Məhkəmə qərarları › İş №1(002)-81/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-81/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-81/2023 31.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, 29 yanvar 1988-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilərək 03 il sınaq müddəti müəyyən edilməklə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə sınaq müddəti başa çatmış, Xaçmaz rayonu Müqtədir qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, massiv 6, N.Hüseynov küçəsi ev 20-də yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kağız kəsiyinə bükülmüş təmiz çəkisi 0,344 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının qarşısında daşıyarkən 17 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Qaradağ RPİ-nin 10-cu polis bölməsinin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq Qaradağ RPİ-nin 10-cu polis bölməsinin inzibati binasına gətirilmiş və videoçəkilişdən istifadə etməklə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sol yan cibindən həmin çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, o, bir müddətdir ki metamfetamindən (şüşədən) istifadə edir. 17 sentyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində yaşadığı ünvanının qarşısından keçən zaman polis əməkdaşları ona yaxınlaşıb onu 10-cu PB-nə dəvət etmişlər. 10-cu PB-də üzərinə axtarış keçirilən zaman şalvarının cibindən içərisində narkotik vasitə metamfetamin olan 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur.Həmin narkotik vasitəni 28 may metrostansiyasının yaxınlığında yalnız üzdən tanıdığı şəxsdən almış və öz şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir.Törətdiyi əməldən peşmandır.Rəsmi nikaha daxil olmasa da evlidir və himayəsində bir azyaşlı uşağı var.Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 17 sentyabr 2022-ci il tarixdə saat təxminən 22:30 radələrində o, xidmət yoldaşı Şahid2 ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində inzibati ərazisində xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Hüseynov küçəsində bir nəfər şəxsin narkotik vasitə istifadəçisi olmasından şübhələnərək həminn şəxsə yaxınlaşıb Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Qaradağ RPİ-nin 10-cu PB-də müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Qaradağ RPİ-nin 10-cu PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 1 ədəd siqaretin kağızına bükülmüş bükümü masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin maddə “şüşə”dir. həmin bükümü 28 may metrostansyasının yaxınlığında “Tima” adlı şəxsdən 25 manata öz istifadəsi üçün almışdır. Büküm açılarkən içərisindən ağ rəngli, iysiz, kristal şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilərək qablaşdırılmışdır. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid3 istintaqa eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 18 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçi X1 və polis əməkdaşları Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı X2 iştirakı ilə şəxsi axtarış və götürmə aparılır.Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoyaraq təqdim edir. Həmin büküm açılarkən içərisində şəffaf rəngli, iysiz, kristal şəkilli psixotrop maddə sayılan “metamfetamin” aşkar edilir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin nə olduğunu və haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin narkotik vasitə şüşə olduğunu, 28 may metrostansyasının yaxınlığında “Tima” adlı şəxsdən 25 manata öz istifadəsi üçün aldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakin sonuncunun üzərindən heç bir əşya aşkar edilmir. Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının 18 sentyabr 2022-ci il tarixli, 6/5303 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR. DİN “Zərflər üçün 222” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş.....” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,344 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş materillarında olan məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 6950 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş çəkisi 0,344 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və hazırkı 0,294 qram (0,294+0,05) olan qalığı isə məhkəmənin hökmünə qədər Qaradağ RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarına əsasən barəsində 02 ay 28 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 17 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 152.1-ci maddısi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 03 il sınaq müddəti müəyyən edilməklə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə sınaq müddəti başa çatmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsi, səmimi peşmançılığı cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 55 (əlli beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,294 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında və ev dustaqlığında olduğu 03 (üç) ay nəzərə alınmaqla üzərində qəti olaraq 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından dərhal həbsə alınsın. Cəzasının əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 55 (əlli beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,294 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar