Məhkəmə qərarları › İş №1(002)-81/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-81/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-81/2021 04.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində tornaçı işləyən, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsi, ev 11 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib özündə saxlamışdır. Belə ki, o, xx xxxxxxx 2020-ci il tarixdə, saat 14 radələrində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd sellofan kəsiyinə bükülmüş vəziyyətdə çəkisi 1.035 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Hacıqabul rayonu, Nəvahi kəndində istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsi, ev 11 ünvanına qədər daşımış, xx xxxxxxx 2020-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən 32 saylı poliklinikanın qarşısında Qaradağ RPİ-nin 11-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 11-ci polis bölməsinin inzibati binasına gətirilmiş, orada saat 14:55-də video çəkilişlə müdəfiəçinin iştirakı ilə aparılmış şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins gödəkçəsinin sol üst cibində saxlayıb üzərində daşıdığı 01 ədəd sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 1.035 qram olmaqla qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxxx 2020-ci il tarixdə saat 14 radələrində Hacıqabul rayonu, Nəvahi kəndində olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq salamlaşmış və həmin kəndə nə məqsədlə gəldiyini soruşmuşdur. Həmin şəxsin narkotik istifadəçisi olduğunu hiss edib, ona narkotik almaq üçün oraya gəldiyini bildirmişdir. Əslində isə ora şəxsi işləri ilə əlaqədar getmişdir. Həmin tanımadığı şəxs əvvəl ehtiyat etmiş, ancaq onunla xeyli söhbətdən sonra narkotik vasitə olan heroini satmağa razılaşmışdır. Bundan sonra həmin şəxsə 20 manat pul vermiş və həmin məbləğə uyğun mal verməsini bildirmişdir. Həmin şəxs də pulu alıb gözləməsini bildirmiş və ondan uzaqlaşıb gözdən itmişdir. Təxminən 10 dəqiqədən sonra həmin şəxs qayıdaraq, sağ əlində olan 01 ədəd sellofana bükülmüş heroini ona verib tez oradan uzaqlaşmışdır. O da həmin bükümü əynindəki qara rəngli cins gödəkcənin sol üst cibinə qoymuş və işlərini bitirdikdən sonra Bakı şəhərinə evinə qayıtmışdır. Bundan sonra iki gün başı qarışıq olduğundan həmin narkotik vasitəni istifadə etməyə vaxtı olmamışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 14 radələrində yaşadığı evdən çıxıb heroini istifadə etmək üçün sakit bir yer axtarmış və Ələt qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən 32 saylı poliklinikanın qarşısına gəlmişdir. Orada iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib 11-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları ondan adının Azər olub-olmadığını soruşmuşlar və o, özünü onlara təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu 11-ci polis bölməsinə dəvət etmişlər. 11-ci PB-də olarkən ona vəkil təqdim edilmişdir. Daha sonra həmin müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış zamanı polis əməkdaşları tərəfindən üzərində qanunla qadağan edilmiş maddələr vardırsa könüllü olaraq masanın üzərinə qoyması təklif olunmuşdur. O da əynindəki qara rəngli cins gödəkçənin sol üst cibində olan bir ədəd selofan bükümdə olan heroini çıxarıb masanın üzərinə qoymuş və narkotik vasitə heroin olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitəni haradan və nə məqsədlə əldə etməsi soruşulmuşdur. O, narkotik maddəni xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində Hacıqabul rayonu, Nəvahi kəndində magistral yolun yaxınlığında tanımadığı şəxsdən özü istifadə etməsi üçün 20 manat pul müqabilində alıb özündə saxladığını bildirmişdir. Bundan sonra həmin büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli kütlədən ibarət narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra bununla bağlı protokol tərtib edilmiş və həmin protokolla müdafiəçinin iştirakı ilə tanış olduqdan sonra düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Onun narkotik vasitəni kiməsə satmaq və ya pay vermək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, gənc olmasını və himayəsində iki azyaşlı uşağın olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə 11-ci PB-də işdə olan zaman Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsi, ev 11 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanması və daşıması barədə əməliyyat məlumat daxil olmuşdur. Dərhal onun tərəfindən daxil olmuş məlumat PB-nin rəhbərliyinə məruzə edilmiş və əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul edilmişdir. Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2da qrupuna daxil edilmişdir. xx.xx.2020ci il tarixdə saat 14:00-da Qaradağ rayonu Ələt qəsəbəsi Dəmiryolçular küçəsi 32 saylı poliklinikanın qarşısında olan zaman bir nəfər şəxsin xarici əlamətlərdən Təqsirləndirilən şəxs oxşadığını və Dəmiryolçular küçəsi 32 saylı poliklinikanın yanına gəldiyini görmüşlər. Onlar həmin şəxsi bir neçə dəqiqə izlədikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsi PB-nə dəvət etmişlər. PB-nə dəvət olunmuş vəkil və videoçəkiliş vasitəsi ilə həmin şəxsin üzərinə şəxsi axtarış və götürülmə aparılmışdır. Şəxsi axtarış və götürülmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və ona üzərində olan bütün əşyaları çıxarıb masanın üzərinə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins gödəkçənin sol üst cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı o, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroini şəxsi istifadəsi üçün xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Hacıqabul rayonu Nəvai kəndi ərazisində magistral yolun kənarında 20 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu haqda müvafiq protokol tərtib edilmiş həmin protokol iştrakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 20, 21) Şəxsi axtarış və götürmənin aparılması haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq əynindəki qara rəngli cins gödəkçəsinin sol üst cibindən bir ədəd selofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə kakos olduğunu, həmin kakosu xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində Hacıqabul rayonu, Nəvahi kəndi ərazisində magistral yolun kənarında tanımadığı şəxsdən 20 manata istifadə məqsədi ilə alaraq, üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan kəsiyinə yığılmış narkotik maddəyə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 223 saylı möhürü ilə möhürlənərək, götürülmüşdür. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilmədi. (i.v. 29-30) Təqsirləndirilən şəxs üzərində axtarış və baxış keçirilməsi video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir və məhkəmə istintaqı zamanı video diskdə olan görüntüyə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 6/2183 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 223” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs qara rəngli cins gödəkçəsinin sol cibindən...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,035 qram qəhvəyi rəngli maddə kütləsi ksutar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi çəkisi – 1,035 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,985 qram. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat, doxsan qəpik) manat təşkil edir. (i.v. 39-42) Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Qaradağ RPİ-nin istintaq şöbəsinin müstəntiqi Elnur İsmayılovun xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Qaradağ RPİ-nin MSY-dən dərhal azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiəsi qərara alınmışdır. (i.v. 79-80) Qətimkan tədbiri seçmə barədə xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri növündə - başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 81-82) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X5-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 3160 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 99-100) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-281/2018, xx xxxxxxxx 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 08 ay 10 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 08 ay 10 gün nəzərə alınaraq, cəzasını çəkmiş hesab edilmişdir. (i.v. 102, 103-106) Sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində iş üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş, təmiz çəkisi 1,035 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və narkotik vasitə olan heroinin ekspert tədqiqatından sonra 0,985 qram olan qalığı saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v. 107-114) Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx xxxxxx 2015-ci il təvəllüdlü Əsma və xx xxxxxxxx 2019-cu il təvəllüdlü Ceyhun adlı iki azyaşlı övladı vardır. (i.v. 117-118) Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Qaradağ RİHB-nin Ələt qəsəbə X6 üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 saylı, xx xxxxxx 2021ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3- cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını, müsbət xarakterizə olunmasını (CM 59.2), himayəsində iki azyaşlı uşağının olmasını (59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs gənc olmaqla, cəzasını yüngülləşdirən halların mövcud olmasını, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Həsənov X4 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsi, ev 11 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalı, iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-də saxlanılan narkotik vasitə heroinin qalığı hökm qanuni qüvvəsinin aldıqdan sonra məhv edilməli və sübut növü kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə 62 (yetmiş beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 62 (altmış iki) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 372 (üç yüz yetmiş iki) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixindən xx xxxxxxx 2020-ci il tarixinədək tutulduğu cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsi, ev 11 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan narkotik vasitənin qalığı - 0,985 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat, doxsan qəpik) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 62 (altmış iki) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 372 (üç yüz yetmiş iki) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar