Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-80/2022 06.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Şərədil kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə kirayədə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 14 oktyabr 2021-ci il tarixdə gündüz saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsində yerləşən “Sofi Həmid” qəbirstanlığından Zərərçəkmiş şəxs vəfat etmiş qardaşının məzarına quraşdırılmış bir ədəd uzunluğu 1,20 sm, eni 60 sm, qalınlığı 10 sm olan qara mərmərdən dəyəri 1000 manat olan sinə daşını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, “Hazar” markalı **-PE-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş və arada bir dayısı İsanın qəbir daşları düzəldilməsi sexində işləyib çörək pulu qazanırmış. Lakin bir müddət sonra o, işsiz qalmış və dolana bilməmişdir, o cümlədən maddi vəziyyəti də çətinləşmişdir. Qeyd etmişdir ki, onun Hüseyn adlı qardaşı da var, o da arada bir dayısının yanında işləyirmiş. O iş tapıb dolanmaq üçün müxtəlif yollara əl atmış, lakin iş tapa bilməmişdir. Hövsan qəbirstanlığı tərəfdə olan zaman bir nəfər məzar daşı, dəqiq desə qara mərmərdən olan sinə daşı sifariş etmək istəmişdir. Həmin şəxsi o tanımırmış, adını belə bilmirmiş. Ona söz vermişdir ki, o düzəldəcək və 800 manata razılaşmışlar. Bundan sonra o, gəlib bu barədə dayısı İsaya demiş, lakin dayısı demişdir ki, hələ əlində qara mərmərdən material yoxdur, ona görə də düzəldə bilməyəcək. Lakin onun pul ehtiyacı olduğu üçün o, başqa yollar axtarmağa başlamışdır. O, idarə etdiyi avtomobillə Qaradağ rayonu, Sənqəçal qəsəbəsində yerləşən “Sofi Həmid” qəbirstanlığına getmiş və artıq oğurluq etmək qərarına gəlmişdir. Orada o, bir qədər gəzdikdən sonra soyadı Xələfov olan, adını bilmədiyi bir məzara rastlamış və görmüşdür ki, həmin məzar qara mərmərdəndir və sinə daşında isə heçnə yazılmamışdır, o həmin sinə daşını oğurlamaq fikrinə düşmüşdür. Daş ağır olduğu üçün o, məzarlıqda tanımadığı iki nəfər fəhlə görmüş və onlara demişdir ki, «bu daşı söküb mənim avtomobilimə qoyaq». Fəhlələr tərəddüd etmişlər ki «daşı niyə sökürsən?». O, özünü şübhəli aparmamaq üçün demişdir ki, «üzərində yazı olmadığı üçün rəhmətliyin qohumları yazı yazılmağı tapşırıblar, ona görə də sexə aparıb yazdıracam». Fəhlələr ona inanmışlar və ona köməklik edib həmin sinə daşını söküb onunla birikdə onun avtomobilinə gətirmişlər və o, yük hissəsinə yerləşdirib fəhlələrin hərəsinə 10 manat pul vermiş və onlar çıxıb getmişlər. Daha sonra o, idarə etdiyi avtomobillə 20-ci sahə adlanan qəsəbəyə gəlmiş və orada öz avtomobili ilə getmək istəmədiyi üçün taksi axtarmağa başlamışdır. O, Nurlan adlı taksi sürücüsünü görmüş və həmin sinə daşını onun avtomobilinə yükləyib Hövsan qəbistanlığına doğru hərəkət eləmişlər. Orada həmin şəxsin, yəni sifariş verən şəxsi tapmaq üçün getmişdir ki, orada tapsın, çünki telefon nömrəsini ona yazıb bir kağıza vermişdir, lakin kağızı itirmişdir. O Hövsan qəbirstanlığına gələn zaman orada onları polis saxlamış və o, polis işçiləri ilə mübahisə etdiyi üçün onu məhkəməyə aparıb polisin qanuni tələbinə tabe olmadığı üçün ona 30 sutka inzibati həbs vermişlər. O inzibati həbsdən çıxdıqdan sonra bilmişdir ki, artıq polis və ailə üzvləri oğurluq etdiyini bilirmiş, eyni zamanda o, öyrənmişdir ki, qardaşı Hüseyn də oğurluq edibmiş və onu həbs ediblərmiş. O Hüseynin nə oğurladığını maraqlananda ona ailə üzvləri demişlər ki, o da məzar daşı oğurlamışdır. O öz ifadəsində son olaraq peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2017-ci ildə qardaşı Niyaməddin vəfat etmişdir və onlar onu Qaradağ rayonu “Sofi-Həmid” məzarlığında dəfn etmişlər. Bundan sonra o, mərhum qardaşı Niyaməddinin baş daşını götürmək üçün qara mərmərdən daş sifariş vermiş və o, bütün məzar daşı dəstinə 4500 manat pul ödəmişdir və gətirib quraşdırmışlar. 15 oktyabr 2021-ci il tarixdə o qardaşının məzarını ziyarət etmək üçün Sənqəçal qəsəbəsinə getmiş və məzarlığa daxil olub qardaşının məzarı üstünə gedəndə görmüşdür ki, qara mərmərdən olan sinə daşı oğurlanıb və o, dərhal Qaradağ RPİ-nin 11-ci PB-nə gələrək bu barədə müraciətini etmişdir. Qeyd etmişdir ki, bir sinə daşı ona 1500 manata başa gəlmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, oğurlanmış sinə daşının ekspert rəyində göstərildiyi 1000 manat dəyərində qiymətləndirilməsi ilə razıdır və həmin sinə daşı sonradan polislər tərəfindən tapılaraq ona təhvil verilmişdir. Bundan başqa təqsirləndirilən şəxs tərəfindən ona hər hansı bir ziyan ödənilməmiş və özünün də təqsirlənirilən şəxsə qarşı hal-hazırda heç bir tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxsə törətdiyi əmələ görə veriləcək cəzanı məhkəmənin mülhizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Hazar markalı **-PE-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 04 noyabr 2021-ci il tarixdə o, 20ci sahə adlanan ərazidə dayanıb müştəri gözləyirmiş. Bu zaman sonradan adının Şirməmməd olduğunu bildiyi şəxs ona yaxınlaşıb bildirmişdir ki, Səbail rayonu A.İsmayılov küçəsində yaşadığı evin həyətində bir ədəd sinə daşı var, onu götürüb Hövsan qəbəsinə aparmaq lazımdır. O da 30 manata aparacağını bildirmişdir və Şirməmməd deyilən şəxs onunla razılaşmışdır, daha sonra onlar onun yaşadığı evə tərpənmişlər və orada sinə daşını onun avtomobilinə yükləmişlər və Hövsan qəsəbəsində yerləşən məzarlığa getmişlər. Həmin vaxt məzarlıqda olan zaman polis əməkdaşları yaxınlaşmışlar və Şirməmmədi saxlamışlar və onları Suraxanı RPİ-nin 30-cu PB-nə aparmışlar. Polis bölməsində o bilmişdir ki, Şirməmməd həmin daşı Qaradağ rayonu ərazisində oğurlayıbmış. Bildirmişdir ki, o Hüseyn adlı şəxsi tanımırmış, heç Şirməmmədi də birinci dəfə həmin vaxt müştəri kimi ona yaxınlaşan zaman tanımışdır. Şirməmmədin apardığı malın oğurluq olduğunu bilsəydi qətiyyən aparmazmış və polisə şəxsən özü xəbər verərmiş. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2022-ci il tarixli, 9/9092 nömrəli rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 4 ədəd hər birinin uzunluğu 90 sm, eni 60 sm, qalınlığı 12 sm olan ağ kubik daşdan olan baş daşı-690,00 (4 ədəd X 170 man.) manat; 4 ədəd uzunluğu 1,20 sm, eni 50 sm, qalınlığı 10 sm olan ağ kubik daşdan olan sinə daşları-800,00 (4 ədəd X 200 man.) manat; 1 ədəd uzunluğu 1,20 sm, eni 60 sm, qalınlığı 10 sm olan qara mərmərdən sinə daşı-1000,00 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qara mərmərdən olan sinə məzar daşı Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də törədilmiş cinayətin cəmiyyətdə mənfi emosiyalar doğurmasını, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qara mərmərdən olan sinə məzar daşının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxsun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən ibtidai istintaq zamanı 08 iş saatı, məhkəmə baxışı zamanı isə Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 06 aprel 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qara mərmərdən olan sinə məzar daşının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-80/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-80/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver