrop maddələrin izlərinin aşkar edilməməsi mümkündür. Nəzərə alsaq ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməməsi və narkomaniydan məcburi müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. Yəni yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrdən mütəmadi və davamlı istifadə etməməsini göstərir. Təsadüfü deyil ki, təqdirləndirilən şəxs ilkin öz xətti ilə 30 mart 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə verdiyi öz izahatında bir neçə ilə əvvəl bir iki dəfə çəkmək üsulu ilə narkotik qəbul etdiyini, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarında isə əvvəllər bir neçə dəfə narkotik vasitə olan heroin və metamfetamindən istifadə etdiyini, lakin son bir neçə aydır ki, ümumiyyətlə istifadə etmədiyini göstərmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 30 mart 2023-cü il tarixdə saat 00:30-da şübhəli şəxs qismində Qaradağ RPİ-nin 10-cu PB-ə gətirlmiş və saat 01:00-da barəsində şübhəli şəxs qismində tutma protokolu tərtib edilmişdir. Bundan sonra təqsirləndirilən şəxsin 31 mart 2023-cü il tarixdə saat 11:00-da dindirilməsi başa çatdıqdan sonra barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə Qaradağ Rayon Prokurorluğu qarşısında vəsatət qaldırılmış, Qaradağ Rayon Prokurorunun 31 mart 2023-cü il tarixli qərarı ilə vəsatət rədd edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Odur ki, bu hal CM-nın 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı iki gün kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan 01 ədəd bükümdə qalıq çəkisi 0.215 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə qalıq çəkisi 0,216 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan axtarış və götürmə aparılması dair 01 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 15 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə qalıq çəkisi 0.215 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə qalıq çəkisi 0,216 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 03 (üç) ədəd DVD disk işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar