Məhkəmə qərarları › İş №1(002)-83/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-83/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-83/2023 10.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və hazırda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 22 sentyabr 2022-ci il tarixdə saat 07:00-da ƏÇPA-nın polis nəfərləri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, «Yunis» marketin qarşısında saxlanılaraq 10-cu PB-nə gətirilmiş, polis bölməsində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd siqaretin ağ rəngli kağız kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,130 qram; 0,041 qram; ümumi təmiz çəkisi 0,171 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç bir dispanserdə qeydiyyatda deyildir, psixoloji durumu normaldır, atası rəhmətə getmişdir. O, arada bir psixotrop maddə qəbul etmiş, narkotik maddə qəbul etdiyinə görə əvvəllər məhkum olunmuşdur, hazırda işləmir, bəzən gündəlik olaraq maşınların təmiri ilə məşğul olub məvacib alırmış. xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsində «Yunis» marketin qarşısında dayandığı zaman DİN-in ƏÇPA-nın avtomobili ona yaxınlaşmış və avtomobilin içərisindən iki nəfər polis əməkdaşı ona səslənərək yanlarına çağırmışlar. O, polis əməkdaşlarına yaxınlaşdıqdan sonra həmin polis əməkdaşları özlərini təqdim etmişlər, onun narkotik sərxoşluğundan şübhələnərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona bildirmişlər və barəsində araşdırma aparılması üçün onu Qaradağ Rayonu 10-cu Polis Bölməsinə aparmışlar. Polis bölməsinə aparıldıqdan sonra ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına ödənişsiz müdafiəçi hüququndan istifadə etmək hüququ barədə məlumat verilmişdri. Bundan sonra müdafıəçinin iştirakı ilə onun üzərinə axtarış keçirilmiş, üzərinə axtarış keçirilərkən, ona üzərində ola biləcək qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı əşya, predmet və ya narkotik vasitə və yaxud psixatrop maddənin könüllü surətdə təqdim olunması təklif edilmişdir. O, əynində olmuş göy rəngli cins şalvarının sağ yan cibinə qoyduğu siqaretin ağ rəngli kağızına bükdüyü “şüşə” adlandırdığı 02 ədəd büküm psixotrop maddəni təqdim etmişdir. Bundan sonra ona həmin psixotrop maddənin haradan əldə etməst barədə suallar verilmişdir. O, psixotrop maddəni 21 sentyabr 2022-ci il tarixdə Lökbatan qəsəbəsində, adını bilmədiyi şəxsdən 20 manat qarşılığında əldə etmişdir. Onun üzərindən aşkar olunmuş psixotrop maddəyə oxşar kütlə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Onun üzərindən aşkar olunmuş psixotrop maddə şüşə onun olmuş, öz istifadəsi üçün saxlamış, həmin narkotik vasitələri satmaq və ya kimə isə pay vermək kimi niyyəti olmamışdır. O, əvvəllər də narkotik vasitə qəbul etmiş, lakin satış məqsədi olmamış və bu vaxta qədər satışı ilə məşğul olmamışdır. Şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin özünə məxsus olmuş, həmin psixotrop maddəni 21 sentyabr 2022-ci il tarixdə Lökbatan qəsəbəsində, adını bilmədiyi şəxsdən 10 manat qarşılığında əldə edib şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, hüquqlarını yaxşı bilmədiyindən, vəkil tələb etmiş və vəkilin gəlməsini gözləmişdir ki, üzərindəki psixotrop maddəni polis əməkdaşlarına təqdim etsin. O, polis bölməsinə aparılarkən və ya aparıldıqdan sonra ona qarşı heç kim zor tətbiq etməmişdir. O, məhkəmə iclasında suallara cavab olaraq həmin psixotrop maddəni 10 manat müqabilində aldığını və maddənin qramının o qədər olmadığını, lakin üzərindən aşkar olunanın ona aid olduğunu bildirmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in ƏÇPA-nın polis nəfəri, polis serjantı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 21 sentyabr 2022-ci il tarixdən 9693 çağırışlı xidməti avtomobillə 22 sentyabr 2022-ci il tarixdə saat 07:00-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsi ərazisində xidmət apardıqları zaman Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Yunis” marketin qarşısında bir nəfər şəxsin dayandığını görüb sonuncuya yaxınlaşmışlar, özlərini təqdim edib həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi istəmişlər, lakin həmin şəxs özünü narkotik vasitələrin sərxoşluğu vəziyyətində olan şəxs kimi şübhəli apardığını müşahidə etdiklərinə görə sonuncunu xidməti avtomobilə əyləşdirərək, Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə dəvət edib aparmışlar. Qaradağ RPİ-nin 10-cu Polis bölməsinin Növbətçi hissəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təhqiqatçı otağında dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şübhəli şəxs qismində tutulandan sonra Təqsirləndirilən şəxs və digər iştirakçılara hüquqları və vəzifələri izah ediləndən sonra üzərinə şəxsi axtarış və götürmə aparılmış, şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində əldə edilməsi, istifadəsi, daşınması, satışı, saxlanılması və digər formada dövriyyəsi qanunla qadağan olunmuş əşya, maddə və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd siqaretin ağ rəngli kağızı kəsiyinə bükülmüş bükümləri çıxarıb təqdim edərək həmin bükümlərin içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddə metamfetamini tutulmamışdan bir gün əvvəl, yəni 21 sentyabr 2022-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində üzdən tanıdığı, lakin adını və ya heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 20 (iyirmi) manat pul qarşılığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümlər açıldıqda, içində ağ rəngli, kristallik şəkilli, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmiş, aşkar edilmiş bükümlərdəki psixotrop maddə metamfetaminə bənzər kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən boş kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 222 saylı möhür çıxarımı ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış başa çatdıqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, protokol ucadan oxunulduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Sonda aşkar olunaraq götürülmüş kütlələr ekspertiza tədqiqatı üçün göndərilmiş, Təqsirləndirilən şəxs isə, Qaradağ RPİ-nin MSY-nə təhvil verilmişdir. Hadisədən əvvəl o, Təqsirləndirilən şəxs tanımamış, sonuncu ilə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid1 ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 öz ifadəsində Azərbaycan Respublikası DİN-in ƏÇPA-nın polis nəfəri, polis serjantı Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli, 6/5432 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 222» möhür əksi və «Təqsirləndirilən şəxs…» və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,130 qram; 0,041 qram; ümumi təmiz çəkiləri 0,171 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 02 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təqdim edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,171 qram, tədqiqata sərf edildi-0,04 qr., qalıq-0,131 qr. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 18 noyabr 2022-ci il tarixli, 6961 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında təyin edilmiş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Ona hüquq və vəzifələrini izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd xaricdən ağ rəngli siqaret kağızına bükülmüş bükümləri masanın üzərinə qoyaraq təqdim edir. Həmin bükümlər açılarkən içərisində kristal şəkilli, ağ rəngli kütlələr aşkar edilir. X5 şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələrin nə olduğunu və haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində «şüşə» kimi aldandırdığı psixotrop maddə metamfetamin olduğunu, onları bir gün əvvəl Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazində tanımadığı şəxsdən 20 (iyirmi) manata özünün istifadəsi üçün aldığını, heç vaxt narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını və belə bir niyyətinin olmadığını bildirir. Sonra polis nəfəri tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də başqa heç bir qanunsuz əşya, maddə və ya predmet aşkar edilmir. Bundan sonra həmin bükümlər iştirakçıların gözü qarşısında təhqiqatçı H.Dadaşzadə tərəfindən bir ədəd boş zərfə qoyulub qablaşdırılır, zərfin üzərinə qeydlər aparılır və zərf hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilir. Daha sonra X5 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs sorğu-sual edilərək, tutulduğu vaxtdan şəxsi axtarış aparılan vaxta qədər üzərində saxladığı psixotrop maddəni atmadığının səbəbi soruşulur və o, qanunlardan anlayışı olmadığı üçün vəkilin gəlməsini gözlədiyini deyir. Sonda təhqiqatçı H.Dadaşzadə tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatdırılır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və siqaretin ağ rəngli kağız kəsiyinə bükülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,130 qram; 0,041 qram; ümumi təmiz çəkisi 0,171 qram olan psixotrop maddə metamfetamin 15 dekabr 2022-ci il tarixdə iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra psixotrop maddə metamfetaminin 0,131 qram qalıq çəkisi cinayət işi üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək, saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə ittiham verilməklə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün, qərarın və 5 saylı Cəzaçəkmə Müəssisəsinin məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, “8 Noyabr-Zəfər Günü” münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli «Amnistiya Aktının tətbiq edilməsi» barədə qərarı ilə ona amnistiya tətbiq edilmiş, lakin onun azad edilməsi narkomaniyadan məcburi müalicənin ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış, Salyan Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmiş, 22 dekabr 2021-ci il tarixdə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Belə ki, “8 Noyabr-Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndində göstərilir ki, bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 22 sentyabr 2022-ci il tarixdə, saat 07:00-da şübhəli şəxs qismində saxlanılmış və 23 sentyabr 2022-ci il tarixdə saat 13:05-də təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,131 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hal-hazırda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 10 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,131 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar